Məhkəmə qərarları › İş №2-2(106)-17/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-17/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-17/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1461/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2019-cu il tarixli 05/19 №-li və 26 avqust 2020-ci il tarixli 17/20 №-li Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında yaranmış 102018 manat əsas borc, öhdəliyin yerinə yetirilməməsinə görə hesablanmış 14565,71 manat faiz borcu, mediasiya üçün ödənilmiş 400 manat və 7 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 116990,71 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsullarını yetişdirməklə yanaşı, respublika ərazisində fəaliyyət göstərən digər fermerlərin işlərinin operativləşdirilməsi, daha az xərclə daha yaxşı keyfiyyət əldə edə bilmələri üçün xidmətlər göstərərək ölkədə kənd təsərrüfatı iqtisadiyyatının inkişafına təkan verməkdədir. İddiaçı MMC ilə Cavabdeh arasında 01 may 2019-cu il tarixli 05/19 №-li və 26 avqust 2020-ci il tarixli 17/20 №-li Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən ona təqdim edilmiş toxumları yetişdirib şitil formasında cavabdehə verməyi, cavabdeh isə bunun qarşılığında müvafiq ödənişi iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bağlandığı tarixdən bəri heç bir ödəniş həyata keçirməmişdir və hələ də hər hansı ödəniş həyata keçirməkdən boyun qaçırmaqdadır. Cavabdehin müraciəti əsasında iddiaçı ilə cavabdeh arasında 01 may 2019-cu il tarixində müqavilə münasibətləri başlanmışdır. Müqavilə imzalandıqdan sonra müqavilədə qeyd edilmiş xidmətlər mərhələli şəkildə həyata keçirilməyə başlanmışdır. Göstərilmiş xidmətlərin nəticəsi olaraq, 01 may 2019-cu il tarixli 05/19 №-li müqavilə əsasında xx.xx.2019-ci il tarixində 31200 manat, 26 avqust 2020-ci il tarixli 17/20 №-li müqavilə əsasında xx.xx.2020-ci il tarixində 30868 manat, xx.xx.2021-ci il tarixində 39950 manat məbləğində müvafiq olaraq elektron qaimə və hesab faktura iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Ümumilikdə, cavabdehin 01 may 2019-cu il tarixli 05/19 №-li və 26 avqust 2020-ci tarixli 17/20 №-li müqavilələrə əsasən iddiaçıya 102018 manat borc məbləği yığılmışdır. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş və qeyd olunan borc məbləğini ödəməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin göstərişi nəzərə alınmaqla illik beş faizlə hesablanmış faiz borcu: xx.xx.2019-cu il tarixində yaranmış 31.200 manat əsas borc əsasında – 10.2019 - 10.2020-ci il aralığı üzrə 1560 manat, 10.2020 - 10.2021-ci il aralığı üzrə 1560 manat, 10.2021 - 10.2022-ci il aralığı üzrə 1560 manat, 10.2022 - 06.2023-cü il ərzindəki 8 ay aralığı üzrə 1038.96 manat, ümumilikdə 5.718.96 manat faiz borcu; xx.xx.2020-ci il tarixində yaranmış 30.868 manat əsas borc əsasında – 08.2020 - 08.2021-ci il aralığı üzrə 1543.4 manat, 08.2021 - 08.2022-ci il aralığı üzrə 1543.4 manat, 08.2022 - 06.2023-cü il ərzindəki 10 ay aralığı üzrə 1265.58 manat, ümumilikdə 4 352.38 manat faiz borcu; xx.xx.2021-ci il tarixində yaranmış 39 950 manat əsas borc əsasında – 03.2021 - 03.2022ci il aralığı üzrə 1997.5 manat, 03.2022 - 03.2023-cü il aralığı üzrə 1997.5 manat, 03.2023 - 06.2023-cü il ərzindəki 3 ay aralığı üzrə 499.37 manat, ümumilikdə 4.494,37 manat faiz borcu. Qeyd olunan hesablamalar nəticəsində qənaətə gəlmək mümkündür ki, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün qanunvericiliyin tələblərinə əsasən 14.565.71 manat faiz borcu ödəmək öhdəliyi yaranmışdır. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, işin məhkəmədə olduğu müddətdə onlar tərəflərindən aparılan araşdırma və dəqiqləşdirmələr nəticəsində cavabdehin borcunun 102018.00 manat yox, 80018 manat olduğu aydınlaşmışdır. Belə ki, mühasibatlıq sənədlərinə nəzər yetirərkən cavabdeh tərəfindən 2021-ci ilin fevral ayında 22000 manat məbləğində ödənişin həyata keçirildiyi aşkarlanmışdır. İddiaçı iddia tələbinin həcminin azaldılaraq, 01 may 2019-cu il tarixli 05/19 nömrəli və 26 avqust 2020-ci il tarixli 17/20 nömrəli Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilələr əsasında yaranmış 80018 manat əsas borc, öhdəliyin yerinə yetirilməməsinə görə hesablanmış 14565.71 manat faiz borcu, mediasiya üçün ödənilmiş 400 manat və 7 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 94990.71 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1461/2023 saylı qətnaməsi ilə (hakim Zaur Abbasov) iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli 05/19 nömrəli və xx.xx.2020-ci il tarixli 17/20 nömrəli müqavilələr üzrə ümumilikdə 80018 manat məbləğində əsas borc, 400 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ və 7 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 80425 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 323,05 manat məbləğində dövlət rüsumunun qalığının cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öhdəliklə bağlı normaların tələblərini pozmuşdur. O, götürdüyü öhdəliyin çox hissəsini icra etmiş, iddiaçı göstərir ki, o guya 22000 manat ödəniş etmiş, məhkəmədə onu əsas götürmüşdür. Halbuki, o, 50000 manatdan çox ödəniş etmiş, lakin məhkəmə həmin halları nəzərə almamışdır. Ümumiyyətlə borcun məbləği ilə bağlı mübahisə olduğu halda məhkəmə bunu nəzərə almamış və ekspertiza təyin etməmişdir. Məhkəmə podrat münasibətlərinə də düzgün hüquqi qiymət verməmiş və onun götürdüyü öhdəliklərdən artıq pul tutulması qət edilmişdir. Ümumiyyətlə, Şirvan Kommersiya Məhkəməsində borcun hesablanması ekspertiza keçirilməklə müəyyən olunmur. Məhkəmə dəfələrlə vermiş olduğu vəsatətləri təmin etməmişdir. Məhkəmə tərəfindən sübutlar düzgün və tam araşdırılmamış, sübutlara tam hüquqi qiymət verilməmiş, məhkəmə vəsatətlərinə baxmamış, çəkişmə prinsipinin tələblərini pozmuş, ekspertiza təyin etməmiş, nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən borcunun 80018 manat olması müəyyən edilmiş, lakin iş materialları ilə sübuta yetirilə bilməmişdir. Qətnamənin nəticəsi işin hallarına uyğun deyildir, iddiaçı əvvəlcə 102018 manat tələb etmiş və ödəniş olunmadığını göstərmiş, daha sonra həmin məbləğ azaldılmış və 80018 manat tələb olunmuş, məhkəmədə həmin məbləği təsdiq etmişdir. Göründüyü kimi tələblər arasında kəskin fərq vardır. Lakin məhkəmə ekspertiza keçirməmişdir. Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarında olan İddiaçı MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 05/19 nömrəli Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə”də göstərilən məhsulları satmağı, “Alıcı” isə satın aldığı malların dəyərini bu müqaviləyə və əlavələrinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə “Alıcı”ya satılacaq hər bir mal partiyası üzrə malların adı, qiyməti, ödənişi və çatdırılma şərtləri və miqdarı bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə Razılaşma ilə müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Alıcı satın aldığı malların dəyərini Əlavə Razılaşmada göstərilmiş şərtlərə uyğun olaraq Satıcıya köçürmə yolu ilə ödəyir. 3.1-ci bəndinə əsasən mallar Əlavə Razılaşmada göstərilən şərtlərdə Alıcıya təhvil verilir. Malın təhvili Elektron qaimə-fakturalar ilə rəsmiləşdirilir. İş materiallarında olan Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 17/20 nömrəli Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən “Şirkət” “Müştəri”nin sifarişi əsasında onun tərəfindən təqdim edilən toxumu özünə məxsus sahədə becərərək şitil şəklində “Müştəri”yə verməyi, “Müştəri” isə həmin “Məhsul”ları qəbul edərək, bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Sifarişlərlə müəyyən edilən xidmət haqqını “Şirkət”ə ödəməyi öz öhdəsinə götürür. Məhsulla birgə “Şirkət” tərəfindən gigiyenik və İSO sertifikatları təqdim edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən “Müştəri” bu müqaviləyə əsasən sifariş dəyərinin 50%ni avans şəklində bu Müqavilənin ayrılmaz tərkib hissələri hesab olunan Sifarişlərlə müəyyən edilən müddətdə ödəyir. “Məhsullar”ın təhvil-təslim günündən 1 gün öncə son hesablaşma cədvəli tərtib edilib “Müştəri”yə təqdim edilir və qalıq borc “Müştəri” tərəfindən tam ödənildikdən sonra “Məhsullar” yüklənib daşınmasına başlanılır; 5.1-ci bəndimə əsasən bu müqaviləyə əsasən məhsulların “Müştəri”yə təqdim edilmiş son hesablaşma məbləği “Şirkət”ə ödənildiyi andan həmin məhsullara görə mülkiyyət hüququ “Müştəri”yə keçir; 5.4-cü bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 2 il müddətində qüvvədədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 31.200 manat, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 30.868 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 39.950 manat (cəmi: 102.018 manat) dəyərində şitil yetişdirilərək icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 93 nömrəli hesab faktura üzrə, xx.xx.2019-cu il tarixli, 608879 nömrəli elektron qaiməyə əsasən 31200 manat; xx.xx.2020-ci il tarixli 69 nömrəli hesab faktura üzrə, xx.xx.2020-ci il tarixli, 162121 nömrəli elektron qaiməyə əsasən 30868 manat; xx.xx.2021-ci il tarixli 118 nömrəli hesab faktura üzrə, xx.xx.2021-ci il tarixli 135704 nömrəli elektron qaiməyə əsasən 39.950 manat (cəmi: 102018 manat) məbləğində şitil yetişdirmə xidməti Cavabdeh göstərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli elektron qəbzə əsasən 33020 manat, xx.xx.2021-ci il tarixli elektron qəbzə əsasən 17000 manat, xx.xx.2021-ci il tarixli elektron qəbzə əsasən 5000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı MMC hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış Üzləşmə aktının surətindən görünür ki, həmin akta əsasən Cavabdeh hər iki müqavilə üzrə İddiaçı MMC-yə olan cəmi 135038 manat məbləğində borcundan 55020 manat məbləğində ödəniş etmişdir, xx.xx.2021-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borc məbləği 80018 manat məbləğ təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan 15 gün müddətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün 7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması: Məhkəmə hesab etmişdir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Mülki Məcəllənin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilələr Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə adlandırılsalar da, müqavilələrin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının şitil yetişdirməsi, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsl məzmunu əsas götürülməlidir. Belə ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə, müqavilələrin şərtlərinə, eləcə də müqavilələrin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə bu qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağladıqları müqavilələrin etibarsızlığına dair, müqavilələrin şərtləri və onların təfsiri ilə əlaqədar mübahisə yoxdur. İşin mübahisəli halları belədir ki, iddiaçı iddia edir ki, cavabdeh hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək görülən işlərin haqqını iddiaçıya tam ödəməmişdir və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 80018 manat borcu qalmışdır. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilələrə, təhvil-təslim aktlarına, elektron qaimə fakturalara və üzləşmə aktına istinad edir. Cavabdeh iddia tələbini borc məbləğinin düzgün hesablanmaması əsası ilə bağlı qəbul etmədiyini bildirir və etirazının əsası kimi tərəfindən xeyli ödənişlər edildiyinə istinad edir. Göründüyü kimi, mübahisənin predmetini görülən işin dəyərinin (muzdun) məbləğinin və həmin muzdun hansı məbləğdə ödənilməsinin müəyyən edilməsi təşkil edir. Buna görə də, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə hesab etmişdir ki, hansı məbləğdə şitil yetişdirilməsini (iş görülməsini) və təhvil verilməsini sübut etmək yükü iddiaçının, görülən işlərin dəyərini təşkil edən muzdun hansı məbləğdə (tam və ya qismən) ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə iş materiallarında olan sənədlərə, iddia ərizəsində və etirazda tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı öz tələbini işə aid olan mötəbər sübutlarla əsaslandıra bilmişdir, cavabdeh isə öz etirazında istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən görülən işlərin həcmi (yetişdirilən şitillərin miqdarı), onların məbləği, şitillərin cavabdehə təhvil verilməsi faktı işdə olan təhviltəslim aktları və elektron qaimə-fakturalarla tam sübut olunur. İşdə olan təhvil-təslim aktlarından görünür ki, onlar cavabdeh tərəfindən imzalanmışdır, elektron qaiməfakturaların məzmunu isə digər sənədlərlə öz təsdiqini tapmışdır. Bununla da, iddiaçı həmin sənədlərə əsasən cavabdehə iddia ərizəsində tələb olunan məbləğdə şitil yetişdirmə xidməti göstərdiyini sübut edə bilmişdir. Cavabdeh xeyli məbləğdə ödəniş etdiyini bildirsə də, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir, işdə olan elektron qəbzlərdən isə cavabdehin üç dəfə olmaqla, ümumilikdə cəmi 55020 manat məbləğində iddiaçıya pul ödədiyi müəyyən olunur. Qeyd olunanlarla yanaşı, tərəflərin hər ikisinin imzası ilə təsdiq edilmiş üzləşmə aktı ilə də cavabdehin xx.xx.2021-ci il tarixə iddiaçıya olan qalıq borc məbləğinin 80018 manat olduğu cavabdeh tərəfindən etiraf edilmişdir. Beləliklə, sübut olunur ki, ümumi olaraq iddiaçı tərəfindən hər iki müqavilə üzrə göstərilən xidmətin dəyəri cəmi 135038 manat olmuşdur, həmin məbləğdən 33020 manat borc cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Qalan 102018 manat borcdan isə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində müvafiq olaraq 17000 və 5000 manat olmaqla, cəmi 22000 manat ödəniş cavabdeh tərəfindən edilmiş, nəticədə cavabdehin ödənilməmiş 80018 manat məbləğində borcu qalmışdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd etmişdir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-in 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. MM-in 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. MM-in 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını və birinci instansiya məhkəməsinin araşdırmasını nəzərdən keçirərkən müəyyən etmişdir ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında 01 may 2019-cu il tarixli 05/19 №-li və 26 avqust 2020-ci il tarixli 17/20 №-li Şitil yetişdirmə xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmış, müqaviləyə görə iddiaçı cavabdeh tərəfindən ona təqdim edilmiş toxumları yetişdirib şitil formasında cavabdehə verməyi, cavabdeh isə bunun qarşılığında müvafiq ödənişi iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilməmişdir. Məhkəmə kollegiyası cavadehin müqavilə öhdəlikləri üzrə apellyasiya şikayətinin dəlilləri kimi 50000 manatdan çox ödəniş etməsi bağlı bildirir ki, cavadeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına iş üzrə müqavilə öhdəliklərini tam yerinə yetirməsi (ödəniş etməsi) ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa, kollegiya cavabdehin hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinin hesablanması üçün birinci instansiya məhkəməsində ekspertizanın təyin edilməməsi barədə dəlili ilə bağlı da qeyd edir ki, işdə olan müqavilə öhdəliklərinin icra edilməməsi ilə yaranmış borc kifayət qədər mötəbər sübutlarla təsdiq edilir. Hətta işdə olan və tərəflər arasında imzalanmış Üzləşmə aktına görə Cavabdeh hər iki müqavilə üzrə İddiaçı MMC-yə olan cəmi 135038 manat məbləğində borcundan 55020 manat məbləğində ödəniş etmişdir, xx.xx.2021-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borc məbləği 80018 manat məbləğ təşkil edir. Bundan əlavə, cavabdeh tərəfindən ödəniş məbləğlərini özündə əks etdirən hər hansı mühasibatlıq sənədi məhkəməyə təqdim olunmamış, bu baxımdan da, xüsusi bilik tələb edən heç bir hal aşkar edilməmişdir. Göründüyü kimi, iş üzrə adıçəkilən müqavilələr üzrə cavabdehin 80018 manat məbləğində əsas borcunun olması mötəbər və əsaslı dəlillərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Cavabdeh apellyasiya şikayətinin yuxarıda sadalanan bütün dəlilləri əsassız olmaqla, işin hallarından, apellyasiya şikayətinin məzmunundan da aydın göründüyü kimi, formal xarakter daşımaqla həqiqətə uyğun gəlmir və heç bir sübutla təsdiq edilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2-2(121)- 1461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar