Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-18/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı "Prestij Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Salyan Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim E.Abdullayev) 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-1180/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Prestij Group” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "Salyan Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Salyan Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətindən 392 manat pulun, 40 manat mediasiya xərcinin, 400 manat vəkilə ödənilmiş pulun və qətnamə qanuni qüvvəyə minən günə qədər 0.05 faiz dəbbə pulu hesablanmaqla tutularaq "Prestij Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24/22 saylı, xx.xx.2022-ci ildə Cavabdeh ilə müqavilə bağlanaraq klinika üçün tibbi ləvazimatlar alınmışdır. Müqavilə üzrə tərəflərindən 392 manatlıq elektron qaimə əsasında mallar verilmişdir və mallar klinika tərəfindən təhvil alınmışdır və dəyəri ödənilməmişdir. Əlavə olaraq, nəzərə çatdırır ki, müqavilə lazımi qaydada qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, təqdim edilən malın dəyəri ödənilməli olduğu halda hər gecikdirilən gün üçün 0.05 faiz dəbbə pulu hesablanacağı razılığına gəlinmişdir. Bu barədə tərəflərindən mediasiyaya müraciət edilmiş və Salyan 1 saylı Mediasiya təşkilatında işə baxılmış və razılaşma əldə edilmədiyindən 40 manat mediasiya xərci ödənilmişdir. Vəkillə müqavilə bağlanılaraq hüquqlarının müdafiəsi üçün 400 manat vəsait ödənilmişdir. Daha sonra tərəflərindən pretenziya məktubu elektron məhkəmə vasitəsilə göndərilmişdir: Qanunvericiliyin tələbinə uyğun 392 manat pulun, 40 manat mediasiya xərcinin, 400 manat vəkilə ödənilmiş pulun və pul qaytarılan günə qədər dəbbə pulunun hesablanmaqla onlara qaytarılması tələb edilmişdir. Pretenziya alındıqdan sonra malın təhvil götürülməsi və ilkin ödənişin qaytarılması üçün tələb edilən pulun qaytarılması 3 gün vaxt verildiyi bildirilməklə əks halda məsuliyyət daşıdıqları barədə cavabdehə məlumat verilmişdir, amma nəticəsi olmamışdır. Göründüyü kimi cavabdehin bu hərəkətləri nəticəsində 392 manat, 40 manat mediasiya xərci, 400 manat vəkilə ödənilmiş pul maddi ziyan olmuşdur və qətnamə qanuni qüvvəyə minən günə qədər 0.05 faiz dəbbə pulu hesablanmaqla iddia təmin edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "Prestij Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Salyan Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya dair etiraz təqdim edərək iddia tələblərini qəbul etmədiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış müqavilə əsasında həmin MMC tərəfindən "Salyan Clinic” MMC-yə yalnış reaktiv tibbi materiallar verilmiş, həkimləri tərəfindən onlara verdikləri materialların yanlış olduğu bildirilməsinə baxmayaraq həmin MMC-nin nümayəndəsi özü şəxsən həmin reaktiv materialları klinikalarında olan tibbi aparata daxil etmiş, nəticədə klinikalarına məxsus dəyəri olduqca yüksək olan tibbi avadanlıq sıradan çıxmışdır. Bundan sonra Prestij Group MMC-dən həmin tibbi avadanlığı təmir etmələri, əvvəlki vəziyyətinə qaytarmaları tələb edilmiş, onlar aparatı klinikadan götürüb 2 günə düzəldib təhvil verəcəklərinə söz vermələrinə baxmayaraq 1 aydan çox vaxt keçdikdən sonra həmin aparatı təmir edə bilməyib eyni vəziyyətdə geri qaytarmış və aparatı xarab edib sonra təmir edə bilməyib geri qaytarmalarına baxmayaraq onlardan müqavilə üzrə 392 manat ödənişi tələb etmişlər. Həmin 392 manatın klinikaları üçün elə yüksək maddi dəyəri yoxdur, lakin Prestij Group MMC tərəfindən klinikalarında olan tibbi avadanlığın xarab edilməsi nəticəsində həmin aparat 1 aydan çox işləməmiş, daha sonra həmin tibbi avadanlıq tərəflərindən texniki servisə müraciət edilməklə təmir edilmiş, bu təmir nəticəsində texniki servisə 1350 manat servis haqqı ödənilmişdir (qeyd edilənləri sübut edən sənədlər etiraza əlavə edilir). Göründüyü kimi, "Prestij Group” MMC-nin məsuliyyətsizliyi nəticəsində "Salyan Clinic” MMC-yə 1350 manat servis xidmət haqqı, üstəgəl həmin avadanlığın 1 aydan çox işləməməsi nəticəsində əldən çıxmış fayda olmaqla xeyli miqdarda maddi ziyan dəymişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmədən iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, izahat verərək cavabdehin nümayəndəsinin etirazının əsassız olduğunu, avadanlıqların xarab olması ilə bağlı iddiaçıya heç bir rəsmi müraciət olunmadığını qeyd etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)- 1180/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Salyan Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətindən 392 manat məbləğində əsas borc, 40 manat məbləğində mediasiya xərci və vəkilə ödənilmiş 200 manat olmaqla, ümumilikdə 632 (altı yüz otuz iki) manat məbləğində pulun tutularaq iddiaçı "Prestij Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın "qismən" təmin edilməsi, vəkilə ödənilmiş "200" manat olmaqla ümumilikdə "632 (altı yüz otuz iki)" manat və iddianın qalan hissədə rədd edilməsi hissəsində dəyişdirilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən Mülki Məcəllənin 390.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 24/22 saylı, xx.xx.2022-ci ildə cavabdeh “Salyan Clinic" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanaraq klinika üçün tibbi ləvazimatlar alınmışdır. Müqavilə üzrə tərəflərindən 392 manatlıq elektron-qaimə əsasında mallar verilmişdir və mallar klinika tərəfindən təhvil alınmışdır və dəyəri ödənilməmişdir. Əlavə olaraq, nəzərə çatdırır ki, müqavilə lazımi qaydada qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, təqdim edilən malın dəyəri ödənilmədiyi halda hər gecikdirilən gün üçün 0.05 faiz dəbbə pulu hesablacağı barədə razılığa gəlinmişdir. Həmin dəbbə pulunu da razılıq əsasında müqavilənin şərti kimi müəyyən etmişlər. Buna görədə iddia bu hissəddə tam təmin olunmalıdır. Mülki Məcəllədə konkret olaraq dəbbə pulunun hansı məbləğdə tələb edilməsi göstərilmədiyindən iddiaçı olaraq haqlı şəkildə qətnamənin qanuni qüvvəyə mindiyi tarixədək hesablanması qanunvericiliyin tələbinə uyğundur. Çünki cavabdeh özü də etirazında iddia məbləğinin klinika üçün o qədərdə dəyərli olmadığını xüsusilə vurğulamışdır. Vəkillə müqavilə bağlanılaraq hüquqlarının müdafiəsi üçün 400 manat vəsait ödənilmişdir. Bu tələbdən 200 manat təmin olunmuşdur. Bu hallar barədə bütün sübutlar təqdim olunsa da əsassız olaraq təmin olunmamışdır. Qətnamədə göstərilir ki, məhkəmə, həmçinin iddia tələbinin “qətnamə qanuni qüvvəyə minən günə qədər 0.05 faiz dəbbə pulu hesablanması” hissəsini araşdırıb hesab edir ki, həmin tələb qeyri-müəyyən olduğundan təmin oluna bilməz. Çünki, belə bir tələbin təmin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində qeyri-müəyyənlik yaradacaqdır. Burada qeyri-müəyyənliyi bir cümlə ilə əsaslandıran məhkəmə heç bir tutarlı əsas və sübut göstərməmişdir. Tutaq ki qətnamə əgər 2023-cü ilin dekabr ayının 28-i qüvvəyə minəcəksə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər 365+62 gün cəmi 427 gün edir və bu məbləği həmin gün müddətində hesablamaq mümkündür. Eyni zamanda qanunun tələblərindən biri də qətnamənin qanuni qüvvəyə minməsi anlayışıdır ki, iddia tələbində də həmin günə qədər olan müddət tələb edilir. Burada qeyri müəyyən heç bir hal yoxdur. Məhkəmə göstərir ki, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. 3 dəfə məhkəmə prosesi Masallı rayonunda keçirilmişdir, proseslərdə iştirak üçün əlbəttə ki, vəsait xərclənmişdir ki, bunu cavabdeh tərəf ödəməlidir və bu iclaslara görə hələ müəyyən edilmiş 400 manat az məbləğ təşkil edirki məhkəmədə bundan 200 manat tutaraq ağlabatan hesab edir. Cavabdehin nümayəndəsi iddiaya dair etiraz təqdim edərək iddia tələblərini qəbul etmədiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmasında qeyd etmişdir ki, həmin 392 manatın klinikaları üçün elə yüksək maddi dəyəri yoxdur. 392 manatı dəyər hesab etməyən klinikadan əlbəttə ki 400 manat vəkil xərci tutulmalıdır və bu hissədə iddia tələbi tam təmin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı qanuni təmsilçisi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən-iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24/22 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokollarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malların aıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı əsasında həyata keçirəcək. Qeyd olunan müqavilənin 3.5-ci maddəsinə əsasən alıcı malları təhvil aldıqdan sonra onların dəyərini 10 iş günü ərzində satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 95/22 saylı hesab fakturadan görünür ki, xx.xx.2022-ci il tarixli, 24/22 saylı alqı-satqı müqaviləsinə əsasən "Salyan Clinic” MMC- yə təqdim olunmuş malların dəyəri 392,28 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 22-/271022 saylı təhvil-təslim aktından görünür ki, EBCİ seriyalı, 010053 nömrəli elektron-qaiməyə əsasən tərtib edilmiş təhvil-təslim aktı yalnız iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. İşdə olan EBCİ seriyalı, 010053 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "Prestij Group” MMC tərəfindən 24/22 saylı müqaviləyə əsasən "Salyan Clinic” MMC-yə 392,28 manat məbləğində tibbi avadanlıqlar təqdim edilmişdir. Həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "Prestij Group” MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan 332 nömrəli ödəniş tapşırığından görünür ki, "Prestij Group” MMC tərəfindən Salyan rayon Vəkil Bürosuna vəkil xidmətinin göstərilməsi üçün 400 manat məbləğində pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. İddiaçı tərəf apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf buna əsas ola biləcək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "Prestij Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, e-2-2(121)- 1180/2023 saylı qətnaməsi iddiaçı "Prestij Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-18/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-18/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver