Məhkəmə qərarları › İş №2-2(106)-139/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-139/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-139/2025 28.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: Lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbi. Şirvan şəhəri, 28 avqust 2025-ci il X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Xəlil-X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-cü il tarixli, e-2- 2(121)-642/2025 saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019- cu il tarixli MK 032 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X10 Müqaviləsinə xitam verilsin, lizinq predmeti olan 3 (ədəd) Asma disklimala, 3 (ədəd) Asma rotasion mala, 3 (ədəd) Pnevmatik asma toxumsəpən, 3 (ədəd) asma kultivator-bitkiqidalandırıcı, 3 (ədəd) kultivator torpaqdaryıcı mala, 3 (ədəd) Asma gübrəsəpən, 3 (ədəd) qoşqulu 5000 litrlik su çəni, 3 (ədəd) torpaq qırıcılı kotan, 3 (ədəd) Asma beşgövdəli kotan, 3 (ədəd) 24-lü taxılsəpən gübrəsəpənlə, 1 (ədəd) 4 sıralı diskayaqlı pnevmatik toxumsəpən, gübrəsəpənlə (Aniza ekim makinası), 2 (ədəd) Suvarma üçün qurğular pompası ilə birgə, 1 (ədəd) 4*2 sıralı pnevmatik çarpaz toxumsəpən, gübrəsəpənlə adlı texnika saz və işlək vəziyyətdə geri qaytarılsın və Cavabdeh MMC47966.71 (qırx yeddi min doqquz yüz altmış altı manat 71 qəpik) manat gecikdirilmiş əsas borcun, 34919.76 (otuz dörd min doqquz yüz on doqquz manat 76 qəpik) manat cərimə borcunun və 339 (üç yüz otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, iddiaçi “Global Leasinq ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 032 saylı Lizinq müqaviləsinə əsasən ödəniş tapşırığına uyğun olaraq 60 (altmış) ay müddətinə ödəmə şərti ilə 157933.74 (bir yüz əlli yeddi min doqquz yüz otuz üç manat 74 qəpik) manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 383460.00 (üç yüz səksən üç min dörd yüz altmış manat 0 qəpik) manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavabdeh tərəfindən 91845.83 (doxsan bir min səkkiz yüz qırx beş manat 83 qəpik) ilkin ödəniş və 1753.17 (bir min yeddi yüz əlli üç manat 17 qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Eynizamanda Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq ödəməli olduğu Lizinq ödənişlərinə dair öhdəliyini vaxtında lazımi qaydada icra etməmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 47966.71 (qırx yeddi min doqquz yüz altmış altı manat 71 qəpik) manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 34919.76 (otuz dörd min doqquz yüz on doqquz manat 76 qəpik) manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn Kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixində 1325 nömrəli printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə,Cavabdeh MMC iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədə4r 7966.71 (qırx yeddi min doqquz yüz altmış altı manat 71 qəpik) manat gecikdirilmiş əsas borcu, 34919.76 (otuz dörd min doqquz yüz on doqquz manat 76 qəpik) manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 109967.03 (bir yüz doqquz min doqquz yüzaltmış yeddi 03 qəpik) manat ödəniş etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, "xxxx" MMC ilə (Global Leasing MMC) xx.xx.2019-cu ildə MK032 saylı “lizinq müqaviləsi” rəsmiləşdirilmişdir. Müqavilə rəsmiləşdirilərkən, həmin müqavilənin 1.1-ci bəndində qeyd olundu ki, texnika (lizinq obyekti adlandırılan) “Lizinq alana” satılır. Lizinq alan isə hazırkı müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində (1 saylı əlavə) göstərilən müddətdə və məbləğdə ödəməlidir. Eyni yanaşma müqavilənin 4.1.3-cü bəndində də oxşar formada qeyd edilməklə, şifahi və yazılı razılaşmaya uyğun olaraq müqavilənin tərkib hissəsi olan “Lizinq müqaviləsinə” 1 nömrəli əlavədə müddət məhdudiyyəti həmin vaxt müəyyən olunmadı. 1 nömrəli əlavədə kreditin ümumi məbləği (157933,74 manat), ilkin ödənişin məbləği (91300 manat) və müştəri olaraq kredit məbləğinin bir faiz həcmində (1579,34 manat) komissiya olaraq "xxxx" MMC-yə ödənildiyi qeyd edilmiş, lakin müddət məhdudiyyəti qeyd edilməmişdir. Hansı ki, müqavilənin 1.1-ci bəndində texnikanın dəyərinin 1 saylı Əlavədə göstərilən müddətdə ödəniləcəyi müqavilə qaydasında razılaşdırılmış, lakin 1 saylı əlavədə müddət məhdudiyyəti qoyulmamışdır. Müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədən məlum olur ki. tərəflərindən müqavilənin ümumi 157933,74 manat kredit məbləğindən 91300 manat və 1579,34 manat, cəmi 92879,34 manat öncədən icra olunmuşdur. Eyni zamanda iddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, xx.xx.2024-cü il tarixə cavabdeh olaraq əsas borc məbləğindən 109967,03 manat ödəniş icra edilmişdir. Məhkəmə mübahisəli məsələyə qiymət verərkən nəzərə almalıdır ki, tərəflər arasında rəsmiləşdirilmiş 1 saylı Əlavəyə əsasən ödənişlərin icra edilmə müddəti ilə əlaqədar məhdudiyyət olmadığından və ümumi məbləğin 70 faiz olan hissəsi icra edildiyi üçün, hazırkı iddia tələbi ədalətlilik baxımından düzgün deyildir. Eyni zamanda tərəf olaraq iddiaçıya dəfələrlə təklif etmişlər ki, kənd təsərrüfatı texnikalarının bir qismini ödənilməmiş məbləğ müqabilində müqavilə əsasında iddiaçıya təqdim etsinlər. İddiaçı tərəf daha çox varlanmaq niyyəti ilə həm pul vəsaitini, həm də texnikaları əldə etməklə əsassız varlanmış olacaq. Hansı ki, müqavilə bağlanan zaman "xxxx" təşkilatı ödəniş müddəti ilə əlaqədar razılaşdırılmış qaydada 1 saylı əlavədə müddət məhdudiyyəti qoymamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə dəyərlərinin 70 faizdən çox hissəsi (verilmiş) texnikaların geri tələb edilməsi hissəsində iddia tələbi ədalətlilik prinsipinə zidd olduğu üçün, bu hissədə iddianın rədd edilməsini və qalıq borc məbləği həcmində texnikanın iddiaçıya qaytarılması barədə qərar verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-cü il tarixli, e-2-2(121)-642/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 032 nömrəli X10 Müqaviləsinə xitam verilməsi, Lizinq predmeti olan 3 (ədəd) Asma diskli mala, 3 (ədəd) Asma rotasion mala, 3 (ədəd) Pnevmatik asma toxumsəpən, 3 (ədəd) asma kultivator-bitkiqidalandırıcı, 3 (ədəd) kultivator torpaqdaryıcı mala, 3 (ədəd) Asma gübrəsəpən, 3 (ədəd) qoşqulu 5000 litrlik su çəni, 3 (ədəd) torpaq qırıcılı kotan, 3 (ədəd) Asma beşgövdəli kotan, 3 (ədəd) 24-lü taxılsəpən gübrəsəpənlə, 1 (ədəd) 4 sıralı diskayaqlı pnevmatik toxumsəpən, gübrəsəpənlə (Aniza ekim makinası), 2 (ədəd) Suvarma üçün qurğular pompası ilə birgə, 1 (ədəd) 4*2 sıralı pnevmatik çarpaz toxumsəpən iddiaçı "xxxx" ASC-nə geri qaytarılması, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 47966,71 manat məbləğində əsas borc, 2000 manat məbləğində cərimə borcu və ödənilmiş 239,9 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 50206,61 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 99,1 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hazırkı qərardad ilə qanun norması pozulub. Bildirmişlər ki, Müqavilənin 1 nömrəli Əlavəsi üzrə ümumi borc məbləği 157933,74 manat qeyd olunduğu halda, müqavilə üzrə rəsmiləşdirmə aparılarkən 92879,34 manat icra edildiyi Əlavədə qeyd olunub (157933,74 - 92879,34 = 65054,4). İddiaçı xx.xx.2024cü il tarixli Pretenziya məktubunda və iddiada əsas qalıq borc məbləğinin 47.966,71 manat olduğunu qeyd etmişdir. İddiaçının özü Məhkəməyə yazır ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixə 109.967,03 manat ödəniş edildiyi bildirilmiş və bu məbləğ iddiaçının mövqeyi kimi qətnamə ilə müəyyən edilmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixə ödənilmiş məbləği nəzərə almadan düzgün olmayan nəticəyə gəlmişdir. Əgər iddiaçı iddia ərizəsində ayrıca olaraq 12 dekabr 2024-cü il tarixə 109967,03 manat ödənildiyini etiraf edirsə, Məhkəmə bu faktı nəzərə almaması anlaşılmır. Məhkəmə nəzərə almalı idi ki, əgər əsas borc məbləğindən 92879,34 manat dərhal ödənilibsə və digər məbləğlər sonrakı vaxtlarda icra edilmişdir, habelə iddiaçı Məhkəməyə iddia ərizəsi təqdim edərkən qalıq borc məbləğinin 47.966 manat olduğunu yazmışdırsa, eyni zamanda xx.xx.2024-cü il tarixdə ödənilmiş məbləğ onu deməyə əsas verir ki, borc tam həcmdə icra edilmişdir. İddia ərizəsinə qədər iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanaraq cavabdehə təqdim edilmiş Pretenziyada əsas borc məbləğinin 47.966,71 manat olduğu və 34008,40 manat cərimə olmaqla, cəmi 81975,11 manat pul tələb edilmişdir. Pretenziyadan sonra iddiaçının tərtib edərək imzaladığı iddia ərizəsində həm yazılır ki, xx.xx.2024-cü il tarixə 109.967,03 manat ödəniş edilmişdir. Daha sonra öz iddia tələblərini formal olaraq Pretenziyalarına uyğunlaşdırmaq məqsədilə xx.xx.2024-cü il tarixli ödənişi nəzərə almadan 47966,71 manat tələb edilmişdir. Beləliklə Məhkəmə qətnamə qəbul edərkən xx.xx.2024-cü il tarixdə tərəflərin bir-birlərinə 109.967,03 manat ödənişin icra edilməsi etirafı nəzərə alınmadan səhv nəticəyə gəlmişdir. Qeyd olunanlar nəzərə alınmaqla qətnamə ləğv edilməklə iddia rədd olunmalıdır. Həmçinin qeyd edilmişdir ki, Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqların 70 %-dən çox hissəsinin dəyəri onlar tərəfindən ödənilmişdir. Buna görə də hesab etmişlər ki, lizinq predmetlərinin 70 %-dən çoxu onlardan tələb edilə bilinməzdi. Buna görə də Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqların hamısı deyil, yalnız qalıq borc həcmində texnika cavabdehdən alınaraq iddiaçıya verilməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 oğlu apellyasiya şikayətininin dəlillərini əsassız hesab etmiş və onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 383 460 manat, həmin məbləğin də 157 933.74 manat hissəsi kredit məbləğini təşkil etmişdir. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən 91 300 manat məbləğində ilkin ödəniş, 1753.17 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası cəmiyyətlərinə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlığı cavabdehə təhvil verildikdən sonra, onun lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə qədər ödədiyi kredit məbləği 109 967.03 manat, müştərinin xx.xx.2025-ci il tarixinə gecikdirilmiş borcu isə 47966.71 manat təşkil etmişdir. Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0.1%-i miqdarında cərimə hesablamaq hüququna malik olmuşdur ki, bu şərtə əsasən də cavabehin xx.xx.2025-ci il tarixinə 34919.76 manat cərimə borcu yaranmışdır. Beləliklə də Cavabdeh MMC İddiaçı ASC qarşısında 30 aprel 2019-cu il tarixli MK 032 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə qədər ümumilikdə 82886.47 manat öhdəliyi vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və yeni qərar qəbul edilməklə iddianın rədd edilməsini istəməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Qeyd olunan Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-ni təmsil edən X2 ilə "xxxx" MMC-nin təmsil edən X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK 032 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavədə qeyd edilən kənd təsərrüfatı təyinatlı texnikaları lizinq alana satmalı, lizinq alan isə hazırki müqavilədə qeyd edilmiş şərtlər əsasında sözügedən texnikanın dəyərini lizinq ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MK 032 nömrəli Lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit məbləği 157933,74 manat, ilkin ödəniş məbləği 91300 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli MK 032 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 82886,47 manat borc öhdəliyi vardır. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-nə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri cavabdehin iddiaçıya hər hansı borcunun qalmamasından və lizinq predmetlərinin 70 %-dən çoxunun dəyəri ödənildiyindən Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqların hamısının deyil, yalnız qalıq borc həcmində texnikanın cavabdehdən alınaraq iddiaçıya verilməli olmasından ibarətdir. Lakin cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş və iddiaçıya bütün lizinq predmetləri üzrə ödənişlərini tam şəkildə ödəməsi ilə bağlı müvafiq mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiaçıya hər hansı borcunun qalmaması iş materialları ilə sübut edilmir. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh lizinq müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. İkincisi, Kollegiya cavabdeh tərəfindən lizinq predmetlərinin 70 %-dən çoxunun dəyərini ödədiyindən Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqların hamısının deyil, yalnız qalıq borc həcmində texnikanın cavabdehdən alınaraq iddiaçıya verilməli olması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 04 iyun 2021-ci il tarixli, (№1/2021) saylı QƏRARDAD-nın 46cı bəndində göstərilir ki, MM-in lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə aldığı vəziyyətdə qaytarmalıdır. Tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 (iki) ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir. Həmin Qərardadın 48-bəndində qeyd edilmişdir ki, beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliyin müəyyən etdiyi 10000 manat məbləğindən çox olduğundan, bu qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-cü il tarixli, e-2-2(121)-642/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar