Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-206/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə3, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 Məmməd oğlunun iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktın etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizələrinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli e-2-2(121)-20/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən təhvil aldığı mallara görə əsas borc olaraq 53733 (əlli üç min yeddi yüz otuz üç) manat və əsas borca hesablanmış 2417 (iki min dörd yüz on yeddi) manat məbləğində dəbbə olmaqla, ümumilikdə 56150 (əlli altı min yüz əlli) manat məbləğində vəsaitin, o cümlədən ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində haqqın tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 06 mart 2020-ci il tarixli 6619 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdeh tərəfindən ona gələn sifarişlər əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malı cavabdehə təhvil verməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi müvafiq aktlar əsasında həyata keçirilmişdir və sözügedən aktlar iddia ərizəsinə əlavə olunmuşdur. Lakin, cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini ödəməmişdir. Dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 53733 (əlli üç min yeddi yüz otuz üç) manat məbləğində ödənilməmiş borc öhdəliyi vardır. Bundan əlavə olaraq, müqavilənin 7.10-cu bəndinə əsasən alıcı satıcıya olan borc ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə, borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5% miqdarında cərimə ödəməlidir. Qeyd olunan müddəaya uyğun olaraq qalıq borc öhdəliyi cavabdeh tərəfindən tam icra edilmədiyindən, cavabdehin 2417 (iki min dörd yüz on yeddi) manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya əsas borc olaraq 53733 (əlli üç min yeddi yüz otuz üç) manat və əsas borca hesablanmış 2417 (iki min dörd yüz on yeddi) manat məbləğində dəbbə olmaqla, ümumilikdə 56150 (əlli altı min yüz əlli) manat ödənilməmiş borc öhdəliyi vardır. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli məqsədilə mediasiyaya müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli 308 nömrəli qərarına uyğun olaraq 400 (dörd yüz) manat məbləğində mediasiya haqqı ödənilmişdir. Bu vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla əlaqədar, ilkin mediasiyaya dair 07 aprel 2022-ci il tarixli, M.Ş.C/1/00376 nömrəli arayış iddia ərizəsinə əlavə olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı “aktın etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddiaçı “Veysəloğlu" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 23 noyabr 2021-cı il tarixli aktın etibarsız hesab edilməsi və 14942 manat borcun və ödənilmiş 136 manat dövlət rüsumunun "Veysəloğlu” MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ilkin iddiaçı ilə aralarında kommersiya münasibətləri mövcud olmuşdur. Lakin ilkin iddia ərizəsi ilə tanış olarkən saxta sənədin mövcud olmasının şahidi olmuşdur. Yəni məhkəməyə iddia verilənədək onun elə bir aktdan xəbəri olmamışdır. Guya o, Veysəloğlu şirkəti ilə üzləşmə aktı deyilən sənədlə razılaşmışdır. Halbuki həmin sənəddən xəbəri yoxdur. İlk hazırlıq iclasında məhkəməyə təqdim etdiyi arayışlarda vergi xidməti həqiqətən tərəflərin elektron qaydada ticarətlərinin həcmi barədə məlumat vermişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdə göstərilmiş borcun qaytarılması satılmamış əmlakın geri qaytarılması əks olunur. Əslində ilkin iddiaçının ona 14942 manat borcu vardır. Belə ki, iddiaçı ona ******* manat dəyərində mal vermiş, o isə bank vasitəsilə ilkin iddiaçıya ******* manat pul ödəmişdir. Sənədlərdə olan üzləşmə akı deyilən sənəddən xəbəri belə olmamışdır. Bundan başqa həmin sənəddə olan birinci sətirdə adı göstərilmiş Malik adlı şəxs heç həmin vaxt həmin şöbədə işləməmişdir. O, həmin şirkətlə sıx əlaqədə olduğu üçün Malik adlı şəxsin başqa əlaqəsiz sahədə işlədiyini bilirdi. Çünki həmin akt saxta yolla imzalar oxşadılmaqla tərtib edilmişdir. Hesab edir ki, həmin akt etibarsız hesb edilməklə, ilkin iddiaçının ona olan borcu ona ödənilməlidir. Onun üzləşmə aktı adlanan kağız parçasından xəbəri yoxdur. Elə bir müqaviləyə imza atmamışdır. Sonradan qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddiaçı “Veysəloğlu" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 23 noyabr 2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və 52624.16 manat borcun, ödənilmiş 247 manat dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, ilk dəfə qarşılıqlı iddia verilərkən konkret ilkin iddiaçının borclu olduğuna əmin idi. Lakin bunun üçün xüsusi hesablama lazım olduğundan, borcun miqdarını dəqiqləşdirə bilməmişdir. İddiaçı MMC ilə yeddi yüz min manatdan çox dövriyyə olduğundan, malların alınması ilə bağlı iddiaçıdan asılı olduğundan bir zaman ətraflı hesablamalar aparılmamışdır. Yəni iddiaçının ona mal göndərməsi xatirinə malları ötürdükcə dəyərindən asılı olmayaraq iddiaçının bank hesabına müəyyən məbləğlər ödəmişdir. İddiaçı da onun ödədiyi məbləğlərin çox olmasını bilə-bilə onu guya təhvil təslim edilməsi barədə akta imza etdirməyə çalışmışdır. O, indi də üzləşdirmə aktının etibarsız olması iddiasındadır. Belə ki, həmin aktdakı Malik adlı şəxs həmin vaxt həmin vəzifədə işləməmişdir. Qarşılıqlı iddiaçı heç bir üzləşmədə iştirak etməmişdir. Ümumiyyətlə elə bir üzləşmə də olmamışdır. Bundan başqa daxil olmuş mühasibatlıq ekspertizasının və audit mütəxəssis rəyindən də görüldüyü kimi ilkin iddiaçı onu aldatmış, üzləşdirmə aktı ilə bu yanılmanı məharətlə pərdələməyə çalışmışdır. Hazırki ərizəsi ilə hesab edir ki, qarşılıqlı iddia tələbini artırmaq tələbində haqlıdır. Çünki, mühasibatlıq ekspetizasının rəyi məhkəmə araşdırması gedişində yeni xüsusatın əmələ gəlməsinə səbəb olmuşdur. Yəni həmin hesablama olmadan ilkin iddiaçının ona olan borcunu dəqiq bilmirdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq ilk iddia üzrə cavabdehlə nümayəndəsi olduğu şirkətin qarşılıqlı ticarət münasibətlərinin 2014-cü ildən etibarən başlandığını, bu müddət ərzində tərəflər aralarında mövcud borcun müəyyən edilməsi üçün mütəmadi olaraq üzləşmə aparıldığını və bu barədə aktlar tərtib edildiyini, son olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixdə üzləşmə aparıldığını, bundan sonra da tərəflər arasında alqı-satqı münasibətlərinin davam etdiyini bildirmiş və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 Məmməd oğlu izahatlarında ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, təqdim etdikləri vergi orqanından və müvafiq banklardan alınmış sənədlərdən, həmçinin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəylərindən də göründüyü kimi ilk iddiaçının iddia tələbi əsassızdır, qarşılıqlı iddia isə əsaslıdır. Buna görə də ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli e-2-2(121)-20/2024 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq, Cavabdeh 47430.83 manat borc, 200 manat cərimə və 400 manat ödənilmiş mediasiya xərci olmaqla, cəmi 48030.83 (qırx səkkiz min otuz manat, səksən üç qəpik) məbləğində pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi, ilk iddianın qalan hissələrdə, qarşılıqlı iddianın isə tam olaraq rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 882.1, 882.2, 882.5, 567, 597.1, 598.1, 600.1, 600.4, 445.1 və s. maddələrinə istinadla əsas borc hissədə gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı borcunu etiraf etdiyinə və onun tərəfindən imzalanması sübut olunan üzləşmə aktı mövcud olduğuna görə, həmin hissədə ilkin iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Qarşılıqlı iddiaçı isə üzləşmə aktını onun tərəfindən imzalanmaması əsası ilə mübahisələndirsə də, həmin xüsusat ekspertizanın rəyi ilə öz təsdiqini tapmamışdır. Beləliklə üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni qarşılıqlı iddiaçının xx.xx.2021-ci il tarixə ilkin iddiaçıya 62507.05 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. xx.xx.2021-ci il tarixdən sonrakı (həmin tarix daxil olmaqla) dövrdə ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya təhvil verilmiş malların dəyəri, həmçinin qarşılıqlı iddiaçı tərəfindən ilkin iddiaçıya ödənilmiş pul vəsaitinin məbləği işdə olan vergi orqanı tərəfindən verilmiş arayışlara və arayışa əlavə edilmiş ilkin İddiaçı MMC tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh təqdim edilən e-qaimə fakturaların siyahısına, həmçinin "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən müəyyən edilməlidir. İşdə olan e-qaimə fakturalara və "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilir ki, ilkin İddiaçı MMC tərəfindən qarşılqlı iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə ümumilkdə cəmi 109044.01 manat dəyərində mal verilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən etibarən (həmin tarix daxil olmaqla) İddiaçı MMC-nin hesabına "xxxx" QSC-nin vasitəsi ilə 99320.21 manat, "xxxx" ASC-nin vasitəsi ilə 24800.02 manat məbləğlərində pul vəsaiti köçürülmüşdür. Beləliklə, təhvil verilmiş malların dəyəri ilə həyata keçirilmiş ödənişlər hesablandıqda müəyyən edilir ki, Cavabdeh tərəfindən təhvil aldığı mallara görə 15076.22 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir (99320.21 + 24800.02 – 109044.01 = 15076,22). Cavabdeh tərəfindən artıq ödənilmiş məbləğ, borclu olduğu məbləğdən çıxıldıqda (625xx.xx-15076.22=47430.83) onun İddiaçı MMC-nə 47430.83 manat məbləğində borcunun olduğu müəyyən edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 apellyasiya şikayəti verərək ləğv olunması, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etlmişlər. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd edilir ki, tərəflər arasında malların nisyə satışı barədə müqavilənin etibarsızlığına dəlalət edən hallar yoxdur, tərəflər arasında müqavilə bağlandığı xx.xx.2020-ci il tarixindən sonrakı dövrdə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi halda ƏDV ilə birlikdə 743445.43 manat dəyərində mal təhvil verildiyi (e-qaimə fakturalara və malların təhvil-təslim aktlarına əsasən), tərəflər arasında müqavilə bağlandığı xx.xx.2020ci il tarixindən sonra təhvil aldığı mallara görə Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 764088.56 manat məbləğində pul vəsaitinin köçürüldüyü (bank hesablarından çıxarışlara əsasən) işin mübahisəsiz hallarıdır. Baxılan iş üzrə mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”nın məzmunu ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz hallarından biri kimi qəbul edilməlidir. Həmin aktla cavabdeh borcunu etiraf etdiyi üçün, ilkin iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Üzləşmə aktı ilə müəyyən edilmiş ilkin cavabdehin ilkin iddiaçıya xx.xx.2021-ci il tarixə 62507.05 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. xx.xx.2021-ci il tarixindən sonrakı dövrdə ilkin iddiaçı ilkin cavabdehə cəmi 1.090.044,01 manat dəyərində mal verdiyi, ilkin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən etibarən (həmin tarix daxil olmaqla) ilkin iddiaçının hesabına 15076.22 manat məbləğində artıq ödəniş həyata keçirildiyi, Cavabdeh İddiaçı MMC-yə 47430.83 manat məbləğində borcunun olması müəyyən edilir. Tələb olunan dəbbə pulunun məbləği ilkin iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq cərimə məbləği azaldılmalıdır. Üzləşmə aktının etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir. İş üzrə tərtib olunmuş məhkəməmühasibatlıq ekspertizalarının rəyləri tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində təqdim edilmiş elektron qaimələrə əsasən aparılmışdır. Halbuki məhkəməmühasibatlıq ekspertizaları təyin edilməsi barədə qərardadlarda ekspertlərə hesablamaların işdə olan malların təhvil-qəbul aktları, elektron qaimələr, hesabdan çıxarışlar, satış qaytarma sənədləri və üzləşmə aktı nəzərə alınmaqla aparılması tapşırılsa da, hesablama yalnız elektron qaimələr əsasında və müqavilə bağlandığı tarixdən etibarən aparılmışdır. Ekspertlər qərardada qoyulmuş sualları iş materiallarında olan sənədlər, elektron qaimə-fakturalarla yanaşı, o cümlədən təhvil-qəbul aktları, tərəflər arasında imzalanmış üzləşmə aktı nəzərə alınmaqla cavablandırmalı olduqları halda, qarşılarında qoyulmuş suallara tam cavab verməmişlər, təkrar ekspert rəyində əsas olaraq auditin hesabatına istinad edilmişdir. Məhkəmə həmin rəyləri işin müəyyən edilməsi zəruri olan hallarını əhatə etmədikləri üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə-mühasibatlıq ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. Satıcı tərəfindən alıcıya təqdim edimiş vergilər xidmətinin elektron informasiya sistemində qeydiyyata alınmaqla mallara görə tərtib edilmiş qaimələr, təhvil-təslim aktları, hesab-fakturalar mütləq elektron qaimə-fakturalarda əks olunmalıdır. İddiaçı tərəfindən tələbini əsaslandırdığı həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş “satış qaytarma sənədləri” rəsmi elektron qaimə şəklində sistemə işlənilmədiyindən həmin geri qaytarma sənədləri sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərin İddiaçı MMC ilə Cavabdeh arasında aparılmış debitor və kreditora aid etmək olmaz. İşə baxan hakim gəldiyi nəticələri maddi hüquq normalarını pozmaqla əsaslandırmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 6619 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin müqavilənin etibarsızlığı mübahisələndirilməmişdir. Tərəflər arasında mülki hüquqlar və vəzifələr həmin müqavilədən əmələ gəlir. Üzləşmə aktı müqavilə hesab oluna bilməz. İşə baxan hakim üzləşmə aktını müqavilə kimi təfsir etməklə maddi hüquq normalarını pozmuşdur. İşə baxan hakim iş üzrə gəldiyi nəticəni qanunvericiliklərlə müəyyən edilmiş sübutlarla deyil, qanunu pozmaqla əldə edilmiş sübutlarla əsaslandırmışdır. İddiaçı MMC ilə Cavabdeh arasındakı münasibətlər ciddi hesabat sənədlərində əks olunmuş məlumatlarla və ekspert rəyləri ilə təsdiq olunmalıdır. İşə baxan hakim iş materiallarında olan tərəflərin təqdim etdikləri və məhkəmənin əldə etdiyi elektron qaimə-fakturaları, bank köçürmələrini və ekspert rərylərini sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. İşə baxan hakim mülki iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılmasını təmin etməmişdir, qarşılıqlı iddia tələbini əsaslandırdığı dəlillərin qanunvericiliyin tələblərinə uyğun olmasını yoxlamamışdır, obyektiv həqiqəti özündə əks etdirən dəlillərinə istinad etməməklə və öz qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərə istinad etməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh əsas borca görə 53733 manat məbləğində pul ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizə təqdim olunmamışdır. Lakin işə baxan hakim iddiaçının verdiyi tələblərdən kənara çıxaraq üzləşmə aktında qeyd edilmiş 62507.05 manat məbləği tələb edilən məbləğ kimi götürmüş, həmin məbləğdən Cavabdeh ödədiyi 15076.22 manatı çıxdıqdan sonra, 47430.83 manat məbləğində pul ödənilməsi nəticəsinə gəlmişdir. İşə baxan hakim məhkəmə qərardadları əsasında təyin edilmiş və qərardadda qoyulmuş sualları ətraflı və müfəssəl cavablandırmış ekspert rəylərini mötəbər sübut kimi qəbul etməməklə prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Tərəflər sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərdirlər. Onlar arasında yaranmış münasibətlər iqtisadi sahədir. Bu sahədə xüsusi biliyi olan şəxslər maliyyə-mühasibat sahəsində fəaliyyət göstərən səlahiyyətli xüsusi biliyə malik olan şəxslərdir. İşə baxan hakimin həmin sahədə xüsusi biliyi olmuş olsaydı, iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməyə ehtiyac olmazdı. İşin baxılmasına bu qədər uzatmağa ehtiyac yaranmazdı. Ekspert rəyləri ilə razılaşmayan işə baxan hakimin həmin ekspertlər barəsində hər hansı tədbir görməməsi də, hakimin qanusuz qərar qəbul etməsini bir daha təsdiq edir. İşə baxan hakim qanunvericiliklə təsbit edilmiş sübut vasitəsini özü müəyyən etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşə baxan hakimin üzləşmə aktını əsas sübut kimi qiymətləndirməsi əsassızdır. Yuxarıda şərh olunduğu kimi, həmin üzləşmə aktı səlahiyyətli şəxslər tərəfindən tərtib və təsdiq olunmamışdır, akta imza edən ilkin iddiaçının nümayəndəsi kimi qeyd edilən Malik Əhmədov adlı şəxs həmin vaxt həmin vəzifədə işləməmişdir. Üzləşmə aktında borcun 62507.05 manat göstərildiyi halda, tələb olunan məbləğin 53733 manat olmasını, aktdakı borc məbləği ilə iddia ərizəsində qeyd edilən məbləğ arasında fərqin haradan yaranması, həmin fərqin ödənilib-ödənilməməsi, iddiaçını hansı səbəbdən üzləşmə aktında qeyd edilən məbləği deyil, azaldılmış məbləği tələb etməsinin səbəbləri aydınlaşdırılmamışdır. Həmin fakt da tərəflər arasında tərtib olunduğu iddia edilən üzləşmə aktının obyektiv həqiqəti əks etdirmədiyini təsdiq edir. İşə baxan hakim tərəfindən gəldiyi nəticəni təsdiq edən sübutlar ziddiyyətlidir, tərəflər arasında mövcud olmuş faktlar nəzərə alınmamışdır. Qətnamə qanunvericiliklə təsbit edilən sübutlarla deyil, qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq olunur. İşə baxan hakim mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir, qanunvericiliyin tələblərinə uyğun tərtib və əldə edilmiş sübutlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Qarşılıqlı iddia tələbinin qanunvericilikdə nəzərdə tutulmuş mötəbər sübutlarla əsaslandırılmasına baxmayaraq, işə baxan hakim həmin sübutları formal əsaslarla rədd etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 Məmməd oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, sonuncu üzləşmə aktı tərtib olunan xx.xx.2021-ci il tarixindən sonra da, ilk iddia üzrə İddiaçı MMC-dən mallar almışlar. Həmin tarixdən sonra cəmisi 109044.01 manat dəyərində malın alınması, bank hesablarından 99320.21 manat + 24800.02 manat məbləğlərində pulların ödənilməsi işin həqiqi halıdır. Məhkəmədə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək göstərdi ki, ilk iddia üzrə cavabdehlə birgə fəaliyyətləri dövründə mütəmadi olaraq üzləşmə aktları tərtib edərək, təsdiq etmişlər. Həmin üzləşmə aktlarından bir neçəsini hazırda özü ilə gətirmişdir, ehtiyac yaranarsa, təqdim edə bilər. Məhkəməyə müraciət edərkən sonuncu üzləşmə aktı əsasında tələb irəli sürmüşlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 6619 nömrəli alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: (i) Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları (bundan sonra “Mallar”) vaxtaşırı Satıcıdan sifariş edəcək (ii) X3 sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və (iii) Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir. 3.5-ci bəndinə əsasən, Satıcı malları Alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil-Qəbul Aktını (bundan sonra “Akt”) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş hissəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə Satıcı Malları təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. 7.10-cu bəndinə əsasən, Alıcı Satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcının tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. 8.5-ci bəndinə əsasən, Satıcı qiymətə (Satıcıya Müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dair aşağıdakı sənədləri Alıcıya təqdim edəcək (“Ödəniş Sənədləri”): (i) Müqavilədə göstərilən qaydada hər Tərəfin imzaladığı və təsdiq etdiyi Akt, (ii) Elektron vergi hesab fakturası, (iii) Elektron qaimə, (jv) Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədlər. 8.8-ci bəndinə əsasən, “Alici Satıcı”ya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı Satıcıya ödəməli olduğu nəğd vəsaiti Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin Satıcının bank hesabına daxıl olduğu zaman, ödəniş icra olunmuş sayılır. Malların təhvil qəbul aktlarından və elektron qaimə fakturalardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif çeşiddə mallar təhvil verilmişdir. "xxxx" QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2018– xx.xx.2022 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına ******* manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2019– xx.xx.2023 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına 71659.04 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020– xx.xx.2023 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına 710920.59 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020– xx.xx.2022 hesabat dövrü ərzində Cavabdeh hesabından İddiaçı MMC-nin hesabına 53167.97 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, vergi orqanlarında olan uçot-baza məlumatlarına görə Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC tərəfindən ümumi halda ƏDV ilə birlikdə 50024.25 manat, İddiaçı MMC tərəfindən ümumi halda ƏDV ilə birlikdə 1108975.19 manat dəyərində e-qaimə faktura təqdim edildiyi müəyyən olunmuşdur. 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, vergi orqanlarında olan uçot-baza məlumatlarına görə xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi halda ƏDV ilə birlikdə 743445.43 manat dəyərində e-qaimə faktura təqdim edildiyi müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən təqdim edilən e-qaimə fakturaların siyahısı məktuba əlavə edimişdir. İddiaçı nümayəndələri ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 456060 nömrəli “Üzləşmə aktı”ndan görünür ki, həmin aktı imzalamaqla tərəflər Cavabdeh xx.xx.2021-ci il tarixinə olan borc qalığının 62507.05 manat məbləğində olduğunu təsdiq etmişlər. Maliyyə arayışına əsasən, “Veysəloglu" MMC tərəfindən Cavabdeh ilə xx.xx.2021-ci ii tarixdə borc qalıqlarının yoxlanılmasına dair Üzləşmə aktı tərtib olunmuş, yoxlama nəticəsinə görə tərəflər arasında 55395.24 manat dəyərində borc qalığı təsdiqlənmişdir. Qeyd olunan tarixdən sonra cəmiyyət tərəfindən 162079 manat dəyərində məhsul satılmış, 11864.45 manat dəyərində məhsul cəmiyyətə geri qaytarılmış, cəmiyyətin hesabına 151875.96 (ƏDV daxil) ödəniş edilmiş, hazırda "xxxx" MMC-nə xx.xx.2024-cü il tarixə olan qalıq borcu 53733.83 (ƏDV daxil) manat və odənillməyən günlərə görə 2417 manat dəbbə pulu təşkil edir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasından sonra tərəflər mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər. Mediasiya arayışından görünür ki, İddiaçı MMC mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1446 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 67-ci vərəqəsində Cavabdeh adına olan xx.xx.2021-ci il tarixli 456060 nömrəli üzləşmə aktında “3. Aktda göstərilən borc məbləğinin qalığını təsdiq edirəm” qrafasındakı imza və “Cavabdeh” yazıları - Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq, təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaimələrə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən 743445.43 manat məbləğində mal satıldığı, Cavabdeh tərəfindən İddiaçı MMC-nin bank və ƏDV depozit hesabına ümumilkdə 769069.63 manat məbləğində pul vəsaitinin ödənildiyi, nəticədə 52624.16 manat məbləğində İddiaçı MMCnin fiziki şəxs Cavabdeh borcu olduğu müəyyən edilmişdir. Rəylərə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişlərdən görünür ki, hər üç ekspertiza tədqiqatının dəyəri ümumilkdə cəmi 400 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi : Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 103.1 - Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 103.2 - Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcələsi : Maddə 882.1 - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2 - Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; Maddə 882.5 - Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir; Maddə 567 - Satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 597.1 - Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; Maddə 598.1 - Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; Maddə 600.1 - Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4 - Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 460.1 - Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, Maddə 462.1 - Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2 - Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; Maddə 467 - Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq, təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə birinci instansiya məhkəməsinin əsassız olaraq razılaşmaması hissədə apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılarında qoyulmuş sualların cavablandırılması üçün ekspertlərə hesablamaların işdə olan malların təhvilqəbul aktları, elektron qaimələr, hesabdan çıxarışlar, satış qaytarma sənədləri və üzləşmə aktı nəzərə alınmaqla aparılması tapşırılsa da, hesablama yalnız elektron qaimələrə əsasən və müqavilə bağlandığı tarixdən etibarən aparılmışdır. Bundan başqa işin müəyyən olunan hallarına əsasən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar praktika belə olmuşdur ki, tərəflər mütəmadi olaraq qarşılıqlı borcların üzləşməsini aparmış, bununla bağlı “Üzləşmə Aktı” adlanan sənədləri tərtib edərək, öz aralarında təsdiq etmişlər. Bu qəbildən sonuncu üzləşmə aktı xx.xx.2021ci il tarixində tərtib olunmuş, tərəflər onu öz imzaları ilə təsdiq etmişlər. Hazırki halda ilk iddia üzrə iddiaçı pul tələbinə dair iddiasını həmin üzləşmə aktı ilə müəyyən olunan borc məbləği, sonradan verilmiş malların dəyəri və edilən ödənişin məbləği ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yalnız elektron qaimələr əsasında verilən ekspert rəyləri ilə razılaşmayaraq, tərəflər arasında artıq formalaşmış işgüzar praktikadan çıxış edərək xx.xx.2021-ci il tarixinədək yaranmış borcu, tərəflərin öz imzaları ilə təsdiq etdiyi həmin tarixli “Üzləşmə Aktı” əsasında müəyyən etməkdə tam haqlı olmuşdur. Belə ki, üzləşmə aktının digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin aktı imzalayanlar arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin təsbiti xarakterində olmasıdır. xx.xx.2021-ci il tarixindən sonra ilk iddia üzrə iddiaçı tərəfindən cəmisi 109044.01 manat dəyərində malın cavabdehə verilməsi, cavabdeh tərəfindən alınan mallara görə bank hesabları üzərindən 99320.21 manat + 24800.02 manat məbləğlərində pulların ödənilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi təhvil verilmiş malların dəyəri ilə həyata keçirilmiş ödənişlər hesablandıqda müəyyən edilir ki, Cavabdeh tərəfindən təhvil aldığı mallara görə 15076.22 manat məbləğində artıq ödəniş həyata keçirilmişdir (99320.21 + 24800.02 – 109044.01 = 15076.22). Cavabdeh tərəfindən artıq ödənilmiş məbləğ, borclu olduğu məbləğdən çıxıldıqda (625xx.xx-15076.22=47430.83), onun İddiaçı MMC-nə 47430.83 manat məbləğində borcunun olduğu müəyyən edilir. İlk iddia üzrə iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə də haqlı olmuşdur. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən nisyə alqı-satqı müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Sadalanan maddi hüququn normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından ilk iddianı yuxarıda qeyd olunan hissələrdə qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə işin faktiki hallarına uyğundur, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli e-2-2(121)-20/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-206/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-206/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver