Məhkəmə qərarları › İş №2-2(106)-179/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-179/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-179/2025 12.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin 3 iyul 2025-ci il tarixli e-2-2(121)-1713/2025 saylı qərardadından (hakim R.Nəbiyev) iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı “İddiaçı” cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. 3 iyul 2025-ci il tarixə təyin olunan hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 ərizə il müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi” ilə cavabdeh "xxxx" MMC arasında 7 mart 2016-cı il tarixində distribyutorluq müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi” Titiz markalı təmizlik, məişət və kağız məhsullarını "xxxx" MMC-yə satmağı, "xxxx" MMC isə müqavilə üzrə satılmış olan malların qiymətini “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi”nə ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqaviləyə 1 may 2024-cü il tarixində dəyişiklik edilməklə müqavilənin müddəti 1 may 2025-ci il tarixinə qədər uzadılmışdır. “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi”nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun, dəbbə pulunun ödənilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi tələbinə” dair kommersiya mübahisələrinə dair işə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməz. Belə ki, tərəflər arasında imzalanmış olan 7 mart 2016-cı il tarixli müqavilənin 15-ci bəndinin şərtlərinə əsasən bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə İstanbul məhkəmələrinin Barışıq və Arbitraj qaydalarına uyğun olaraq sonda həll edilir. Tərəflər arasında imzalanmış distribyutorluq müqaviləsinin şərtlərindən də göründüyü kimi müqavilə üzrə yaranan mübahisələrə Türkiyə Respublikasının İstanbul məhkəmələrində Arbitraj və Barışıq qaydalarına uyğun həll ediləcəkdir. Hesab edir ki, tərəflər aralarında olan mübahisənin həllini arbitraj məhkəməsində tapmalı olduğunu razılaşdırdıqlarından və aritraj sazişi bağladqılarından mübahisəyə Şirvan Kommersiya Məhkəməsi təərfindən baxıla bilməz. Şirvan Kommersiya Məhkəməsinin 3 iyul 2025-ci il tarixli e-2-2(121)-1713/2025 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsiə istinadla baxılmamış saxlanmışdır. Qərardaddan iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 şikayət verərək ləğv olunmasını, iddianın mahiyyəti üzrə baxılaraq həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli qərardadda məhkəmə cavabdehin məhkəmə iclasından sonra verdiyi ərizəyə əsasən Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasını qərara almış, iddiaçı tərəfə mübahisənin həlli ilə əlaqədar arbitraj məhkəməsinə müraciət etməsini tövsiyyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır; qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunvericiliyin qeyd edilmiş müddəasında 2 vacib qeydin olması şərtləndirilir; 1) mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmalı, 2) işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olması. Hazırki iş üzrə materiallara diqqət etsək, tərəflər arasında mövcud mübahisənin həll edilməsi ilə bağlı arbitraj sazişi mövcud deyil. Cavabdeh tərəfindən ərizənin 2-ci səhifəsində tərəflər arasında arbitraj sazişi bağlanıldığı qeyd edilsə də, hazırda tərəflər arasında belə bir saziş mövcud deyildir. Habelə iş üzrə materiallara diqqət etsək, tərəflər arasında mübahisənin həlli ilə bağlı arbitraj bildirişləri, arbitrlərin təyini ilə bağlı da yanaşma yoxdur. İşə baxan Məhkəmə qeyd edilən qərardadı qəbul etməklə, mübahisəli qərardada don geyindirməklə, süni yolla iddiaçı tərəfin məhkəməyə müraciət hüququnu məhdudlaşdırmışdır. Belə ki, arbitraj məhkəmələrinin faktiki olaraq fəaliyyətinin olmadığını və tərəflər arasında baş vermiş mübahisənin kommersiya məhkəməsində həll edilməli olduğunu nəzərə alaraq, hazırki işə Şirvan Kommersiya Məhkəməsində mahiyyətə uyğun baxılmalıdır. Həmçinin iş üzrə materiallara diqqət etsək, borcun bir hissəsi hazırkı müqaviləyə əsasən, bir qismi isə rəsmi mail yazışmalarındakı və etiraf aktına əsasən yaranmışdır. Bu səbəbdən bütün borcun bir müqaviləyə aid edilərək, iddia ərizəsinin baxılmamış saxlanılması əsassızdır. Şirvan Kommersiya Məhkəməsinin 15 iyul 2025 tarixli e-2-2(121)-1713/2025 saylı qərardadı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın, məhkəmə ərizəni baxılmamış saxlayır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il, 16/2023 №-li qərarının 3.3-cü bəndinə əsasən, MPM-in 29, 32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. İş materiallarnıdan aşağıdakılar müəyyən olunur: Mübahisə tərəfləri arasında bağlanmış 7 mart 2016-cı il tarixli “Yeganə idxalçı - Distribyutorluq Müqaviləsi”nin 15-ci bəndində əsasən, bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə İstanbul Məhkəmələrinin Barışıq və Arbitraj qaydalarına uyğun olaraq sonda həll edilir; İşə mahiyyəti üzrə baxılmasından əvvəl, hazırlıq mərhələsində cavabdeh tərəfindən mübahisənin Şirvan Kommersiya Məhkəməsində baxılmasına etiraz edilmişdir. Göründüyü kimi tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə şərti ilə rəsmiləşdirmişlər və işə mahiyyəti üzrə baxılmasından əvvəl cavabdeh mübahisənin məhkəmədə həllini tapmasına etiraz etmişdir. Bununla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinin tətbiqini şərtləndirən hal yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərardadının apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 3 iyul 2025-ci il tarixli e-2-2(121)-1713/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar