Məhkəmə qərarları › İş №2-2(106)-14/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-14/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-14/2023 24.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e2-2(121)-1993/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 40997,18 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 20-0007 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında EBAF 844202 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 8511,86 manat, EBAG 270615 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 263,38 manat, EBAG 405703 saylı, xx.xx.2020 tarixli e-Qaimə ilə 4262,87 manat, EBAZ 588334 saylı, xx.xx.2021 tarixli e-Qaimə ilə 46459,07 manat, toplamda 59497,18 manat (ƏDV daxil) mallar Cavabdeh MMC–yə verilmişdir. Razılaşmaya əsasən malların dəyəri mallar verildikdən sonra 30 gün müddətində 100% olaraq ödənilməlidir. Lakin xx.xx.2021-ci il tarixdə 10000 manat və xx.xx.2021-ci il tarixdə 8500 manat, cəmi 18500 manat (ƏDV daxil) malların dəyərindən bir qismi ödənilsə də, 40997,18 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. xx.xx.2019-cu il tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət edilmiş mediator tərəfindən “İlkin-MM" MMC dəfələrlə mediasiyaya dəvət edilsə də, mediasiya prosesinə gəlməmişlər. Nəticədə xx.xx.2022-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edərək, iddianı qismən qəbul etmiş və göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləni mübahisələndirmirlər. Lakin, iddiaçı tərəfindən tələb olunan məbləğdən 4000 manat borc artıq hesablanmışdır. Buna görə də, iddianın artıq hesablanmış 4000 manat borc hissəsini qəbul etmir. İddianın qalan hissəsinin təmin olunmasına isə etiraz etmir. Digər tərəfdən, mübahisənin məhkəmədən kənar qaydada həll də mümkündür. Cavabdeh MMC xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e2-2(121)-1993/2022 saylı qətnaməsi ilə (Hakim: N.Misirzadə), iddia tələbinin təmin edilməsi, 40997,18 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 567-ci maddələrini tətbiq etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e2-2(121)-1993/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, mövcud sübutlara qiymət verməklə iddia tələbinin 4000 manat azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi X6 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e2-2(121)-1993/2022 saylı dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e2-2(121)-1993/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən, Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 769-cu maddəsinə əsasən, Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e2- 2(121)-1993/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 20-007 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”-ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halına “Mal” adlandırılacaq) satır, “Alıcı” isə həmin Malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapmışdır. İş materiallarına əlavə olunan qiymətlərin razılaşma protokollarının surətlərindən görünür ki, “Alıcı” ilə “Satıcı” arasında bağlanmış 20-0007 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilə üzrə xx.xx.2020-ci il tarixdə 8511,86 manat, xx.xx.2020-ci il tarixdə 263,38 manat, xx.xx.2020-ci il tarixdə 4262,87 manat və xx.xx.2020-ci il tarixdə 46459,07 manat dəyərində malların qiymətləri ilə razılaşmışlar. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, “Alıcı” ilə “Satıcı” arasında bağlanmış 20-0007 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilə üzrə EBAF 844202 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 8511,86 manat, EBAG 270615 saylı, xx.xx.2020-ci il tarixli e-Qaimə ilə 263,38 manat, EBAG 405703 saylı, xx.xx.2020-ci il tarixli e- Qaimə ilə 4262,87 manat, EBAZ 588334 saylı, xx.xx.2021-ci il tarixli e-Qaimə ilə 46459,07 manat, cəmi 59497,18 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarında olan müştəri əməliyyatlar cədvəlindən və ödəniş tapşırıqlarından görünür ki, cavabdehin 40997,18 manat məbləğində borcu qalmışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında alqısatqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, iş materiallarından olan qiymətlərin razılaşma protokollarının surətindən görünür ki, tərəflər malların təsviri və çeşidi, ölçü vahidi, miqdarı, vahidin qiyməti və məbləği barəsində razılığa gələrək müqavilə əsasında təhvil-təslimi həyata keçirmişdir. Beləliklə cəmi 59497,18 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. Cavabdeh qeyd olunan məbləğdən cəmi 18500 manat iddiaçıya ödəmişdir. Cavabdeh tərəf iddianı qismən qəbul edərək iddianın 4000 manat hissəsini qəbul etməmişdir. Cavabdeh tərəfindən işin məhkəmə icraatında olduğu müddət ərzində borcun daha az olmasını təsdiq edən heç bir sübut təqdim edilməmiş, iddiaya etiraz verilməmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində qeyd edir ki, “Belə ki, cavabdeh olaraq tərəfimizdən qalıq borcun 4.000 manat az olması bildirilsə də məhkəmə bu fakta qiymət verməyərək tam həcmdə iddia tələbini təmin etməklə qeyd olunan maddələrin tələbini pozmuşdur” Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, iş materialların olan 12 sentyabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, “iddianı qəbul edirik, iddiaçı ilə barışığa gəlmək istiyirik, pulu ödəməkdən yayınmırıq, ancaq iddiaçı tərəfindən bizə güzəşt olunmasını xahiş edirəm”. Daha sonra keçirilən 05 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh tərəf iddianı qismən qəbul etdiyini, iddianı 4000 manat hissəsində qəbul etmədiyini bildirmişdir. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı bu halı sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini tam həcmdə təmin etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi və 40997,18 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və 40997,18 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi müəyyən edilmiş, daha sonra cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və iddia tələbinin 4000 manat azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 4000 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti on min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, və 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e2-2(121)-1993/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar