Məhkəmə qərarları › İş №2-2(106)-178/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-178/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-178/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-667/2025 saylı qərardadından (hakim Z.Abbasov) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 09 dekabr 2024-cü il tarixə 18 avqust 2015-ci il tarixli 102- LD/15 nömrəli müqavilə üzrə 7066.47 manat gecikdirilmiş borc və hesablanmış 15581.46 manat cərimə məbləğini və 17 aprel 2015-ci il tarixli 702-L/15 nömrəli müqavilə üzrə 5698.00 manat gecikdirilmiş borc və hesablanmış 9251.55 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, e-2-2(121)-667/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 18 avqust 2015-ci il tarixli 102-LD/15 nömrəli müqavilə üzrə 7066.47 manat əsas borc, 1000 manat cərimə, 17 aprel 2015-ci il tarixli 702-L/15 nömrəli müqavilə üzrə 5698 manat əsas borc, 700 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla ümumilikdə 14964.47 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 133.39 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əsasən qətnamə 22 aprel 2025-ci il tarixdə saat 17:44-də Cavabdeh məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh 1 iyun 2025-ci il tarixdə qətnamədən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, e-2-2(121)-667/2025 saylı qətnaməsi ilə barəsində çıxarılan qərardan kəskin narazıdır və apellyasiya instansiyasına şikayət vermək niyyətindədir. Lakin iş üzrə qanunla müəyyən olunmuş apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxmışdır və bu səbəbdən Mülki Prosessual Məcəllənin (MPM) 133-cü maddəsinə əsasən həmin müddətin bərpasını xahiş edir. Onun vəziyyətində bu maddənin tətbiqi üçün faktiki və hüquqi əsaslar kifayət qədər ciddidir və sübutlarla təsdiqlənir. Belə ki, 07 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək “Şəkərli diabet, ağır forma, insulin tələbli, Diabetik Angiopatiya” diaqnozu ilə stasionar şəraitdə müalicə almışdır. Bu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 629 saylı rəsmi çıxarışı ilə təsdiq olunur. Bu müddət ərzində fiziki və psixoloji vəziyyəti, eyni zamanda faktiki yerləşdiyi müalicə müəssisəsinin rejimi səbəbindən məhkəmə qərarından şikayət vermək imkanı tamamilə məhdud olub. Bu cür ağır və xroniki xəstəlik hallarında şəxsin hüquqi aktivliyini həyata keçirməsi praktiki olaraq mümkün deyil. Bu, hüquq-mühafizə və məhkəmə təcrübəsində də “üzrlü səbəb” kimi qəbul olunur. Bundan əlavə, iş üzrə aparılmış məhkəmə baxışı zamanı onun iştirakı təmin olunmayıb və bu da əsaslı hüquqi pozuntuya səbəb olub. Ona işin mahiyyəti, məhkəmə baxışının vaxtı və predmeti barədə dəqiq və vaxtında məlumat verilməmişdir. Ona öz mövqeyini ifadə etmək, sübutlar təqdim etmək, etiraz vermək, danışıqlar aparmaq və hüquqi yardım almaq imkanı verilməyib. Məhkəmə prosesi birtərəfli və qeyri-obyektiv keçirilib, nəticədə onun üzərinə ağır maliyyə öhdəlikləri qoyulub. Məhkəmə qərarı ilə onun üzərinə ümumilikdə 14964.47 manat borc, əlavə olaraq 133.39 manat dövlət rüsumu olmaqla ciddi məbləğdə maliyyə öhdəlikləri qoyulmuşdur. Bu qətnamə həqiqi borc vəziyyətinə uyğun deyil. Onun iştirakı olmadan, tərəfsiz araşdırma aparılmadan çıxarılıb, ona bərabər hüquqi müdafiə imkanı verilməyib. Bunları nəzərə alaraq, həmin qətnamədən apellyasiya qaydasında şikayət vermək istəyir. Lakin üzrlü səbəbdən qanuni 1 aylıq müddəti buraxdığına görə, bu ərizə ilə birlikdə müddətin bərpasını və şikayətin qəbul edilməsini xahiş edir. Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025 tarixli e-2-2(121)-667/2025 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsi təmin edilməmişdir. Qərardaddan Cavabdeh şikayət verərək ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət buraxılmış prosessual müddətin bərpasına dair ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 16 iyul 2025 tarixli e-2-2(121)-667/2025 saylı qərardadı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda cavabdehə münasibətdə qətnamə 22 aprel 2025-ci il tarixində onun elektron kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır. Cavabdeh prosessual müddətin buraxılmasının üzürlü səbəbi kimi 7 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək “Şəkərli diabet, ağır forma, insulin tələbli, Diabetik Angiopatiya” diaqnozu ilə stasionar şəraitdə müalicə almasını bildirir. Lakin ərizəyə əlavə edilmiş “Xəstənin ambulator stasionar tibbi kartasından çıxarış”a əsasən müəyyən edilir ki, Cavabdeh 7 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək olan dövrdə Viləş Ailə Sağlamlıq Mərkəzində stasionar deyil, ambulator şəraitdə müalicədə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətini vaxtında verilmədiyi üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna və qərardadın ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, Cavabdeh ərizədə qeyd edildiyi kimi 7 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək stasionar şəraitdə deyil, ambulator şəraitdə müalicə almışdır ki, sonuncunun zamanında şikayət verə bilməsi üçün yetərincə vaxtı və imkanı olmuşdur. Ərizədə göstərilən xüsusat təsdiqini tapmadığından, buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-667/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar