Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-303/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-1770/2025 saylı qətnaməsindən (hakim Zaur Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, S454/23 saylı "Təchizat" müqaviləsi əsasında 125107,02 manat əsas, 12510,7 manat dəbbə pulu və 427,62 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 138045,34 manat məbələğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında S454/22 saylı “Təchizat” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdələrinə götürmüşlər. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü bəndinə əsasən, bu “Müqavilə”nin 2.4cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron qaimələrə əsasən ƏDV daxil olmaqla 125107,02 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı bəndin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. İş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər bəndləri nəzərə alınmaqla elektron qaiməyə əsasən 125107,02 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanan təchizat müqaviləsinin 6.1-ci bəndinə əsasən hazırkı müqavilənin icrasından yaranan tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə olunan məsələ ilə bağlı qarşı tərəfə vaxtında pretensiya və etiraz məktubu təqdim edilmişdir. Şirkətin rəhbərliyi onunla əlaqə saxlayaraq əməkdaşlıq təklif etmiş və bildirmişdir ki, digər spirtli içkilərin satışını dayandırmalı, yalnız həmin şirkətin məhsullarını satmalıdır. Şirkət rəhbərliyi ona ərazi, depozit, yüksək faizli endirim və vitrinlərdə yer almaq üçün əlavə ödənişlər vəd etmişdir. O, şirkətin rəhbərliyinə bildirmişdir ki, spirtli içki satışında ərazidə borclar çoxdur. Rəhbərlik isə cavab vermişdir ki, narahat olmasın, ona 300000 manat məbləğində girovsuz depozit veriləcək, bu vəsaitlə ərazidə satış fəaliyyəti problemsiz davam edəcəkdir. O, bu təklifi qəbul etmiş və digər şirkətlərin mallarını geri qaytarmışdır. Daha sonra şirkət "xxxx" MMC ilə əməkdaşlığa başlamış və həmin şirkət cavabdehə məhsul göndərmişdir. Cavabdeh öz vəsaiti hesabına ticarət obyektlərində məhsulların vitrinlərdə sərgilənməsi üçün ödənişlər etmiş, hər ay satış fəaliyyətini həyata keçirmişdir. Lakin şirkətdə tez-tez rəhbərlik dəyişdiyindən, hər yeni rəhbər fərqli göstərişlər vermişdir. Təxminən bir il ərzində cavabdeh məhsul satışı ilə məşğul olmuş, lakin sonradan şirkət nümayəndələri ona bildirmişlər ki, ərazidə həmin məhsullar 35 faiz aşağı qiymətlə satılır. Cavabdeh bu haldan narazı qalmış və məsələ barədə satış müdiri Nizami adlı şəxsə məlumat vermişdir. Müdir cavabında bildirmişdir ki, oxşar hallar bütün ərazilərdə müşahidə olunur və şirkətdə oğurluqlar baş verməkdədir. Ərazi üzrə satış həcmi aşağı düşmüş, alıcılar endirimlərə baxmayaraq mal qəbul etməmiş və ödənişləri 30–35 faiz azaldılmış formada həyata keçirmişlər. Cavabdeh bu barədə dəfələrlə rəhbərliyə məlumat vermiş, lakin ona yalnız “narahat olmasın, endirimlər nəzərə alınacaq” cavabı verilmişdir. Məlum olmuşdur ki, müqavilənin bitməsinə 5 ay qalmış şirkət yenidən "xxxx" MMC ilə müqavilə bağlamışdır. Cavabdeh hər ay 5000 – 10000 manat məbləğində ödəniş etmiş, lakin məhsullar sonradan "xxxx" şirkəti tərəfindən onların qiymətindən 30 faiz aşağı qiymətlə satışa çıxarılmışdır. Bu hal cavabdehin regiondakı satış nüfuzuna zərbə vurmuşdur. Cavabdeh rəhbərliyə müraciət edərək bildirmişdir ki, şirkət müqavilə şərtlərini pozmuşdur, endirimlərin və vitrin ödənişlərinin qarşılanmasını tələb etmişdir. Rəhbərlik cavab vermişdir ki, bu tələblər nəzərə alınacaq. Cavabdeh ümumilikdə 389271 manat məbləğində mal almış, lakin xəbərdarlıq edilmədən əlavə mal yazılmış, nəticədə verilən mallardan 288990 manatı geri qaytarmış və 60000 manat ödəmişdir. Daha sonra cavabdeh barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şikayət daxil olmuş, bu yolla onu qorxutmağa cəhd edilmişdir. İş yerində oğurluq halları aşkarlanmış və DTX tərəfindən audit yoxlaması aparılmışdır. Cavabdehə bildirilmişdir ki, əgər borcu olmasa, işinə xitam verilməyəcək. Lakin yoxlama nəticəsində işinə xitam verilmişdir. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, bir sıra malların qaiməsi yazılmış, lakin faktiki olaraq mallar təhvil verilməmişdir. Qaytardığı 80000 manatlıq malın qaiməsi də tərtib edilməmişdir. Audit yoxlamasının nəticələrinə əsasən, cavabdehə yeni malın verilməsinin mümkün olmadığı barədə akt tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Kommersiya Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1770/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olnaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli, S454/23 nömrəli müqavilə üzrə 35501,64 manat əsas borc, 300 manat cərimə və ödənilmiş 197,41 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 35999,05 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə digər sübutlarla bərabər təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə Aktı”nda Cavabdeh öz imzası ilə həmin tarixə İddiaçı MMC-yə satdığı mallara görə 51398,24 manat borcun, anbarda isə 77108,78 manat dəyərində mal qalığının olmasını təsdiqləmişdir. Sadə hesablama yolu ilə müəyyən etmək olar ki, cavabdehin xx.xx.2024-cü il tarixinə şirkətə satılmış və anbarında olan mallara görə cəmi 128507,02 manat borcu var idi. xx.xx.2024-cü il tarixdən sonra cavabdeh tərəfindən heç bir mal geri qaytarılmamış, 3400,00 manat pul ödənilmiş, bununla da 125107,02 manat borcu qalmışdır. Məhkəmə sübutları nəzərə almayaraq əsassız və ədalətsiz qərar qəbul etmişdir. Bununla bərabər, Cavabdeh (VÖEN**********) ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli S454/23 saylı müqaviləyə əsasən debitor və kreditor borcların müəyyən edilməsinin düzgünlüyünün yoxlanılmasına dair qüvvədə olan audit standartlarına uyğun hesabatın tərtib edilməsi və əminliyin formalaşdırılmasına dair rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş “İcazə”lər əsasında fəaliyyət göstərən "xxxx" MMC və "xxxx" MMC alınmış X1 (rəyində) xx.xx.2025-ci il tarixə Cavabdeh (VÖEN**********) İddiaçı MMCyə kreditor borcunun 125107,01 manat təşkil etməsi faktı öz əksini tapmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin və apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, cavabdehə ümumilikdə 389491 manat dəyərində mal verilmişdir. Bunu cavabdeh özü də etiraf edir. Həmin maldan 205000 manat dəyərində mal qaytarılmış, cavabdeh tərəfindən satılan mallara görə 56000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh özü də qeyd edir ki, 128507 manat şirkətə borcu var. 51398 manatlıq malı satıb, 77108 manatlıq mal isə onun anbarındadır. Bu üzləşmə aktından sonra cavabdehin yalnız 3400 manat ödənişi olub. Bizim məhkəməyə müraciət etdiyimiz tarixdə onun 125107 manat borcu qalırdı. Kommersiya məhkəməsi bu rəqəmləri düzgün qiymətləndirməyib. Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibətində izahatında göstərdi ki, iddiaçı şirkətdən aralarında bağlanmış müqaviləyə əsasən 389491 manat dəyərində mal almış, sonradan həmin maldan 205000 manat dəyərində malı geri qaytarmışdır. 8 fevral 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına olan qeydi özü yazmış və imzalamışdır. Həmin üzləşmə aktının tərtib olunduğu tarixədək 69000 manat deyil, 56000 manat ödəniş etdiyini qəbul edir, çünki 56000 manatdan artıq ödənişə dair sübut verə bilmir. Təsdiq edir ki, üzləşmə aktı tərtib olunan tarixdə anbarda həqiqətən iddiaçıya məxsus 77108,78 manat dəyərində mal qalığı olmuşdur. Mallar saxlanılan anbar onun tərəfindən icarəyə götürülmüşdür, faktiki olaraq onun sahiblik və istifadəsindədir. Anbarda qalıq qalan həmin malları iddiaçı şirkətə qaytarsada, bunun sübutunu verə bilmir. Həmin malların qaytarılmasına dair iddiaçı şirkətə elektron qaimə verməmişdir. 8 fevral 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından sonra 3400 manat ödəniş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddiasının tam təminini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən sübutlar və sübutetmə yükünün işin faktiki hallarına münasibətdə hansı tərəfin üzərinə düşməsini düzgün müəyyən etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş matriallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) kommersiya hüquqi şəxsi sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. Hazırki vaxtda direktoru müəssisəni məhkəmədə təmsil edən Nümayəndədur. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2014-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda ünvan 1i ünvanı üzrə qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli S 454/22 saylı “Təchizat” müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən “Təchizatçı” “Alıcı”ya “Mal” satır. “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini “Təchizatçı”ya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur; 1.2-ci bəndinə əsasən, “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər “Mal”lara əlavə edilən qaimələrlə və hesab fakturalarla “Tərəf”lərin razılaşdığı və hazırki “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavə”lərdə əks olunur; 2.1-ci bəndinə əsasən, “Mal”ların satışı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavə”lər və onun ayrılmaz hissəsi olan “Spesifikasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir; 2.4-cü bəndinə əsasən, “Mal”lar “Təchizatçı” və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən “Alıcı”nın müvafiq lisenziyaya malik olduğu bilavasitə “Alıcı”nın anbarına (mağazaya, digər binalara) çatdırılır. “Mal”ların “Alıcı”ya faktiki təhvil verildiyi və “Mal”lar üçün əlavə hesab fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən “Mal”lara qulluq yükü və “Mal”ların təsadüfən itirilməsi riski “Alıcı”nın üzərinə düşür; 2.5-ci bəndinə əsasən, "Mal"lara mülkiyyət hüququ "Tərəflər”in səlahiyyətli nümayəndələri tərəfindən "Mal"lar üzrə qaimə sənədlərinin imzaladığı andan "Təchizatçı"dan "Alıcı"ya keçir; 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Təchizatçı” tərəfindən çatdırılması hallarında, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Təchizatçı”nın ödəniş hesabına vəsait köçürməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. 4.7-ci bəndinə əsasən, “Tərəflər” hər üç təqvim ayından bir Qarşılıqlı hesablaşmaların uyğunluq Aktlarını cari ayın 1-də imzalamağı, eləcə də cari ilin yekunlarına əsasən Qarşılıqlı hesablaşmaların uyğunluq Aktlarını növbəti ilin 15 yanvarınadək imzalamağı öhdəsinə götürür. Elektron qaimələrə əsasən (ilk qaimənin tarixi xx.xx.2023-cü il, son qaimənin tarixi xx.xx.2023-cü il), İddiaçı tərəfindən Cavabdeh göndərilmiş malların ümumi dəyəri 389496,64 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli S 454/22 saylı “Təchizat” müqaviləsi üzrə Cavabdeh yazılan e-qaimələrin ümumi məbləği 389496,63 manat, ödənilmiş e-qaimələrin ümumi məbləği 59400 manat, geri qaytarılan malların ümumi dəyəri 204989,61 manat olmuş, ödənilməmiş e-qaimələr üzrə qalıq borcun məbləği 125107,02 manat, hesablanmış dəbbə pulunun məbləği 12510,7 manat təşkil etmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Üzləşmə aktı”ndan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-nə 141507,02 manat məbləğində borcu vardır. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”nda sonuncunun qalıq borcunun 128507,02 manat, anbar qalığının 77108,78 manat, fərqin 51398,24 manat təşkil etdiyi qeyd olunur. Həmin üzləşmə aktına Cavabdeh aşağıdakı məzmunda qeyd yazmışdır : "Mən Cavabdeh İddiaçı MMC-dən xx.xx.2023-cü ildən 389491 manat mal almışam. 205000 manat mal qaytarmışam. Muğanbank bağlandığından ödənişlərimi çıxara bilmirəm. Hal hazırda 56000 manat ödənişimi tapmışam. Muğanbankın baş ofisinə müraciət edib ödənişimi alandan sonra tam dəqiqləşmə edəcəm. Əslində 69000 manat ödəmişəm. Belə olan halda mənim borcum 115491 manat olur. Hal hazırda anbarımda 77108,78 manat qalıq var. 69000 manat çıxandan sonra mənim borcum 38383 manat qalacaq. Ödəniş tapşırıqlarına əsasən xx.xx.2024-cü ildə 1016,95 manat, xx.xx.2024-cü ildə 1016,95 manat xx.xx.2024-cü ildə 847,46 manat məbləğlərində olmaqla, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı”ndan sonra 2881,36 manat məbləğində İddiaçı MMC-yə ödəniş edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, həmin məktubda İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli S 454/22 nömrəli “Təchizat” müqaviləsi üzrə 127307,02 manat borcun ödənilməsi tələb olunmuş, əks halda həmin borcun və cərimələrin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Sübutlar və sübutetmə yükünün bölüşdürülməsi baxımından kollegiya işin mübahisəsiz və mübahisəli olan halları ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə təchizat müqaviləsinin bağlandığı, həmin müqavilə üzrə xx.xx.2023-cü ildən İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə 389491 manat dəyərində mal verilməsi, verilən mallardan 205000 manat dəyərində malın qaytarılması, alınan malları görə cavabdeh tərəfindən sonuncu xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunan tarixədək 56000 manat, sonradan isə 3400 manat ödəniş edilməsi, üzləşmə aktı tərtib olunan tarixə cavabdehin anbarında iddiaçıya məxsus 77108,78 manat dəyərində malın qalması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunan tarixədək 56000 manat deyil, daha çox məbləğdə, yəni 69000 manat ödəniş etdiyini, anbarında qalan 77108,78 manat dəyərində malları isə iddiaçıya qaytardığını, iddiaçı isə üzləşmə aktı tərtib olunan tarixədək cavabdeh tərəfindən cəmi 56000 manat ödəniş edildiyini, anbarda olan malların isə qaytarılmadığını bildirirlər. İşin mübahisəli halları ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıdan ümumilikdə 389491 manat dəyərində mal aldığını etiraf etdiyindən, alınan malların dəyərinin ödənilməsi, yaxud anbarında qalan malların iddiaçıya qaytarılması sübutlarını vermək bütövlükdə cavabdehin üzərinə düşür. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunan tarixədək 56000 manat deyil, daha çox məbləğdə, yəni 69000 manat ödəniş edilməsinə, həmçinin anbarında qalan 77108,78 manat dəyərində malların iddiaçıya qaytarılmasına dair hər hansı bir sübut verilməmişdir. Belə olan halda isə, mübahisələndirilən hissədə əsas borcun qalıq məbləği aşağıdakı kimi müəyyən olunur : 389491 manat verilən ümumi malların dəyəri çıxılsın qaytarılan 205000 manat dəyərində mal, qalıq 184491 manat təşkil edir; 184491 manat dəyərində qalıq maldan ödənilən 56000 manat çıxıldıqda 128491 manat dəyəri ödənilməmiş mal qalır (halbuki tərəflərin tərtib etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktında həmin rəqəm 128507,02 manat müəyyən edilmişdir); xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından sonra edilən 3400 manat ödəniş nəzərə alınsa, cavabdehin iddiaçıdan aldığı mallara görə ödəməli olduğu borc məbləğ 125091 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan maddi hüquq normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, iddiaçı satıcı olaraq cavadehə verilmiş olduğu əşyanın dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən ödənilməyən malların dəyərinin 125091 manat təşkil etdiyi iş materialları ilə təsdiqini tapır. Apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin əsaslılığı tam yoxlanıldığından, dəbbə pulunun tutulması tələbinin təmin olunmayan hissəsinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən alğı-satqı müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1770/2025 saylı qətnaməsi əsas borcun müəyyən olunan 35501,64 manat məbləği hissədə dəyişdirilərək, əsas borcun məbləği 125091(bir yüz iyirmi beş min doxsan bir) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-303/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-303/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver