Məhkəmə qərarları › İş №2-2(106)-142/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-142/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-142/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-630/2025 saylı 11 aprel 2025-ci il tarixli qətnaməsindən(hakim R.Nəbiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 283.02 manat cari əsas borc, 390.49 manat cari faiz borcu və 83.85 manat dəbbə borcu, lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləğinin, cəmi isə 3097.36 manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 51.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, "xxxx" MMC (lizinq verən) ilə X6 (lizinq alan) arasında bağlanmış 21 noyabr 2023-cü il tarixli, ACAM2-7251-23928 saylı X8 Müqaviləsinə əsasən X2 istifadəsinə xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 497778 saylı şəhadətnaməsinə əsasən ** YC *** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 13967.16 (on üç min doqquz yüz altmış yeddi) manat, onlardan 7600 manat lizinqin məbləği, 1900 manat avans məbləği və 4467.16 manat lizinq verənin mükafatı təşkil etmişdir və tərəflər arasında imzalanmış 21 noyabr 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 (otuz altı) ay ərzində X6 tərəfindən aylıq 336 manat ödənilməsi müəyyən olunmuşdur. 14 fevral 2024-cü il tarixində X6 ilə Cavabdeh arasında 21 noyabr 2023-cü il tarixli ACAM2- 7251-23928 saylı X8 Müqaviləsi üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair Saziş” bağlanmış və “X20”ın hüquq və öhdəlikləri X14 Cavabdeh keçmişdir. Qeyd edilən sazişi həmçinin imzalamış və X11 lizinq predmetinin yeni sahibi barədə məlumat AR DİN BDYPİ-nə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 30 may 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 283.02 manat cari əsas borc, 390.49 manat cari faiz borcu və 83.85 manat dəbbə borcunu, cəmi isə 757.36 manat borcu ödəməmişdir. X8 müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmış, lakin müvafiq akt imzalanmamışdır. Lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş əsas borc 6840 (altı min səkkiz yüz qırx) manat təşkil etdiyi üçün həmin dəyərlə iddiaçı balansına qəbul etmişdir. Daha sonra lizinq obyektini 4500 manata, yəni 2340 manat zərərlə satmışdır. X8 Müqaviləsinin 16.1-ci maddəsinə görə lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. X8 Müqaviləsinin 20.7-ci bəndinin tələbinə görə “lizinq obyektinin satışından əldə edilən məbləğ lizinq müqaviləsinin ləğvi məbləğindən azdırsa, lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir”. Lizinq müqaviləsinin ləğvi məbləğinin izahı X8 Müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, Lizinq müqaviləsinin ləğvi məbləğləri – Lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq оbyеktinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv еdilməsi gününə lizinq alan tərəfindən ödənilməli оlan cərimə və ya pеnya, lizinq оbyеktinin gеri alınması və satışı, müqavilənin icrası nəticəsində lizinq vеrənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı lizinq vеrənin zərər və itkilərinin ödənilməsi üçün lazım оlan məbləğ daxildir. Beləliklə, 21 noyabr 2023-cü il tarixli ACAM2-7251-23928 saylı X8 Müqaviləsi üzrə iddiaçının cavabdehdən 283.02 manat cari əsas borc, 390.49 manat cari faiz borcu və 83.85 manat dəbbə borcu, lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləğinin, cəmi isə 3097.36 manat pul tələbi qanuni və əsaslıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, lizinq obyektinin satışından yaranmış 2340 manat fərq məbləği lizinq obyekti nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərlə əlaqədardır. Belə ki, qəzadan sonra nəqliyyat vasitəsinin bazar dəyəri aşağı düşmüdür. Şirvan Kommersiya Məhkəməsinin 11 aprel 2025-ci il tarixli e-2-2(121)-630/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 283.02 manat əsas borc, 390.49 manat faiz borcu və 15 manat cərimə olmaqla, cəmi 688.51 (altı yüz səksən səkkiz manat, əlli bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 11.4 (on bir manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasya şikayəti verərək iddianın təmin edilməyən 2340.00 manat tələbi hissəsində dəyişdirilməsi, həmin hissədə yeni qətanamə qəbul edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq obyektində faktiki pisləşmə olmayıb, bu pisləşməni təsdiq edən sübut yoxdur. Qiymətləndirmə aktı bazarda tələbtəklifin nisbətində yaranan rəqəmdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə qabaqcadan hər hansı bir formada məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan 2340 manat məbləğində avtomobilə yetirilən zərər hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur. xx.xx.2023-cü il tarixli, **********259000 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, qurumun adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır. "xxxx" MMC-yə kreditlərin verilməsi üçün verilmiş Xüsusi Razılıqdan müəyyən olunur ki, lisenziya "xxxx" MMC-yə kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verir. Bu lisenziyanı almış "xxxx" MMC-nin girov əmanəti qəbul etmək hüququ yoxdur. Həmçinin qeyd edilir ki, lisenziya xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə verilmiş və müddətsizdir. İddiaçı "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-7251- 23928 nömrəli alqı-satqı müqaviləsinin: -1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Alıcı-Lizinq verənə satır, Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış haqqını Satıcıya ödəyir. -1.2-ci bəndinə əsasən, Lizinq alan barədə məlumat: X6 (Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi: seriya AA2924380). Lizinq alan bu müqaviləni imzalayaraq bu müqavilənin 1.1 bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. -1.4-cü bəndinə əsasən, Tərəflər nəqliyyat vasitəsinin qiymətini 9.500 AZN (doqquz min beş yüz) manat məbləğində müəyyən edirlər. -3.2-ci bəndinə əsasən, Satıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, Alıcı-Lizinq verənin tələbi ilə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün Alıcı-lizinq verənə əmlakın bu müqavilənin 1.4-cü bəndinə əsasən göstərilən qiymətinin 0.1% həcmində penya ödəməyi öhdəsinə götürür. - 3.3-cü bəndinə əsasən, Bu müqavilənin 3.2-ci bəndinə göstərilən gecikmə 10 (on) və daha artıq təqvim günü təşkil edərsə, Alıcı-Lizinq verənə bu müqaviləni dərhal bir tərəfli qaydada ləğv edərək bu müqavilənin 3.2-ci bəndinə uyğun hesablanmış penyanın ödənilməsini tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli “X8 Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - 2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: - 2.1-ci bəndinə əsasən Lizinq müqaviləsi üzrə bütün məbləğlər Azərbaycan manatı ilə ifadə olunur; -2.2-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 13967,16 manat təşkil edir; -2.2.1-ci yarımbəndinə əsasən lizinq verənin mükafatı 4.467,16 manatdır; - 2.2.2-ci yarımbəndinə əsasən avans məbləği 1900 manatdır; - 2.2.3-cü yarımbəndinə əsasən lizinqin məbləği 7600 manatdır. -9.1.8-ci bəndinə əsasən, Lizinq verən bu müqavilə üzrə ödənişlər 5 (beş) təqvim günündən artıq gecikdirildisə Lizinq alanın razılığı olmadan lizinq obyektini ikincinin istifadəsindən götürə bilər. Lizinq obyektinin götürülməsi zamanı lizinq obyektinə dəyən zərər və ya çəkilən xərc lizinq alan tərəfindən ödənilir. Bu halda Lizinq alan 500 (beş yüz) manatadək komissiya ödənilməsini tələb edə bilər. -10.2.1-ci bəndinə əsasən, Lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə Lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anma qədər Lizinq verən tərəfindən hesab təqdim edilmədən Lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir -16.1-ci bəndinə əsasən,Tərəflər bu müqavilə üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyırlar.Lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin geçikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişin 1%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. -20.7-ci bəndinə əsasən, Lizinq verən geri alınmış lizinq obyektini lizinq alanın razılığı olmadan sata və yaxud yenidən lizinqə vermək hüququna malikdir. Lizinq verən yeni lizinq alanı və ya lizinq obyektinin alıcısını müəyyən etdikdən sonra, yazıh olaraq Lizinq alanı xəbərdar edir və ona 5 (beş) təqvim günü ərzində lizinq obyektini daha üstün qiymətə ala biləcək alıcım və ya yeni lizinq alanı göstərmək üçün üstünlük hüququnu verir. “xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli daxili maliyyə lizinq müqaviləsinə 2 nömrəli əlavə olan, “Alıcı-Lizinqverən” qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “satıcı” qismində X5 və “Lizinq alan” qismində X6 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Təhvil-Təslim aktı”nın surətindən görünür ki, “Satıcı” xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Alıcı-Lizinqverən”in iştirakı ilə “Lizinq alan”a təhvil vermişdir. xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli “X8 Müqaviləsi üzrə hüquq və öhdəliklərin verilməsinə dair” xx.xx.2024-cü il tarixli Sazişdən görünür ki, ilkin Lizinq X1 xx.xx.2023-cü il tarixli, ACAM2-7251- 23928 nömrəli X8 müqaviləsindən irəli gələn bütün hüquq və öhdəliklərini bu Sazişlə müəyyən edilmiş haqq müqabiləsində X11 yəni Cavabdeh verir, X14 isə bu Sazişlə müəyyən edilmiş haqqı X17 ödəyərək bu hüquq və öhdəliklərini qəbul edir, eyni zamanda Lizinq Verən bu sazişi imzalamaqla hüquq və öhdəliklərin verilməsinə ör razılığını bildirmişdir. Eyni zamanda bu saziş imzalandıqdan sonra X14 (Cavabdeh) xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə X18 əvəz edir və həmin müqavilədən irəli gələn və X17 aid bütün hüquqlara sahib olur və bütün öhdəliklərinə görə məsuliyyət daşıyır. Ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur. “Alıcı-Lizinqverən” “X20” (X6) və “X14” (Cavabdeh) tərəfindən təsdiq edilmişxx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, “Lizinqverən”lə “X20” (X6) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə “Hüquq və öhdəliklərin verilməsinə dair xx.xx.2024-cü i tarixli Saziş”ə əsasən “X20” (X6) xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Lizinqverən”in iştirakı ilə “X14” a (Cavabdeh) təhvil verir, “X14” (Cavabdeh) isə həmin lizinq obyektini qəbul edir, “Lizinqverən” isə təhvil-təslimin baş tutmasını imza və möhürlə təsdiq edir. İddia ərizəsindən və pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmış, lakin müvafiq akt tərtib edilməmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 01/02-564TBC saylı “avtomobilə dəymiş zərər barədə” ekspert rəyindən görünür ki, "xxxx" MMC-ə məxsus “X15” markalı, 77- YC-937 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq illər əldə edilmiş avtomobil bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli avtomobil və ehtiyyat hissələrinə olan tələb və təklifən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-ə məxsus xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2024-cü il tarixə olan dəymiş zərərin həcmi 2290 manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 01/02-408TBC saylı “avtomobilin qiymətləndirilməsi barədə” ekspert rəyindən görünür ki, "xxxx" MMC-ə məxsus “X15” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4700 manat, likvid dəyəri isə 4200 manat məbləğdə müəyyənləşdirilmişdir. "xxxx" MMC ilə X9 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin: - 1.2-ci bəndinə əsasən, “Satıcı" AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş BB497778 saylı qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan **-YC-*** dövlət qeydiyyat nişanlı, X15 markalı, buraxılış ili - 2006-cı il, xetçbek tipli, BAN - KMHBT51GP6U610099, qırmızı rəngdə nəqliyyat vasitəsini “Alıcı”ya satır. -3.1-ci bəndinə əsasən, Müqavilənin məbləği ƏDV xaric 4500 (dörd min beş yüz) manatdır. -3.3-cü bəndinə əsasən, Ödəniş alqı-satqı müqaviləsi imzalandığı gün ödənməlidir. “Satıcı” qismində "xxxx" MMC ilə “Alıcı” qismində X3 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, “nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi haqqında” Aktın surətindən görünür ki, “Satıcı” xetçbek tipli, ban KMHBT51GP6U610099, M.İ.H. 1086 sm3, qırmızı rəngli, buraxılış ili 2006-cı il, X15 markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Alıcı”ya təhvil vermişdir. Bu akta əsasən nəqliyyat vasitəsi ilə bağlı “Alıcı”nın “Satıcı”ya hər hansı bir irad və etirazı yoxdur və gələcəkdə də olmayacaqdır. xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə “X14” (Cavabdeh) lizinq borcundan 333,18 manat ödəniş etmişdir. “X14”nın (Cavabdeh) xx.xx.2023-cü il tarixli ACAM2-7251-23928 nömrəli X8 müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 283,02 manat əsas borc, 390,49 manat faiz borcu və 83,85 manat cərimə borcu olmaqla, ümumilikdə 757,36 manat məbləğində borcu vardır. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən borc yaranmışdır. Həmin vəsaitin xx.xx.2024-cü il tarixinə kimi ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur, 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir), 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir, 747-1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir, 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir, 747-1.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və hallarda Azərbaycan Respublikasının istənilən rezidenti və qeyri-rezidenti lizinq müqaviləsinin subyekti ola bilər, 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir, 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir, 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Bununla yanaşı, lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. İş materiallarına əlavə olunan sənədlərdən tərəflər arasında 21 noyabr 2023-cü il tarixdə bağlanmış "X8 Müqavilə"si üzrə bir ədəd **-YC-*** dövlət qeydiyyat nişanlı, X15 markalı, buraxılış ili - 2006-cı il, xetçbek tipli, BAN - KMHBT51GP6U610099, qırmızı rəngdə nəqliyyat vasitəsi 36 ay müddətinə cavabdehə lizinqə verildiyi, lizinq obyektinin 30 may 2024-cü il tarixdə cavabdeh tərəfindən nasaz vəziyyətdə qaytarılığı müəyyən olunur. Bundan sonra lizinq verən 13 dekabr 2024-cü il tarixdə lizinq obyektinə yetirilən zərərlə bağlı məhkəmədə iddia qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. "B.Mürsəlovun şikayəti üzrə" Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Mülki Məcəllənin 697.4-cü maddəsi baxımından lizinq verən, lizinqə vermiş olduğu əşyanın qüsurları ilə bağlı tələbi, həmin əşyanın qaytarlıdığı gündən altı ay ərzində irəli sürmək hüququna malik olmuşdur. Həmin müddət keçdikdən sonra lizinqverən bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kollegiya hesab edir ki, iddiaçı əşyanın qüsurları ilə bağlı tələbini həmin əşyanın ona nasaz vəziyyətdə təhvil verildiyi gündən (30 may 2024) altı ay ərzində irəli sürmək hüququna malik olduğu halda, 13 gün müddət (13 dekabr 2024) keçəndən sonra bununla bağlı iddia qaldırmışdır. İddiaçının qanunla müəyyən olunan zaman ərzində öz hüququndan istifadə etməməsi, əşyanın qüsurları ilə bağlı tələb hüququna xitam verilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-630/2025 saylı 11 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar