Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-167/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət məhkəmə tərkibində, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 may 2025ci il tarixli e-2-2(121)-107/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 43715 manat məbləğində borcun və 221 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli 150124-03 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, yəni iddiaçıdan alınmış mallar üzrə alıcı, yəni cavabdehin ümumilikdə 43715 manat qalıq pul borcu ödənilməmiş qalmışdır. Cavabdehə xəbərdarlıq məktubu göndərilərək borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Göründüyü kimi müqavilə üzrə öhdəliklərini lazımi və tam qaydada icra etməyən cavabdeh bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli 150124-03 nömrəli alqı-satqı müqaviləsinin tələblərinə görə “satıcı” hazırki müqaviləyə əsasən müqavilənin 1.2-ci bəndində göstərilən malları alqı-satqı yolu ilə “alıcının” mülkiyyətinə verir, “alıcı”isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı” ya ödəyir. Sözügedən müqavilənin 9.1-ci bəndinə görə hər bir tərəf üzərinə öhdəlik götürür ki, hazırki müqavilənin müddəalarına riayyət edilməsi və bütün ağlabatan, habelə hazırki müqavilənin tədbiqi üçün vacib və arzu olunan bütün hərəkətləri həyata keçirəcəkdir. Bağlanmış müqavilənin ödəniş şərtlərinin cavadeh tərəfindən pozulduğunu və qalıq pul borcunu ödəməsi barədə cavabdehə dəfələrlə şifahi qaydada və sonuncu dəfə pretenziya məktubu ilə müraciət olunsa da, ödəniş barədə nəticə olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-2(121)-107/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 24315 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 162.94 manat hissəsinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və borc məbləğinin 18900 manat müəyyən edilməsib barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, qətnamə borcun məbləğinin müəyyən edilməsi hissəsində əsassızdır, ona görə də dəyişdirilməli və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş və müvafiq rəy alınmışdır. Lakin həmin ekspertiza rəyində məbləğ düzgün hesablanmamışdır. Ekspert tərəfindən yalnışlığa yol verilərək ödədikləri pul vəsaitləri borc məbləğindən düzgün şəkildə silinməmişdir. Düzgün formada hesablama aparılsaydı borcun daha az olması müəyyən olunacaqdı. Özləri tərəfindən aparılmış hesablamalara görə hazırda iddiaçı şirkətə 18900 manat borcu mövcuddur. Məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanladıları ərizədən görünüür ki, iş üzrə ekspertizanın rəyi ilə razı olmurlar, ekspertin xx.xx.2025-ci il tarixli rəy verdiyini, öz rəyində sonuncu ödənişin tarixini xx.xx.2025 olaraq qeyd etdiyini bildirilib. Həmin tarixdən sonra ümumi məbləği 8000 manat olmaqla, 3 dəfə ödəniş edilmiş, həmin qəbzlər məhkəməyə təqdim edilmişdir. Məhkəməhəmin 8000 manat ödənişini nəzərə alsa da, ekspert rəyinə düzgün hüquqi qiymət verməmişdir. Beləki ekspertin xx.xx.2025-ci il tarixli rəyi ilə rəqəmlər düzgün müəyyən olunmamışdır və daha aşağı məbləğdədir. Ekspert rəyində kifayət qədər uyğunsuzluqlar və ziddiyətlər olsa da, məhkəmə bu halları araşdırmamışdır. Halbukibu ziddiyətlərin aradan qaldırılması üçün yenidən ekspertiza təyin edilməli idi. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 150124-03 nömrəli alqı-satqı müqaviləsinin şərtlərini nəzərə almamışdır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən malın "Alıcı"ya təhvil verilməsi ilə bağlı öhdəlik "Satıcı" tərəfindən lazımınca yerinə yetirilmədikdə "Alıcı" həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Qeyd olunanlara əsasən borc məbləği hissəsində birinci instansiya məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil və həmin hissədə qətnamə ləğv edilərək iddia qismən təmin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparıldığını bildirib təmin olunmamasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmədə iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi üzərindən ərizə ilə müraciət edərək iclasın onun iştirkı olamdan keçirilməsini və iş üzrə ekspertizanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, müəyyən olunan borc məbləğinin azaldılmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinliyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında qismən ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur. Qiymətlərin razılaşma protokolları, xx.xx.2024-cü il tarixli üzləşmə aktl və elektron qaimə-fakturaların, kassa mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar satılmış, sonuncunun 43715.24 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 35315 manat məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1538 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 43715 manat (o cümlədən, 87250 (elektron qaiməfakturalarına əsasən təqdim edilən mallar) – 7000 (aparılmış ödənişlər) – 36535 (elektron qaimə-fakturalara əsasən qaytarılmış mallar)); xx.xx.2024-cü il tarixə 43715 manat (o cümlədən, 87250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 7000 (aparılmış ödənişlər) – 36535 (elektron qaimə-fakturalara əsasən qaytarılmış mallar)); xx.xx.2024-cü il tarixə 37715 manat (o cümlədən, 87250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 13000 (aparılmış ödənişlər) – 36535 (elektron qaiməfakturalara əsasən qaytarılmış mallar)); xx.xx.2025-ci il tarixə 32315 manat (o cümlədən, 87250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 18400 (aparılmış ödənişlər) – 36535 (elektron qaimə-fakturalara əsasən qaytarılmış mallar)) borcu müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinə xx.xx.2025-ci il tarixdə ünvanladığı arizədən görünüür ki, iş üzrə ekspertizanın rəyi ilə razı olmadığını, ekspertin xx.xx.2025-ci il tarixli rəy verdiyini, öz rəyində sonuncu ödənişin tarixini xx.xx.2025 olaraq qeyd etdiyini bildirmişdir. Həmin tarixdən sonra ümumi məbləği 8000 manat olmaqla, 3 dəfə ödəniş edildiyini bildirərək, qəbzləri məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə ümumilikdə 8000 manat məbləğində ödəniş etmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 28315 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 41065 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli üzləşmə aktının surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 24.315 manat məbləğində borcu vardır. Həmin üzləşmə aktı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsində əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarılmasından ibarət cavabdehin dəlilləri əsaslıdır. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində ekspert tərəfindən xx.xx.2025-ci il tarixinə olan borcun 32315 manat (o cümlədən, 87250 (elektron qaimə-fakturalarına əsasən təqdim edilən mallar) – 18400 (aparılmış ödənişlər) – 36535 (elektron qaimə-fakturalara əsasən qaytarılmış mallar)) məbləğində müəyyən olunduğunu və həmin tarixdən sonra tərəflərindən 3 dəfəyə ümumilikdə 8000 manat məbləğində ödənişlərin edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi də həmin ödənişləri nəzərə alaraq ekspert rəyi ilə müəyyən olunan borc məbləğindən çıxmaqla, cavabdehin almış olduğu mallara görə ödəməli olduğu məbləğin 24315 manat təşkil etməsi nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində borc məbləğinin ekspert tərəfindən düzgün hesablanmadığını ümumi şəkildə bildirməklə, rəyin həqiqiliyini şübhə altına ala biləcək hər hansı bir dəlil gətirməmiş, sübut verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında qismən ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.6, 382, 384.0.2, 392, 393 və 402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-2(121)-107/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2-2(106)-167/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-167/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver