Məhkəmə qərarları › İş №2-2(106)-192/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-192/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-192/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-1610/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 74295,93 manat məbləğində borcun, 7429,59 manat məbləğində cərimənin və 335,17 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Salyan Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 74 saylı alğı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Daykənd kəndi ərazisində yerləşən 58.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 175965,18 manat (ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla) məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 696.00 manat məbləğində 5346,10 manat məbləğində 1-ci şum, 2610.00 manat məbləğində 2-ci şum, 241.50 manat məbləğində tandem diskli mala, 416.00 manat məbləğində rotasiyon mala, 4308.00 manat məbləğində mala çəkmə, 1876.00 manat məbləğində kanal çəkmə, 282.00 manat məbləğində kanal doldurma, 1970.30 manat məbləğində çiyid səpini, 3143.40 manat məbləğində kultivasiya, 1565.60 manat məbləğində kultivasiya gübrə ilə, 2167.20 manat məbləğində boroza, 6208.00 manat məbləğində dərman səpini, 7350.00 mana tməbləğində kombaynla 1-ci üz pambıq yığımı, 360.00 manat əbləğində kombaynla 2-ci üz pambıq yığımı, 74493.20 manat məbləğində gübrə/dərman, 13593.10 manat məbləğində çiyid toxumu, (ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla) cəmi 175965,18 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 101669.25 manat məbləğində 127086.56 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 74295.93 manat məbləğində borcu qalmışdır. Müqavilənin 2.2.3. bəndinə əsasən alıcı tərəfindən servis xidmətlərinin, verilən avans pul vəsaitinin, mineral gübrənin, pesdisitlərin və toxumun dəyərinin müqavilənin 2.2.2. bəndində nəzərdə tutulan müddətdə (xx.xx.2023-ci il tarixədək) tamşəkildə alıcıya ödəyir, əks halda hər gecildirilən gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı”ya cərimə ödəyir” tələbinə uyğun olaraq, Cavabdeh İddiaçı MMC-yə 74295.93 manat borcun X 10% =7429.59 manat cərimə ödəməlidir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilə təsdiq edilən iş və xidmətlərin görülməsi barədə xx.xx.2024-cü iltarixli yekun akt- üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı nümayəndəsi X1 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, hazırki iddia cavabdehin ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla qaldırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “üzləşmə aktı” tərtib edilərkən ötən dövrdə bağlanmış müqavilələrdən irəli gələn borclar nəzərə alınmışdır. Cavabdeh tərəfindən təqdim edimiş kağız daşıyıcının tarixi müəyyən deyil. Flashkartda təqdim olunan görüntülərdə isə cavabdeh əks olunmur. Hesab edir ki, akt mötəbər dəlil hesab oluna bilməz. Flashkartda əks olunan görüntülərin isə hazıirki işə aidiyyatı yoxdur. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən ona verilən toxum dərmansız olmuşdur. Sahədə toxumların dərmansız əkilməsi, onların xəstəlik və zərərvericilərə qarşı müdafiəsinin aşağı düşməsinə səbəb olmuşdur. Toxumların bir qismi çürümüş, bir qismi isə torpaq altında qalaraq zədələnərək cücərməmişdir. İddia ərizəsində göstərilən məbləğdə avans vəsaitlər almışdır. Aktın nə vax tərtib edildiyini xatırlamır. Hazırki iş üzrə iddianı əsas borc hissəsində qəbul edir, maddi vəziyyətini və şəkər xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq iddiaçı tərəfindən hesablanmış cərimənin azaldılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-1610/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 74295,93 manat əsas borc, 500 manat cərimə olmaqla cəmi 74795,93 (yetmiş dörd min yeddi yüz doxsan beş manat, doxsan üç qəpik) manat borcun və ödənilmiş dövlət rüsumuna görə 314,39 (üç yüz on dörd manat, otuz doqquz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Şirvan Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı MMC-nin Salyan Filialı ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli 74 saylı alğı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Daykənd kəndi ərazisində yerləşən 58.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçıdan 175965,18 manat (ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla) məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Sifarişi əsasında 696.00 manat məbləğində 5346,10 manat məbləğində 1-ci şum, 2610.00 manat məbləğində 2-ci şum, 241.50 manat məbləğində tandem diskli mala, 416.00 manat məbləğində rotasiyon mala, 4308.00 manat məbləğində mala çəkmə, 1876.00 manat məbləğində kanal çəkmə, 282.00 manat məbləğində kanal doldurma, 1970.30 manat məbləğində çiyid səpini, 3143.40 manat məbləğində kultivasiya, 1565.60 manat məbləğində kultivasiya gübrə ilə, 2167.20 manat məbləğində boroza, 6208.00 manat məbləğində dərman səpini, 7350.00 manat məbləğində kombaynla 1-ci üz pambıq yığımı, 360.00 manat məbləğində kombaynla 2-ci üz pambıq yığımı, 74493.20 manat məbləğində gübrə/dərman, 13593.10 manat məbləğində çiyid toxumu, (ötən ildən qalan 30768,78 manat borcu nəzərə almaqla) cəmi 175965,18 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Müqavilənin şərtlərinə əsasən 101669.25 manat məbləğində 127086.56 kq xam pambıq təhvil vermiş və iddiaçıya 74295.93 manat məbləğində borcu qalmışdır. Borclu qalmağına səbəb iddiaçı tərəfindən verilən toxumun dərmansız olmasıdır. Sahədə toxumların dərmansız əkilməsi, onların xəstəlik və zərərvericilərə qarşı müdafiəsinin aşağı düşməsinə səbəb olmuşdur. Toxumların bir qismi çürümüş, bir qismi isə torpaq altında qalaraq zədələnərək cücərməmişdir. Baş aqranom və sahə aqroanumu tərəfindən təsdiq edilmiş aktdan görünür ki, əkilən toxumun bir qismi çürük çıxmış və ümumi əkinə ziyan dəymişdir. “Akt”ın mahiyyətindən görünür ki, iddiaçı tərəfindən verilmiş toxumların lazımi keyfiyyətdə olmadığına görə 20 hektar sahədə əkilmiş pampığa görə 60% ziyan dəymişdir. Göründüyü kimi məhkəmə tərəflər arasındakı danışıqlara, tərəflərin qarşılıqlı münasibətlərini, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış və aydınlaşdırmamışdır, vurulmuş ziyanı nəzərə almamış, vurulmuş ziyanın məbləğini müəyyən etmək üçün mütəxəssis cəlb etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə və ona əlavəyə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh artıq bir neçə ildir ki, əvvəlki ildən qalıq qalan borcunu ödəməyərək yeni mövsümdə əkilən pambıq hesabına ödəyəcəyinə dair vədlər verir, bununla bağlı rəsmi müqavilələr əsasında üzərinə öhdəlik götürür, lakin hər il mövsümü borcla başa vurur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə üzürlü səbəblər olmadan iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Salyan filialı və Cavabdeh (müqavilədə “Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 101 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı” Cavabdeh məxsus (istifadə də və ya icarədə olan) Salyan rayonu, Daykənd kəndində yerləşən 58.0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ 650 AZN/ton, İİ növ – 630 AZN/ton, İİİ növ – 590 AZN/ton, İV növ – 5500 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC-nin Salyan filialı və Cavabdeh (müqavilədə “Alıcı”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 118 nömrəli müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən "Satıcı” Cavabdeh məxsus (istifadə də və ya icarədə olan) Salyan rayonu, Daykənd kəndində yerləşən 58.0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi. "Satıcı" tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində. "Alıcıya" təhvil verilməsi və "Alıcı” tərəfindən "Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. xx.xx.2022-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi barədə akt”dan görünür ki, xx.xx.2020-ci il tarixli 118 saylı alğı-satqı müqaviləsi üzrə fermer Cavabdeh çəkilən xərc ümumilikdə 133380,09 manat təşkil etmiş, fermer tərəfindən 101799,11 manat ödəniş edimiş, nəticədə fermerin 31672,98 manat borcu qalmışdır. İddiaçı MMC-nin Salyan filialı və Cavabdeh (müqavilədə “Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 101 nömrəli müqaviləyə əlavə 16.11.222-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolu” imzalanmışdır. İş materiallarında olan “aktlardan”, malların fiziki şəxslərə “təhvil-qəbul qəbzlərindən” və iddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “iş və xidmətlərin yerinə yetirilməsi barədə akt”dan görünür ki, xx.xx.2022-ci il tarixli 74 saylı alğı-satqı müqaviləsi üzrə fermer Cavabdeh çəkilən xərc ötən illərdən qalıq qalan 30678,78 manat borc daxil ümumilikdə 175965,18 manat təşkil etmiş, fermer tərəfindən 101669,25 manat ödəniş edimiş, nəticədə əvvəlki müqavilədən qalıq borc nəzərə alınmaqla fermerin 74295,93 manat borcu qalmışdır. Akt İddiaçı MMC-nin səlahiyyətli nümayəndələri və fermer Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin Salyan filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edimiş “Akt”ın mahiyyətindən görünür ki, iddiaçı tərəfindən fermer Cavabdeh verilmiş toxumların lazımi keyfiyyətdə olmadığına görə, sonuncuya 20 hektar sahədə əkilmiş pampığa görə 60% ziyan dəymişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarından cavabdehin pambıq əkdiyi 20 ha sahədə toxumların lazımi keyfiyyətdə olmamasına, buna görə 60% zərərə məruz qalmasına dair iddiaçıya qarşı hər hansı bir tələb irəli sürməsi müəyyən olunmur. Əksinə cavabdeh iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə xx.xx.2024cü il tarixində qarşılıqlı hesablaşma üzrə üzləşmənin aparılmasında iştirak etmiş, ötən illərdən qalıq 30678,78 manat borcu daxil iddiaçıya 74295,93 manat məbləğində borcunun qaldığını etiraf və təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(121)-1610/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar