Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-157/2022 06.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin ğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1311/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 52.137,12 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə ünvanlayaraq, iddia ərizəsinin həcmini azaldaraq 46.837,12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən iddiaçı tərəfindən müqavilə müddəti dövründə, yəni müqavilənin İİ bəndində nəzərdə tutulmuş xx.xx.2023- cü il tarixədək sifarişçi qismində sifariş əsasında işləri yerinə yetirmək və qarşı tərəfdən isə həmin işlərin dəyərinin həmin müqavilə və qiymət razılaşdırma protokolunda nəzərdə tutulmuş müddətdə və qaydada ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 186866 nömrəli elektron qaiməyə əsasən "xxxx" MMC-nin ödəniləcək pul məbləği cəmi 52.137,12 manat təşkil edir. Lakin sonradan cavabdeh 5.300 manat ödəniş etmiş və 46.837,12 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq 46.837,12 manat pul məbləğini üç gün müddətində ödənilməsi məqsədi ilə sözügedən MMC-ə müvafiq pretenziya göndərilməsinə baxmayaraq pretenziyaya əhəmiyyət verilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1311/2022 saylı qətnaməsi ilə (Hakim: İ.Cabbarov), iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 46.837,12 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 404.1, 404.2, 442, 445.2.1, 448, 752.1, 759.2, 762.1, 762.2, 762.3 və 769-cu maddələrini tətbiq etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1311/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, mövcud sübutlara qiymət verməklə iddia tələbinin 2700 manat azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclası zamanı Azərbaycan Respublikasında olmayacağından məhkəmə prosesini başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh direktoru ilə telefon vasitəsilə əlaqə saxlanılmış cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olduğunu, vəkillə müqavilə bağlaya bilməməsi səbəbindən işin təxirə salınmasını, mahiyyəti üzrə baxılacağı təqdirdə isə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir (müvafiq arayış tərtib edilərək iş materiallarına əlavə edilmişdir). Kollegiya icraatın tezliyini təmin etmək məqsədi ilə iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1311/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən, Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 769-cu maddəsinə əsasən, Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e2- 2(121)-1311/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 01 iyun 2021-ci il tarixli, xx/xx/2021 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində icraçı tərəfindən müqavilə müddəti dövründə sifarişçiyə sifariş əsasında işləri yerinə yetirməyi və sifarişçi tərəfindən isə həmin işlərin dəyərinin bu müqavilədə və qiymət razılaşdırma protokolunda nəzərdə tutulmuş müddətdə və qaydada icraçıya ödənilməsi ilə münasibətlərin tənzimlənməsini təşkil edir. İş materialında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli 186866 nömrəli elektron qaiməyə əsasən 52.137,12 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi təsdiqlənmişdir. İş materialında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, xx/xx/2021 saylı müqaviləyə əsasən Cavabdeh MMC ödənilməmiş 52.137,12 manat məbləğində pul vəsaitinin 3 gün müddətində ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iddia həcminin azaldılmasına dair ərizəyə əsasən cavabdehin 46.837,12 manat borcu qalmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 iyun 2021-ci il tarixli, xx/xx/2021 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında müqavilədə nəzərdə tutulan işlər (mebel hazırlanmış) görülmüş, görülən işlərin dəyərinin ödənilməsi üçün İddiaçı tərəfindən Cavabdeh MMC-yə elektron qaimə göndərilmişdir. Cavabdeh göndərilmiş elektron qaiməni təsdiq edərək, qaimədə göstərilən məbləğin ödənilməsini qəbul etmiş, qiymət razılaşma protokolunu imzalamış, aldığı malların dəyərini ödəmədiyinə görə onun ödənilməyən 46.837,12 manat borcu qalmışdır. Məhkəmənin əvvəlki iclasında da cavabdehin nümayəndəsi nağd qaydada 8000 manat ödənildiyini bildirmiş, bundan sonra iddiaçı tərəfindən tələbin həcmi azaldılması barədə ərizə verilmiş, nağd qaydada 5300 manatın verildiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən işin məhkəmə icraatında olduğu müddət ərzində borcun daha az olmasını və ya ümumiyyətlə olmamasını təsdiq edən heç bir sübut təqdim edilməmiş, iddiaya etiraz verilməmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində qeyd edir ki, Cavabdeh MMC-də işçi olmuş X1 adlı şəxs vasitəsi ilə iddiaçıya nağd olaraq 8000 manat pul verilməsi bildirmiş, iddiaçı da həmin məbləği tam deyil qismən qəbul edərək tələbini azaltmış, məhkəmə isə bu fakta qiymət verməyəyək tam həcmdə iddia tələbini təmin etmişdir. Bu səbəbdən cavabdeh apelyasiya şikayətində, Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e2-2(121)- 1311/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, mövcud sübutlara qiymət verməklə iddia tələbinin 2700 manat azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zaman cavabdeh iddiaçıya olan borcdan 8000 manat nağd vasitəsi ilə ödənildiyini bildirmişdir. İddiaçı isə cavabdeh tərəfindən 8000 manat deyil, 5300 manat nağd pul vəsaitinin ödənildiyini bildirmiş, bu səbəbdən də, iddiaçı iddia tələbinin həcmini 5300 AZN azaldaraq 46837,12 AZN tələb etmişdir. Məhkəmə haqlı olaraq iddia tələbini iddiaçının tələb etdiyi həcmdə tələb etmişdir o, ki, qaldı cavabdehin apellyasiya şikayətinin dəlilində iddiaçıya olan borcundan 8000 manat ödəməsini bildirməsi və bunun birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasına kollegiya bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Qeyd olunan normadan görünür ki, iddiaçı cavabdehin 8000 manat deyil 5300 manat ödədiyini etiraf edir 2700 manatın isə ödənilmədiyini bildirir. Belə olan halda cavabdeh iddiaçıya 2700 manat pulun ödənilməsini sübut etməlidir. Lakin cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı bu halı sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini tam həcmdə təmin etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi və Cavabdeh MMC-dən 46.837,12 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Cavabdeh MMC-dən 46.837,12 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi müəyyən edilmiş, daha sonra cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və iddia tələbinin 2700 manat azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 2700 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti on min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, və 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e2-2(121)-1311/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2-2(106)-157/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-157/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver