Məhkəmə qərarları › İş №2-2(106)-30/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-30/2025

24.02.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-30/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-2(121)-3371/2024 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 743,87 manat, dövlət büdcəsinə 24751,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 22545,32 manat, faizlər üzrə 2206,03 manat) , Dövlət Sosial Müdafiə Fonduna 18216,08 manat, İcbari Tibbi Sığorta Fonduna 2821,03 manat olmaqla, ümumilikdə 46532,33 manat məbləğdə borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 743,87 manat, dövlət büdcəsinə 24751,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 22545,32 manat, faizlər üzrə 2206,03 manat), Dövlət Sosial Müdafiə Fonduna 18216,08 manat, İcbari Tibbi Sığorta Fonduna 2821,03 manat olmaqla, ümumilikdə 46532,33 manat borcu vardır. Yaranmış borc məbləǧinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********301500 nömrəli, xx.xx.2024-cü il tarixli **********974600 nömrəli, xx.xx.2024-cü il tarixli **********302200 nömrəli və xx.xx.2024-cü il tarixli **********299700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləǧini ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)-3371/2024 saylı qətnaməsi ilə ərizə təmin olunaraq "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinin (VÖEN: **********) dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1992-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması və Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək onun qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan maddənin iş üzrə maraqlı şəxsə münasibətdə tətbiqi doğru olmamışdır. Belə ki, həmin maddəsinin məzmunundan aydın olur ki, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə vergi orqanı vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciətedə bilər. Lakin yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə vergi ödəyicisi hüquqi şəxsin rəhbəri marqlı şəxs kimi cəlb olunan Maraqlı şəxs deyildir. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Lakin məhkəmə əsassız olaraq Maraqlı şəxs konstitusion hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin idarələrin birləşdirilməsi və hüquqi varisin müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmri, X6 Meliorasiya Xidməti PHŞ idarə heyəti sədrinin müvafiq idarənin rəhbərinin təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli Əmri təqdim edilir. İş üzrə Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak edə bilmədiyindən həmin sübutları təqdim edə bilməmişdir. Odur ki, qeyd olunan sübutlar hazırkı apellyasiyaşikayəti ilə birlikdə təqdim edilir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçinin səlahiyyətli nümayəndəsi və maraqlı şəxs məhkəmədə iştirak etməmişlər. Maraqlı şəxsin nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(121)- 3371/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ərizə rədd edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Habelə MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 355-7.3-cü maddəsinin tələbinə görə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi məhkəməyə müraciət edərək, "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 46532,33 manat məbləğdə borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, işdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 02 aprel 2024-cü il tarixli Əmrindən və 2 saylı Ərazi Vergilər Baş İdarəsindən əldə edilmiş Çıxarışdan müəyyən edilir ki, Sumqayıt Melioservis İdarəsi X1 İdarəsinə (hüquqi varis elan olunmaqla) birləşdirilmişdir. X1 İdarəsinin rəhbəri (rəisi) isə X4r. Eyni zamanda, iş materiallarında olan ******* saylı əmək kitabçası və digər mötəbər sübutlarla təsdiq edilir ki, Maraqlı şəxs 5 iyun 2024-cü il tarixdən “İri şəhərlərin X7 Xidməti” publik hüquqi şəxsin Sutikinti idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, ərizəçi hazırkı tələblə məhkəməyə daha sonralar - 17 oktyabr 2024-cü il tarixdə müraciət etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə Maraqlı şəxs 01 noyabr 2024-cü il tarixdə teleqramla müraciət edərək onun artıq adıçəkilən İdarənin rəhbəri olmadığını bildirmiş, habelə bununla əlaqədar sübutlar təqdim edəcəyini də bildirmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən həmin istiqamətdə hər hansı araşdırma aparılmamış və ərizəyə formal dəlillər əsasında qiymət verilərək düzgün olmayan qətnamə çıxarılmışdır. Göstərilən qətnamənin qəbulu isə Maraqlı şəxs konstitusion hüququnun pozulması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvafiq qurumun icra orqanının rəhbəri başqa bir şəxsdir və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, Maraqlı şəxs borclu qurumda rəhbər olmadığı təqdirdə, onun konstitusion hüquqlarını məhdudlaşdırmaq, azadlıq və sərbəst hərəkət etmək hüququna maneə törətmək yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndində əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Beləliklə, kollegiya hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Qətetdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-2(121)-3371/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar