Məhkəmə qərarları › İş №2-2(106)-310/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-310/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-310/2025 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1827/2025 saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 8368 manat borcun, Azərbaycan Respublikası Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla 4 ay müddətində hesablanmış 202.22 manat məbləğin, X2 üçün vəkilə ödənilmiş 300 manat məbləğində pulun və ödənilmiş 108.71 manat dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, DM-22 sayıl alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən müqavilə üzrə satıcı İddiaçı MMC alıcı Cavabdeh sifarişlərinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə çeşidi, miqdarı və qiyməti müəyyən edilən malları satır, alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı satıcı tərəfindən təqdim edilmiş malları yoxlayıb qəbul edir və zəruri sənədlərin imzalanmasını təmin edir. Həmçinin müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddia ərizəsinə əlavə edilmiş satış fakturalarından görünür ki, müxtəlif vaxtlarda satıcı alıcıya adları, çeşidi və qiymətləri müəyyən edilmiş malları həmin alqı-satqı müqaviləsi əsasında vermiş, alıcı isə həmin malları qəbul etmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən onlayn kargüzarlıq sistemi vasitəsilə Cavabdeh VÖEN nömrəsinə xəbərdarlıq göndərilmiş və 9253 manat alqı-satqı müqaviləsindən qalan qalıq ödənişin tam şəkildə xx.xx.2025-ci il tarixinədək ödənilməsi tələb edilmişdir. Həmçinin xəbərdarlıqda qalıq ödənişin xəbərdarlıq məktubunda qeyd olunan vaxt ərizndə ödənilmədiyi təqdirdə, iddiaçı tərəfindən qalıq ödənişin və dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 00814555 nömrəli, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, satıcı İddiaçı MMC həmin tarixdə Cavabdeh 3700 manat məbləğində elektron qaimə göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş 11161699 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, satıcı İddiaçı MMC həmin tarixdə Cavabdeh 8368 manat məbləğində elektron qaimə göndərmişdir. Elektron qaimələrin göndərilməsinə baxmayaraq sözügedən qaimələr üzrə cavabdeh bu günkü tarixədək, sadəcə olaraq 885 manat ödəniş həyata keçirmişdir. Göründüyü kimi cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq öhdəliklərini tam şəkildə icra etməmiş və öhdəliyin icrasını gecikdirmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın faiz uçot dərəcə məlumatlarında xx.xx.2024-cü il tarixindən bu günkü tarixədək faiz uçot dərəcəsi 7.25 % təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinin tələbinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinin tələbinə əsasən; 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmçinin həmin Məcəllənin 598.1-ci maddəsinin tələbinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvilaldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə olan halda malın sonuncu dəfə təhvil verildiyi xx.xx.2025-ci il tarixindən bu günədək təxminən 4 aylıq müddət keçmişdir. Həmin 4 aylıq vaxta münasibətdə dəymiş zərərin əvəzi olaraq 202.22 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (8368x7.25%= 606.68/12=50.55x4=202.22). İddia ərizəsinə əlavə edilmiş X2nə dair EM-2190VK-21303 saylı, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən vəkil Nümayəndəla birinci instansiya məhkəməsində hüquqların müdafiəsi üçün 300 manat məbləğində müqavillə bağlamışdırlar. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, sözgedən xidmətlərin göstərilməsinə dair müqavilə əsasında İddiaçı MMC tərəfindən 300 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələbinə əsasən; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq göstərmişdir ki, mallar cavabdeh tərəfindən onlara qaytarılmamışdır. Mallar cavabdehin özündədir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə onlara malların geri qaytarılması barədə elektron qaimə göndərilmiş, onlar isə həmin qaiməni düzəlişə qaytarılmışlar. Beləliklə malların geri qaytarılması baş verməmişdir. İddiaçı tərəfindən hazırki iddia qaldırılarkən cavabdehə güzəşt edilmiş, faktiki verilən malların məbləğindən az məbləğdə iddia qaldırılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli qaimə fakturada 1-ci sırada qeyd olunan “Az.Nax.kim 1200” adlı malın bir ədədinin qiyməti 4 manat, 2-ci sırada qeyd olunan “nobay” adlı malın bir ədədinin qiyməti 3,7 manat olmaqla, cəmi 1710,20 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş qaimə fakturalar üzrə verilən malların ümumilikdə dəyəri 45414 manat civarındadır. Cavabdeh tərəfindən 500 manat ödəniş edilmiş, həmin məbləğ cavabdehə geri qaytarılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlər cavabdehin iddiaçıya olan borcunun ödənilməsini təsdiq etmir. Cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, cavabdeh ödənişləri vaxtında etmişdir. İddiaçı tərəfindən irəli sürülən 8368 manat məbləğində mala dair elektron qaimədən Cavabdeh xəbəri olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərin məbləği 30000 manatdan çox olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 2 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1827/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 8368 (səkkiz min üç yüz altmılş səkkiz) manat borcun, vəkilə hüquqi yardıma görə çəkilmiş 300 (üç yüz) manat xərcin və ödənilmiş dövlət rüsumuna görə 103,68 (bir yüz üç manat, altmış səkkiz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan Seriya: MQ2507 nömrəli, 10463155 saylı, xx.xx.2025-ci il tarixli nömrəli, xx.xx.2024-cü il tarixli “malların qaytarılması barədə elektron qaimə”dən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura təqdim olunmuşdur. İddiaçı MMC tərəfindən isə Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş “8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaimə-faktura”nı xx.xx.2025-ci il tarixdə düzəlişə qaytardıqlarını bildirmiş və Cavabdeh İddiaçı MMC tərəfindən düzəlişə göndərilən elektron qaiməni ləğv etməsi və borcunun dərhal ödəməsi tövsiyyə edilmiş və bütün materialların məhkəməyə təqdim olunacağı qeyd edilmişdir. Göründüyü kimi iş materialları ilə Cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş 8368 manat məbləğində mala dair elektron qaimə-fakturadan xəbərsiz olması təkzib olunur. Məhkəmə göstərilən xüsusatlarla bağlı, həmçinin qeyd edir ki, Cavabdeh iddiaçıya Seriya: MQ2507 nömrəli, 10463155 saylı, xx.xx.2025-ci il tarixli nömrəli, xx.xx.2024-cü il tarixli “malların qaytarılması barədə” elektron qaimə-faktura təqdim etməklə, iddiaçıdan həmin məbləğdə mal almasını da təsdiq etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi halları təsdiq edən mötəbər sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişlər. MPM-in 77-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisə üzrə hesab edir ki, məhz mübahisə predmeti olan alğı-satqı müqaviləsi üzrə malların dəyərinin ödənilməsinin əsasını təsdiq edən malların cavabdehə təqdim edilməsi faktını təsdiq edən sübutları iş üzrə iddiaçı birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, hazırki mübahisənin halları baxımından iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568, 570-ci maddələri təşkil edir. Hazırki iş üzrə sübutetmə predmetinə daxil olan hallar 1) alğı-satqı müqaviləsinin mövcud olması, 2) alğı-satqı müqaviləsi üzrə satıcı və alıcı öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılıq prinsipinin tələblərinə əməl edilməsindən ibarətdir. Lakin, iddiaçı tərəfindən alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vicdanlıqla yerinə yetirilməmişdir. Çünki, xx.xx.2024-cü il tarixli, DM-22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən müqavilə üzrə “Satıcı”, “Alıcı”ya “Alıcı”nın sifarişlərinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə çeşidi, miqdarı və qiyməti müəyyən edilən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. 3.2-ci bəndinin tələbinə əsasən malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. 4.2-ci bəndinə əsasən, “Satıcı” Malları müvafiq hesab-faktura, mənşə, keyfiyyət və uyğunluq sertifikatları ilə birgə “Alıcı”ya təhvil verir. 4.3-cü bəndinə əsasən Təhvil-təslim tərəfləri səlahiyyətli şəxsləri tərəfindən müvafiq aktı imzalamaqla rəsmiləşdirilir. Hazırda iddia predmeti olan 8368 manat məbləğin tələb edilməsinə əsas olmuş malların verilməsini təsdiq edən hallar mövcud deyildir. Əgər həmin mallar verilmiş olsaydı, müqavilədə qeyd olunduğu kimi malların Təhvil-təslim edilməsi tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq aktı imzalamaqla rəsmiləşdirilmiş olardı. İddiaçı MMC (Satıcı) tərəfindən Cavabdeh müqavilə üzrə mallar təqdim edilmədiyinə görə 8368 manat məbləğin tələb edilməsi əsassızdır. İşə baxan məhkəmə isə mübahisə heç də sübutetmə yükü üzərindən dəyərləndirib qiymətləndirməmiş, çünki iddia ərizəsində qeyd olunanlara istinad edərək 8368 manat məbləğin ondan tutulması ilə bağlı olan hissəsini təmin etmişdir. Halbuki, bu mübahisənin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixli, DM-22 nömrəli alqı-satqı müqaviləsinin 4.3-cü bəndi kifayət edirdi. Çünki, həmin bəndə birbaşa təsbit edilmişdir ki, mallar təhvil-təslim olmalıdır. Belə bir sübutlar olmaya-olmaya iddia ərizəsində qeyd olunanlara əsaslanmaqla məhkəmə düzgün olmayan qətnamə qəbul etmişdir. Hesab edir ki, hazırki mübahisə üzrə bu maddələr məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, ona mallar təqdim edilməli idi ki, bundan sonra həmin malların razılaşdırılmış qiymətinə əsasən ödənişlər etməli idi. Lakin sözügedən həmin mallar hər hansı formada təhvil verilməmişdir. Buna görə də mallara görə ondan ödəniş tələb edilməsi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə isə əks qənaətə gələrək öhdəliyini pozmağı kimi qiymətləndərilmişdir. Hesab edir ki, məhkəmə həmin hissədə də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. MPM-nin 9.1, 9.2 və 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə ona məlum olan faktlar əsasında baxmamış və iş üzrə mübahisə predmeti olmaqla iddia ərizəsində göstərilən alğı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi ilə bağlı obyektiv araşdırma aparmamış, nəticə etibarilə də mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə tərəfindən alğı-satqı müqaviləsi üzrə malların verilməsi tarixi, hansı səlahiyyətli şəxs tərəfindən kimə, harda və hansı vasitə təqdim ediməsi, eyni zamanda mallarının verilməsini təsdiq edən təhvil-təslim aktının mövcudluğu aydınlaşdırılmamış və yalnız iddia ərizəsinə göstərilən elektron qaiməyə əsaslanmaqla kifayətlənmişdir. Halbuki, həmin elektron qaiməyə cavab məktubunu, həmçinin elektron qaimədə göstərilən malların (çeşid, növünü, miqadarı, qiyməti və s.) verilməsini təsdiq edən mötəbər sübut kimi sayılacaq təhvil-təslim aktının olmamasını qətnamə qəbul edərkən nəzərə almamışdır. MPM-in 14.2-ci maddəsinin tələbi pozulmuşdur. Yəni, işə baxan məhkəmə mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə toplanmış dəlillərə düzgün qiymət verməmişdir. Çünki, təqdim edilməyən mallara görə iş üzrə iddiaçıya pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də hesab edir ki, məhkəmə mövcud sübutlara düzgün hüquqi qiymət verməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, işə baxan məhkəmə mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılb ədalətli yekun məhkəmə qərarının qəbul edilməsindən ötrü mübahisə predmeti olan alğı-satqı müqaviləsi üzrə olan malların verilməsi ilə bağlı sübutetmə yükü baxımından araşdırma aparmamışdır. Yəni, məhkəmə tərəfindən müqavilə üzrə mallarının iddiaçı tərəfindən verilib-verillməməsi ilə bağlı halları ətraflı araşdırmadan düzgün olmayan yekun nəticəyə gəlinmişdir. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, işə baxan məhkəmə işdə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, bununla da mübahisə üzrə hüquq normalarını düzgün tətbiq etməmiş və nəticə etibarilə mülkiyyət hüququ pozulmuşdur. MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbi pozulmuşdur. Belə ki, hazırki işlə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Bu isə öz növbəsində hüquqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən istinad edilən 15 mart 2025-ci il tarixli qaimə üzrə heç bir mal almamışdır. Ümumiyyətlə həmin qaimənin mövcudluğundan vergiyə hesabat verən zaman xəbər tutmuş və dərhal geri qaytarmışdır. 2025-ci ildə iddiaçıdan mal almamış, lakin əvvəllər aldığı mallardan qalıq borclarından ödənişlər etmişdir. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğvini, iddianın rəddini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DM-22 nömrəli alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən müqavilə üzrə “Satıcı”, “Alıcı”ya “Alıcı”nın sifarişlərinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə çeşidi, miqdarı və qiyməti müəyyən edilən malları satır, “Alıcı” isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. - 3.2-ci bəndinə əsasən malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. - 4.2-ci bəndinə əsasən, “Satıcı” Malları müvafiq hesab-faktura, mənşə, keyfiyyət və uyğunluq sertifikatları ilə birgə “Alıcı”ya təhvil verir. - 4.3-cü bəndinə əsasən Təhvil-təslim tərəfləri səlahiyyətli şəxsləri tərəfindən müvafiq aktı imzalamaqla rəsmiləşdirilir. - 6.1-ci bəndinə əsasən Bu müqaviləyə əsasən satılan malların hər bir vahidinin satış bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələr ilə müəyyən edilir. - 6.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri əlavədə göstəriləcəkdir. - 6.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər hesablaşma hesabı və ya nəğd formada ödənilir. Qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən satış təmsilçisi Ələkbər Bədəlov vasitəsi ilə cavabdehə 17 yanvar 2025-ci il tarixinədək mallar təhvil verilmişdir. Ödəniş qəbzlərindən görünür ki, alıcı “Badalov Alakbar” adlı şəxin kart hesabına müxtəlif məbləğlərdə pul vəsaiti köçürmüşdür. 11161699 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 8368 manat məbləğində elektron qaimə göndərmişdir. Seriya:MQ2507 nömrəli, 10463155 saylı, xx.xx.2025-ci il tarixli nömrəli, xx.xx.2024-cü il tarixli “malların qaytarılması barədə elektron qaimə”dən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaiməfaktura təqdim olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim olunmuş “8368 manat məbləğində malların qaytarılmasına dair elektron qaiməfaktura”nı düzəlişə qaytardıqlarını bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, malların geri qaytarılması baş verməmişdir. Bu cəhdlər hazırda Şirvan Kommersiya Məhkəməsində olan işi öz xeyrinizə çevirmək təəsüratı yaradır. Cavabdeh İddiaçı MMC tərəfindən düzəlişə göndərilən elektron qaiməni ləğv etməsi və borcunun dərhal ödəməsi tövsiyyə edilmiş və bütün materialların məhkəməyə təqdim olunacağı bildirilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh borcun dərhal ödənilməsini tələb etmişdir. “X2 Haqqında” xx.xx.2024-cü il tarixli, Müqavilədən və qəbzdən görünür ki, iddiaçı hüquqi yardımla bağlı vəkilə 300 manat ödəniş etmişdir. ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 108,71 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsində əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində Cavabdeh, satıcı qismində isə İddiaçı MMC-nin çıxış etdiyi müəyyən olunur. Müqavilənin - 4.2-ci bəndinə əsasən, “Satıcı” Malları müvafiq hesab-faktura, mənşə, keyfiyyət və uyğunluq sertifikatları ilə birgə “Alıcı”ya təhvil verir, - 4.3-cü bəndinə əsasən Təhvil-təslim tərəfləri səlahiyyətli şəxsləri tərəfindən müvafiq aktı imzalamaqla rəsmiləşdirilir. İş materiallarına əlavə edilmiş malların təhvil təsliminə dair qaimə fakturalardan görünür ki, satıcı satış təmsilçisi Ələkbər Bədəlov vasitəsi ilə cavabdehə 17 yanvar 2025-ci il tarixinədək mallar təhvil vermiş, alıcı isə mütəmadi olaraq ödəniş terminalları vasitəsilə Ələkbər Bədəlovun adına olan kart hesabına ödənişlər etmişdir. Tərəflər arasında mübahisə 11161699 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimə əsasında 8368 manat məbləğində göndərilən malların dəyərinin ödənilməməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı həmin elektron qaimə əsasında cavabdehə 8368 manat dəyərində mal verdiyini, cavabdeh isə ona həmin malların verilmədiyini, ümumiyyətlə həmin qaimənin mövcudluğundan vergi hesabatı verən zaman xəbərdar olduğunu və dərhal qaytardığını bildirirlər. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2025-ci il tarixli elektron qaimə əsasında 8368 manat məbləğində göndərilən mallara dair hesab faktura, təhvil-təslim aktı təqdim edilməmişdir. Hərçənd tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən malların təhvili bu qaydada həyata keçirilməli idi. İş materiallarına əlavə edilmiş daha əvvəlki tarixlərə aid hesab fakturalardan da, tərəflər arasında malların təhvil-təsliminin bu qaydada rəsmiləşdirildiyi görünür. Elektron qaimənin qaytarılmasını əsas götürərək malların alıcıya təhvil verilməsinin sübuta yetməsi, həmin qaimə əsasında faktiki olaraq malların satıcıya qaytarılmasının sübut olunmaması əsası ilə iddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşmır. Belə ki, elektron qaimə əsasında satılan malların alıcıya təhvil verilməsini sübuta yetirmək öhdəliyi ilk növbədə satıcının üzərinə düşür. Satıcı isə elektron qaimə, alıcı tərəfindən qaytarılan elektron qaimənin müvafiq düzəlişlərlə yenidən alıcıya qaytarılmasına dair sonrakı elektron qaimədən savayı, malların təhvil verilməsini təsdiq edən hər hansı bir sübut verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv olunaraq, həmin hissədə də, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən dəyərinin ödənilmədiyini bildirdiyi malların faktiki olaraq cavabdehə təhvil verilməsinə dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2 oktyabr 2025-ci il tarixli e-2-2(121)-1827/2025 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar