Məhkəmə qərarları › İş №2-2(106)-213/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-213/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-213/2025 25.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pambıq alqı-satqı müqavilələri üzrə mübahisələr Şirvan şəhəri, 25 sentyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X11, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin (hazırkı adı "xxxx" MMC) nümayəndəsi X9, Cavabdeh və onun nümayəndəsi (oğlu) X8 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2-2(121)-795/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək əsas borca görə 4331,52 manat, hesablanmış cəriməyə görə 1736,94 manat və ödənilmiş dövlət rüsumuna görə 80,68 manat olmaqla, cəmi 6149,14 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 23 *** **** saylı 2023- cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 1 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 6826,22 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 4331,52 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1736,94 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçı MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş aktda qeyd olunan yağan yağışlar nəticəsində cavabdehə məxsus pampıq sahəsinin məhv olması halını fors major hal hesab etmir. Sığorta şirkəti də, sığorta ödənişi etməkdən imtina etmişdir. Həmin sığorta müqaviləsi üç tərəfli olmuş, lakin hadisədən öncə yaxud sonra bağlanması ilə bağlı onda məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən işlər görülsə də, əkdiyi sahədə güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış, nəticədə isə əkdiyi pambıq sahəsi məhv olmuş, bununla bağlı iddiaçı tərəfindən həmin yerə baxış keçirilib akt tərtib edilmişdir. O, sığorta ödənişi etmişdir. Lakin, sığorta şirkəti sığorta ödənişi etməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2-2(121)-795/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-795/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Belə ki, mülki məhkəmə icraatı zamanı təqdiq edilmiş sübutların məcmusundan görünür ki, cavabdehə məxsus əkin sahəsinə yağan güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış və sahəyə səpilmiş çiyid toxumalarını və cücərtiləri məhv etmişdir. Məhkəmə yalnız akta istinad etmişdir hansı ki, 3 nəfər şəxsin tərtib etdiyi həmin akt mötəbər sübut sayılmamalı, yağıntının yağmasını sübut edəcək olan Azərbaycan Respublikası Ekologiya ve Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Hidrometeroiogiya proqnozlar bürosunun verəcəyi sənəd əsasında həmin əraziyə yağan yağıntının həqiqətən də yağıb-yağmaması müəyyən edilməli idi, hansı ki, o sənəd də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməli idi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etmiş, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişlər ki, əkdikləri pambıq sahəsinin bir hissəsi 2023-cü ilin may ayının 03 və14-də yağan yağış sularının yağması nəticəsində qurunt sularının üzə çıxması və beləliklə də sahənin bir hissəsində toxum və cücərtilərin tamamilə məhv olması ilə nəticələnmişdir. Sahənin məhv olmayan digər hissəsindən pamıq tədarük edilərək iddiaçıya təhvil verilsə də digər hissəsindən məhsul əldə edə bilməmişlər. Yağış yağması və qurunt sularının üzə çıxması fakti iddiaçının səlahiyyətli nümayəndəsinin də iştirakı ilə tərtib edilmiş Aktla sübut olunur. Bununla bağlı Milli Hidrometerologiya Xidmətinin Hidrometeroiogiya proqnozlar bürosunun verəcəyi sənədə ehtiyac yoxdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı "xxxx" MMC Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 795/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, İddiaçı “MKT-Beyləqan” filialı ilə (“Alıcı”) və Cavabdeh (“satıcı”) arasında bağlanmış 23 *** **** saylı, xx.xx.2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair Müqavilənin: - 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir; -2.1.2-ci bəndinə əsasən, “Satıcı” 1,00 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıq təmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və Alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd qiymətlərlə Alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilir; -2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; -2.1.5-ci bəndinə əsasən, Satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür; -4.2-ci bəndinə əsasən, Satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0.1% həcmdə Alıcıya cərimə ödəyir. -5.1-ci bəndinə əsasən, Fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. -5.2-ci bəndinə əsasən, Fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. -6.5-ci bəndinə əsasən pampıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyət satıcının üzərinə düşür. İddiaçı “MKT-İmişli” filialı ilə X5 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 23 *** **** saylı, 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan iş aktları və qaimələr üzrə İddiaçı “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 *** **** saylı müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdehnın sahəsinə müvafiq xidmətlər göstərilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan (2434,50 manat), xidmət aktlarından (1263,46 manat), qaimələrdən (2688,18 manat) və çıxarışdan görünür ki, İddiaçı “MKT-Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23 *** **** saylı müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən Cavabdeh avans olaraq ümumilikdə 6826,22 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, cavabdehin qalıq borc 4331,52 manat təşkil etmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı tərəfindən 23 *** **** nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh 4331,52 manat məbləğində əsas, 1736,94 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, akt tərtibatında iştirak edən komisiyya üzvləri: Beyləqan DAİM-in aparıcı məsləhətçisi X2, MKT-İK-MMC-nin Beyləqan filialının istehsalat şöbəsinin müdiri X6 iştirakları ilə həmin aktı tərtib etmişlər ondan ötrü ki, aparılmış araşdırılmadan məlum olmuşdur ki, Beyləqan rayonu, Allahyarlı kənd sakini Cavabdeh 8 hektar sahədə MKT-İK-MMC ilə müqavilə bağlayaraq şirkətin nümayəndələrinin iştriakı ilə əraziyə baxış keçirilmiş və pambıq səpini aparılmışdır. Bundan 7 hektarı Allahyarlı Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində 1.0 hektarı isə mülkiyyətində olan torpaq sahəsində əkilmişdir. Bütün aqrotexniki qaydalara əməl olunmasına baxmayaraq 1.0 hektarda normal bitiş alınmış 7 hektarda isə bitiş alınmamışdır. May ayının 3-də və 14-də yağan güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış və sahəyə səpilmiş çiyid toxumalarını və cücərtiləri məhv etmişdir. Sahədə qurunt suları çəkilmədiyindən yenidən həmin sahədə təkrar çiyid səpini aparılması məqsədə uyğun deyildir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Aqrar Sığorta Fondunun “sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında” sənədin surətindən görünür ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan pambıq sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən siğorta ödənişlərinin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılır ki, hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli qərarı ilə təsdiq edilmiş, “Aqrar Sığorta qaydaları”nın (bundan sonra-qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün idarəedici qrum tərəfindən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəyə əsasən zərər dəymiş əraziyə baxış keçirilmiş. Cavabdeh məxsus sahələr Sığorta təminatı verilən risklər üzrə zərər dəyməsi müəyyən edilməmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən Sığorta ödənişinin birbaşa sığorta ilə və ya digər faydalanan şəxslə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbarı sığorta qanunlarına və ya sığorta şəhadətnaməsinin sığorta risklərin bölməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edilir. Qaydalarının 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Yuxarda qeyd olunanlara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS- **********-AS saylı sığorta şəhadətnaməsi əsasında sığortalanan pambıq sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən siğorta ödənişlərinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X4 xəbərdarlıq edilmişdir. **********28 nömrəli qəbzən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 80,68 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı rədd etmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili məhkəmənin yağış yağması ilə bağlı yalnız tərtib edilmiş akta istinad etməsindən ibarətdir. Qeyd edilmişdir ki, 3 nəfər şəxsin tərtib etdiyi həmin akt mötəbər sübut sayılmamalı, yağıntının yağmasını sübut edəcək olan Azərbaycan Respublikası Ekologiya ve Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Hidrometeroiogiya proqnozlar bürosunun verəcəyi sənəd əsasında həmin əraziyə yağan yağıntının həqiqətən də yağıb-yağmaması müəyyən edilməli idi. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, akt tərtibatında iştirak edən komisiyya üzvləri: Beyləqan DAİM-in aparıcı məsləhətçisi X2, MKT-İK-MMC-nin Beyləqan filialının istehsalat şöbəsinin müdiri X6 iştirakları ilə həmin aktı tərtib etmişlər ondan ötrü ki, aparılmış araşdırılmadan məlum olmuşdur ki, Beyləqan rayonu, Allahyarlı kənd sakini Cavabdeh 8 hektar sahədə MKT-İK-MMC ilə müqavilə bağlayaraq şirkətin nümayəndələrinin iştriakı ilə əraziyə baxış keçirilmiş və pambıq səpini aparılmışdır. Bundan 7 hektarı Allahyarlı Bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində 1.0 hektarı isə mülkiyyətində olan torpaq sahəsində əkilmişdir. Bütün aqrotexniki qaydalara əməl olunmasına baxmayaraq 1.0 hektarda normal bitiş alınmış 7 hektarda isə bitiş alınmamışdır. May ayının 3-də və 14-də yağan güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış və sahəyə səpilmiş çiyid toxumalarını və cücərtiləri məhv etmişdir. Sahədə qurunt suları çəkilmədiyindən yenidən həmin sahədə təkrar çiyid səpini aparılması məqsədə uyğun deyildir. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi 2023-cü ilin may ayının 3 və 14 yağış yağması tərtib edilmiş Aktla sübut olunur. Həmin akt iddiaçının nümayəndəsi - MKT-İK-MMC-nin Beyləqan filialının istehsalat şöbəsinin müdiri X6 iştirakı ilə tərtib edilmiş və iddiaçının nümayəndəsi faktı təsdiq etmişdir. Belə olduğu halda Azərbaycan Respublikası Ekologiya ve Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Hidrometeroiogiya proqnozlar bürosundan müvafiq arayışın alınmasına zərurət yoxdur. Əgər belə bir sənədə zərurət var idisə bu sənədi təqdim etmək vəzifəsi iddiaçıya məxsus olmalı idi. Lakin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə 2023-cü ilin may ayının 3 və 14-ü tarixlərində həmin əraziyə yağış yağmaması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, cavabdehə məxsus pambıq sahəsi yağan güclü yağışlar nəticəsində qurunt suları torpağın üzərinə çıxmış və sahəyə səpilmiş çiyid toxumalarını və cücərtiləri məhv etmiş, bu isə, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icrasını ondan asılı olmayan səbəblərdən qeyri-mümkün etmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabehdən sonuncu ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etməkdə haqlı olmamışdır. Hava şəraitinin kəskin pisləşməsi nəticəsində güclü yağış yağması və ya dolunun düşməsi fövqəladə təbiət hadisəsi kimi qiymətləndirilməlidir. Bu xüsusiyyətlərinə görə həmin hadisələr hüquqi mənada qarşısıalınmaz qüvvə kimi xarakterizə edilir. Belə hadisənin baş verməsi isə borclunun öz öhdəliyini icra etməsini mümkünsüz edir. Bu hal, yəni icranın mümkünsüzlüyü isə mülki qanunvericilikdə (MM 556. Maddə) öhdəliyin xitamının əsaslarından biri kimi, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndində fors major hal olaraq nəzərdə tutulmuşdur. Bundan başqa, müqavilənin 6.5-ci bəndində pampıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyətin “Satıcı”nın üzərinə qoyulması, Mülki Məcəllənin 556-cı maddəsinin, həmçinin müqavilənin 5-ci bəndinin tətbiqini istisna edən müddəa olaraq təfsir edilə bilməz. Ona görə ki, əksi yanaşma İcra mümkün olmadığına görə öhdəliyin xitamını nəzərdə tutan Mülki Məcəllənin 556-cı maddəsinə zidd olmaqla yanaşı, müqavilədə 5-ci bəndin nəzərdə tutulmasını mənasız edərdi. Bu isə, müqavilə tərəflərin həqiqi iradə ifadəsinə arzuladıqları hüquqi nəticələrə uyğun gəlmir. Təsadüfi deyildir ki, mülki qanunvericiliyin tələbinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Birinci instansiya Məhkəməsi izah etmişdir ki, icra mümkünsüzlüyünə səbəb olan hadisənin baş verdiyi hallarda, cavabdehin müqavilənin 6.5-ci bəndinə müvafiq olaraq pampıq sahəsini təqsirli olaraq təbii fəlakətlərdən sığortalamaması müəyyən olunarsa, bu hal, iddiaçıya dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ verə bilər. Lakin, Mülki Məcəllənin 556-cı maddəsinin tətbiqini istisna etməz. Ona görə ki, qeyd olunan maddə imperativ normadır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Görünür ki, hazırkı iş üzrə iddianın qiyməti 10000 manatdan çıx deyil, ona görə də hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2-2(121)-795/2025 saylı qətnaməsi İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar