Məhkəmə qərarları › İş №2-2(106)-130/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-130/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-130/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Eyvaz oğluna qarşı “pul tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: xam pambığı alqı-satqısı, fors-major hal, Dolu Şirvan şəhəri, 25 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(121)-808/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 8777,59 manat, hesablanmış cəriməyə görə 3519, 81 manat və ödənilmiş dövlət rüsumuna görə 126,90 manat olmaqla, cəmi 12424,30 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış 23 285 167 saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 7,40 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsaletdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 8777,59 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam- pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 8777,59 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 3519,81 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Buna görə də onun mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(121)-808/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8640,35 manat əsas borc, 300 manat məbləğində cərimə olmaqla, cəmi 8940,35 (səkkiz min doqquz yüz qırx manat, otuz beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə,109,4 (bir yüz doqquz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş qalan 17,5 (on yeddi manat, əlli qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan kommersiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-808/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmənin iclasında iştirakı təmin edilmədiyindən, apellyasiya şikayətinə əlavə etdiyi Ağcəbədi RİHBnın məktubunu və arayışını, iddaçı MKT İK MMC-nin öz mütəxəssisləri tərəfindən tərtib edilmiş aktı və adlı siyahını, sahibkarlar tərəfindən tərtib edilmiş aktı birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Göstərmişdir ki, 13 dekabr 2022-ci il tarixli 2023-cü ilin mövsüm üzrə xam-pambığın alqı-satqı müqaviləsinə dair 23 285 167 nömrəli müqaviləyə əsasən 7,40 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamqla istehsal etdiyi məhsulu "xxxx" MMC-nin Ağcəbədi” Filialına təhvil verməyi öhdəsin götürmüşdür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən Fors major şəraitində (hərbi vəziyyət, blokada şərait, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün hesab edilə bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Şikayətə əlavə edilmiş Ağcəbədi RİHB-nın aparatının 13 yanvar 2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonun Boyad, Hacılar, Qaraxanlı, Şərəfxanlı, İmamqulubəyli, Hindarx kəndləri ərazilərində dolu qeydə alınmışdır. Həmçinin cavabdeh təşkilat - MKT İK MMC-nin Ağcəbədi Filialının xx.xx.2023-cü il tarixli mütəxəssis Aktdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində 74.44 hektar pambıq sahəsinin 42 ha pambıq sahəsi tamamilə məhv olmuşdur. Həmçinin Akta əlavə edilmiş - MKT İK MMC-nin Ağcəbədi Filialının xx.xx.2023-cü il tarixli mütəxəssis Aktına əlavə edilmiş adlı siyahıdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində ona məxsus 7,40 hektar pambıq sahəsi tamamilə məhv olmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, məhkəməyə teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də məhkəmə işi təxirə salmamış, elə birinci baxış iclasındaca yekun qətnamə çıxarmışdır. Buna görə də onda olan fors-major hallarla bağlı müvafiq sübutlarını birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Belə ki, Ağcəbədi RİHB-nın aparatının 13 yanvar 2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonun Boyad, Hacılar, Qaraxanlı, Şərəfxanlı, İmamqulubəyli, Hindarx kəndləri ərazilərində dolu qeydə alınmışdır. Həmçinin cavabdeh təşkilat - MKT İK MMC-nin Ağcəbədi Filialının xx.xx.2023-cü il tarixli mütəxəssis Aktdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində 74.44 hektar pambıq sahəsinin 42 ha pambıq sahəsi tamamilə məhv olmuşdur. Həmçinin Akta əlavə edilmiş -MKT İK MMC-nin Ağcəbədi Filialının xx.xx.2023-cü il tarixli mütəxəssis Aktına əlavə edilmiş adlı siyahıdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində ona məxsus 7,40 hektar pambıq sahəsi tamamilə məhv olmuşdur. Bundan başqa onda dolu düşmüş ona məxsus pambıq sahəsinin video görüntüsü vardır ki, həmin videoda pambıq sahəsinin açıq aşkar məhv olunması görünür. Qeyd edilən fors-major hala görə həmin il pambıq məhsulu olmamış, ondan bəhər götürə bilməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etmiş, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həqiqətəndə cavabdehə məxsus pambıq sahəsinə xx.xx.2023-cü ildə dolu düşmüş, lakin pambıq sonradan böyüyərək məhsul vermişdir. Lakin cavabdeh əldə etdiyi məhsulu iddiaçıya təhvil verməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə dolu yağması fors major hal kimi göstərilməmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin "MKT-Ağcabədi” filialı ilə (müqavilədə "Alıcı”) və Cavabdeh arasında bağlanmış 23 285 167 saylı, 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilənin: 2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; - 2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; - 4.2-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir. "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin "MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 285 167 saylı, 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan iş aktları və qaimələr üzrə "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin "MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 285 167 saylı müqavilənin şərtlərinə əsasən "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnın sahəsinə müvafiq xidmətlər göstərilmişdir. "AFB Bank” ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 2019-2023-cü illər ərzində ümumilikdə 8792,45 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xidmət aktlarından, qaimələrdən və çıxarışdan görünür ki, "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin ""MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 285 167 saylı müqavilənin şərtlərinə əsasən "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh avans olaraq ümumilikdə 8777,59 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, bütün bunların qarşılığında cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, qalıq borc 8777,59 manat təşkil etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili dolu yağması və pambıq sahəsinin məhv edilməsi ilə bağlı fors major halla əlaqədardır. Belə ki, cavabdeh qeyd etmişdir ki, aralarında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən Fors major şəraitində (hərbi vəziyyət, blokada şərait, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün hesab edilə bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitindədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Cavabdeh apellyasiya şikayətinə Ağcəbədi RİHB-nın aparatının 13 yanvar 2025-ci il tarixli məktubunu və həmin məktuba əlavə edilmiş arayışı əlavə etmişdir. Həmin Arayışdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonun Boyad, Hacılar, Qaraxanlı, Şərəfxanlı, İmamqulubəyli, Hindarx kəndləri ərazilərində dolu qeydə alınmışdır. Həmçinin cavabdeh təşkilat - MKT İK MMC-nin Ağcəbədi Filialının xx.xx.2023-cü il tarixli mütəxəssis Aktdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində 74.44 hektar pambıq sahəsinin 42 ha pambıq sahəsi tamamilə məhv olmuşdur. Bundan başqa Akta əlavə edilmiş -MKT İK MMC-nin Ağcəbədi Filialının xx.xx.2023cü il tarixli mütəxəssis Aktına əlavə edilmiş adlı siyahıdan görünür ki, xx.xx.2023-cü ildə Ağcəbədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazilərinə güclü dolu yağması nəticəsində Cavabdeh məxsus 7,40 hektar pambıq sahəsi tamamilə məhv olmuşdur. Həmçinin cavabdeh tərəfindən Kollegiyaya təqdim edilmiş dolu düşmüş ona məxsus pambıq sahəsinin video görüntüsü məhkəmə iclas zalında izlənilmiş, həqiqətəndə həmin videoda pambıq sahəsinin açıq aşkar məhv olunması müəyyən edilmişdir. Qeyd edilən fors-major hala görə həmin il pambıq məhsulu olmamış, cavabdeh sahədən məhsul götürə bilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi cavabdehə məxsus pambıq sahəsinin dolu vurmasını təsdiqləmiş, lakin pambığın sonradan inkişaf edərək məhsul verdiyini bildirmişdir. Lakin o bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya iddiaçının nümayəndəsinin tərəflər arasında bağlanmış müqavilədə dolu yağmasının fors mayor hal kimi nəzərə alınmaması ilə bağlı arqumentinə münasibətdə qeyd edir ki, müqavilədə tərəflərdən asılı olmayan ümumi sel və daşqın nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, Dolu yağması sel və daşqına bərabər tutulmalıdır. Çünki dolunun yağması sonda ya sellə ya da daşqınla nəticələnir. Bəzi hallarda dolu yağması daha təhlukəlidir. Bu hal sahənin video görüntüsünü izlədikdə insana daha da aydın olur. MM-nin 404.1-ci maddəsində göstərilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.3-cü maddəsinə görə əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Şərh edilənlərdən çıxış edərək Kollegiya yenə qeyd edir ki, müqavilədə dolu yağması fors major hal kimi nəzərdə tutulmasada müqavilənin şərtlərini təfsir edərkən dolu yağması sel və daşqına bərabər tutulmalıdır. Azərbaycan dilinin izahlı lüğətində Dolu sözü havada donub tökülən yağmur dənələri. Dolu yağmaq. – Gah dolu tökür, gah gurşad yağır, sel-su bir-birinə qarışır. S.Rəhimov. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. M.Rzaquluzadə. Dolu vurmaq, dolu döymək – dolunun zərbindən xarab olmaq, məhv olmaq. Əkinləri dolu vurdu. – [Qoca:] Bağ-bostanı vurdu dolu; Bağlanmışdır həyat yolu. A.Şaiq. Dolu kimi – 1) çox şiddətli və iri damcılarla yağan yağış kimi izahı verilmişdir. Göründüyü kimi doluya - sel-su bir-birinə qarışır, dolu döymək – dolunun zərbindən xarab olmaq, məhv olmaq - əkinləri dolu vurdu kimi izah verilməklə selə bərabər tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən Cavabdeh apellyasiya təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(121)-808/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda müəyyən edilir ki, iddianın qiyməti 10000 manatdan çoxdur, buna görə də qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli, e-2-2(121)-808/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən əsas borca görə 8777,59 manat, hesablanmış cəriməyə görə 3519,81 manat və ödənilmiş dövlət rüsumuna görə 126,90 manat olmaqla, cəmi 12424,30 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar