Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-22/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Kompleksi” MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-22/2025 Açar sözlər: Xam pambığın alqı-satqı müqaviləsi üzrə borc tələbi X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, (Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak etmişdir.) İddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim E.Abdullayev) 08 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-611/2024 saylı qətnaməsindən iddiaçı “X5 Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, Kollegiya aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “X5 Kompleksi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 9450 manat, hesablanmış cərimə borcuna görə 1890 manat və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 11540 manat pulun cavabdehdən alınaraq “X5 Kompleksi” MMC-yə verilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində (İddiaçı) “X5 Kompleksi” MMC, tədarükçü qismində “X5 Kompleksi” MMC-nin” X6 və Emal Zavodu” filialı və fermer Cavabdeh bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 045 saylı xampambığın alqı-satqı müqaviləsinə əsəsən Cavabdeh öhdəsində olan 30,0 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 29047 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin Cavabdeh yaranmış borcdan 19596 manat ödəniş etmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 045 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 9450 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1890 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 14930 kq; Verilməmişdir: (14930 kq) = 9450 manat х 20% =1890 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı ilə müqavilə bağlasa da həmin müqavilə çərçivəsində ona heç bir aqrotexniki xidmət göstərilmədiyi bildirdi. Bundan əlavə, o, izahatında 15 aprel 2022-ci il tarixli üzləşmə aktını imzalamadığını qeyd edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Şirvan Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-611/2024 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat iddiaçı “X5 Kompleksi” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı “X5 Kompleksi” MMC apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-611/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsinini tamamilə ləğv edilərək, iş üzrə iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspertiza təqdim edilmiş üzləşmə aktındakı imzanın cavabdehə məxsus olmadığını təsdiq etsə də, məhkəmə tərəflər arasında mövcud olan müqavilə münasibətlərinin nədən ibarət olduğunu və bu müqavilə üzrə hansı öhdəliklərin icra edildiyini araşdırmamışdır. Halbuki, aralarında olan müqaviləyə əsasən Cəmiyyətləri tərəfindən cavabdehin bank hesabına avans vəsaitlər köçürülmüş, həmçinin cavabdehə toxum, gübrə, dərman kimi mallar təhvil verilmiş və cavabdehə məxsus pambıq əkini üçün sahədə müxtəlif xidmətlər icra edilmişdir. Cavabdeh isə məhkəmə iclaslarında aralarında olan münasibətləri təkzib etməmiş, yalnız ona məxsus əkin sahəsində tərəflərindən hər hansı aqrotexniki xidmətlərin icra edilmədiyini iddia etmişdir. Bununla da, cavabdehin bank kartına köçürmüş olduqları 22620,00 manat pul vəsaiti və 3532,25 manat məbləğində mal-materialların (toxumluq çiyid, azot, dərman preparatları) qarşılığında yaranmış borc cavabdeh tərəfindən təkzib olunmamış, əksinə, yaranmış borcdan müəyyən ödənişlər edildiyi bildirilmişdir. Halbuki, məhkəmə bu məqamı araşdırsaydı, məhkəmənin gəldiyi yekun nəticə fərqli olmalı idi. Eyni zamanda göstərmişlər ki, yaranmış borc ilə bağlı cavabdeh Abbasov X3 Aqrar Sənaye Kompleksi” MMC-nin hesabına 2023-cü il müddətində ayrı-ayrı tarixlərdə ümumilikdə 1000 manat ödənişlər etmişdir, bu isə borcun etirafı kimi qiymətləndirilməlidir. (qəbzlər təqdim olunur). Bütün bunları nəzərə alaraq, hesab edirlər ki, iddiaları tam əsaslıdır və bu səbəbdən təmin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 045 saylı pambığı alqı-satqı müqaviləsinə əsasən ona nəqd vəsait, dərman, gübrə, çiyid və sair xidmətlər göstərilməklə ona cəmi 29047 manatlıq pul vəsaiti verilmişdir. Bunun müqabilində X5 Kompleksi” MMCnə təxminən 17504 manatlıq pambıq təhvil vermişdir. O yuxarıda qeyd edilənlərlə bağlı yazılı ərizəsini Kollegiyaya təqdim etmişdir. Həmçinin ona ünvanlanan suallara cavabında iddia tələbində göstərilən və iddiaçıya borclu olduğu 9450 manat borcu qəbul etdiyini göstərmişdir. Cavabdeh kollegiyanın sonuncu iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, qətnamənin ləğv edərək iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməyərək əsassız qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləği üçün əsas və buna görə də qətnamə ləğv edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X5 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “2021- ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 045 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 30 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”ndan görünür ki, xx.xx.2021-ci il tarixli, 045 nömrəli birgə fəaliyyət və məhsulun alqı-satqısı haqqında müqavilə üzrə xx.xx.2022-ci il tarixə fermer Cavabdeh 10.650,47 manat borcunun olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 4/952 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, işin 24-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”nın kserosurətinin aşağı hissəsində “5.Fermer (Müqaviləçi)” qrafasında “Cavabdeh” yazılarının qarşısında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçı bəhsi keçən iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. İddiaçı qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlilləri ondan ibarətdir ki, aralarında olan müqaviləyə əsasən Cəmiyyətləri tərəfindən cavabdehin bank hesabına avans vəsaitlər köçürülmüş, həmçinin cavabdehə toxum, gübrə, dərman kimi mallar təhvil verilmiş və cavabdehə məxsus pambıq əkini üçün sahədə müxtəlif xidmətlər icra edilmişdir. Cavabdeh isə məhkəmə iclaslarında aralarında olan münasibətləri təkzib etməmiş, yalnız ona məxsus əkin sahəsində tərəflərindən hər hansı aqrotexniki xidmətlərin icra edilmədiyini iddia etmişdir. Bununla da, cavabdehin bank kartına köçürmüş olduqları 22620,00 manat pul vəsaiti və 3532,25 manat məbləğində malmaterialların (toxumluq çiyid, azot, dərman preparatları) qarşılığında yaranmış borc cavabdeh tərəfindən təkzib olunmamış, əksinə, yaranmış borcdan müəyyən ödənişlər edildiyi bildirilmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, iddiaçı ilə onun arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli, 045 saylı pambığı alqı-satqı müqaviləsinə əsasən ona nəqd vəsait, dərman, gübrə, çiyid və sair xidmətlər göstərilməklə ona cəmi 29047 manatlıq pul vəsaiti verilmişdir. Bunun müqabilində X5 Kompleksi” MMC-nə təxminən 17504 manatlıq pambıq təhvil vermişdir. O yuxarıda qeyd edilənlərlə bağlı yazılı ərizəsini Kollegiyaya təqdim etmişdir. Həmçinin ona ünvanlanan suallara cavabında iddia tələbində göstərilən və iddiaçıya borclu olduğu 9450 manat borcu qəbul etdiyini göstərmişdir. Göründüyü kimi cavabdeh Kollegiyanın iclasında iddiaçı tərəfindən ona 29047 manat məbləğində xidmətlərin göstərildiyini qəbul etmiş və bunun müqabilində X5 Kompleksi” MMC-nə təxminən 17504 manatlıq pambıq təhvil verdiyini göstərmişdir. Belə olduqda cavabdehin iddiaçıya (29047-17504=11543) 11543 manat borcu yaranır ki, bu da iddiaçının iddia tələbində göstərilmiş 9450 manat əsas borcdan çoxdur. Buna görə də iddianın iddia tələbində göstərilmiş əsas borca münasibətdə 9450 manat məbləğində təmin edilməsi qənaətinə gəlir. Bundan başqa tələbdən müəyyən edilir ki, iddiaçı cərimə borcuna görə 1890 manat tələb edir. Kollegiya hesab edir ki, 1890 manat cərimə borcu tənasübsüz olaraq artıq hesablanmışdır və qeyd edir ki, bu məbləğ 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda şərh edilənlərə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(121)- 611/2024 saylı qətnaməsi ləğv edilməli, Cavabdeh 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu, cəmi 9550 manat məbləğində pul vəsaiti və 200 manat məbləğində mediasiya xərci alınaraq “X5 Kompleksi” MMC-yə ödənilməli, iddianın qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox deyil, buna görə də hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı X5 Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-611/2024 saylı qətnaməsi ləğv edilsin. Cavabdeh 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu, cəmi 9550 manat məbləğində pul vəsaiti və 200 manat məbləğində mediasiya xərci alınaraq “X5 Kompleksi” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-22/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-22/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver