Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-147/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi Şirvan şəhəri, 14 avqust 2025-ci il X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim Zaur Abbasov) 17 aprel 2025-ci il tarixli, e-2-2(121)-691/2025 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 3580 manat gecikdirilmiş borcun və hesablanmış 3492,30 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 841-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 15875 manat gecikdirilmiş borcun və hesablanmış 12049,13 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi 35496,43 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli, xx.xx.2018-ci il tarixli 841- GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli müqavilə üzrə 3580 manat gecikdirilmiş borcu və hesablanmış 3492,30 manat cərimə borcu, eləcə də xx.xx.2018-ci il tarixli 841- GL/18 nömrəli müqavilə üzrə isə 15875 manat gecikdirilmiş borcu və hesablanmış 12049,13 manat cərimə borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə dair bütün sübutları təqdim etdiklərini nəzərə alaraq məhkəmə iclasının onların iştirakı olmadan kecirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında cərimə borclarını qəbul etmədiyini, əsas məbləğ üzrə borcun isə ondan asılı olmayan səbəblərə görə yarandığın bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(121)-691/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli müqavilə üzrə 3280 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə borcu, xx.xx.2018-ci il tarixli 841-GL/18 nömrəli müqavilə üzrə 15575 manat məbləğində əsas borc, 800 manat məbləğində cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla, ümumilikdə 20355 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 149,56 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borc ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin əsas borc ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndində deyilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bu norma məhkəmənin qanundan kənar subyektiv qərar verməsini qadağan edir. Əgər məhkəmə müəyyən məbləği azaldırsa, mütləq şəkildə hüquqi əsaslandırma təqdim etməlidir. Məhkəmə çıxardığı qərarın hüquqi və faktiki əsaslarını tam və aydın şəkildə göstərmədiyindən və mübahisəli 600 manatlıq hissənin nə üçün kəsildiyi göstərilmədiyindən bu qərar əsaslandırılmamış məhkəmə aktı statusu daşıyır və ləğv edilməlidir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmuşdur. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmişlər. Lakin cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, apellyaiya şikayətinin dəlilləri əsassızdır və dəlillər formal mülahizələr əsaslanmışdır. Belə ki, iş materialında olan xx.xx.2025-ci il tarixli, ********** saylı və ********** saylı ödəniş qəbzlərindən görsənir ki, o, həmin tarixdə, məhkəmənin icraatında olan işlə bağlı qeyd olunan müqavilələr üzrə hər bir müqaviləyə 300 manat olmaqla, cəmi 600 manat borcundan ödəniş etmişdir. İddiaçı isə apellyaiya şikayətində qeyd edir ki guya bu ödənşlər köhnə borclara görə ödənişdir. Halbuki, onun iddiaçı təşkilata əvvəlki və indiki borcu xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli müqavilə üzrə xx.xx.2018-ci il tarixli 841- GL/18 nömrəli müqavilə üzrədir. Onun əvvəlki borcları öz qüvəsini saxlayır və icradadır. Hazırki iddia tələbi üzrə yaranan borcundan hər müqavilə ürə 300 manat pul ödəməyi, əvvəlki borclara şamil edilmir. Bu ödənişləri ilə bağlı iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə hər-hansı bir mülahizə və etiraz bildirməmişdir. Belə olduğu təqdirdə apellyasiya şikayətinin hazırki ödənişlərlə bağlı əsaslandırılması obyektivlikdən uzaqdır. Ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-691/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borc ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin əsas borc ilə bağlı hissədə tam həcmdə təmin olunması xahiş etməklə, qətnaməni əsas borc hissədə qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi adlandırılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən ümumi məbləği 15850 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə apanldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən, Lizinq alanın qrafik üzrə ödənişinə nəzarət edir. 2.1.3-cü bəndinə əsasən, Bu müqavilə üzrə Lizinq alanın bütün öhdəliklərinə nəzarət edir. 2.2.1-ci bəndinə əsasən, Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir; 2.2.11-ci bəndinə əsasən, Texnikanın itirilməsi və ya funksiyalarının itirilməsi Lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir; 4.1-ci bəndinə əsasən, Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 4.3-cü bəndinə əsasən, hər bir təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, Texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin Lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. 9-cu bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 841-GL/18 nömrəli lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən ümumi məbləği 34926 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə apanldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 3222/ü nömrəli “Texnikaların yenidən lizinqə verilməsi barədə” əmrinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli nömrəli lizinq müqaviləsinə əsasən kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edildikən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 3401/ü nömrəli “Texnikaların yenidən lizinqə verilməsi barədə” əmrinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 841-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edildikən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi qərara alınmışdır. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 841-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli texnikaların qəbulu barədə aktın surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 1489/ü nömrəli “Texnikaların yenidən lizinqə verilməsi barədə” əmrinə əsasən 1 ədəd traktor, 1 ədəd kotan saz, nizamlanmış və komplekt halda "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli texnikaların qəbulu barədə aktın surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 1445/ü nömrəli “Texnikaların yenidən lizinqə verilməsi barədə” əmrinə əsasən 1 ədəd otbiçən rotorlu nizamlanmış və komplekt halda "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli müqaviləyə əsasən 3580 manat gecikdirilmiş borc, 3492,30 manat cərimə borcu hesablanmışdır, Cavabdeh qalıq borcu cərimə ilə birlikdə 7072,30 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 841- GL/18 nömrəli müqaviləyə əsasən 15875 manat gecikdirilmiş borc, 12049,13 manat cərimə borcu hesablanmışdır, Cavabdeh qalıq borcu cərimə ilə birlikdə 27924,13 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Aydın İsa oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli və xx.xx.2018-ci il tarixli 841-GL/18 nömrəli müqavilələrə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalaraq şikayət etmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmə iddianı qismən təmin edərək hər iki müqavilə üzrə əsas borcdan ayrı-ayrılıqda 300 manat, ümumilikdə isə 600 manat məbləğində pul vəsaitini əsaslandırma etmədən azaltmışdır. Buna görə də Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-691/2025 nömrəli qətnaməsinin əsas borc ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin əsas borc ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş etmişlər. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, həqiqətəndə qətnamədə Cavabdeh xx.xx.2018-ci il tarixli 2127-GL/17 nömrəli müqavilə üzrə 3580 manat deyil, 3280 manat məbləğində əsas borc, həmçinin xx.xx.2018-ci il tarixli 841-GL/18 nömrəli müqavilə üzrə 15875 manat deyil, 15575 manat məbləğində əsas borcun tutulması əsaslandırılmamışdır. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, GPP ********** saylı və GPP ********** saylı ödəniş qəbzlərindən görsənir ki, o, həmin tarixdə, cavabdeh tərəfindən yuxarıda qeyd olunan müqavilələr üzrə hər bir müqavilə üzrə 300 manat olmaqla, cəmi 600 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən isə həmin ödənişlərin başqa qətnamə üzrə cavabdeh tərəfindən edilmiş ödənişlər olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa iddiaçı bu ödənişlər ilə bağlı birinci instansiya məhkəməsinə hər-hansı bir mülahizə və etiraz bildirməmişdir. Belə olduğu təqdirdə apellyasiya şikayətinin hazırki ödənişlərlə bağlı əsaslandırılması həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliyin müəyyən etdiyi 10000 manat məbləğindən az (600 manat) olduğundan, bu qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(121)-691/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qəbul olunduğu andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-147/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-147/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver