Məhkəmə qərarları › İş №2-2(106)-237/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-237/2025

09.10.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-237/2025 09.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi Şirvan şəhəri, 09 oktyabr 2025-ci il X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(121)-2800/2025 saylı qətnaməsindən (hakim Namidar Misirzadə) Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna 418,54 manat, dövlət büdcəsinə 1.712,41 manat, İcbari Tibbi Sığorta Fonduna 110,69 manat olmaqla, ümumilikdə 2.241,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2025-ci il tarixə 2.241,64 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçi ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(121)-2800/2025 saylı qətnaməsi ilə Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin - Dövlət Sosial Müdafiə Fonduna 418,54 manat, dövlət büdcəsinə 1.712,41 manat, İcbari Tibbi Sığorta Fonduna 110,69 manat olmaqla, ümumilikdə 2.241,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin rədd edilməsinin əsası kimi vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlərin görməsi etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlərin görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılmasıməqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s. kimi əsaslara istinad edərək ərizəni təmin etməmişdir. Məhkəmənin vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üsullarından biri kimi, tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi və onlardan vəsaitin çatışmamazlığına dair cavablar alınması hissəsinə münasibətdə bildiririk ki, vergi orqanı bunula bağlı qanunamüvafiq tədbirlər görmüşdür. Belə ki, Vergi orqanı vergi ödəyicisinin aidiyyəti bank hesablarına alınmalı sərəncam göndərmiş və iş materiallarına da bununla əlaqədar alınmalı sərəncam sübut kimi əlavə etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən ərizəçinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış maraqlı şəxs məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçiyə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər “Avropa İnsan hüquqları Konvensiyası” 4 nömrəli Protokolunun 2-ci maddəsinə əsasən Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs:Battista İtaliyaya qarşı (battista v.İtlaly), №43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013) №28975/05 2013-cü il 11 iyul tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə əasasən, müdaxilə “təcili ictimai ehtiyyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakmiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüuqu arasında ədalətli tarazlığın olub olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4.-cü maddəsinə əsasən Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.” Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vəzifələri vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.8-ci, 23.1.15-1-ci və 23.1.15-3- cü maddələrinə əsasən vergi orqanının qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Məcəllənin 24.1.1-ci, 24.1.2-ci, 24.1.2-1-ci maddələrinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyici olan Maraqlı şəxs borc(ları)u vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmənin məktubu ilə hazırkı iş üzrə ərizəçi olan vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmadığı ərizəçinin nəzərinə çatdırılmış və ərizəçidən iş üzrə zərurət yarandığından, maraqlı şəxs barədə vergi orqanı tərəfindən borcun ödənilməsi üçün görülən tədbirlər barədə, eləcə də vergi ödəyicisinin aktivlərinin müəyyən edilməsi üçün görülən tədbirlərin nəticəsi barədə qısa müddət ərzində məhkəməyə məlumat verməsi təklif olunmuş, lakin ərizəçi tərəfindən hər hanı bir məlumat məhkəməyə təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin mülkiyyətində buraxılışı 1991-ci il olan “Mercedes Benz 230” markalı əmlak(lar)ının olduğu görünür. Göründüyü kimi, vergi ödəyicis(lər)i öhdəliy(klər)ini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiy(klər)indən, hesablanmış borcların ödənilməsini təmin etmək üçün ərizəçi - Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə və Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə müvafiq olaraq, on(ların)un (icra orqanının rəhbərinin) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, maraqlı şəxsin vergi borcunun ödənilməsi üçün görülən tədbirlər qanuni olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Hazırda borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur və bu Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsində nəzərdə tutulsa da, maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olması və vergi orqanı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi barədə məhkəmənin təklifinə müsbət cavab verilməməsi, onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Ona görə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki vəziyyətdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib deyil. Belə ki, gözlənilən nəticə maraqlı şəxsin dövlət büdcəsinə olan öhdəlikləri tam yerinə yetirilməsidir və bu nəticəyə vergi orqanının qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək hüquqlarından istifadə etməklə nail olmaq mümkündür. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, No 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu hala həddindən artıq əhəmiyyət verirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, vergi borcunun ödənilməsinin təmin edilməsi üçün mümkün olan ilkin tədbirlər görülmədən maraqlı şəxsin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi dövlətin əsas prinsipi olan mütənasiblik prinsipinə ziddir. Buna görə də, ərizə rədd edilmişdir. Qətnamədən ərizəçi narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmənin vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üsullarından biri kimi, tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi və onlardan vəsaitin çatışmamazlığına dair cavablar alınmasından və bununla bağlı vergi orqanının qanunamüvafiq tədbirlər görməsi, bununla bağlı sübutların iş materiallarına əlavə etməsindən ibarətdir. Vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi istiqanətində müvafiq tədbirlər görməsi və bununla bağlı məhkəməyə müvafiq sübutlar əlavə etməsini qeyd etsə də işdən görünür ki, maraqlı şəxsin mülkiyyətində buraxılışı 1991-ci il olan “Mercedes Benz 230” markalı nəqliyyat vasitəsi vardır. Lakin ərizəçi məhkəməyədək həmin əmlakların siyahıya alınması və yaxud da vergi borcunun həmin əmlaklar hesabına ödənilməsi ilə bağlı hər hansı tədbirlər görməsi iş materialları ilə müəyyən edilmir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ərizəçinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, e-2-2(121)- 2800/2025 saylı qətnaməsi Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar