Məhkəmə qərarları › İş №2-2(106)-312/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-312/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-312/2025 13.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2914/2025 saylı qərardadından (hakim Namidar Misirzadə) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 39000 manat məbləğində pulun və 207 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-2(121)-2914/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən (səhifə 97) qətnamə 6 oktyabr 2025-ci il tarixdə Cavabdeh çatdırılmışdır. Cavabdeh 17 noyabr 2025-ci il tarixdə qətnamədən elektron qaydada apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2914/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2025- ci il tarixli e-2-2(121)-2914/2025 saylı qətnaməsini 17 oktyabr 2025-ci il tarixdə əldə etmişdir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə biləcəyi üçün, 17 noyabr 2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2914/2025 nömrəli qərardadına əsasən qətnamədən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. İşə baxan məhkəmə hesab etmişdir ki, “iş üzrə qəbul edilən qətnamə MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya və həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməklə tərtib edilərək, sifarişli poçt göndərişi vasitəsi ilə Cavabdeh göndərilmiş və qətnamə 6 oktyabr 2025-ci il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır”. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, ləğv edilməlidir. Belə ki, qətnaməsini 6 oktyabr 2025-ci ildə əldə etməmişdir. Lakin məhkəmə qətnamənin həmin tarixdə çatdırıldığını zənn edərək, şikayət müddətini yanlış olaraq həmin vaxtdan hesablamışdır. İddiaçı vəkili Vəkil şikayətə qarşı yazılı etiraz təqdim edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirib, təmi edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 5 səhifəlik şikayət yazmış, lakin bir cümlə belə olsun əsaslandırma apara bilməmişdir ki, məhkəmənin qərardadı niyə ləğv olunmalıdır. 6 oktyabr 2025-ci il tarixdə qətnaməni cavabdeh rəsmi qaydada almış, üzərindən 10 gündən çox vaxt keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Həmçinin şikayətində qətnaməni rəsmi qaydada nə vaxt aldığını göstərməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2914/2025 saylı 1 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 2-2(106)-312/2025 saylı qərardadı ilə şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmədə Cavabdeh şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materillarındakı xəbərnamələrdəki imzalar nə ona, nədəki ailə üzvlərinə məxsus deyildir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Kollegiya şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2914/2025 saylı qərardadı ləğv edilməli, həmin iş üzrə məhkəmənin 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddət ərzində verilməsi müəyyən edilməlidir. Belə ki, iş materiallarına əsasən qətnamə cavabdehin elektron kabinetinə yerləşdirilməmiş, təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən qətnamənin təqdim olunmasını təsdiq edən xəbərnamədəki imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Hərçənd xəbərnamədə qətnamənin 6 oktyabr 2025-ci il tarixdə şəxsən Cavabdeh verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 134.1.5.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir; 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 135.2.-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; 135.3.-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya hesab edir ki, qətnamənin şəxsən Cavabdeh verilməsi təyin olunmuş ekspertizanın rəyi ilə inkar olunduğundan, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə soyadı, adı, atasının adı, ünvan sahibinə münasibəti qeyd elimləklə poçt göndərişinin verilməsi isə təsdiqini tapmadığından, qətnamənin cavabdehə təqdim olunması tarixi kimi sonuncunun apellyasiya şikayətində qeyd etdiyi 17 oktyabr 2025-ci il tarixi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Kollegiya şikayətin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından təmin edilməli, qərardad ləğv olunaraq 17 noyabr 2025-ci il tarixində cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunla müəyyən olunan prosessual müddət ərzində verilmiş hesab edilməlidir. Şərh olunanlar nəzəə alaraq, Mülki Prosessual Məcəllənin 263, 264, 360, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2-2(121)-2914/2025 saylı qərardadı ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-2(121)-2914/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qanunla müəyyən olunan prosessual müddət ərzində verilmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar