Məhkəmə qərarları › İş №2-2(106)-133/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-133/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-133/2023 06.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2- 2(121)-73/2023 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 26218.7 manat əsas borc, 437 manat əldən çıxmış fayda, 267.8 manat dəbbə pulu, 150 manat hüquqi yardım üçün ödənilmiş xərc və 200 manat mediasiya xərci olmaqla ümumilikdə 27273.5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında CRDNL003/22 saylı 24 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı İddiaçı MMC ümumi dəyəri 37345.3 manat olan malları tərəflər arasında əvvəlcədən razılaşdırılmış müqaviləyə əlavələrə uyğun olaraq razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı Cavabdeh İstehsalat Ticarət Firması Şirkətinə satmağı, alıcı isə həmin malların ümumi dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 26 may 2022-ci il tarixində tərəflər arasında 24 yanvar 2022-ci il tarixli CRDNL 0003/22 saylı alqı-satqı müqaviləsinə əsasən təhvil-təslim haqqında razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən iddiaçıya məxsus 1 ədədinin qiyməti 63 manat olan 229 ədəd olmaqla ümumilikdə 14427 manat məbləğini təşkil edən aspirator, 1 ədədinin qiyməti 20.2 manat olan 81 ədəd olmaqla ümumilikdə 1636.2 manat məbləğini təşkil edən mətbəx üçün moykalar 7749, 1 ədədinin qiyməti 76 manat olan 81 ədəd olmaqla ümumilikdə 6156 manat məbləğini təşkil edən elektrikli qaz sobaları olmaqla 26218.7 manat dəyərində mal almışdır. Lakin, həmin malların dəyəri bu günədək ödənilməmişdir. Dəfələrlə əlaqə saxlasalar da, hər dəfə də 26218.7 manat məbləğində borcun ödəniləcəyi bildirilsə də, heç bir ödəniş edilməmişdir. Cavabdehə 16 avqust 2022ci il tarixində pretenziya məktubu göndərilsə də, bu günədək ödəniş edilməmiş, pretenziyaya münasibət bildirilməmişdir. Cavabdeh borcu ödəmədiyi üçün qanunvericiliklə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdırlar ki, bu halda borcun ödənilməsi üçün vəkillə müqavilə bağlayaraq 150 manat məbləğində ödəniş edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada mediyasiyaya müraciət edilmiş və 200 manat mediasiya rüsumu ödənilmişdir. 08 sentyabr 2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında da, cavabdeh tərəf iştirak eləməmişdir. Cavabdeh onlarla əlaqəyə keçməkdən boyun qaçırır. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı tərəfindən 14 gündən gec olmayaraq malların dəyəri ödənilməli idi. Həmçinin müqavilənin 6.2-ci bəndində ödənişin gecikdirildiyi hər günə görə 0.01% dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. 26218.70 X 0.01% X 103 gün = 267.8 manat dəbbə pulu. Mərkəzi Bankın uçot faiz dərəcəsi 2018-ci ildə 10-9,75%, 2019-cu ildə 9.25-7.5% arasında dəyişmiş, 2020ci ildə 6%, 2021-ci ildə 7%, 2022-ci ildə 7.5% təşkil etmişdir. Qeyd olunan faiz dərəcələrinin ən aşağı həddini məhkəmə praktikasına əsasən 5% ilə götürsələr, 26218.7 manat x 5% = 1310.94 /12 ay X 4 ay = 437 manat fayda əldən çıxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, işə iştirakları olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru X3 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə baxışına hazırlıq iclasının iştirakı olmadan keçirilməsini, 26836.5 manat məbləğində borcu qəbul etdiklərini və 2023-cü ilin fevral ayından ödəyəcəklərini bildirərək, 437 manat cərimənin nəzərə alınmamasını xahiş etmişdir (işin 39-cu vərəqi). Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2-2(121)-73/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 26218.7 manat əsas borcun, 20 manat dəbbə pulu və 150 manat mediasiya xərci olmaqla, cəmi 26388.7 manat məbləğində pul vəsaitinin Cavabdeh İstehsalat Ticarət Firmasından alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, tərəflər arasında CRDNL003/22 saylı 24 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı İddiaçı MMC ümumi dəyəri 37345.3 manat olan malları tərəflər arasında əvvəlcədən razılaşdırılmış müqaviləyə əlavələrə uyğun olaraq razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcı Cavabdeh İstehsalat Ticarət Firması Şirkətinə satmağı, alıcı isə həmin malların ümumi dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 26 may 2022-ci il tarixində tərəflər 24 yanvar 2022-ci il tarixli CRDNL 0003/22 saylı alqı-satqı müqaviləsinə əsasən təhvil-təslim haqqında razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən iddiaçıya məxsus 1 ədədinin qiyməti 63 manat olan 229 ədəd olmaqla ümumilikdə 14427 manat məbləğini təşkil edən aspirator, 1 ədədinin qiyməti 20.2 manat olan 81 ədəd olmaqla ümumilikdə 1636.2 manat məbləğini təşkil edən mətbəx üçün moykalar 7749 ədəd, 1 ədədinin qiyməti 76 manat olan 81 ədəd olmaqla ümumilikdə 6156 manat məbləğini təşkil edən elektrikli qaz sobaları olmaqla 26218.7 manat dəyərində mal almışdır. Lakin, alınmış məhsullar quraşdırıldıqdan sonra texniki nasazlığın olduğu müəyyən edilmişdir. Belə ki, 49 ədəd aspirator, 8 ədəd qaz peçi təmir edilmişdir. Cavabdeh İstehsal Ticarət Firması tərəfindən İddiaçı MMC-dən təmir xərclərinin borcdan çıxılması tələb olunsada, sonuncu bundan imtina etmişdir. İddiaçı tərəf mediasiya təşkilatını düzgün seçməmişdir. Belə ki, tərəflər qarşılıqlı razılıq əsasında mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığa gələ bilərlər. Belə razılıq olmadıqda, mübahisəyə həmin məhkəmə ilə eyni şəhər və ya ya rayonda yerləşən, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə bu maddənin (bu maddənin üçüncü cümləsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatında baxılır. İddiaçı MMC Bakı 5 saylı mediasiya təşkilatında ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış almışdır. Halbuki, iddiaçı Şirvan şəhərində mediasiyadan keçməli idi. Mediasiyanın keçirilməsi qaydaları pozulduğuna görə iddia ərizə baxılmamış saxlanmalı idi. Mediasiya Sabirabad 1 saylı mediasiya təşkilatında keçirilməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı İddiaçı direltoru X2 yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2-2(121)-73/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İstehsal Ticarət Firması Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2-2(121)-73/2023 saylı qətnaməsindən prosessual müddət ötürüməklə, əsassız və qeyri-müəyyən tələbli apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti mümkün hesab edilmişdir. Hesab edir ki, Cavabdeh İstehsal Ticarət Firmasının əsassız və qeyrimüəyyən tələbli apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi, 05 dekabr 2022-ci il tarixdə Cavabdeh İstehsal Ticarət Firması məhkəməyə ünvanladığı ərizəsində 26836.50 manat məbləğində borcu qəbul etmiş və 2023-cü ilin fevral ayından etibarən ödəməyi öhdəsinə götürmüşdür. Borclu 05 dekabr 2022-ci il tarixli ərizəsində də qeyd etdiyi məbləğ həcmində qət edilmiş qətnamənin icrasından yayınır və qanunun ona verdiyi hüquqlardan sui-istifadə edərək, açıq-aşkar əsassız, ərizə və şikayət verməklə məhkəmə fəaliyyətinin həyata keçirilməsinə maneə yaradır. Cavabdehin apellyasiya şikayəti sadəcə söz yığınından ibarətdir, maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlillər tamamilə yalnış istiqamətlənmiş mövqeləri əks etdirir. 05 dekabr 2022-ci il tarixli məhkəməyə ünvanlanmış ərizə ilə borcunun mövcud olduğunu, onu ödəməyi öhdəsinə götürmüş cavabdeh ərizəsində qeyd etdiyi məbləğlə eyni həcmdə qət edilmiş qətnamədən 8 aydan çox vaxt keçdikdən sonra şikayət verməklə daha nə tələb edir? Apellyasiya şikayətinin tələb hissəsində ancaq “qətnamənin ləğv edilməsi” ifadəsi işlədilmişdir. Hesab edirlər ki, tələb qeyri-müəyyən olmaqdadır. Cavabdeh İstehsal Ticarət Firması öz əsassız, sadəcə hüquqlarından sui-istifadə edərək təqdim etdiyi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair heç bir dəlil təqdim etməmiş və yaxud edə bilməmişdir. Çünki qanunvericiliyin ona verilmiş səlahiyyətlərindən sui-istifadə edən Cavabdeh İstehsal Ticarət Firması Dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən boyun qaçırmağı, bunu yubatmağı düşünür. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər nümayəndələri vasitəsi ilə məhkəmədə təmsil olunmamışlar və nümayəndələrinin iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan satıcı İddiaçıMMC ilə alıcı Cavabdeh İstehsal Ticarət Firması arasında 24 yanvar 2022-ci ildə bağlanmış CRDNL003/22 saylı alqı-satqı müqaviləsindən görünür ki,“Satıcı” “Alıcı”-ya dəyəri 37345.30 manat olan malları tərəflər arasında əvvəlcədən razılaşdırılmış müqaviləyə əlavələrə uyğun olaraq razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda satmağı, alıcı isə həmin malların ümumi dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli CRDNL003/22 saylı alqısatqı müqaviləsi üzrə 26 may 2022-ci il tarixli qiymətlərpin razılaşdırılması protokoluna əsasən bir ədədinin qiyməti 63 manat olmaqla 229 ədəd aspiratorun (14427 manat), bir ədədinin qiyməti 20.2 manat olmaqla 81 ədəd mətbəx üçün moykaların (1636.2 manat), bir ədədinin qiyməti 76 manat olmaqla 81 ədəd elektrik qaz sobalarının (6156 manat), ümumilikdə isə 26218.7 manat dəyərində satılacaq malların qiymətləri razlaşdırılmışdır. İş materiallarında əlavə edilmiş 26 may 2022-ci il tarixli, EBBX seriyalı, 085428 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 26 may 2022-ci il tarixdə 26218.70 manatlıq mallar cavabdehə göndərilmişdir. İş materiallarında əlavə edilmiş 26 may 2022-ci il tarixli təhvil-təslim aktndan görünür ki, qiymətlərin razılaşdırılması protokolunda və elektron qaimədə qeyd olunan mallar cavabdehə təhvil verilmişdir. İşdən görünür ki, iddiaçı cavabdehə 11 avqust 2022-ci il tarixdə pretenziya göndərmişdir. İş materiallarından görünür ki, cavabdeh 05 dekabr 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və göstərmişdir ki, iddia tələbinin 437 manat əldən çıxmış fayda hissəsinin nəzərə alınmamaqla 26836.50 manat məbləğində borcunun olduğunu qəbul edir və bu borcu 2023-cü ilin fevral ayından iddiaçıya ödəməyi öhdəsinə götürür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, yaxud dəyişdirilə bilməz. Belə ki, cavabdeh iddianı qismən etiraf etməsinə rəğmən, apellyasiya şikayətində alınan mallardan bəzilərində texniki nasazlıqlar aşkar edildiyini, təmirinə əlavə xərclər çəkildiyini bildirsə də, buna dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut verməmiş, ümumiyyətlə belə bir halın mövcudluğunu bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti on min manatdan artıq təşkil etdiyindən, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin tərəflərin mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığı olmadığından, işə baxacaq məhkəmə ilə eyni şəhər və ya ya rayonda yerləşən mediasiya təşkilatında mübahisəyə baxılmalı olduğu halda, iddiaçının Bakı 5 saylı mediasiya təşkilatından ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış almasından ibarət dəlilinə qiymət verən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mediasiya haqqında” Qanunun ; 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur, 5.1-ci maddəsinə əsasən mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər, 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər, 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır, 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir, 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. İddiaçının iddia ərizəsinə əlavə etdiyi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 08 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasının tarixi və yeri barədə 7 gün əvvəlcədən məlumatlandırılsa da, mediasiya sessiyasında iştirak etməmişdir. Kollegiya qeyd edilən halla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik (MPM-259.0.13-cü maddəsi) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən halları iddianın baxılmamış saxlanmasının əsaslarından biri kimi müəyyən etmişdir. “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Hazırki kommersiya mübahisəsi üzrə iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etmiş, o cümlədən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” mediator Elvin Məhərrəmovun 08 sentyabr 2022-ci il tarixli arayışını ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsində mediasiya sessiyasının keçirilməsinə cəlb olunmuş mediatorun “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə istinadla səlahiyyətli meditator olmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsi tərəflərin mübahisənin mediyasiya vasitəsi ilə həlli, yaxud meditaorun seçilməsi qaydasını, bununla bağlı mübahisə yarandığı halda isə mübahisənin məhkəmə qaydasında həllini tənzimləyən normadır. İş materiallarından görünür ki, iddiaçı qanununa uyğun olaraq mediasiya qrumuna müraciət etmiş və bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsinin təsiri altına düşə biləcək hal işdə müəyyən olunmur. Apellyasiya şikayətinin bununla bağlı dəlili əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh İstehsalat Ticarət Firmasının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2-2(121)-73/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar