Məhkəmə qərarları › İş №2-2(106)-236/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-236/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-236/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli 2-2(121)-1429/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 25 iyun 2024-cü il il tarixli müqaviləyə əsasən ödənilməli olan 12920 manat məbləğində qalıq borcun, ödənilmiş 128.76 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan təhvil aldığı mallar müqabilində yaranmış qalıq borcunu ödəmədiyindən tərəflər arasında kommersiya mübahisəsi yaranmışdır. Müxtəlif tarixlərdə tərtib edilmiş təhvil-təslim aktlarından da görünür ki, cavabdeh ümumi dəyəri 12920 manat olan məhsulu təhvil almışdır. Lakin bu günədək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, əldə etdiyi məhsulların dəyərini ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə cavabdehin hüquqi ünvanına bildiriş göndərilmişdir. İddiaçı MMC sonradan məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini (ƏDV daxil) 10940 manat məbləğində müdafiə edərək və bu məbləğdə iddianın təmin edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli 2-2(121)-1429/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 425.1, 445.2.1, 448.1, 567, 598.1 və 600.1-ci maddələrində istinadla hesab etmişdir ki, tərəflər arasında etibarlı alğısatqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Müqavilədən göründüyü kimi, iddiaçı həmin müqavilədə müəyyən edilmiş şərtlər əsasında malları verməyi, cavabdeh isə həmin malları qəbul etməyi və müəyyən edilmiş məbləği mallar çatdırılmazdan əvvəl müvafiq ödəniş sənədi (elektron qaimə, hesab faktura, və s.) əsasında, həmin ödəniş sənədinin təqdim olunduğu andan 5 iş günü ərzində iddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öhdələrinə götürmüşlər. İddianın əsasını, müqavilə üzrə “Satıcı”ya aid öhdəliklərin lazımınca yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, alğısatqı müqaviləsi tələb olunan borcun ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İddiaçı öz tələbinin əsasını qanunauyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə alğı-satqı müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. İŞİNHALLARİ: İddiaçı MMC (Satıcı) və Cavabdeh MMC (Alıcı) arasında xx.xx.2024-cü il tarixli 25062024/5553 nömrəli alqı-satqı müqaviləsinin bağlanmışdır. Həmin müqavilənin tələbinə görə: 1.2. Bu Müqavilə üzrə Malların növü (modeli), çeşidi, miqdarı, qiyməti və s. məlumatlar Tərəflər arasında imzalanmış və bu Müqavilənin ayrılmaz tərkib hissələri sayılan əlavələrlə (qiymət razılaşma protokolları və s.) müəyyən olunur; 2.1. Bu müqavilənin predmetinə uyğun olaraq alınan Malların qiyməti əlavələr (qiymətlərin razılaşma protokol(lar)ı və s.) ilə müəyyənləşdirilir. 2.2. Ödəniş Mallar çatdırılmazdan əvvəl müvafiq ödəniş sənədi (elektron qaimə, hesab faktura, və s.) əsasında həmin ödəniş sənədinin təqdim olunduğu andan 5 (beş) iş günü ərzində Alıcı tərəfindən Satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 2.3. Ödəniş günü ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsi Mal(lar)ın təqdim edildiyi günün məzənnəsinə nisbətdə 5%-dən (beş faiz) çox artarsa, ödəniş, onun icra edildiyi gün üçün mövcud olan artım faizi Mal(lar)ın məbləğinin üzərinə əlavə edilməklə həyata keçirilməlidir; 3.1. Mallar ödənişdən sonra əlavələrdə göstərilən müddət (belə müddət göstərilməyibsə, poçt, elektron poçt və/və ya qiymət razılaşma protokollarının imzalanması vasitəsilə yazılı sifarişin verildiyi tarixdən 5 təqvim günü) ərzində Satıcı tərəfindən Alıcıya təhvil verilir. 3.2. Malların təhvil verilməsi hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaları və Tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. 3.2.1 Bu Müqavilənin şərtlərinə uyğun olaraq təqdim edilmiş Mallara görə ödənişləri tam həcmdə və zamanında həyata keçirmək; 3.3.1 Mallara mülkiyyət hüququ və Mallarla əlaqədar olan bütün risklər Mallar Alıcıya təhvil verildikdən sonra Satıcıdan Alıcıya keçir. 11. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna görə 9150 manat (ƏDV daxil)dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Qiymətlərin razılaşdırılması protokolundan və İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, 9150 manat (ƏDV daxil) dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli sifariş qəbzlərindən görünür ki, ümumilikdə 10940 manat məbləğində mallar cavabdehin sifarişinə uyğun olaraq iddiaçı tərəfindən təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli MT2411 10692241 nömrəli 1550,08 manat, xx.xx.2024-cü il tarixli MT2408 11148877 nömrəli 80,04 manat, xx.xx.2024-cü il tarixli MT2407 11435782 nömrəli 80,04, xx.xx.2024-cü il tarixli MT2407 10796311 nömrəli 160,08 manat, xx.xx.2024-cü il tarixli MT2407 10725037 nömrəli 690,05 manat, xx.xx.2024-cü il tarixli MT2406 11625890 nömrəli 1289,99 manat və xx.xx.2024-cü il tarixli MT2406 11452079 nömrəli 9150,32 manat olmaqla, cəmi 13000,6 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan 10940 manat dəyərində mallar təhvil alınmış, lakin müxtəlif səbəblərdən tam ödəniş edilməmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsi Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bununla da, layihə üzrə çalışan işçilərin əmək haqqı olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur. Bu səbəbdən də, tərəflər arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılaraq edilmişdir. Lakin Cavabdeh MMC-yə İddiaçı MMC-nin təqsiri nəticəsində dəymiş zərərə baxmayaraq, ödənişi tam olaraq tələb etməkdədir. Məhkəmə tərəfindən qeyd edilən hüquq norması tətbiq edilməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, öhdəliyin icrası cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Buna görə də, cavabdehin üzərinə hər hansı faiz və ya dəbbə pulu kimi əlavə borcların tətbiq edilməsi tamamilə əsassız və qanunsuzdur. Yuxarıda qeyd edildiyi kimi, müqavilə üzrə ödənişlərin gecikdirilməsi Cavabdeh MMC-dən asılı olan və ya əvvəlcədən baş verməsini görə biləcəyi səbəblərdən olmamışdır. Belə ki, gecikdirmə Cavabdeh MMC-nin icra etdiyi əsas layihə üzrə ödənişləri vaxtında almaması nəticəsində baş vermişdir. Məhkəmə tərəfindən borcun varlığının sübutu olaraq İddiaçı MMC-nin özü tərəfindən tərtib edilmiş və özü tərəfindən imzalanaraq təsdiq edilmiş maliyyə arayışı dəyərləndirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmədə izahat verərək, apellyasiya şikayətini qəbul etmədiyini və onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdeh apellyasiya şikayəti verməklə işin baxılmasının uzadılmasına nail olmaq məqsədi güdür. Həmçinin cavabdehə müqavilə ilə nəzərdə tutulmuş məhsullar daha əvvəldən – ödəniş edilməmişdən öncə verilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Məhkəmənin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə tərkibi Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. TƏTBİQ EDİLƏN QANUNVERİCİLİK NORMALARİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları və iş üzrə toplanmış materialları araşdıraraq müəyyən etmişdir ki, iddiaçının tələbi əsaslıdır, bu tələbin təmin olunması üçün yetərli hüquqi və faktiki əsaslar mövcuddur. Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə tərkibi iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə görə layihənin icrası ləngimələrlə üzləşmiş və icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Beləcə, müqavilə üzrə təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamış, İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuş və nəticədə Cavabdeh MMC-yə zərər dəymişdir. Ancaq məhkəmə tərəfindən qeyd edilən hüquq norması tətbiq edilməmişdir ki, nəticədə iş üzrə qanunsuz qətnamə çıxarılmışdır. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində onu da göstərmişdir ki, iddiaçıdan 10940 manat dəyərində mallar təhvil alınmış, lakin tam ödəniş edilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi onu diqqətdən qaçırmamışdır ki, İddiaçı MMC sonradan məhkəmə baxışında – 19 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş materiallarında olan və təqdim etdikləri sifariş qəbzlərinə (təhvil-təslim sənədlərinə) əsasən Cavabdeh MMC 10940 manat dəyərində olan malları təhvil almışdır. Bu məbləğə uyğun elektron qaimə-fakturalar iş materiallarında vardır. Buna görə də, hazırda iddia tələbini ƏDV daxil 10940 manat məbləğində müdafiə edərək və bu məbləğdə iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də məhz həmin tələb üzrə qətnamə qəbul edilmişdir. Qeyd edilməlidir ki, mülki prosesin prinsipləri sırasında dispozitivlik prinsipi xüsusi yer tutur. Adıçəkilən prinsip işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Həmin prinsipə görə hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Yəni proses yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu zaman məhkəmə tərkibi diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının “L.İ.Binnətovanın şikayəti üzrə” 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Habelə “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. ikincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Nəzərə çatdırılmalıdır ki, MPM-in 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ancaq buna rəğmən məhkəmə tərkibi yeni (azaldılmış) tələb üzrə qətnamənin çıxarılması hazırkı halda onun ləğvi üçün əsas sayıla bilməz. Bu ilk öncə, dispozitivlik prinsipi baxımından doğru olmazdı. Çünki, iddiaçı öz ərizəsində iddia tələbinin həcmini azaltmış, apellyasiya şikayəti isə cavabdeh tərəfindən verilmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Beləliklə, göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in qeyd edilən normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli 2-2(121)-1429/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar