Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-306/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 8 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1774/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli müqavilə üzrə 20355.00 manat gecikdirilmiş borc və hesablanmış 31602.56 manat cərimənin, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli müqavilə üzrə 20355.00 manat gecikdirilmiş borcu və hesablanmış 31602,56 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh lizinq predmeti olan texnikaları sərbəst iradəsi ilə qəbul etmişdir və bu zaman texnikalarda olan qüsurlardan məlumatlı olmuşdur. Cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, lizinq predmeti olan texnikalar ona verilərkən tamamilə yararsız vəziyyətdə olmuşdur. İddiaçının nümayəndələri lizinq predmeti olan texnikalarda mövcud olan qüsurların aradan qaldırılacağına, lizinq ödənişinin azaldılacağına dair vəd versələr də, iddiaçı təşkilatda aparılmış struktur və kadr dəyişikliklərindən sonra lizinq predmeti olan texnikalardakı qüsurları aradan qaldırmamışlar. Texnikaları təhvil verməsi ilə bağlı iddiaçı təşkilata müraciət etsə də, buna nail ola bilməmiş, bu vaxta kimi iddiaçı tərəfindən lizinq muzdunun ödənilməsi ondan tələb edilməmiş, lizinqə götürdüyü texnikalardan istifadə edə bilməmiş həmin vaxtdan texnikalar yararsız vəziyyətdə onda istifadəsiz şəkildə qalmışdır. Texnikalarda olan qüsurların aradan qaldırılması üçün tələb olunan vəsait çıxıldıqdan sonra, qalan lizinq ödənişi üzrə borc məbləğini ödəməyə hazırdır. Şirvan Kommersiya Məhkəməsinin 8 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1774/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya Məhkəməsi Mülki Məcəllənin 747.1, 747.2, 748-1.1-747-1.8 , 747-7.3 748-10-1, 748-10.4, 749.1, 748-1.8, 748-7.1, 441.1, 441.2, 441.3-cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Baxılan işin məhkəmə araşdırması nəticəsində sübuta yetirilən faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, lizinq obyekti olan texnikalar onlardan təyinatına uyğun istifadə edilməməsinə səbəb olan qüsurlarla cavabdehə təhvil verilmişdir. Bu fakt, iddiaçının nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2017-ci il və xx.xx.2018ci il tarixli aktlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı obyektivliyə nail olunması məqsədi ilə məhkəmənin təşəbbüsü ilə təyin olunmuş və müstəqil qiymətləndirici tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticəsinə dair hesabatda da, lizinq obyekti texnikaların cavabdehə təhvil verilərkən istifadəyə yararsız vəziyyətdə olduğu bir daha təsbit edilmişdir. Lizinq müqaviləsi üzrə lizinq verənin əsas vəzifəsi (öhdəliyi) lizinq obyektini təyinatına uyğun yararlı vəziyyətdə lizinq alanın istifadəsinə verməkdən ibarətdir. Lizinq verənin bu əsas vəzifəsini yerinə yetirməməsi mülki qanunvericilikdə nəzərdə tutulan hüquqi nəticələrə səbəb olduğu kimi, lizinq verəni lizinq alandan lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququndan da məhrum edir. Birinci instansiya məhkəməsi həmçinin lizinq obyektinin təhvil verildiyi zaman mövcud olan qüsurlarla qəbul etdiyinə görə cavabdehin lizinq ödənişini icra etmək öhdəliyinin yaranmasına dair iddiaçının dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 748-1.2-ci və 748-1.4- cü maddələrinin birgə tələbinə görə, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə lizinq verənə məlumat verməlidir. Lizinq müqaviləsi bağlanarkən lizinq obyektində şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün lizinq verən məsuliyyət daşımır. İddiaçı məhz bu normalara istinadən hesab edir ki, lizinq alan lizinq obyekti təhvil verilərkən onda olan çatışmazlıqlardan məlumatlı olmuşdur və buna görə də cavabdehin həmin halı əsas tutaraq lizinq müqaviləsi üzrə borcunu ödəməkdən yayınması əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 748-1.4cü maddəsinin mətnindən də göründüyü kimi, qanunverici lizinq obyektində təhvil verilərkən aşkar edilə bilən elə bir qüsurdan bəhs edir ki, həmin qüsur lizinqə verilən əmlakın təyinatına uyğun istifadə edilə bilinməsini istisna etmir. Burada ağlabatan müddətdə və xərclərlə aradan qaldırıla bilən, əmlakın təyinatına uyğun istifadəyə yararlı hala salınması mümkün olan qüsurlardan söhbət gedir. Məhz buna görə də, qanunverici adı çəkilən normanın məzmununda “çatışmazlıq” ifadəsindən istifadə etmişdir. Həmin normanın lizinq obyektinin hətta təyinatına uyğun istifadəsinə imkan verməyən qüsurlarla qəbulu kimi təfsir olunması isə, ümumilkdə lizinq müqaviləsi konstruksiyası ilə nail olunması güdülən sosial və iqtisadi nəticələrə ziddiyyət təşkil edərdi. Bu baxımdan məhkəmə hesab edir ki, lizinq obyekti texnikalarda mövcud olan qüsurlara dair cavabdehin iştirakı ilə iddiaçının nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş akt mahiyyətcə Mülki Məcəllənin 748-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbul protokoluna qüsurlar barədə qeyd kimi qəbul edilməli, həmçinin adı çəkilən texnikalarda aşkar edilmiş qüsurlar, xarakterləri və texnikaların funksional təyinatına təsirləri nəzərə alınmaqla Mülki Məcəllənin 748-1.4-cü maddəsində nəzərdə tutulan çatışmazlıq kimi təfsir edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq obyekti olan texnika cavabdehə təhvil verilərkən tam yararlı vəziyyətdə olmasa da, bu hal tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır. Texnikanın müəyyən qüsurları barədə cavabdeh məlumatlandırılmış, o isə bu vəziyyətlə razılaşaraq əmlakı qəbul etmiş və təhvil-təslim aktını imzalamışdır. Təhvil-təslim aktının imzalanması cavabdehin texnikanın vəziyyəti ilə tanış olduğunu və onu həmin vəziyyətdə qəbul etdiyini təsdiq edir. Mülki Məcəllənin 748-1.2-ci maddəsinə əsasən, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Cavabdeh tərəfindən belə bir addım atılmamış, qəbul zamanı irad bildirilməmişdir. Bu isə onu göstərir ki, texnikanın vəziyyəti onun üçün qəbuledilən olub və o, bu şərtlərlə razılaşıb. Eyni zamanda, Mülki Məcəllənin 748-1.4-cü maddəsinə əsasən, lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Göründüyü kimi, əgər əmlak müəyyən qüsurlarla təqdim edilirsə, lakin bu qüsurlar müqavilə bağlanarkən şərtləşdirilmiş, yaxud lizinq alana əvvəlcədən məlum olmuş, yaxud əmlaka baxış zamanı aşkar edilə bilən xarakter daşıyırsa, bu halda lizinq verən həmin çatışmazlıqlara görə məsuliyyət daşımır. Belə hallarda məsuliyyətin yüklənməsi yalnız gizli və əvvəlcədən aşkar edilə bilməyən qüsurlar üçün mümkündür. Hazırkı işdə isə texnikanın qüsurları açıq xarakterli olub, cavabdeh tərəfindən əvvəldən bilindiyi və qəbul edildiyi sübuta yetirilmişdir. Mülki Məcəllənin bu normasının məqsədi odur ki, lizinq alan sonradan, müqavilənin şərtlərini pozduqdan sonra, əvvəlcədən məlum olan qüsurları bəhanə gətirərək məsuliyyətdən yayınmasın. Lizinq alanın texnikanı qəbul etməzdən əvvəl onun vəziyyətinə baxmaq, yoxlamaq və qiymətləndirmək imkanı olmuş və texnikanın necə vəziyyətdə olduğunu öz gözləri ilə görmüşdür. Daha sonra təhvil-təslim aktını imzalamaqla texnikanın faktiki vəziyyətini qəbul etdiyini və bu vəziyyətlə razı olduğunu təsdiq etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən imzalanmış ərizədən də açıq şəkildə görünür ki, o, lizinq obyekti olan texnikanı lizinqə götürməzdən əvvəl görmüş, texniki vəziyyəti ilə tanış olmuş və texniki baxış keçirmişdir. Həmin ərizədə cavabdeh açıq şəkildə bəyan etmişdir ki, texnikanın vəziyyəti ilə tanış olub və lizinqə götürdükdən sonra ödənişləri vaxtlı vaxtında həyata keçirəcəyinə söz verir. Həmçinin, traktorun 7 il müddətinə verilməsi barədə məlumatlandırıldığı da öz ərizəsində təsbit olunmuşdur. Bu ərizə cavabdehin lizinq müqaviləsinin şərtlərini və lizinq obyektinin vəziyyətini tam şəkildə bildiyini, bu vəziyyətlə razı olduğunu və müqavilə üzrə öhdəliklərini könüllü olaraq qəbul etdiyini sübut edir. Belə olan halda, cavabdehin sonradan texnikanın yararsız olması barədə irəli sürdüyü iddialar hüquqi əsasdan məhrumdur və yalnız öhdəlikdən yayınmaq məqsədi daşıyır. Eyni zamanda, hesabdan çıxarışdan da aydın görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixində xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli lizinq müqaviləsi üzrə 395 (üç yüz doxsan beş) manat məbləğində ödəniş etmişdir. Bu faktın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, cavabdeh lizinq obyekti olan texnikanı təhvil aldıqdan sonra, onun müəyyən dərəcədə tam yararlı vəziyyətdə olmadığını bildiyi halda belə, müqavilə üzrə ödəniş həyata keçirmişdir. Ödənişin müqavilənin qüvvədə olduğu və texnikadan faktiki istifadə edildiyi dövrdə icra olunması, cavabdehin lizinq münasibətlərini tanıdığını və bu münasibətlər üzrə öz öhdəliklərini faktiki olaraq icra etməyə başladığını açıq şəkildə təsdiq edir. Bu hal eyni zamanda göstərir ki, cavabdeh lizinq obyektində mövcud olan qüsurlardan məlumatlı olmuş, həmin vəziyyəti razılıqla qəbul etmiş, texnikanı təhvil almaqla və ödəniş həyata keçirməklə müqavilə şərtlərini qəbul etdiyini və icraya başladığını öz davranışı ilə təsdiq etmişdir. Bundan əlavə, iş materiallarından aydın olur ki, lizinq obyekti bazar dəyərindən xeyli aşağı məbləğdə cavabdehə təqdim edilmişdir. Bu hal tərəflər arasında qarşılıqlı kommersiya razılaşması və güzəştli şərt kimi qiymətləndirilməlidir. Lizinq müqaviləsinin bağlanması zamanı tərəflər texnikanın müəyyən dərəcədə qüsurlu vəziyyətdə olduğunu bilmiş, həmin qüsurlar nəzərə alınmaqla qiymət müəyyən edilmiş və cavabdeh bu şərtlərlə razılaşaraq texnikanı qəbul etmişdir. Belə olan halda, cavabdeh aşağı qiymətə razı olmaqla eyni zamanda texnikanın vəziyyətinə də razılığını ifadə etmiş və bu vəziyyətdə əmlakı qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iş üzrə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, yəni lizinq ödənişlərinin vaxtında və tam məbləğdə ödənilməməsi, birbaşa bu maddənin tələblərinə uyğun olaraq öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh texnikanı qəbul etmiş, təhvil-təslim aktını imzalamaqla əmlakı müəyyən vəziyyətdə qəbul etdiyini təsdiqləmişdir. Müqavilə şərtlərinə görə, o, bu əmlakdan istifadəyə görə razılaşdırılmış dövrlərdə ödəniş etməyə borclu idi. Göründüyü kimi, Məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, təhvil-təslim aktının, müqavilə şərtlərinin, ödəmə cədvəllərinin və tərəflərin razılaşmalarının hüquqi mahiyyətini düzgün nəzərə almamışdır. Bütün bunları nəzərə alaraq, irəli sürülən iddianın rədd edilməsi əsassız və qanunsuz hesab edilməli, iddia təmin olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibətində bildirdi ki, texnikalar ona lizinqə veriləndən sonra qüsurlarının aradan qaldırılacağı ona vəd olunsa da, lizinq verən bu vədinə əməl etməmişdir. Texnikalardan ümumiyyətlə istifadə edə bilməmişdir və lizinqə götürdüyü vəziyyətdə olmaqla saxlancındadırlar. Texnikalar elə qüsurlarla ona təhvil verilmişdir ki, həmin qüsurların tərəfindən aradan qaldırılması mümkün deyildir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır, kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin ləğvini, iddianın təminini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Lizinq verən ümumi məbləği 23750,00 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən təsərrüfatı texnikalarını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir: 1.2-ci bəndinə əsasən, Lizinq alan Texnikaların dəyərindən Spesifikasiyada (Əlavə N 1) göstərilən 3000,00 manat əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (əlavə 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 2.1-ci bəndinə əsasən, Lizinq verən, bu müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə (tex. pasport, istismar təlimatı) birlikdə Lizinq alana təhvil verilməsini təmin edir (2.1.1), Lizinq alan tərəfindən texnikanın təyinatı üzrə istifadə edilməsinə, dövlət qeydiyyatında alınmasına, texniki xidmətlərin keyfiyyətli aparılmasına, qorunub saxlanmasına nəzarət edir (2.1.3), Lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən çox aparmadıqda bu müqavilənin 5.2-5.5-ci bədnlərində göstərilən hərəkətləri edir (2.1.8). 2.2-ci bəndinə əsasən, Lizin alan, lizinq ödənişlərini vaxtında və vaxtında və tam həcmdə ödəyir (2.2.2), texnikaların üstündə icazəsiz konstruktiv dəyişiklik edilməməsini öhdəsinə götürür (2.2.6). 3.3-cü bəndinə əsasən, Lizinq alan texnikanı qanunla müəyyən edilmiş qaydaya uyğun qəbul etdikdən sonra texnikanı zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıyır və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. 4.1-ci bəndinə əsasən, Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli müqaviləyə əsasən qalıq borcu cərimə ilə birlikdə 51957,56 manat təşkil edir. Ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 124-L/18 nömrəli lizinq müqaviləsinə əsasən son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. 09 dekabr 2017-ci il tarixli “Lizinq obyekti olan texnikanın geri qaytarılması və saxlanca təhvil verilməsi zamanı texniki vəziyyəti haqqında” aktdan görünür ki, "xxxx" ASC-nin Ağcabədi RN-nin Beyləqan Xocavənd rayon bölməsinin rəhbəri X3, Kənd təsərrüfatı texnikasının lizinqi şöbəsinin aparıcı mütəxəssisi X8, Beyləqan Xocavənd rayon bölməsinin mexaniki X5, Beyləqan-Xocavənd rayon bölməsinin gözətçisi X4, Beyləqan- Xocavənd rayon bölməsində fəhlə işləyən X6 həmin aktı tərtib edirlər ondan ötrü ki, Füzuli rayonu, Qorqan kənd sakini X9 50-L/11 nömrəli xx.xx.2011-ci il tarixli lizinq müqaviləsinə əsasən "xxxx" ASC-dən lizinqə götürdüyü bir ədəd MTZ 89,2 markalı (buraxılış ili 2010, Dövlət nömrə nişanı 10 J 225, şassi №-si 0001930, mühərrik nömrəsi 517593) traktoru və bir ədəd dörd gövdəli kotanın qrafik üzrə ödənişi vaxtında ödənilmədiyinə görə texniki vəziyyətinə baxış keçirilərək Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin həyətində saxlanc məqsədi ilə saxlanıldığını, traktorun və kotanın təhvil verilərkən texniki vəziyyətlərinin aşağıdakı kimi olmasını (traktora münasibətdə - turbo kompresso yoxdur, qabaq ötürücü kardan yoxdur, mühərrikin yağ qabağı yoxdur, mühərrikin yan örtükləri yoxdur, kabinanın üst qabaq və arxa faraları yoxdur, sağ yan güzgü yoxdur, sol yan güzgü sınıbdır, sol qapının alt şüşəsi yoxdur, qabaq sağ fara qırıqdır, qabaq və arxa təkərlər tam yararsızdır, qabaq və arxa disklər rənglənib, arxa sağ diskdə qaynaq işləri aparılıb, arxa qoşqu başqası ilə əvəzlənib və qaynaq işlərin aparılıb, iki ədəd akkumuliator yoxdur,dönmə işıqlarını işə salan kulçator yoxdur, mühərriki işə salan zamok açarla birlikdə yoxdur, kabinanın salon gügüsü yoxdur, kabinanın sağ və sol qapılarının silindirləri yoxdur və yanacaq filri yoxdur), (kotana münasibətdə - təkəri nazazdır, zavod nömrə birkası yoxdur və lımıxlar tam yeyilmişdir üzərində qaynaq işi aparılıb) öz imzaları ilə təsdiq edirlər. xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin Ağcabədi RN-nin Beyləqan-Xocavənd rayon bölməsinin rəhbəri X3, Kənd təsərrüfatı texnikasının lizinqi şöbəsinin aparıcı mütəxəssisi X8, Beyləqan-Xocavənd rayon bölməsinin mexaniki X5, Beyləqan-Xocavənd rayon bölməsinin gözətçisi X1, Füzuli rayon, Yuxarı Seyidəhmədli kənd sakini Cavabdeh həmin aktı tərtib edirlər ondan ötrü ki, 09 dekabr 2017-ci il tarixindən Beyləqan-Xocavənd rayon bölməsinin parkında saxlancda olan bir ədəd MTZ89.2 markalı (buraxılış ili 2010, Dövlət nömrə nişanı 10 J 225, şassi №-si 0001930, mühərrik nömrəsi 517593) traktor və bir ədəd dörd gövdəli kotan "xxxx" ASC-nin 30 yanvar 2018-ci il tarixli 124-L/18 nömrəli lizinq müqaviləsinə və 606/ü nömrəli əmrinə əsasən Füzuli rayonu, Yuxarı Seyidəhmədli kənd sakini Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən həmin texnikaya tərəflərindən baxış keçirilərək texniki vəziyyətinin qeyd olunan qaydada (traktora münasibətdə - turbo kompresso yoxdur, qabaq ötürücü kardan yoxdur, mühərrikin yağ qabağı yoxdur, mühərrikin yan örtükləri yoxdur, kabinanın üst qabaq və arxa faraları yoxdur, sağ yan güzgü yoxdur, sol yan güzgü sınıbdır, sol qapının alt şüşəsi yoxdur, qabaq sağ fara qırıqdır, qabaq və arxa təkərlər tam yararsızdır, qabaq və arxa disklər rənglənib, arxa sağ diskdə qaynaq işləri aparılıb, arxa qoşqu başqası ilə əvəzlənib və qaynaq işlərin aparılıb, iki ədəd akkumuliator yoxdur,dönmə işıqlarını işə salan kulçator yoxdur, mühərriki işə salan zamok açarla birlikdə yoxdur, kabinanın salon gügüsü yoxdur, kabinanın sağ və sol qapılarının silindirləri yoxdur və yanacaq filri yoxdur), (kotana münasibətdə - təkəri nazazdır, zavod nömrə birkası yoxdur və lımıxlar tam yeyilmişdir üzərində qaynaq işi aparılıb) texnikanın lizinq alan Cavabdeh təhvil verildiyini öz imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş tikinti-texniki ekspertizası üzrə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatına əsasən, Belarus-892 markalı traktorun və KR-14 markalı 4 gövdəli asma kotanın xx.xx.2018-ci il tarixə təyinatına uyğun yararlı vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilərək, adı çəkilən texnikaların xx.xx.2018-ci il tarixinə təyinatına uyğun yararlı vəziyyətdə olmadığı və vizual görünüşü yerində olsa da, yerində olmayan detallarının akt üzrə göstərilən kimi olması müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə əsasən, Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən, Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə əsasən, Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.4-cü maddəsinə əsasən, Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.7-ci maddəsinə əsasən, Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.3-cü maddəsinə əsasən, lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən, Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 749.1-ci maddəsinə əsasən, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə verilən hüquqi qiymətlə razılaşaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, lizinq müqaviləsində cavabdehin istifadəsinə verilməsi razılaşdırılmış texnikaların istifadə üçün yararsız vəziyyətdə olması işin mübahisəsiz halını təşkil edir. Apellyasiya şikayətində iddiaçı tərəf əsasən lizinq obyektinin cavabdeh tərəfindən qüsurlu vəziyyətdə qəbul edildiyini, təhvil-təslim aktının imzalandığını və bu səbəbdən cavabdehin lizinq ödənişlərini həyata keçirməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu arqumentini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.4-cü maddəsi lizinq verəni yalnız lizinq obyektinin təyinatına uyğun istifadəyə mane olmayan və lizinq alan üçün əvvəlcədən məlum olan çatışmazlıqlara görə məsuliyyətdən azad edir. Hazırkı iş üzrə isə texnikalarda mövcud olan qüsurlar lizinq obyektinin təyinatına uyğun istifadəsini ümumiyyətlə mümkünsüz etmişdir ki, bu da iş materialları ilə sübuta yetirilmişdir. Cavabdehin lizinq obyektini qəbul etməsi və qismən ödəniş etməsi faktının öhdəliyin yaranmasına dəlalət etməsi barədə mövqe də hüquqi baxımdan əsassızdır. Çünki lizinq münasibətləri qarşılıqlı xarakter daşıyır və lizinq verən öz əsas öhdəliyini icra etmədiyi halda, lizinq alandan qarşılıqlı icranın tələb edilməsi mümkün deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 8 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1774/2025saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-306/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-306/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver