Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-271/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-26/2025 saylı, 23 may 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunmaması barədə Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-26/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərardadından (hakim Zaur Abbasov) cavabdeh "xxxx" MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı MMC cavabdеh "xxxx" MMC-yə qarşı kredit müqaviləsinin icra olunmuş hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanan 13 sentyabr 2023-cü il tarixli təchizat müqaviləsi üzrə öhdəliklərin İddiaçı MMC tərəfindən tam, vaxtında və lazimi qaydada icra olunduğunun hesab edilməsi, "xxxx" MMC-dən malların anbarda saxlanmasına görə 3663,90 manat icarə haqqı məbləği, malların anbarda saxlanmasını təmin etmək üçün elektrik enerjisi sərfiyyatına görə ödənilmiş 17936,09 manat pul vəsaiti və ödənilmiş 400 manat mediasiya haqqı olmaqla, ümumilikdə 22000 manat pul vəsaitinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-26/2025 saylı, 23 may 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanan 13 sentyabr 2023-cü il tarixli təchizat müqaviləsi üzrə öhdəliklərin İddiaçı MMC tərəfindən tam icra olunmuş hesab edilməsi, cavabdeh "xxxx" MMC-dən malların anbarda saxlanmasına görə 3663,90 manat məbləğində icarə haqqı məbləği və ödənilmiş 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 4063,9 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-26/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 məxsus elektron kabinetdə yerləşdirilməklə cavabdehə çatdırılmışdır. Qətnamədən cavabdeh "xxxx" MMC-nin vəkili, eyni zamanda nümyəndəsi Vəkil3 24 iyul 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil3 ərizəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəfindən apellyasiya şikayəti vaxtında verilsə də, ona aydın olmayan səbəbdən sistemdə texniki yanlışlıq olmuş və iş üzrə yalnız etibarnamə şikayət kimi sistemə yüklənmişdir. Nəzərə çatdırılır ki, sistemdə həmin sənədin ayrıca deyil, şikayətlə birlikdə imzalanması mümkündür. Yəni əslində yalnız etibarnamənin yüklənməsi texniki olaraq mümkün deyil. Buradan da aydın olur ki, tərəfindən şikayət vaxtında verilmişdir. Odur ki, yaranmış halın üzrlü sayılması və ondan asılı olmayaraq ötürülmüş müddətin bərpa edilməsi xahiş olunur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-26/2025 saylı 15 sentyabr 2025-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Qərardaddan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil3 27 sentyabr 2025ci il tarixdə şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025- ci il tarixli, e-2- 2(121)-26/2025 nömrəli qətnaməsindən nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş, lakin elektron sistemdə baş vermiş texniki nasazlıq səbəbindən şikayət və əlavə olunan sənədlər sistemə tam yüklənməmiş, yalnız etibarnamə sistemə yüklənmiş, bu hal isə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla üzrlü sayılmamış və bununla bağlı ərizə təmin edilməmişdir. Aşağıdakılara əsasən hesab edilir ki, qeyd edilən qərardad əsassız və qanunsuzdur. Məhkəmə qərardadı iki əsasla – halı təsdiqləyəcək sübutların təqdim edilməməsi və həmin hal yarandıqdan sonra 14 gün ərzində tərəfimdən təkrar şikayət verilməməsi ilə əsaslandırmışdır. 1. Halı təsdiq edəcək sübutun əlavə edilməməsi. Məlumdur ki, MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məlumdur ki, “Elektron məhkəmə” informasiya sistemi müəyyən alqoritma və hərəkətlərin ardıcıllığı ilə fəaliyyət göstərir. Məsələn sistemə istifadəçi tərəfindən daxil olunmasa hər hansı əməliyyatın aparılması mümkün deyil, əgər əməliyyat aparılmışdırsa, istifadəçi sistemə daxil olmadığını iddia edə bilməz və bunu etməsi mənasızdır. İndiki halda da nümayəndə tərəfindən şikayətin sistemə ayrılmış “yeni şikayət” hissədən edilməsi danılmazdır və bu öz təsdiqini baxılan işə ayrılmış pəncərədə “şikayətlər” hissədində görünməsi ilə tapır. Bu əməliyyatların nümayəndə tərəfindən alqoritmik olaraq edilməməsi halında mümkün deyil və qeyd edilən hissədə şikayət görünürsə, demək onun tərəfindən ardıcıl olaraq iş üzrə məhkəmə, işin predmeti, tərəflər barəsində məlumat, sənədlər, o cümlədən təmsilçilik səlahiyyətini təsdiq edən etibarnamə, şikayətin məzmunu, məhkəmə aktının alınma tarixi, dövlət rüsumunun ödənilməsi barədə məlumatlar sistemə daxil edilmiş və nümayəndə tərəfindən imzalanmışdır. Qeyd edilənlər mübahisəsizdir və bu hamıya bəllidir. Yuxarıda əks olunan normanın tələbinə əsasən nümayəndə bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməyə lüzum görməmişdir. Çünki hər kəs üçün bu hal qəbul ediləndir və danılmazdır. Bununla belə, məhkəmənin sübut tələb etməsi ilə əlaqədar həmin gün nümayəndə tərəfindən “Sima” vasitəsilə imzalanmış şikayət məhkəməyə təqdim edilir. Lakin hər kəsə açıq-aşkar məlum olan hal üzrə məhkəmə tərəfindən sübut tələb edilməsi hər bir halda hesab edilir ki, Konstitusion norma olan “məhkəmə müdafiəsi” hüququnun reallaşdırılmasına xırda məsələlərlə bağlı çətinliklər yaradan haldır və bu təəssüf doğurur. 2. Həmin hal yarandıqdan sonra 14 gün ərzində nümayəndə tərəfindən təkrar şikayət verilməməsi. Məlumdur ki, məhkəmələr tərəfindən bəzi hallarda apellyasiya şikayəti ilə bağlı işin hazırlanması gecikə bilir və bu köhnə məhkəmə işçisi, hazırda vəkil olan nümayəndə üçün qəbul ediləndir. Bundan başqa şikayətin verildiyi dövrə baxıldığı zaman yanlış xatırlanırmırsa, iş üzrə təyin edilmiş hakim məzuniyyətdə olmuşdur. Hər hər bir halda məhkəmələrin hazırkı iş yükünün çoxluğu hüquq sistemində olan şəxslər üçün göz önündədir və mübahisəsizdir. Buna görə məhkəmələrdən prosessual ideallıq tələb etmək vicdana uyğun deyil. Bilindiyi kimi, nümayəndə tərəfindən verilmiş şikayət iş üzrə açılan pəncərədə “sənədlər” hissəsində göstərilmişdir. Nümayəndə də şikayətin vaxtında verilməsini nəzərə alaraq yaxın vaxtlarda işin hazırlanıb yuxarı instansiyaya göndəriləcəyini düşünmüş və buna görə də məsələni problem etməmişdir. Yalnız həddindən artıq uzun müddət keçdiyini görüb məhkəmə ilə əlaqə saxlayan zaman texniki səhvin olduğunu bilmiş və müddətin bərpası barədə ərizə verməklə yenidən şikayəti sistemə daxil etmişdir. Hər bir halda təqdim edilmiş sübutlarla sistemdə texniki yalnışlığın olması öz təsdiqini tapır. Hesab edilir ki, “sistem təkminliyi”nin tərəfin öhdəsində olmamasını nəzərə alaraq indiki hal üzrlü sayılmalı və müddət bərpa edilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-26/2025 saylı 3 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda cavabdehə münasibətdə qətnamə 11 iyun 2025-ci il tarixində cavabdehin vəkili, eyni zamanda nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır. Hazırda cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkil) Vəkil3 tərəfindən iş üzrə apellyasiya şikayəti vaxtında verilsə də, ona aydın olmayan səbəbdən sistemdə texniki yanlışlıq olduğunu və yalnız etibarnamənin şikayət kimi sistemə yükləndiyini ərizəsində bildirmiş, xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti adı ilə yalnız etibarnamə yüklənməsini “Elektron Məhkəmə” informasiya sistemində baş vermiş texniki səhvlə ələqəli olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin müəyyən olunmamasından ibarət mövqeyi ilə razılaşır. Belə ki, cavabdehin nümayəndəsi (vəkil) tərəfindən qətnamədən apellyasiya şikayətini vaxtında verilmədiyi üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna və qərardadın ləğv edilməsinin əsasını təşkil edə bilməz. İş materiallarına əsasən qətnamə cavabdehin elektron kabinetinə 11 iyun 2025-ci il tarixdə yerləşdirilmişdir. Cavabdehin nümayəndəsi Vəkil3 özünün bildirdiyi kimi texniki səhv nəticəsində apellyasiya şikayətinin əvəzinə yalnız etibarnamənin yükləndiyi tarixdən (xx.xx.2025-ci il tarixindən) sonra həmin texniki səhvin aradan qaldırılması üçün hansı hərəkətləri həyata keçirməsinə, həmçinin apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni, apellyasiya şikayətinin əvəzinə yalnız etibarnamənin yükləndiyi xx.xx.2025-ci il tarixindən 14 gün sonra, xx.xx.2025-ci il tarixdə yenidən yükləməsinə açıqlıq gətirə bilməmiş, 14 gün müddəti hansı üzürlü səbəbdən ötürülməsinə dair sübutu birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-26/2025 saylı 15 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-271/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-271/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver