Məhkəmə qərarları › İş №2-2(106)-169/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-169/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-169/2024 06.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Xəlil-X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh «X5 Fermer Təsərrüfatı» MMC-yə qarşı "lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və s." tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli e-2-2(121)-521/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Global Leasing” ASC cavabdeh «X5 Fermer Təsərrüfatı» MMC-yə qarşı "lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış MK030 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X8 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 4 ədəd qoşqulu, pompalı 5000 litrlik su çəni, 4 ədəd asma beş gövdəli kotan, 4 ədəd asma diskli mala, 4 ədəd kultivator torpaqdarayıcı mala, 4 ədəd asma gübrəsəpən, 4 ədəd asma kultivator-bitkidarayıcı, 9 ədəd pnevmatik asma toxumsəpən, 4 ədəd asma rotasion mala, 4 ədəd beşgövdəlik torpaq qırıcılı kotan, 4 ədəd 24-lü taxılsəpən gübrəsəpənlə, avadanlıqlarının saz və işlək vəziyyətdə geri qaytarılması, 28268 manat gecikdirilmiş əsas borc, 5057.42 manat cərimə borcunun, 205 manat ödənilmiş mediasiya xərcinin və 189.98 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh “X11 Təsərrüfat” MMC ilə arasında xx.xx.2019-cu ildə bağlanan MK030 saylı lizinq müaviləsinə əsasən ödəniş tapşığına uyğun olaraq 60 ay müddətinə ödəmə şərti ilə 150840 manat (bir yüz əlli min səkkiz yüz qırx manat) məğləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 395955 manat (üç yüz doxsan beş min doqquz yüz əlli beş manat) təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 94275 AZN (doxsan dörd min iki yüz yetmiş beş manat) ilkin ödəniş və 1508.40 manat (bir min beş yüz səkkiz manat qırx qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası cəmiyyətin xeyrinə ödənilmişdir. Eyni zamanda, cavabdeh "xxxx" MMC müqavilənin şərtini pozaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyi vaxtında lazimi qaydada icra etməmişdir. Nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 28268 manat (iyirmi səkkiz min iki yüz altmış səkkiz) gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0.1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 5057.42 manat (beş min əlli yeddi manat qırx iki qəpik) cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixində rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixə təyin olunmuş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İlkin mediyasiya sesiyasının keçirilməsi ilə əlaqədar tərəflərindən 205 manat həcmində mediyasiya xərci ödənilçmişdir. Beləliklə, cavabdeh “X11 Təsərrüfat”MMC-nin iddiaçı "xxxx" ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024cü il tarixə qədər 28268 (iyirmi səkkiz min iki yüz altmış səkkiz) manat gecikdirilmiş əsas borcu, 5057.42 (beş min əlli yeddi manat qırx iki qəpik) manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada, cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 43352 (qırx üç min üç yüzəlli iki manat) manat ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli e-2-2(121)-521/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı ASC ilə cavabdeh “X5 Fermer Təsərrüfatı” MMC arasında bağlanmış 30 may 2019-cu il tarixli, MK030 saylı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 4 ədəd qoşqulu, pompalı 5000 litrlik su çəni, 4 ədəd asma beş gövdəli kotan, 4 ədəd asma diskli mala, 4 ədəd kultivator torpaqdarayıcı mala, 4 ədəd asma gübrəsəpən, 4 ədəd asma kultivator-bitkidarayıcı, 9 ədəd pnevmatik asma toxumsəpən, 4 ədəd asma rotasion mala, 4 ədəd beşgövdəlik torpaq qırıcılı kotan, 4 ədəd 24-lü taxılsəpən gübrəsəpən avadanlıqların cavabdeh “X5 Fermer Təsərrüfatı” MMC tərəfindən saz və işlək vəziyyətdə İddiaçı ASC-nə geri qaytarılması, cavabdeh “X5 Fermer Təsərrüfatı” MMC-dən 18386.44 manat əsas borc, 1000 manat cərimə borcu, ödənilmiş mediasiya xərcinin əvəzi 205 manat və 189.98 manat dövlət rüsumu olmaqla, ümumilikdə 19781.42 (bir on doqquz min yeddi yüz səksən bir manat, qırx iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın 9881.56 manat əsas borcun və 4057.42 manat cərimə borcunun tutulması hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh “X5 Fermer Təsərrüfatı” MMC apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları olaraq Mülki Məcəllənin 747, 749.2, 750, 751-ci maddələrinin tələbləri pozulmuş, düzgün tətbiq edilməmişdir. İddianın təmin olunması əsassızdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həqiqətən məhkəmədə iddia qaldırılandan sonra 23 fevral 2024-cü il tarixində cavabdh tərəfindən 20000 manat lizinq ödənişi edilmişdir. həmin ödənişin 19000.02 manatı lizinq ödənişi borcuna, 394.98 manatı məhkəmə xərclərinə, 605 manatı isə cəriməyə silinmişdir. Sonrakı tarixlərdə heç bir ödəniş olmamışdır. Birinci instansiya məhkəməsinə təqdim olunan 2-ci maliyyə arayışında liznq ödənişləri üzrə borcların müqavilədə nəzərdə tutulan qaydada hesablanması davam etdirilmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri lizinq ödənişləri üzrə qətnamə ilə müəyyən olunan borc məbləğinin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsada, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə borc məbləği hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: xx.xx.2019-cu il tarixli, MK030 saylı lizinq müqaviləsinin, həmin müqavilənin 1 saylı Əlavəsinin və təhvil-təslim aktının surətindən görünür ki, ödəniş tapşırığına uyğun olaraq 60 ay müddətinə ödəmə şərti ilə qalıq borcu 150840 manat məbləğində müəyyən edilməklə 4 ədəd qoşqulu, pompalı 5000 litrlik su çəni, 4 ədəd asma beş gövdəli kotan, 4 ədəd asma diskli mala, 4 ədəd kultivator torpaqdarayıcı mala, 4 ədəd asma gübrəsəpən, 4 ədəd asma kultivator-bitkidarayıcı, 9 ədəd pnevmatik asma toxumsəpən , 4 ədəd asma rotasion mala, 4 ədəd beşgövdəlik torpaq qırıcılı kotan, 4 ədəd 24-lü taxılsəpən gübrəsəpən lizinqə verilmişdir; Lizinq müqaviləsinin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin müqavilənin 19.6.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 (iki) ay ardıcıl olaraq ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt halı hesab edilir; Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur; İş materiallarında olan İddiaçı QSC-nin «X5 Fermer Təsərrüfatı» MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X11 Təsərrüfat” MMC tərəfindən öhdəliklər icra edilməyəcəyi təqdirdə lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun İddiaçı QSCyə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə «X5 Fermer Təsərrüfatı» MMC-yə xəbərdarlıq edilmişdir; 24 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, cavabehin lizinq müqaviləsi üzrə 24 yanvar 2024-cü il tarixinə ödədiyi məbləğ 43352 manat, gecikdirilmiş borcu 28268 manat təşkil edir. Lizinq alan müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyinə görə 24 yanvar 2024-cü il tarixinə 5057.42 manat cərimə hesablanmışdır; İş materiallarına əlavə edilmiş cavabdeh “X11 Təsərrüfat” MMC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddiaçıya olan borcundan 20000 manat ödəniş etmişdir; İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 205 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh “X11 Təsərrüfat” MMC İddiaçı QSC qarşısında xx.xx.2019-cu il tarixli, MK030 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş borcu 16809.98 manat təşkil edir. Lizinq alan müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixinə 1576.46 manat cərimə borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə, lizinq verən pul məbləğlərini və lizinq obeyktini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ əldə edir; 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir; 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinqverənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 4 iyun 2021-ci il tarixli qərarının 48-ci bəndində qeyd olunur ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh lizinq alan iddiaçı lizinq verənlə bağladığı lizinq müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, iddiaçı cavabdehlə bağladığı lizinq müqaviləsinə vaxtından əvvəl xitam verə, lizinq predmetinin geri qaytarılması, lizinq predmetindən istifadəyə görə lizinq ödənişləri formada yaranan borcun tutulması tələbini irəli sürə bilər. Belə ki, lizinq alanın müqavilə üzrə lizinq ödənişləri formasında öhdəliklərini vaxtında və lazımınca icra etməməsi işin mübahisəsiz halıdır. Həm Mülki Məcəllənin 748- 1.12.4-cü maddəsi, həmdə tərəflər arasında bağlanan lizinq müqaviləsinin 19.2-ci bəndi baxımından lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, lizinq verən pul məbləğlərini və lizinq obeyktini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ əldə etmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, lizinq verənin lizinq alana qarşı müqaviləyə xitam verilməsi və öhdəliklərin icrasını tələb etməsi məqamını nəzərə almamaqla, lizinq ödənişləri üzrə yaranan borc məbləği hissədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə zidd nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur, 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxtdan tərəflər arasında bağlanmış lizinq müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunmuş hesab edilməsini, iddiaçının sonrakı tarix üçün lizinq müqaviləsində nəzərdə tutulan qaydada lizinq ödənişlərini deyil, lizinq predmetlərinin vaxtında qaytarılmaması ilə əlaqədar əldə çıxmış faydanın tutulmasını tələb edə bilməsini nəzərə almadan, məhkəmədə iddia qaldırılandan sonra xx.xx.2024 tarixli maliyyə arayışına əsasən liznq ödənişi üzrə gecikdirilmiş borcu müəyyən etməsi işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, iş materiallarına əsasən lizinq verən iddiaçı xx.xx.2023-cü il tarixli pretenziya ilə lizinq alan cavabdehə müraciət edərək, lizinq müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca və vaxtında icra etmədiyini bildirərərək, liznq ödənişləri üzrə yaranmış öhdəliyini 5 gün müddətində icra etməsini tələb etmiş, əks təqdirdə lizinq müqaviləsinə xitam verilməsi, pul tələbi, lizinq obyektlərinin mülkiyyətçiyə saz və işlək vəziyyətdə qaytarılması barədə məhkəmədə iddia qaldırılacağını cavabdehin nəzərinə çatdırmışdır. Məhkəmədə iddia qaldırarkən iddiaçı 24 yanvar 2024-cü il tarixli maliyyə arayışına istinadla həmin tarixə lizinq ödənişləri formasında 28268 manat gecikdirilmiş borcun, 5057.42 manat cərimənin tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iş birinci instansiya məhkəməsinin icraatında olan zaman, xx.xx.2024-cü il tarixində 20000 manat lizinq ödənişi edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə lizinq verən tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən, iddiaçı 24 yanvar 2024-cü il tarixinə hesablanan lizinq ödənişləri üzrə borcu tələb edə bilərdi. Həmin tarixə cavabdehin lizinq ödənişləri üzrə hesablanan borcu 28268 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən edilən 20000 manat lzinq ödənişi nəzərə alınsa, cavabdehin iddiaçı qarşısında lizinq ödənişləri formasında icra edilməmiş öhdəliyi 8268 manat təşkil edəcək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılaraq 1000 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, hesab edir ki, bütün əsaslı mənafelər (cavabdehin kənd təsərrüfatı məhsulları istehsal edən fermer təsərrüfatı olması və s.) nəzərə alınaraq cərimənin məbləğinin 300 manat müəyyən olunması daha ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini qismən tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi lizinq ödənişləri üzrə qətnamə ilə müəyyən olunan borc və cərimə məbləği hissələrdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «X5 Fermer Təsərrüfatı» MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli e-2-2(121)-521/2024 saylı qətnaməsi cavabdeh «X5 Fermer Təsərrüfatı» MMC-dən 18386.44 manat əsas borc, 1000 manat cərimənin, ümumilikdə isə 19781.42 manat pulun tutulması hissələrdə dəyişdirilsin. Cavabdeh «X5 Fermer Təsərrüfatı» MMC-dən lizinq ödənişləri üzrə tutulacaq əsas borcun məbləği 8268 (səkkiz min iki yüz altmış səkkiz) manat, cərimənin məbləği 300 (üç yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar