Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-167/2024 03.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı A Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: pul tələbi, podrat müqaviləsi X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "EMA” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1208/2024 saylı, 02 iyul 2024-cü il tarixli (hakim Elşən Abdullayev) qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "EMA” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Qaraqaşlı- Broyler” Açıq Səhimdar Cəmiyyətindən 7782 (yeddi min yeddi yüz səksən iki) manat, 500 (beş yüz) manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 560 manat pulu və ümumilikdə 8842 (səkkiz min səkkiz yüz qırx iki) manat pulun və iş üzrə ödənilmiş 110 manat dövlət rüsumunun alınıb "EMA” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "EMA” MMC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. "EMA” MMC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. Cavabdeh "Qaraqaşlı-Broyler” ASC ilə aramızda xx.xx.2019-cu il tarixli, 1/19-049AZ saylı müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 1/19-049AZ saylı müqavilə üzrə 2020-ci il ərzində müxtəlif vaxtlarda "Qaraqaşlı-Broyler” ASC-də "EMA” QSC-nin əməkdaşları tərəfindən müqavilə üzrə göstərilmiş ərazilərdə proflaktik məqsədlə gəmiricilərə qarşı tərtib edilmiş xidmət aktları əsasında ümumilikdə 19464 manat dəyərində tədbirlər görülmüşdür. Cavabdeh tərəfindən göstərilmiş xidmət dəyərindən 11682 manat ödənilmiş və buna dair aramızda xx.xx.2023-cü il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi barədə Akt tərtib edilmişdir. Hazırda cavabdeh "Qaraqaşlı-Broyler” ASC-nin EMA QSC-yə cəmi 7782 manat borcu qalmışdır. Onu da qeyd edim ki, tərtib edilmiş üzləşmə aktı xx.xx.2022-ci il tarixdə cavabdeh cəmiyyətdə mühasib işləyən Mirsahib Qafarova təqdim edilmişdir. Dəfələrlə cavabdeh "Qaraqaşlı- Broyler” ASC-yə "EMA” QSC-yə olan 7782 manat borcunu ödəməsini bildirsəkdə, cavabdeh bu günə qədər bizə olan borcunu ödəməmişdir. Hazırda cavabdeh "Qaraqaşlı- Broyler” ASC-dən 7782 manat pulməbləğini başqa qayda da ala bilmədiyimizdən Məhkəməyə müraciət edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən, cavabdeh tərəfin mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1208/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 7.782 manat məbləğində əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 560 manat və 103,77 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8.445,77 (səkkiz min dörd yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın 500 manat maddi zərərin və 6,23 manat dövlət rüsumunun cavabdehdən tutulması hissələrində təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və İddiaçı MMC-nin iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi üzləşmə aktının Qaraqaşlı-Broyler ASC tərəfindən təsdiq edilməməsini, xidmət aktlarının isə tərəflər arasında bağlanan müavilə şərtlərinə uyğun olmamasını nəzərə almadan işin bu hallarını tam araşdırmamışdır. Məhkəmənin nəzərinə çatdırırır ki, iddiaçı tərəfindən göstərilən xidmətlərin ancaq müqavilə şərtlərinə uyğun icra edilən hissəsini qəbul edərək dəyərini də vaxtında ödəmişlər. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən son xidmətlər müqavilə şərtlərinə uyğun olmamışdır. Belə ki, iddiaçı tərəfindən aparılan xidmətlər nəticə verməmiş əksinə onlara məxsus istehsalat sahələrində gəmiricilərin sayı artmışdır. Bununla bağlı bildirdikdə iddiaçı tərəfindən istifadə edilən dərman vasitələrinin dəyişdiriləcəyi və xidməti pulsuz olaraq təkrar göstəriləcəyi bildirilsə də, hər hansı iş görülməmişdir. Nəticədə onların istehsalat sahələrində kütləvi tələfatlar artmışdır. Həmçinin göstərilmişdir bəhsi keçən “Üzləşmə Aktı” cavabdeh təşkilat tərəfindən imzalanmamış, onun möhürü ilə təsdiq edilməmişdir. Həmin “Üzləşmə Aktı”-nı Mirsahib Qafarov sadəcə təhvil alaraq imzalamışdır. Bu isə aktın təsdiq edilməsi kimi qiymətləndirilə bilməz. X4 səlahiyyətli şəxs deyil. Akt Müəssisənin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış, möhürlə təsdiq edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh təşkilatda gəmiricilərə qarşı xidmətlər tətbiq edilmiş və bunun nəticəsində cavabdehin onlara 19464 manat borcu yaranmışdır. Cavabdeh həmin borcdan ödənişlər etmiş və sonuncu ödənişi 2200 manat olmaqla xx.xx.2022-ci ildə edilmişdir. Xidmətlərin göstərilməsi işə əlavə edilmiş 12 qaimələrlə və tərtib edilmiş “Üzləşmə Aktı” ilə də təsdiq edilir. “Üzləşmə Aktı” xx.xx.2022-ci ildə tərtib edilmiş və cavabdehin mühasibatlığına təqdim edilmiş, mühasib Mirsahib Qafarov həmin Aktı qəbul etmişdir. Cavabdeh təşkilat apellyasiya şikayətindədə “Üzləşmə Aktı”-nın mühasib Mirsahib Qafarov tərəfindən təhvil alındığını inkar etməmiş və bu günədək həmin Akta qarşı etirazlarını bildirməmişlər. Cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam həcmdə rədd edilməsini xahiş etməklə, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11 -6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1 -ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra - Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin Azərbaycan Respublikası Mülki Məcəlləsinin "öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada "faydalanma” və "(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin "ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Belə ki, iş materiallarında olan EMA” QSC ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli, 1/19-049 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, "Sifarişçi” bu müqaviləni qiymətlərin razılaşdırma protokolundan (Əlavə 1) göstərilən işlərin və xidmətlərin satın alınması üçün "İcraçı”nın aylıq 1298 manat olmaqla, illik 15576 manat məbləğində (ƏDV daxil) təklifini qəbul edib. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən "Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin İcraçıdan qəbul edilməsini, tələblərə uyğunluğunun yoxlanılmasını və dəyərinin ödənilməsini öhdəsinə götürür. İşdə olan EBBF seriyalı, 191326 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBJ seriyalı, 058268 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBK seriyalı, 313875 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBLseriyalı, 837822 nömrəli, xx.xx.2021 -ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBN seriyalı, 523577 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBO seriyalı, 828806 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBQ seriyalı, 779899 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBS seriyalı, 382090 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBT seriyalı, 895526 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBV seriyalı, 769218 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBX seriyalı, 868938 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBZ seriyalı, 287763 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBCB seriyalı, 083279 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBCC seriyalı, 996444 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İşdə olan EBBC seriyalı, 802323 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, "EMA” QSC tərəfindən "xxxx" ASC-yə 1.298 manat məbləğində deratizasiya xidməti göstərilmişdir. İş materiallarında olan xidmət aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək gəmiricilərə qarşı profilaktik xidmətlər göstərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “Üzləşmə aktından” görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixinə qalıq borcu 10.384 manat təşkil edir. İş materiallarında olan bank hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətlərə uyğun olaraq ümumilikdə 11.682 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, "EMA” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məktub ünvanlayaraq, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 7.782 manat borcunun olduğunu bildirmiş, həmin borcun 3 iş günü müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı tərəfindən göstərilən son xidmətlərin müqavilə şərtlərinə uyğun olmaması, bununla da aparılan xidmətlərin nəticə verməməsi, əksinə onlara məxsus istehsalat sahələrində gəmiricilərin sayının artması, nəticədə onların istehsalat sahələrində kütləvi tələfatların baş verməsidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə iddiaçı tərəfindən onlara xidmətlər göstərilməsini inkar etmir. Əksinə xidmətlərin göstərildiyini lakin effektli olmadığını bildirmişdir. Lakin göstərilən xidmətlərin effektiv olmadığına dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlilinə əsasən “Üzləşmə Aktı”-nın cavabdeh təşkilat tərəfindən imzalanmaması, onun möhürü ilə təsdiq edilməməsi, həmin “Üzləşmə Aktı”-nın Mirsahib Qafarovun sadəcə təhvil alaraq imzalamasını göstərmiş və bu Üzləşmə aktının təsdiq edilməsi kimi qiymətləndirilə bilməməsi kimi qeyd etmişdir. Bildirmişdir ki, Mirsahib Qafarov səlahiyyətli şəxs deyil. Akt Müəssisənin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış, möhürlə təsdiq edilməmişdir. Qeyd edilən dəlilə münasibət bildirərək kollegiya qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh təşkilatda gəmiricilərə qarşı xidmətlər tətbiq edilmiş və bunun nəticəsində cavabdehin onlara 19464 manat borcu yaranmışdır. Cavabdeh həmin borcdan ödənişlər etmiş və sonuncu ödənişi 2200 manat olmaqla xx.xx.2022-ci ildə etmişdir. Xidmətlərin göstərilməsi işə əlavə edilmiş 12 qaimələrlə və tərtib edilmiş “Üzləşmə Aktı” ilə də təsdiq edilir. “Üzləşmə Aktı” xx.xx.2022-ci ildə tərtib edilmiş və cavabdehin mühasibatlığına təqdim edilmiş, mühasib Mirsahib Qafarov həmin Aktı qəbul etmişdir. Cavabdeh təşkilat apellyasiya şikayətində də “Üzləşmə Aktı”-nın mühasib Mirsahib Qafarov tərəfindən təhvil alındığını inkar etməmiş və bu günədək həmin Akta qarşı etirazlarını bildirməmişlər. Bütün bunlar onu deməyə əsas verir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti kommersiya mübahisələri üzrə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 10000 manat məbləğindən az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1208/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-167/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-167/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver