Məhkəmə qərarları › İş №2-2(106)-24/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-24/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-24/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1035/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, satdığı yemin dəyərinin ödənilməyən hissəsi olan 24823 manat məbləğində borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz dərəcəsində hesablanmaqla 1241 manat məbləğində faizin, mənəvi zərərə görə 10000 manat məbləğində pulun, 200 manat mediasiya və 220 manat hüquqi yardım xərcinin və ödənilmiş 199 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin xahişini nəzərə alaraq ona 2021–ci ilin aprel-iyun aylarında ümumi dəyəri 42898 manat olan, dəyərini hissə-hissə ödəmək şərtilə cəmi 40.5 ton çəkidə cücə üçün yem vermişdir. Cavabdeh ilk vaxtlarda hissə-hissə olmaqla qismən ödəniş etmişdir, lakin ümumi məbləğdən ödənilməmiş 24823 manat borc qalmışdır. Cavabdehdən dəfələrlə tələb etməsinə və onun da ödəyəcəyinə vəd verməsinə baxmayaraq, qalan pul bu günədək ödənilməmişdir. Borcun mövcudluğu İmişli RPŞ–nin TB–nin təhqiqatçısı, polis kapitanı Bəhruz Zülfüqarovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli qərarı, cavabdehə məxsus səs yazıları və şahid ifadələri ilə təsdiq edilir. Bu iddia əvvəlcə İmişli Rayon Məhkəməsində qaldırılmış, məhkəmə icraatı zamanı cavabdeh tərəf qeyd edilən malların verildiyini təsdiq etmişdir. İşdə olan “Azərsun Holdinq” Saatlı distributru N.V.Osmanov (VÖEN: **********) tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli məlumata əsasən 2021-ci ilin mart və aprel aylarında 1 ton cücə yemi gəlişdirmənin qiyməti 1020 manat olmuşdur. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 2021-ci ilin sentyabr ayında olan telefon danışığının audio yazısına əsasən Cavabdeh İddiaçı nisyə aldığı cücə yeminə görə 26900 manat borcu olduğunu etiraf etmiş və oktyabr ayın 10-dək ödəmə edərək borcunu 15000 manata endirəcəyini vəd etmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İmişli rayonu Ölcələr kəndi ərazisində fəaliyyət göstərən quşçuluq təsərrüfatını idarə edən Cavabdeh İmişli şəhəri, P.Həsənov küçəsində fəaliyyət göstərən ticarət məntəqəsində müxtəlif növ yem məhsullarının topdan və parakəndə satışını həyata keçiriən İddiaçı 2021-ci ilin aprel ayı ərzində cəmi 42898 manat dəyərində 40.5 ton çəkidə cücə yemi məhsulu nisyə almış və hissə-hissə ödənişlər edərək 2021-ci ilin sentyabr ayına 26900 manat borclu qalmışdır. Cavabdeh İddiaçı nisyə aldığı 42898 manat məbləğində malın dəyərindən cəmi 38832 manat məbləğində ödənişlər etməsi öz təsdiqini tapmamışdır. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhz aidiyyət məsələsinə görə ləğv edilmişdir. Cavabdeh tərəf məhkəməyədək icraat üzrə həm kağız daşıyıcıda, həm də elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş pretenziya müraciətinə cavab verməmişdir. Cavabdeh mediasiya icraatına gəlməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişilər. Birinci instansiya məhkəməsində Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddiaçının öz tələbini sübut edə bilmədiyini, iddianı qəbul etmədiklərini, hüquqlarını müdafiə etdiyi Cavabdeh iddiaçıdan ümumilikdə 40.5 ton cücə yemi aldığını və həmin yemin dəyərini tam şəkildə ödədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1035/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 24823 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və ödənilmiş dövlət rüsumunun 164.47 manatı olmaqla, ümumilikdə 25187.47 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etlmişlər. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, məhkəmə iddianı təmin edərkən qətnamədə göstərir ki, alınmış malın dəyərinin 24823 manat məbləğində hissəsinin ödənilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qətnamədə göstərir ki, hesabdan çıxarış məlumatlarında cavabdeh tərəfindən kimə, hansı tarixdə və hansı məbləğdə ödəniş edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə istər iddiaçının, istərsə də cavabdehin sübut qismində məhkəməyə təqdim etdikləri və öz tələb və etirazlarının əsası kimi istinad etdikləri qeydləri mötəbər sübut hesab etməmişdir. Məhkəmə həmçinin sahid ifadəsini də mötəbər sübut hesab etməmişdir. Məhkəmə yalnız tərəflər arasında aparılan telefon danışığı zamanı cavabdehin aldığı yemə görə borclu olduğunu etiraf etməsinə istinad etmişdir. Lakin həmin telefon danışığının nə vaxt baş verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəlyl pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göstərildiyi kimi tərəflər arasında alqı-satqı barədə heç bir müqavilə yoxdur və cavabdehin üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır. Məhkəmə qanunun bu tələbini nəzərə almamışdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 dekabr 1992-ci il tarixli 405 saylı Qərarının 2-ci bəndinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək sahibkarların vəsifəsidir. Məhkəmə prosesində müəyyən edildi ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, qanunvericilikdən irəli gələn bütün vəzifələri yerinə yetirməmiş, istehsal olunmuş mal satarkən həmin malın növünü, qiymətini, dəyərini və satış tarixini əks etdirən qaimələr tətrtib etməmişdir. Məhkəmə prosesində dindirilmiş şahid cavabdehin işçisi olmaqla ifadəsində iddiaçıya pul verilməsi məqsədilə sonuncu ilə birlikdə İmişli rayonuna getdiyini, cavabdehin iddiaçı ilə görüşdüyünü və sonuncuya pul verdiyini göstərsə də, qətnamədə bu halların tam əksi göstərilməklə, onun ifadəsi mötəbər sübut hesab edilməmişdir. Bu hal həqiqətə uyğun deyildir. İddiaçının nə vaxt, hansı növdə və hansı qiymətə mal satdığını, eləcə də cavabdehin ona hansı məbləğlərdə pul ödədiyini təsdiq edən sübutlar yoxdur. Bu halda cavabdehin iddiaçıya borclu olduğu başqa sübutlarla təsdiq edilə bilməz və iddiaçının tələbi əsassızdır. Belə olan halda sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni 24823 manat məbləğində pulun ödənilmədiyini sübut etməlidir. Məhkəmə prosesində İddiaçı cavabdeh tərəfindən nə qədər pul ödənildiyini və nə qədər borclu olduğunu təsdiq edən heç bir sübut təqdim etmədi. Məhkəmə alınan yemlərin növünə uyğun qiymətlərinin müəyyən edilməsi, cavabdehin saxladığı quşların sayı və inkişaf dövrü ilə əlaqədar nə qədər yem alındığını müəyyən edə biləcək mütəxəssis rəyinin alınmasını təmin etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnamənin təsviri hissəsində həm iddiaçının, həm də cavabdehin məhkəməyə təqdim etdikləri qeydləri mötəbər sübut hesab etmədiyi halda, cavabdehin iddiaçıya borclu olduğu məbləği iddiaçı tərəfindən təqdim edilmiş həmin qeydlər əsasında müəyyən etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehin apellyasiya şikayətinə qarşı iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdikləri ilə bağlı aşağıdakıları bildirmək istəyir: Şikayətdə göstərilir ki, iddiaçı malları verdiyini təsdiq edən sənəd (müqavilə və qaimə) təqdim etməmiş, məhkəmə iddianı təmin etdiyi hissədə kifayət qədər sübuta əsaslanmamışdır. Bununla əlaqədar bildirir ki, əvvəla cavabdeh özü şəxsən İmişli Rayon Polis Şöbəsində verdiyi izahatda malları aldığını və borcu olduğunu (tərəflərin arasındakı münasibətləri və razılaşmanı) təsdiq etmişdir. İkincisi, iddiaçının iddia etdiyi miqdarda malı cavabdehin aldığını cavabdehin nümayəndəsi İmişli Rayon Məhkəməsində məhkəmə iclasında, cavabdeh şəxsən özü isə Şirvan Kommersiya Məhkəməsində məhkəmə iclasında təsdiq etmişdir (müvafiq protokollar və videoyazmalar məhkəmədə vardır). Cavabdeh tərəf sadəcə iddia etmişdir ki, güya dəyərini tam ödəyiblər. Cavabdehin nümayəndəsinin malları almalarını təsdiq etməsi iddiaçını malların verilməsini sübut etməkdən azad edir. Malların dəyərini ödəməyi sübut etmə yükü isə cavabdehin üzərində qalır (Mülki Prossesual Məcəllənin 77 və 106 - cı maddələri). Üçüncüsü isə, cavabdehin bilavasitə özünün səsyazmasında bilavasitə iddiaçıya iddiaçının bildirdiyi borcu olmasını təsdiq etmişdir (audio səs yazı elektron daşıyıcıda məhkəməyə təqdim edilmişdir). Cavabdeh tərəf qeyd edir ki, cavabdehin ödənişləri güya nəzərə alınmamışdır. Bu həqiqət deyildir. Cavabdehin ödənişləri nəzərə alınmasaydı, bütün verilmiş malın dəyəri tələb edilərdi. İddia isə məhz ödənişlər çıxıldıqdan sonra qalan borcun tələbi ilə bağlıdır. Şikayətdə göstərilir ki, cavabdehin şahidinin ifadəsi nəzərə alınmamışdır. Məsələ burasındadır ki, şahidin ifadəsi cavabdehin cari borcunun olmamasını təsdiq etmir. Çünki şahid ifadəsində məhz cavabdehin sözlərinə istinadən ifadə vermişdir. Halbuki, şahid özünə bilavasitə məlum faktları danışmalıdır. Şahid həmçinin suallara cavab olaraq bildirmişdir ki, cavabdehin iddiaçıya nə qədər pul verdiyini şəxsən, birbaşa görməmişdir (müvafiq protokol və videoyazmalar məhkəmədə vardır). Şikayətdə iddiaçının fəaliyyətini həyata keçirməsinin qanuniliyini şübhə altına alması dəlilinə gəlincə (yazılı müqavilə və qaimələrin tərtib edilməsi) bildirilir ki, əvvəla fəaliyyət tamamilə qanuna uyğundur. İkincisi isə, fəaliyyətin həyata keçirilməsində hər hansı tələbə əməl edilməməsi (yazılı müqavilə və qaimələrin tərtib edilməsi) borclu tərəfi mülki-hüquqi öhdəliyinin icrasından azad etmir. İşin mahiyyəti odur ki, tərəflərin arasında razılaşma olmuş, razılaşma üzrə mal (yem) verilmiş və dəyərinin bir hissəsi ödənilməmişdir. Cavabdehin aldığı yemin dəyərinə dair iş üzrə maraqlı olmayan mütəxəssis sənədi təqdim edilmişdir və iş materiallarında vardır. Digər tərəfdən, cavabdeh də həmin dəyəri mübahisələndirmir. Çünki o dəyər obyektiv-həqiqəti əks etdirir və müvafiq bazar iştirakçılarının hamısına bəlli faktdır. Cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, apellyasiya şikayətinə qarşı təqdim etmiş olduqları yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək, təmin olunmamasını xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam olaraq rədd edilməsini xahiş etməklə, qətnaməni qismən, iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 ifadəsində, Cavabdeh iddiaçıya pul verdiyini gördüyünü, lakin həmin vaxt özünün avtomobildə olduğunu, sonradan Cavabdeh ona 5000 manat pulu İddiaçı verdiyini söylədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: xx.xx.2021-ci il tarixli 294331 nömrəli “Ödəniş tapşırığı”na əsasən 3000 manat, xx.xx.2021-ci il tarixli 318077 nömrəli “Ödəniş tapşırığı”na əsasən 100 manat və xx.xx.2021-ci il tarixli 343849 nömrəli “Ödəniş tapşırığı”na əsasən 2000 manat məbləğində pul vəsaitləri "xxxx" MMC-nin hesabından X3 bank hesabına köçürülmüşdür. “Azərsun Holdinq” Saatlı distribütoru N.V.Osmanov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən 2021-ci ilin mart və aprel aylarında 1 ton cücə yemi gəlişdirmənin qiyməti 1020 manat olmuşdur. İmişli RPŞ TB-nin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Cavabdeh izahatında İmişli rayonu Ölcələr kəndi ərazisində quşçuluq təsərrüfatı qurduğunu və İddiaçı müəyyən məbləğdə cücə yemi aldığını bildirmiş, əvvəl alınan yemin pulunu nağd şəkildə ödədiyini, sonradan nisyə aldığı yemin pulunu isə şəxsən və işçisi Şəmil vasitəsilə hissə-hissə nağd şəkildə, yaxud Birkart köçürmə vasitəsilə ödəyərək cəmi 8000 manat borclu qaldığını təsdiq etmişdir. İddiaçı ilə Cavabdeh arasında 2021-ci ilin sentyabr ayında baş tutan telefon danışığının (10:11) audio yazısından müəyyən edilir ki, həmin danışıq zamanı Cavabdeh İddiaçı nisyə aldığı cücə yeminə görə 26900 manat borcu olduğunu etiraf etmiş və oktyabr ayın 10-dək ödəmə edərək borcunu 15000 manata endirəcəyini vəd etmişdir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun pretenziya alındığı vaxtdan 7 iş gün müddətinə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər. “Ödəniş qəbzin”in surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 199 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İşin müəyyən olunan mübahisəsiz hallarına əsasən tərəflər arasında cücə yeminin nisyə alqı-satqısından irəli gələn münasibətlər olmuş, iddiaçı 2021-ci ilin aprel-iyun aylarında dəyərini hissə-hissə ödəmək şərtilə cəmi 40.5 ton çəkidə cücə üçün yemi cavabdehə vermişdir. Həmin dövr üçün 1 ton cücə yemi gəlişdirmənin qiyməti 1020 manat olmuşdur. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı cavabdehə verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini, cavabdeh isə ödənişi tam şəkildə həyata keçirdiyini bildirir. İddiaçı verdiyi malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini iddia edir və bu tələbinin əsası kimi telefon danışığı zamanı cavabdehin qeyd edilən xüsusat barədə etirafına istinad edir. Cavabdeh iddia tələbinə etiraz edərək, tərəfindən alınan malların dəyərinin tam şəkildə ödənildiyini bildirir və etirazının əsası kimi ödəniş tapşırıqlarına, hesabdan çıxarış məlumatlarına, özünün apardığı qeydlərə, son ödəniş etdiyi zaman onunla birlikdə olan şahidin ifadəsinə istinad edir. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisənin predmetini alınan malların dəyərinin ödənilməsi təşkil etdiyindən, alınan malın dəyərinin tam olaraq ödənilməsini sübuta yetirmək yükü alıcının (baxılan işdə - cavabdeh) üzərinə düşür. Kollegiya alınan malların dəyərinin tam şəkildə ödənilməsini cavabdehin sübut edə bilməməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdehin istinad etdiyi ödəniş tapşırıqları malların dəyərinin qismən, 5100 manat məbləğdə ödənilməsini təsdiq edir. Hesabdan çıxarış məlumatlarından isə cavabdeh tərəfindən kimə, hansı tarixdə və hansı məbləğdə ödəniş edilməsini müəyyən etmək mümkün deyildir. İddiaçı, cavabdehin hesabdan-hesaba köçürmə yolu ilə iki dəfə olmaqla cəmi 9975 manat pul vəsaitini onun bank hesabına köçürdüyünü qəbul edir. Lakin cavabdeh bu məbləğdən başqa iddiaçının bank hesabına digər ödənişi həyata keçirdiyini sübut edə bilmir. Kollegiya hesab edir ki, sübutlar sırasında birinci instansiya məhkəməsinə təqdim edilmiş, apellyasiya baxışı zamanı tərəflərin iştirakları ilə bir daha tədqiq edilmiş və tarix baxımından ən sonuncu əldə edilmiş sübut kimi tərəflər arasında 2021-ci ilin sentyabr ayında baş tutmuş telefon danışığının (10:11) audio yazısı, tərəflərin həqiqi iradə ifadəsini əks etdirməklə, işin faktiki halını müəyyən edən mötəbər sübut növü kimi qəbul edilməlidir. Telefon danışığının aidio yazısında Cavabdeh İddiaçı nisyə aldığı cücə yeminə görə 26900 manat borcunun olduğunu etiraf etmiş və oktyabr ayının 10-dək ödəmə edərək borcunu 15000 manata endirəcəyini vəd etmişdir. Həmin tarixdən sonrakı dövrə təsadüf edən yeganə mötəbər sübut isə iddiaçının da qəbul etdiyi 2000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin hesabından X3 bank hesabına köçürülməsinə dair 13 oktyabr 2021-ci il tarixli 343849 nömrəli “Ödəniş tapşırığı”dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1035/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar