Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-315/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması: Şirvan şəhəri, 22 yanvar 2026-cı il X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2-2(121)- 3611/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə olan ümumilikdə 2098,06 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün X2 barəsində ( Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan X1 (VÖEN: **********) dövlət büdcəsinə 2098,06 manat məbləğində (o cümlədən, vergilər üzrə 1670,97 manat, faizlər üzrə 427,09 manat) olmaqla, ümumilikdə 2098,06 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********336900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs isə teleqramla məhkəməyə müraciət edərək, vergi ilə bağlı qərarın ləğvinə görə Şirvan inzibati məhkəməsinə iddia ərizəsi ünvanladığını, qərarın ləğvi ilə bağlı məhkəmənin qərarının qanuni qüvvəsini alanadək icraatdakı işi dayandırılmasını, vergi borcu ilə bağlı qərar ləğv olunsa onun işi ilə bağlı məhkəmə qərarının hüquqi qüvvəsi olmayacağını, icraatın dayandırılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2-2(121)-3611/2025 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1984-cü il tarixdə anadan olmuş, ünvan 2i ünvanında qeydiyyatda olan Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ dövlət büdcəsinə olan öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pulun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-3611/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxsin teleqram vurmasına baxmayaraq, hakim vergi orqanının qərarının ləğvi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsini nəzərə almamışdır. Belə ki, inzibati məhkəmə tərəfindən iddia təmin edilərsə maraqlı şəxsin ölkədən çıxışına qoyulan qadağa əsaslı sayılmayacaq. Məhkəmə qətnaməsinə nəzər yetirdikdə hakim vergi orqanının maraqlı şəxsə borcun ödənilməsi ilə bağlı bildirişlərin olduğunu bildirir, amma ərizəçidən vergi borcu ilə bağlı qərarın borcluya göndərilməsi bağlı sənədləri tələb etmir. Əgər hakim tələb etsə və əmin olsa ki, qərar borcluya çatdırılıb və şikayət etmə müddəti ötüb o vaxt qəbul edəcəyi qətnamə akt olaraq gələcəkdə qüvvəsini itirməyəcək. Qeyd etmişdir ki, onun vergi borcundan xəbəri olmamışdır və kommersiya məhkəməsinin icraatı zamanı məlumatlandırılmışdır. O, dərhal qərarın ləğvi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi 2-1(120)-5567/2025 saylı inzibati iş kimi qeydiyyata alınaraq, Şirvan İnzibati Məhkəməsinin hakimi Hilal Nəcəfovun icraatındadır. Maraqlı şəxsin iddiası əsaslı olduğundan Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi lazımsız və vətəndaşın konstitusion hüququnun əsassız şəkildə məhdudlaşdıran akt kimi formal olaraq qalacaqdır. Əlavə olaraq qeyd etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli 2-2(121)-3611/2025 saylı qətnaməsində maddi hüquq normaları sadəcə sadalanmışdır. Belə ki, iş üzrə qətnamə çıxarılsa da, faktiki olaraq işə formal həqiqət üzrə mahiyyəti araşdırılmadan baxılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi və maraqlı şəxs məhkəmədə iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçiyə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş borcu vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Lakin borcun ödənilməsi iş materialları ilə müəyyən olunmur. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Göründüyü kimi ərizə təmin edilmiş, qətnamədən maraqlı şəxs narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin dəlili vergi borcunun olması ilə bağlı vergi orqanının qərarının Şirvan İnzibati Məhkəməsində mübahisələndirməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, vergi borcunun olması ilə bağlı vergi orqanının qərarının müvafiq məhkəmədə mübahisələndirməsi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmamasının əsasını təşkil edə bilməz. Bundan başqa müəyyən edilir ki, X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması artıq Vergi Orqanının özü tərəfindən onun üzərindən götürülmüşdür. Belə ki, Apellyasiya baxışında ərizəçi məhkəməyə 28 noyabr 2025-ci il tarixli, 3-21-2- 8/2-37188/2025 nömrəli Qərarını göndərmişdir. Həmin qərardan müəyyən edilir ki, X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının geri götürülməsi barədə toplanmış materialları nəzərdən keçirilərək onun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığı üçün (məhdudlaşmaya səbəb olan borc məbləği azaldığı üçün) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinin tələblərini rəhbər tutaraq X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun üzərindən götürülmüş və həmin Qərardan yuxarı vergi orqanına şikayət verilə bilməsi hüququ izah edilmişdir. Həmçinin məhkəmənin elektron bazasından əldə edilmiş çıxarış məlumatlarına əsasən də X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumatın olmaması müəyyən edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ərizəçinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2-2(121)- 3611/2025 saylı qətnaməsi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-315/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-315/2025
22.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver