Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-191/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2-2(121)-1227/2010 saylı qərardadından (hakim R.Nəbiyev) Cavabdeh tərəfindən verilən şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı “X2” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə X3 Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2008-ci il tarixli 365 nömrəli “Daxili maliyyə lizinqi” müqaviləsinə əsasən yaranmış 27623 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(86)-1227/2010 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunaraq cavabdeh fiziki şəxs (VÖEN **********) Cavabdeh xx.xx.2008-ci il tarixli 365 saylı “Daxili maliyyə lizinqi” müqaviləsi üzrə yaranmış 27623 ABŞ dolları məbləğində lizinq borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “X2” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materialları ilə qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi müəyyən olunmur. Qətnamə 14 fevral 2011-ci ildə icraya yönəldilmiş, Astara rayon İcra bölməsinin icra məmuru Aqşin Əliyev tərəfindən 28 fevral 2011-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh 30 iyun 2025-ci il tarixdə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək X3 Məhkəməsinin 14 dekabr 2010-cu il tarixli 2(86)-1227/2010 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin iddia icraatı qaydasında yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Məhkəməsinin 14 dekabr 2010-cu il tarixli 2(86)- 1227/2010 saylı qiyabi qətnaməsinə əsasən iddiaçı “X4” QSC-nin ona qarşı olan iddiası təmin edilmiş və ümumilikdə 27623 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun ondan tutulması qət edilmişdir. Həmin məhkəmə işindən, eləcə də onun əsasında qəbul edilmiş qiyabi qətnamədən ümumiyyətlə xəbəri olmamışdır. Məhz bu səbəbdən də iş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Qiyabi qətnaməni yalnız bu günlərdə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək rəsmi qaydada əldə etmişdir. Qətnaməyə əsasən cavabdeh tərəf onu aldıqdan sonra 10 gün müddətində qətnamənin ləğvi üçün ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Ona görə mülki işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş edir. Şirvan Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2-2(121)-1227/2010 saylı qərardadı ilə ərizə qanunla müəyyən olunan prosessual müddətlər ötürülməklə verilməsi əsası ilə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qiyabi qətnaməni yalnız bu günlərdə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək rəsmi qaydada əldə etmişdi. Qiyabi qətnaməni poçt vasitəsi ilə 14 iyun 2025-ci il tarixində almış və ləğv olunmasına dair ərizəsini 24 iyun 2025-ci il tarixində poçta təqdim etməklə ("xxxx" MMC-nin vasitəsi ilə) Şirvan Kommersiya Məhkəməsinə göndərmişdir. Lakin bütün bunlara baxmayaraq Şirvan Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-2(121)-1227/2010 saylı qərardadı ilə ərizəsi təmin olunmamışdır. Halbuki, açıq-aşkardı ki, 14 dekabr 2010-cu il tarixli 2(86)-1227/2010 saylı qiyabi qətnamədən məlumatı olmamışdır. Məhz bu səbəbdən qiyabi qətnamənin ləğvi haqqında ərizəni bu günlərdə verməyə məcbur olmuşdur. Qiyabi qətnamənin ləğvi haqqında ərizəni vaxtında, yəni 10 gün müddət keçmədən vermişdir. Ərizəni 24 iyun 2025ci il tarixində poçta təqdim etməklə göndərməsinə baxmayaraq poçt vasitəsi ilə məhkəməyə 30 iyun 2025-ci il tarixində daxil olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 30 iyul 2025-ci il tarixli e-2-2(121)-1227/2010 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir; 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qiyabi qətnamənin ləğvi ilə bağlı ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən 10 gün müddətində ərizə verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki iş materiallarına ilk baxışdan görünən odur ki, qətnamə cavabdehin rəsmi müraciətinə əsasən 14 iyun 2025-ci il tarixdə poçt vasitəsilə təqdim olunmuşdur. Lakin apellyasiya baxışı zamanı Astara rayon İcra və probasiya şöbəsinin təqdim etdiyi rəsmi məlumatlardan müəyyən olunur ki, qətnamə əsasında verilən icra sənədi 8 aprel 2021-ci ildə borclunun saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmiş, borclu cəzasını çəkib qurtarandan sonra isə Astara rayon İcra və parobasiya şöbəsinə qaytarılmış, 27 yanvar 2023-cü ildə həmin şöbənin icraatına daxil olmuşdur. Sonradan borclunun Bakı şəhəri Yasamal rayonu ərazisinə qeydiyyata alındığı müəyyən olunmuş və icra sənədi ərazi aidiyyəti üzrə icra olunmasından ötrü 2 noyabr 2023-cü ildə Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra şöbəsi tərəfindən icra sənədi 1 may 2024-cü il tarixdə yenidən Astara rayon İcra və probasiya şöbəsinə qaytarılmışdır. 27 may 2025-ci il tarixdə borclu Cavabdeh şəxsən ərizə ilə Astara rayon İcra və pobasiya şöbəsinə müraciət edərək yuxarıda qeyd olunan qətnamə əsasında verilən icra sənədinin faktiki yaşadığı ünvan 1 ünvanı üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Beləliklə qətnamə əsasında verilən icra sənədinin mövcudluğundan borclu cəzaçəkmə müəssisəsində saxlanıldığı vaxtdan məlumatlı olmuşdur. Hətta həmin vaxt borclunun məlumatlandırılmaması qəbul olunsa belə, borclunun Astara rayon İcra və pobasiya şöbəsinə 27 may 2025-ci il tarixdə verdiyi ərizəsinin məzmunundan qətnamənin mövcudluğundan xəbərdar olduğu aydın görünür. Belə olan halda isə bayram günləri nəzərə alınmaqla qiyabi qətnamənin ləğvinə dair ərizə ilə ən geci 10 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etməli idi. Lakin borclu qiyabi qətnamənin ləğvinə dair ərizəni 24 iyun 2025-ci il tarixdə poçta təqdim etməklə vermiş və bununla qanunla müəyyən olunan prosessual müddəti ötürmüş olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 2-2(121)-1227/2010 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2-2(106)-191/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-191/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver