Məhkəmə qərarları › İş №2-2(106)-134/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-134/2024

24.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-134/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli e-2- 2(121)-1832/2024 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə ümumilikdə 28863,85 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 2592,29 manat, İşsizlikdən sığorta fonduna 661 manat, Dövlət Sosial Müdafiə Fonduna 25610,56 manat olmaqla, ümumilikdə 28863,85 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1832/2024 saylı saylı qətnaməsi ilə ərizə təmin edilərək xx.xx.1976-cı il tarixdə anadan olmuş Masallı rayonu Ərkivan qəsəbində yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs (FİN:xxxxxxx) ölkədən getmək hüququ dövlət büdcəsinə olan öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1832/2024 saylı qətnaməsini ləğv etməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə onun iştirakı olmadan baxan məhkəmə heç bir araşdırma aparmadan ərizənin təmin edilməsi və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarmışdı. Məhkəmə işə onun iştirakı olmadan yetərincə əsaslar müəyyən edilmədən onun ölkədən getmək hüququna məhdudiyyət qoymuş və həmin qətnaməni də dərhal icraya yönəltmişdir. Yəni qətnamə qanuni qüvvəsini almasa da, artıq o, bu hüquqdan məhrum edildiyini hesab edir. O, uzun müddətdir vergi ödəyicisi kimi fəaliyyət göstərdiyini və yığılan vergi və digər borcların ona aidiyyəti olmadığını, əsassız hesablamalar əsasında ona bu borc yazılmış və o yalnız hazırkı qətnaməni aldıqdan sonra belə bir borcun olması barədə məlumatlandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər (yaxud nümayəndələri) məhkəmədə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iştirak edən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Habelə MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə ümumilikdə 28863,85 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Lakin borcun ödənilməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarından görünür ki, yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə əsasən xüsusilə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi tərəflərə rəsmi qaydada göndərilmiş, maraqlı şəxsin istifadəsində olan mobil telefon nömrələrinə sms bildiriş göndərilmiş, eləcə də Maraqlı şəxs “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetinə həmin tarixdə məhkəmə bildirişi daxil edilmişdir. Buradan müəyyən edilir ki, maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmuşdur. Digər tərəfdən, qeyd edilməlidir ki, onun apellyasiya şikayətində yığılan vergi və digər borcların ona aidiyyəti olmadığını, habelə bir borcun olmasından xəbərdar olmadığını bildirsə də, istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddənin hüquqi təbiətindən aydın olur ki, məhkəmə qətnaməsi qanuni olmalıdır dedikdə, onun maddi və prosessual normaların tələblərinə riayət edilərək qəbul edilməsi, əsaslı olması dedikdə isə onun faktlara əsasən qəbul edilməsi nəzərdə tutulur. Eyni zamanda, nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin göstərişinə əsasən hazırkı halda işə mahiyyəti üzrə xüsusi icraat qaydasında baxan hakim ərizənin rədd edilməsi yaxud təmin edilməsi barədə qətnamə qəbul edir. Bu icraat çərçivəsində isə hüquq haqqında mübahisələrə yol verilmədiyindən vergi borcunun məbləği üzrə hər hansı mübahisə qanunla müəyyən edilmiş digər qaydada həll edilir. İşdən də göründüyü kimi, vergi borcunun mövcudluğu işin mübahisəsiz halıdır və bu baxımdan da ərizənin təmin edilməməsi üçün əsaslar müəyyən edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-7.3 və 355-7.4-cü maddələrinin tələbinə görə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Habelə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (VM) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. VM-in 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Miqrasiya Məcəlləsinin 17.1.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətində öz əksini tapmış, lakin iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmayan dəlillər hazırkı icraat daxilində mübahisələndirilməyən formal mülahizələrdir və hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli e-2-2(121)-1832/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar