Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-193/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) cavabdeh Sabirabad rayon İcra Hakimiyyəti başçısının Minbaşı kənd nümayəndəliyinə (Sabirabad RİHB-nin Minbaşı KİƏDN) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2-2(121)-1499/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Sabirabad RİHB-nin Minbaşı KİƏDN-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə əsas borc 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik (ƏDV daxil), cərimə sanksiyası olaraq 175 (yüz yetmiş beş) manat 2 (iki) qəpik məbləğində pulun və ödənilmiş 39 (otuz doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində dövlət rüsumunun Sabirabad rayon İH-nin Minbaşı kənd nümayəndəliyindən tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Sabirabad RİHB-nin Minbaşı KİƏDN arasında ərzaq məhsullarının satın alınması barədə 29 sentyabr 2020-ci il tarixli SA-743 saylı müqavilə bağlanmışdır. Lakin Sabirabad RİHB-nin Minbaşı KİƏDN müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfindən öhdəlik tam icra olunmasına baxmayaraq, alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, müqavilə üzrə 16343 (on altı min üç yüz qırx üç) manat 25 (iyirmi beş) qəpik (ƏDV daxil) dəyərində ərzaq məhsulları Sabirabad RİHB-nin Minbaşı KİƏDN-ə təhvil verilmişdir. Nümayəndəlik tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri iddiaçıya ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik (ƏDV daxil) manat təşkil edir. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə adıçəkilən müqavilə 31 dekabr 2021-ci ilin tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən cavabdehə 175 (yüz yetmiş beş) manat 2 (iki) qəpik məbləğində cərimə sanksiyası tətbiq edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin (hakim Z.Abbasov) 20 avqust 2024-cü il tarixli 2- 2(121)-1499/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Sabirabad RİHB-nin Minbaşı KİƏDN-dən 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik məbləğində əsas borcun, 10 (on) manat məbləğində cərimə borcunun və ödənilmiş 39 (otuz doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1799 (min yeddi yüz doxsan doqquz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən caavbdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etmirlər. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad etsə də, iddiaçı təşkilatla müvafiq müqavilə bağlandıqdan sonra Maliyyə Nazirliyi tərəfindən müvafiq pul ayrıldığı üçün müvaqilə üzrə ödənişlərin əksər hissəsi nümayəndəlik tərəfindən ödənildi. Lakin 2021-ci ilin sonunda nümayəndəliyin büdcəsində qalan pul vəsaiti dövlət büdcəsinə qaytarıldı və artıq həmin vaxt bağçalar Təhsil Nazirliyinin balansına keçdiyi üçün müvafiq məsələ ilə bağlı növbəti ildə nümayəndəliyə pul ayrılmadı. Bu məsələ ilə bağlı dəfələrlə Sabirabad Rayon Təhsil Şöbəsinə, Regional Təhsil İdarəsinə müraciətlər etmişlər və qeyd edilən təşkilatların balansında pul olmadığı üçün vəsait iddiaçıya ödənilməmişdir. Hazırkı iş üzrə iddiaya cavab verməli olan təşkilat onlar deyil. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi işi faktiki hallarını aydınlaşdırmadan, yəni pul vəsaitinin onların tərəfimizdən deyil məhz Təhsil Nazirliyi (bağça Nazirliyin balansına verildiyi üçün) tərəfindən ödənilməli olmasını aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Şirvan Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2- 2(121)-1499/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İş materiallarına əsasən: İddiaçı ASC ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır; Sabirabad RİHB-nin Minbaşı KİƏDN ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004-cü il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır; İddiaçı ASC ilə Sabirabad RİHB-nin Minbaşı KİƏDN arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli SA-743 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Sabirabad RİHB-nin Minbaşı KİƏDN-in (Sifarişçi) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Habelə 1.2-ci bəndə görə Sabirabad RİHBnin Minbaşı KİƏDN müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Bundan başqa, 2.2-ci və 2.5-ci bəndlərə görə “Müqavilə”nin 2.1-ci maddəsinə əsaslanaraq “Alıcı”ya təhvil veriləcək ”Mallar”ın “Satış şərtləri”ni müvafiq “Əlavələr” ilə müəyyən edir. “Müqavilə”nin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% həcmində peniya ödəyir. Həmçinin 7.1-ci bəndə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 50400,00 (əlli min dörd yüz) manat təşkil edir. Sifarişçi Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək İcraçının Müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.2-ci bəndinə görə isə sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Bütün bunlarla yanaşı, “Malların təhvil-qəbul akt”larının surətlərindən görünür ki, İddiaçı ASC tərəfindən Sabirabad RİHB-nin Minbaşı KİƏDN-ə ümumilikdə cəmi 16343,25 (ƏDV daxil) dəyərində ərzaq məhsulları təhvil verilmişdir. Cavabdehə ünvanlanmış pretenziya məktubuna əsasən İddiaçı ASC ilə Sabirabad RİHB-nin Minbaşı KİƏDN arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli SA-743 saylı müqaviləyə əsasən yaranmış 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni mübahisələndirilən – təmin olunan hissədə mübahisələndirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil verilməsinə dair aktlara, cavabdehə aralarında imzalanmış qarşılıqlı hesablaşma aktına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Bununla belə işdə olan “Qarşılıqlı hesablaşma aktı”ndan görünür ki, cavabdeh həmin aktı imzalamaqla iddiaçıya 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik məbləğində borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni və üzləşmə aktını, malların təhvil aktılarını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Habelə işdə olan İddiaçı ASC ilə Sabirabad RİHB-nin Minbaşı KİƏDN arasında xx.xx.2022-ci il tarixdə imzalanmış Qarşılıqlı hesablaşma aktına görə tərəflər həmin aktı imzalamaqla Sabirabad RİHB-nin Minbaşı KİƏDN-in xx.xx.2021-ci il tarixinə olan borcunun məbləği 1750 (min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik məbləğ təşkil edir. MM-in 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. MM-in 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Belə ki, MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2-2(121)-1499/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2-2(121)-1499/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-193/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-193/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver