Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-150/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(121)-635/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 5421 manat gecikdirilmiş borcun və hesablanmış 3230.92 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 827 manat gecikdirilmiş borcun və hesablanmış 800.69 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, cəmi 10779.61 manat pul vəsaitinin Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli, xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2015ci il tarixli 2644-GL/15 nömrəli müqavilə üzrə 5421 manat gecikdirilmiş borcu və hesablanmış 3230.92 manat cərimə borcu, eləcə də xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə isə 827 manat gecikdirilmiş borcu və hesablanmış 800.69 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iş məhkəmənin icraatında olduğu dövrdə xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış gecikdirilmiş borc məbləği cavabdeh tərəfindən ödənilmiş, lakin həmin müqavilə üzrə hesablanmış cərimə ödənilməmiş qalmışdır. Eləcə də digər xx.xx.2019-cu il tarixli 648- GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış gecikdirilmiş borc məbləği, cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat vəsait iddiaçıya ödənilməmiş qalmışdır. Odur ki, xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 3230.92 (üç min iki yüz otuz manat 92 qəpik) manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 827 (səkkiz yüz iyirmi yeddi) manat gecikdirilmiş borcun və hesablanmış 800.69 (səkkiz yüz manat 69 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat vəsaitin, cəmi 5358.61 (beş min üç yüz əlli səkkiz manat 61 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dair bütün sübutları təqdim etdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan kecirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ümumi borcundan 5672 manat məbləğində ödəniş etdiyini bildirərək, ödənişinin nəzərə alınmasını və cərimə borclarının silinməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(121)-635/2025 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia qismən təmin olunaraq, Cavabdeh xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli müqavilə üzrə 150 manat məbləğində cərimə borcu, xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə 576 manat məbləğində əsas, 50 manat məbləğində cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla, ümumilikdə 1276 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə cavabdehdən 576 manat məbləğində gecikdirilmiş borc məbləğinin tutulması hissəsində ləğv edilərək, iddia tələbinin qeyd olunan müqavilə üzrə gecikdirilmiş borcun tam məbləğdə 827 manat tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2019-cu il tarixli 648- GL/19 nömrəli müqavilə üzrə 827 manat məbləğində olan gecikdirilmiş borcun azaldaraq 576 manat məbləğində müəyyən etməsi barədə heç bir əsaslandırma etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, tələb olunan lizinq muzdunun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İşdə olan mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına 5672 manat məbləğində lizinq ödənişi həyata keçirilmişdir. Həmçinin, iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdehin xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli lizinq müqaviləsi üzrə əsas borcunu ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından göründüyü kimi cavabdeh xx.xx.2015ci il tarixli 2644-GL/15 nömrəli müqavilə üzrə 5672 manat məbləğində ödəniş ödəmişdir və həmin müqavilə üzrə qalıq borcunu ödəməsi ilə bağlı tərəfimizdən maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə isə iş məhkəmədə olduğu müddətdə heç bir ödəniş edilməmişdir. Göründüyü kimi cavabdeh xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ödənişləri gecikdirmişdir və həmin müqavilə üzrə 827 manat gecikdirilmiş borcu yaranmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu, 251 manat artıq ödəməsinin olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə cavabdehdən gecikdirilmiş əsas borc məbləğinin tam tutulmaması hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə mübahisələndirilən hissədə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş lizinq verən (iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 16160 manat olan və spesifikasiyada (əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə, qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə apanldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir, 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür, 2.1.1-ci bəndinə əsasən lizinq verən lizinq alanın qrafik üzrə ödənişinə nəzarət edir, 2.1.3-cü bəndinə əsasən lizinq verən bu müqavilə üzrə lizinq alanın bütün öhdəliklərinə nəzarət edir. 2.2.1-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini qrafik üzrə (əlavə № 2) vaxtında və tam həcmdə ödəyir, 2.2.11-ci bəndinə əsasən texnikanın itirilməsi və ya funksiyalarının itirilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir, 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir, 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir, 4.3-cü bəndinə əsasən hər bir təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər, 5.2-ci bəndinə əsasən müqavilənin 5.1-ci bəndində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir, 9-cu bəndinə əsasən bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan lizinq verən (iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 3849 manat olan və spesifikasiyada (əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə apanldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli müqaviləyə əsasən 5421 manat gecikdirilmiş borc, 3230.92 manat cərimə borcu hesablanmışdır, Cavabdeh qalıq borcu cərimə ilə birlikdə 8651.92 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2019-cu il tarixli 648- GL/19 nömrəli müqaviləyə əsasən 827 manat gecikdirilmiş borc, 800.69 manat cərimə borcu hesablanmışdır, Cavabdeh qalıq borcu cərimə ilə birlikdə 1627.69 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Elçin Fətulla oğluna ünvanladığı xx.xx.2024- cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli və xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilələrə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına 5672 manat məbləğində lizinq ödənişi həyata keçirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə cavabdehdən gecikdirilmiş əsas borc məbləğinin tam tutulmaması hissədə mübahisələndirdiyindən, apellyasiya baxışının predmetini də məhz qətnamənin mübahisələndirilən hissəsi təşkil edir. Mübahisələndirilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə 827 manat məbləğində olan gecikdirilmiş borcun azaldaraq 576 manat məbləğində müəyyən etməsi barədə heç bir əsaslandırma aparmamışdır. xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə isə iş məhkəmədə olduğu müddətdə heç bir ödəniş edilməmiş, cavabdeh öhdəliklərini yerinə yetirməyərək ödənişləri gecikdirmiş və həmin müqavilə üzrə 827 manat gecikdirilmiş borcu yaranmışdır. Mübahisələndirilən hissədə xx.xx.2019-cu il tarixli 648-GL/19 nömrəli müqavilə üzrə iddiaçının əsas borc üzrə tələbi 827 manat olmuşdur. İddia tələbinin həcmi azaldılanadək verilən tələbdə isə xx.xx.2015-ci il tarixli 2644-GL/15 nömrəli müqavilə üzrə iddiaçının əsas borc üzrə tələbi 5421 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025 tarixli ödəniş qəbzinə əsasən iş birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə cavabdeh tərəfindən iddiaçıya 5672 manat məbləğində lizinq ödənişi edilmişdir. Yalnız bundan sonra iddiaçı edilən 5672 manat ödənişi bütövlkdə xx.xx.2015-ci il tarixli 2644- GL/15 nömrəli müqavilə üzrə 5421 manat əsas borca silməklə, iddia tələbinin həcmini xx.xx.2025-ci il tarixli ərizəsində azaldıb həmin müqavilə üzrə 3230.92 manat cərimənin tutulmasını istəmiş, digər tələblərini olduğu kimi saxlamışdır. Görünən odur ki, cavabdehin etmiş olduğu ödənişdən silinmə aparılandan sonra artıq qalan (5672-5421) 251 manat vəsait üzərində iddiaçı hər hansı bir formada sərəncam verməmişdir. Odur ki, birinci instansiya məhkəməsi həmin artıq qalan 251 manat vəsaiti xx.xx.2019-cu il tarixli 648- GL/19 nömrəli müqavilə üzrə 827 manat məbləğində olan gecikdirilmiş əsas borca aid etməklə (827-251), əsas borc üzrə qalıq məbləği 576 manat həddində müəyyən etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğvinin əsasını təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(121)-635/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2-2(106)-150/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-150/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver