Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-129/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2-2(121)-449/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxıb M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (MMC) cavabdeh "xxxx" MMC-yə qarşı Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli 24/21 saylı müqavilə üzrə əsas borc 104589 manat, ƏDV borcu 18826 manat, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1550,15 manat pulun, 413280 manat məbləğində dəymiş ziyanın və 911,07 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin iş üzrə 14 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" MMC-dən 104589 manat məbləğində əsas borc və illik 5 faiz hesablanmaqla 1550,15 manat faiz borcu olmaqla, cəmi 106139,15 manat borc və ödənilmiş dövlət rüsumuna görə 396,14 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar verilmiş, iddia qalan hissədə təmin edilməmiş, ödənilmiş qalan 432,86 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək iddia üzrə tələbin tam təmin olunması, yəni "xxxx" MMC-dən 104589 manat məbləğində əsas borcun, illik 5% hesablanmaqla 1550.15 manat borc və ödənilmiş dövlət rüsumuna görə 396.14 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsindən əlavə ƏDV borcu olaraq 18826 manat məbləğin və 413280 manat məbləğində dəymiş ziyanın da tutularaq ona ödənilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək tərəflər arasında 16 may 2025-ci il tarixdə barışıq sazişinin bağlandığını bildirdi və onun təsdiq edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 verdiyi izahatında tərəflər arasında 16 may 2025-ci il tarixdə barışıq sazişinin bağlandığını bildirərək onun təsdiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizədə ifadə olunmalıdır; ərizəyə baxılma qaydası, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Belə ki, MPM-in 191.1-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə də ifadə oluna bilər. Habelə qeyd edilməlidir ki, MPM-in 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı mülki işin faktiki halları üzrə tərəflərin qarşılıqlı münasibətinə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış və tərəflər arasında bağlanmış 16 may 2025-ci il tarixli barışıq sazişi müvafiq səlahiyyətə malik şəxslər (iddiaçının və cavabdehin direktorları) tərəfindən imzalanmışdır. İşin müəyyən edilmiş hallarına əsasən barışıq sazişi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 16 may 2025-ci il tarixli barışıq sazişi aşağdakı şərtlərlə təsdiq edilməlidir: Tərəflər arasında razılığın əldə edildiyi xx.xx.2025-ci tarixindən ən geci 90 (doxsan) təqvim günü müddətində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumilikdə 123.415 (yüz iyirmi üç min dörd yüz on beş) manat məbləğində pul vəsaitini İddiaçınə ödəyəcək və bununla da, tərəflar arasında hazırda Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında icraatda olan 2-2(106)-129/2025 saylı kommersiya işi üzrə məhkəmə mübahisəsi tam həcmdə hazırkı Saziş çərçivəsində barışıq yolu ilə həll edilmiş hesab ediləcək. Kollegiya diqqətə çatdırır ki, MPM-in 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, qətnamə ləğv edilərək hazırkı iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 191, 217.2, 263, 264, 369, 370, 376.2 və 402-ci maddələrini rəhbər tutub Q Ə R A R V E R D İ: İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 16 may 2025-ci il tarixli barışıq sazişi aşağdakı şərtlərlə təsdiq edilsin: Tərəflər arasında razılığın əldə edildiyi xx.xx.2025-ci tarixindan ən geci 90 (doxsan) təqvim günü müddətində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumilikdə 123.415 (yüz iyirmi üç min dörd yüz on beş) manat məbləğində pul vəsaitini İddiaçınə ödəyəcək və bununla da, tərəflar arasında hazırda Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında icraatda olan 2-2(106)-129/2025 saylı kommersiya işi üzrə məhkəmə mübahisəsi tam həcmdə hazırkı Saziş çərçivəsində barışıq yolu ilə həll edilmiş hesab ediləcək. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2-2(121)-449/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Vəli Abdullayev Hakimlər: Tale Kərimov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-129/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-129/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver