Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-212/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-3588/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 071223 nömrəli tərəflər arasında bağlanmış müqavilənin ləğv olunması, həmin müqavilə üzrə olan 2.415.000 (iki milyon dörd yüz on beş min) rus rublu məbləğində əsas borc, 16.059.750 (on altı milyon əlli doqquz min yeddi yüz əlli) rus rublu məbləğində dəbbə borcu, ümumilikdə isə 18.474.750 (on səkkiz milyon dörd yüz yetmiş dörd min yeddi yüz əlli) rus rublu məbləğdə vəsaiti ödəmənin həyata keçirilmə zamanı mövcud olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə iddiaçıya ödənilməsi və 615 (altı yüz on beş) manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-3588/2024 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin cavabdehə təqdim edilməsinə (çatdırılmasına) dair sənəd və ya belə çatdırmanın obyektiv səbəblərdən təqdim edilməsinin (çatdırılmasının) mümkün olmamasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Yuxarıda sadalanan sənədlərin cavabdehə çatdırılmasının mümkün olmaması barədə Rusiya Federasiyasında fəaliyyət göstərən poçt daşıyıcı şirkəti tərəfindən verilmiş məlumat iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı tərəfindən yol verilmiş növbəti pozuntu iddia ərizəsinə əlavə edilmiş sənədlərin (nəzərə alınmalıdır ki, həmin sənədlərin əksəriyyəti iddia ərizəsinin məhkəmə və ərazi aidiyyətinin müəyyən edilməsi üçün zəruri sənədlərdir) mülki prosessual qanunvericiliyə və digər aidiyyəti qanunvericilik normalarına uyğun təqdim edilməməsi ilə əlaqəlidir. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə edilmiş gömrük bəyannaməsindən başqa digər sənədlər əcnəbi dildə təqdim edilmişdir. Halbuki, mülki prosessual qanununvericiliyin tələblərinə əsasən əcnəbi dildə olan sənədlərin notarial qaydada Azərbaycan dilinə tərcümə olunuş surətləri məhkəməyə təqdim edilməlidir. Məhkəmə iddia ərizəsi verilərkən yol verilmiş növbəti pozuntu halı ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdeh xarici kommersiya hüquqi şəxsi olduğuna görə onun müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olması (ləğv olunmaması) və fəaliyyət göstərdiyini müəyyən edilməlidir. İddia ərizəsinə bununla bağlı sənəd əlavə edilsə də, həmin sənəd əcnəbi dildə olmaqla yanaşı lazımi qaydada təsdiqlənməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd edilmişdir ki, yuxarıda sadalanan sənədlərin (iddia ərizəsinin və pretenziyanın) cavabdehə çatdırılmasının mümkün olmaması barədə Rusiya Federasiyasında fəaliyyət göstərən poçt daşıyıcı şirkəti tərəfindən verilmiş məlumat iddia ərizəsinə əlavə edilməmişdir. Lakin bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən həm 1-ci, həm də 2-ci dəfə iddia ərizəsi verilərkən iddia ərizəsinin və pretenziyanın cavabdehə çatdırılmasına MPM-in prosessual normalarının tələblərinə uyğun şəkildə riayət edilmiş və bununla bağlı sənəd təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə sənədləri olan iddia ərizəsinin və pretenziyanın cavabdehə çatdırılması üçün MPM-in 135-ci maddəsinin tələblərinə uyğun olaraq sifarişli poçt göndərişi (məktubu), özü də sürətli poçt rabitəsi xidməti vasitəsilə iddiaçıya da məlum olan, o cümlədən, hazırda da cavabdehin qeydiyyatda olduğu hüquqi ünvanına göndərmiş, lakin poçt göndərişinin (məktubunun) cavabdehin qeyd edilən ünvanda artıq fəaliyyət göstərməməsi səbəbi ilə çatdırılması mümkün olmamışdır. Beləliklə, iddia ərizəsinin və pretenziyanın cavabdehə çatdırılmaması iddiaçıdan asılı olmayan səbəblərdən baş vermiş və belə olan halda hazırkı vəziyyətdə iddiaçı tərəfindən iddia ərizəsinin və pretenziyanın (poçt göndərişinin) cavabdehə çatdırılması “Poçt haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən mümkün deyil. Göründüyü kimi, sadalanan sənədlərin (iddia ərizəsinin və pretenziyanın) cavabdehə çatdırılmasının mümkün olmaması barədə Rusiya Federasiyasında fəaliyyət göstərən poçt daşıyıcı şirkəti tərəfindən verilmiş məlumatın iddia ərizəsinə əlavə edildiyini eləcə də təqdim edilən sözügedən sənəd belə çatdırmanın obyektiv səbəblərdən təqdim edilməsinin (çatdırılmasının) mümkün olmamasını təsdiq edir. Belə ki, iddiaçı sözügedən əcnəbi dildə olan sənədlərin Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətlərini məhkəməyə o vaxt təqdim etməlidir ki, məhkəmənin də sadaladığı MPM-in 89.1, 89.2, 89.3-cü maddələrinin tələbləri baxımdan işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmur və məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Eyni zamanda sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməlidir. İddiaçı da verdiyi iddia ərizəsində MPMin 149.2-ci maddəsində sadalananları (məzmunu) hamısını göstərmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və həmin şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını yazılı icraat qaydasında nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-3588/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan əsaslara görə birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarılması ilə bağlı hazırkı mövqeyi ilə razıdır və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsini aşkar etmir. Kollegiya qeyd edir ki, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxa bilməz və iddiaçının şikayətində qeyd etdikləri formal dəlillərdən ibarət olub mövcud qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 11.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. MPM-in 89.1, 89.2 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. MPM-nin 149.2.2-ci maddəsinə görə iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.4-cü maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya həmçinin diqqətə çatdırır ki, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin qanunla müəyyən edilən beynəlxalq səlahiyyətinin prosessual əsasları yalnız MPM-lə tənzimlənir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023cü il (№ 15/2023) qərarının 1.6-cı bəndinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. Məhkəmə kollegiyası eyni zamanda diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-3588/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-212/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-212/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver