Məhkəmə qərarları › İş №2-2(106)-238/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-238/2025

22.10.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-238/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2-2(121)-2820/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizə ilə X1 müraciət edərək, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2118,83 manat, İcbari Tibbi Sığorta Fonduna 17,73 manat, "xxxx" MMC-nin İşsizlikdən Sığorta Fonduna 159,81 manat, İcbari Tibbi Sığorta Fonduna 639,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 3953,19 manat olmaqla, ümumilikdə 6888,79 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un xx.xx.2025-ci il tarixə 6888,79 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2-2(121)-2820/2025 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. Birinci instansiya Məhkəməsi Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində istinadla hesab etmişdir ki, vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək ləğv olunması, yeni qətnamə ilə ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin rədd edilməsinin əsası kimi qətnaməsində maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olması və vergi orqanı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hər-hansı tədbirlər görülmədiyini və ona görə də maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmamasını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər barədə məlumatın əlavə edilməməsi, onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmır və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(121)-2820/2025 nömrəli qətnaməsini əsassız hesab edir. Məhkəmə ərizəni təmin etməməklə Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə dəlil kimi qeyd edir ki, hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur (Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması nəzərdə tutulmuş qaydalar). Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanının vergi ödəyicisinin öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulları göstərilmişdir. Həmin üsullara vergi ödəyicisi fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakın, habelə daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması üçün məhkəməyə müraciət etmək nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan hansından istifadə edib-etməmək isə vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Mövcud praktikada isə yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmələrə verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmə hüququnun məhdudlaşdırılmasıdır. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə vergi orqanına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmiş, vergi orqanının qeyd edilən hüquqlardan istifadə hüququnu pozmuşdur. Məhkəmənin vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər barədə məlumatın verilməməsi dəlili ilə bağlı qeyd edirik ki, vergi orqanı tərəfindən görülmüş tədbirlər barədə sənədlər ərizəyə əlavə edilərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Belə ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən göndərilmiş bildirişlər, müvafiq banklara müraciət edilməsini təsdiq edən sənədlər (sərəncam), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məhkəməyə təqdim edilsə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda vergi ödəyicisinə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq məktubu, müvafiq bildirişlər göndərildikdən sonra borc ödənilmədiyindən ona 15 gündən sonra SMS göndərilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi yenə də vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən 60 gün sonra ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Lakin yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, Vergi Məcələsinin 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Məhkəmə qətnaməsində “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olduğu göründüyü, vergi orqanı tərəfindən qeyd edilən əmlakının siyahıya alınması üçün tədbirlər görülmədiyi və bu səbəbdən də maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmadığını qeyd edir. Bildirik ki, qeyd edilən əmlak barədə sənədlərin istənilməsi üçün sorğunun göndərilib göndərilməməsi, əmlak barədə sənədlərin məhkəməyə təqdim edilib edililməsi barədə məlumat iş materiallarında aşkar edilmədi, eyni zamanda ərizəçi bu sənədlərlə tanış olmamışdır. Eyni zamanda, qeyd edilən əmlak barədə məlumatın əldə edildiyi mənbə (məlumatı verən təşkilat) əmlakın nədən ibarət olması göstərilməmiş, əmlakın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarına əsasən “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak olub olmaması araşdırılmamışdır. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Göründüyü kimi qəbul edilmiş qətnamə məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir. 8 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılmaması yuxarıda adları qeyd olunmuş hüquqi şəxslərin dövlət büdcəsi qarşısında olan mövcud vergi öhdəliyinin onun tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Şirvan Kommersiya Məhkəməsinin məhdudiyyətin mütənasib olması ilə bağlı mövqeyinə münasibətdə bildiririk ki, hazırkı iş üzrə inzibati orqanın borclu vergi ödəyicisi barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Belə ki, burada söhbət borclu vergi ödəyicisinin ölkədən çıxışına qadağanın yalnız həmin borc məbləği ödənilənədək qoyulmasından gedir. Belə ki, Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Göründüyü kimi borclu vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti, yəni məhdudlaşmaya səbəb olan əsaslar aradan qalxanadək məhdudlaşdırılması çatmaq istənilən məqsədə mütənasibdir və qanunvericiliyə uyğundur. Həmçinin tətbiq olunmuş məhdudiyyət tədbirinin qüvvədə olma müddəti həmin məhdudiyyətin qoyulmasına səbəb olan əsasların vergi ödəyicisinin iradəsinə uyğun olaraq aradan qaldırılması ilə məhdudlaşır. Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının səviyyəsi digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Bu baxımdan borclu vergi ödəyicisinin də Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ hissəsində nəzərdə tutulmuş sərbəst hərəkət etmək hüququ onun konstitusiyanın 73-cü maddəsində nəzərdə tutulmuş qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək öhdəliyi ilə məhdudlaşır. Belə ki, Vergi Məcəlləsinin 11-ci maddəsindən də göründüyü kimi vergi dövlətin maliyyə təminatında mühüm və əvəzolunmaz yer tutur və vergi öhdəliyini vaxtında yerinə yetirməyən vergi ödəyicisi dolayısı ilə bütün vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsinin İİİ fəslində nəzərdə tutulmuş təhlükəsiz yaşamaq, şəxsi toxunulmazılıq, sosial təminat hüququ da daxil olmaqla bir çox hüquqlarının dövlət tərəfindən qorunmasının maliyyə təminatında çatışmazlıqların yaranmasına səbəb olmaqla vətəndaşların konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxardığından Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ hissəsində nəzərdə tutulmuş sərbəst hərəkət etmək hüququ onun konstitusiyanın 73-cü maddəsində nəzərdə tutulmuş vəzifəsi ilə məhdudlaşır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq maddələrinə əsasən: Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Konstitusiya Qanununun yuxarıda sadalanan normalarındanda göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının qorunmasına cavabdeh olan dövlətin bu məqsədə xidmət edən dövlət büdcəsindən maliyyələşən orqanlarının maliyyə təminatı kimi çıxış edən vergiləri vaxtında ödəməyən vergi ödəyicisinin vergiləri ödəməsini təmin etmək məqsədilə konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit olumuş hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikasının Konstitusiyasına uyğundur. Məhkəmə iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, ümumiyyətlə kommersiya mübahisəsi üzrə tətbiq edilməli olan maddi hüquq normalarını müəyyən edə bilməmiş və tətbiq etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2820/2025 saylı qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən MPM-nin 88-ci, 175-ci, 217-ci maddələrinin tələbləri pozulmuş, işdə olan sübutlar düzgün, hərtərəfli araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş, lakin obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmadan məlumat əsasında qəbul edilmişdir. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə barəsində şikayət olunan qətnamənin ləğv edilməsi üçün ciddi əsaslardır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Mübahisənin predmeti üzrə faktiki hallar araşdırılmamışdır. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş, qanunun tələbinə əsasən etibarsız sayılan məlumat nəzərə alınmış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə sübutların qiymətləndirilməsi zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış və işin hallarına uyğun əsaslı və qanuni qətnamə qəbul etməmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-2820/2025 saylı qətnaməsi qanuni və əsaslı deyil. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, maraqlı şəxs hər hansı bir üzürlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ərizənin isə təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyici olan Maraqlı şəxs və "xxxx" MMC-nin borc(ları)u vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(ləri)sinə bildiriş(lər) göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmənin məktubu ilə hazırkı iş üzrə ərizəçi olan vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmadığı ərizəçinin nəzərinə çatdırılmış və ərizəçidən iş üzrə zərurət yarandığından, maraqlı şəxs barədə vergi orqanı tərəfindən borcun ödənilməsi üçün görülən tədbirlər barədə, eləcə də vergi ödəyicisinin aktivlərinin müəyyən edilməsi üçün görülən tədbirlərin nəticəsi barədə qısa müddət ərzində məhkəməyə məlumat verməsi təklif olunmuş, lakin ərizəçi tərəfindən hər hanı bir məlumat məhkəməyə təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olduğu görünür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. “X3 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalqhüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mətənasiblik meyarlına cavab verməlidir (Battista İtaliyaya qarşı (Battista v. İtaly), № 43978/09 2014-cü il 2 dekabr tarixli qərar; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № 28975/05 2013-cü il 11 iyul tarixli qərar). Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə, qanuni məqsədlər üçün demokratik cəmiyyətdə zəruri hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Hazırki iş materiallarından ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə vergi borcunun alınması ilə bağlı Vergi Məcəlləsinin 89-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görüldüyü (daşınmaz əmlakı siyahıya alınmışdır), lakin nəticə verməməsinə dair sübutların verilməsi görünmür, vergi orqanının ərizəsi mütənasiblik prinsipinin tələblərinə uyğun deyildir. Ərizəçinin apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı əsas dəlili ondan ibarətdir ki, qanunvericilikdə vergi orqanının öhdəliyinin yerinə yetirilməsi təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan istifadə edib-etməmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasıdır. Lakin məhkəmə gəldiyi nəticə ilə vergi orqanının qeyd edilən hüquqlardan istifadə hüququnu pozmuşdur. Məhkəmə kollegiyası ərizəçi tərəfindən vergi borcunun alınması ilə bağlı Vergi Məcələsinin 65 və 89-cu maddələrində nəzərdə tutulmuş tədbirlərin görülməsi, lakin nəticə verməməsinə dair sübutların təqdim olunmamasını nəzərə alaraq, birinci instansiyası məkhəməsinin gəldiyi nəticə ilə razılaşır, ərizəçinin apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Apellyasiya şikayətinin dəlillləri ilə bağlı kollegiya qeyd edir ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliyə” riayət edilməsi barədə hər hansı müdəa nəzərdə tutulumamışdır. Lakin belə bir müdəanın olmaması, ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipunin tələbinə görə hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2-2(121)-2820/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar