Məhkəmə qərarları › İş №2-2(106)-44/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-44/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-44/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili Babayev Bəxtiyar Rəhim oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)-84/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)-84/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 29.461,09 manat əsas borc, 880 manat məbləğində cərimə borcu, 200 manat məbləğində mediasiya xərci və 4,65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 30.545,74 (otuz min beş yüz qırx beş manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)- 84/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin “MKT- Beyləqan” filialı və cavabdeh arasında bağlanmış 21 284 465 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 45,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq 66541 manat 14 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəriavans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə Cavabdeh tərəfindən 53059,29 kq, 37080 manat 05 qəpik dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da İddiaçıdan təhvil götürdüyü cəmiavansın dəyəri tam ödənilməmişdir. Son nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 29461 manat 09 qəpik əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 8749 manat 94 qəpik məbləğ təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi “MKT Beyləqan” filialı ilə onun adı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 21 284 465 nömrəli 2021ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə imza etməmiş və ümumiyyətlə ona məxsus 45, 50 ha torpaq sahəsində pambıq əkini üçün torpaq sahəsində mala, şum, əkin, suvarma, kultivasiya və sair aqrotexniki işləri görməmiş, bütün bu hərəkətləri iddiaçı təşkilat özü yerinə yetirmiş, məhsulun kombayn maşınla yığılmasını və təhvil verilməsi işlərini də onlar yerinə yetirmişlər. Su barədə olan və məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsinə, protokola, əkin işlərinin görülməsi, məhsul verilməsi barədə qaimə və aktlara, habelə pambıq qəbulu qəbzinə imza etməmiş, həmin sənədlərdəki iın/a onun tərəfindən deyil, ona məlum olmayan şəxs tərəfindən imzalanmışdır. Məhkəmə-xətşünaslıq ekspertizası təyin edilsə, həmin sənədlərdəki imzaların ona məxsus olmaması öz təsdiqini tapar. Xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicələrdə olmuş, Azərbaycan Respublikasında olduğu müddətdə əkin işlərinin nə yerdə olduğu ilə maraqlanmış, su problemi olduğunu bilmiş, kənd sakinlərinin də su qıtlığından məhsuldarlığın zəif olması, ziyana düşdüklərini bilmiş və əkin işlərini həyata keçirən iddiaçı təşkilatın nümayəndələrinə bildirmişdir ki, bu il su qıtlığı barədə eşitmişdir və belə davam edərsə, məhsuldarlıq aşağı olar və ziyan çəkə bilərlər. Həmin vaxt pambıq çiyidi artıq əkilmişdir. Kənd sakinlərinin dediyinə əsasən pambıq çiyidi də çəkisi çox yüngül olmuş və keyfiyyətsiz olmuşdur. Məhsuldarlığın zəif olmasına da əsas səbəblərdən suyun olmaması və pambıq çiyidinin keyfiyyətsiz olmasında ibarət olmuşdur. Dəfələrlə iddiaçı təşkilata bildirib ki, su qıtlığı olacağı barədə eşitmişdir və bundan sonrakı işləri dayandırın, bundan sonra ziyana düşərlər. Lakin, əkin işlərini yerinə yetirən təşkilatın nümayəndələri ona bildirmişdir ki, narahatlığa əsas yoxdur, su da olacaq, vaxtında sahə lazımi səviyyədə suvarılacaq, işlər yaxşı olacaq və heç bir problem yaşanmayacaqdır. İş üzrə cavabdeh məhsul vaxtı sahəyə baxanda məhsulun çox zəif olduğunu görmüş, buna da səbəb qeyd etdiyi kimi su qıtlığı olması, pambığın lazımi səviyyədə suvanlmaması, pambıq çiyidinin keyfiyyətsiz olması olmuşdur. Əsasən də suyun olmaması, pambığın doyunca suvanlmaması səbəbindən olmuşdur. Kənd sakinlərinin əksəriyyəti bu su qıtlığı səbəbindən həmin il üzrə pambıq əkini işlərində ziyana düşmüşlər və bunun da əsas səbəbkarı iddiaçı təşkilat olmuşdur. Ona görə ki, iddiaçı təşkilatın uzun illər iş stajına malik mütəxəssisləri var, onlar su qıtlığının olduğunu bildikləri halda, pambıq çiyidinin çəkisinin əvvəlki çiyidlərlə müqayisədə yüngül olması, lifsiz olduğunu bildikləri və bu səbəblərdən əkin işlərinin aparılmasının ziyanla başa çatacagı barədə bilməli olduqları halda və bu əsasla pambıq əkini işlərini aparılmamalı və yaxud, işlər ziyan olacağı üçün yarıda dayandırılmalı olduqları halda, bunu etməyərək təşkilatın ziyana düşməsinə şərait yaratmışlar. İş üzrə Cavabdeh oglu bildirmişdir ki, iddiaçı təşkilat əkəcəkləri pambığın yüksək məhsuldarlıq verəcəyini, hər şeyin yaxşı olacağını bildirərək, ona məxsus torpaqda özləri əkib, bütün işləri yerinə yetirəcəkləri barədə ondan razılıq alıb, əkin işlərinə başlamış və onun xəbəri olmadan gördükləri işlər su qıtlığı, pambıq çiyidinin keyfiyyətsiz olması və sair səbəblərdən ziyana uğramışdır. O, əkin işləri, suvarma işləri zamanı Azərbaycanda olmamış, Rusiya Federasiyasında olmuş ümumiyyətlə, işi və xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında olduğunu, bu səbəbdən məhkəmə iclaslarının vaxtı barədə məlumatı olmadığından iştirak edə bilməmiş və məhkəmənin gedişatından, çıxarılmış qətnamədən xəbərsiz olmuşdur. Ona, məhkəmə bildirişi gəlməmiş, ola bilsin ki, bildiriş onun Bakı şəhərində olan ünvanına gəlmişdir. Bu səbəbdən o, iddiaçı təşkilatın əkinlə bağlı nə işlər gördüyündən, əkin işlərinin, kultivasiya işlərinin hansı dərəcədə aparılmasından, pambığın yığılmasından, məhsuldarlığın iddiaçının hansı hərəkətləri üzündən aşağı olmasından, ziyana düşdüklərindən məlumatı olmamış və iddiaçı ilə arasında hər hansı bir sənədə imza etməmişdir. Bu səbəblərdən onun iddiaçı ilə arasında hər hansı bir öhdəlik olmamışdır ki, öhdəlik üzrə tərəf kimi ziyana görə hər hansı bir məsuliyyət daşısın və yaxud ziyan ondan tutulsun. Cavabdeh apellyasiya şikayəti ilə, eyni zamanda, vəsatət verərək bildirmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı əsas borca görə 29461,09 manat, hesablanmış cəriməyə görə 8749,94 manat, ödənilmiş mediasiya xərcinə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 4,65 manat olmaqla, ümumilikdə 38415,68 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 29461,09 manat əsas borc, 880 manat məbləğində cərimə borcu, 200 manat məbləğində mediasiya xərci və 4,65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 30545,74 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh bildirir ki, iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi “MKT Beyləqan” filialı ilə onun adı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 21 284 465 nömrəli 2021-il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə imza etməmiş və ümumiyyətlə ona məxsus 45,50 ha torpaq sahəsində pambıq əkini üçün torpaq sahəsində mala, şum, əkin, suvarma, kultivasiya və sair aqrotexniki işləri görməmiş, bütün bu hərəkətləri iddiaçı özü yerinə yetirmiş, məhsulun kombayn maşınla yığılmasını və təhvil verilməsi işlərini də onlar yerinə yetirmişlər. Bu barədə olan və məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 21 284 465 nömrəli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı müqaviləsinə, Qiymətlərin razılaşdırma protokoluna, əkin işlərinin görülməsi, məhsul verilməsi barədə qaimə və aktlara, habelə pambıq qəbulu qəbzinə imza etməmiş, həmin sənədlərdəki imza onun tərəfindən deyil, ona məlum olmayan şəxs tərəfindən imzalanmışdır. İddiaçı MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlu məhkəmədə Etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, apellyasiya şikayətində xx.xx.2021-ci il tarixli 21284 465 nömrəli müqaviləyə cavabdehin imza etməməsini, ona məxsus 45,50 hektar torpaq sahəsində pambıq əkini üçün mala, şum, əkin, suvarma, kultivasiya və sair aqrotexniki işlər görməməsini, məhsulun kombayn maşınla yığılmasını və təhvil verilməsi işlərinin iddiaçı təşkilat tərəfindən yerinə yetirilməsini, alqı-satqı müqaviləsinə, protokola, əkin işlərinin görülməsinə, məhsul verilməsi barədə qaimə və aktlara və digər sənədlərə imza etməməsini, iddiaçı ilə arasında hər hansı bir öhdəliyin olmamasını əsas gətirərək məhkəmə baxışı zamanı maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmə tərəfindən mübahisənin araşdırılmamasını göstərməklə qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilərək yeni yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, Cavabdeh İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı ilə xx.xx.2021-cı il tarixli 21 284 465 saylı müqavilə bağlamış, müqavilələrin şərtlərinə uyğun olaraq filial tərəfindən Cavabdeh həmin ilin pambıq mövsümündə 66541 manat 14 qəpik məbləğində avans vəsaiti verilmiş, filial tərəfindən göstərilən xidmətlərə baxmayaraq, sonuncu tərəfindən müqavilənin şərtləri yerinə yetirilməmişdir. Cavabdeh 2021-ci ilin pambıq mövsümündə 37080 manat 05 qəpik məbləğində xam pambığı kondisiya çəkidə yığıb təhvil vermiş və bununla da, mövsüm üzrə 29461 manat 09 qəpik məbləğində avans vəsaitlərə görə borcu qalmışdır. Bu isə cavabdehin müqavilə şərtlərinə əməl etməməsini, müqaviləyə uyğun olaraq filialdan becərmənin aparılmasından ötrü nağd şəkildə pul vəsaiti verilməsinə, kultivasiya və mala işlərinin aparılmasına, azot, kübrə və digər dərman preparatları ilə təmin edilməsinə baxmayaraq, pambığın becərilməsini lazımi qaydada aparmamasını göstərir. Bunun nəticəsidir ki, Cavabdeh 2021-ci ilin yekununda pambıq sahəsindən əldə etdiyi məhsuldarlıq 11,66 sentner olmaqla müqavilə şərtlərində göstəriləndən aşağı olmuşdur. Apellyasiya şikayətində bir tərəfdən müqavilə və digər sənədlərə imza etməməsini qeyd etməsinə baxmayaraq, xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında olarkən əkin işlərinin nə yerdə olduğu ilə maraqlanmasını, su qıtlığının olduğunu bilməsini, bu səbəbdən məhsuldarlığın aşağı olmasını, ziyana düşməsini, pambıq çiyidinin keyfiyyətsiz olmasını, pambıq çiyidinin çəkisinin yüngül olmasını və sair heqativ hallarla rastlaşmasını göstərməsi sonuncunun subyektiv mülahizəsindən başqa bir şey deyildir. Belə ki, işə əlavə olunmuş xx.xx.2021-cı il tarixli 21 284 465 saylı müqavilənin tərəflərin öhdəliklərinə həsr olunmuş 2.1.1-ci bəndindən görünür ki, “Təsərrüfat” əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi, dövlət torpaq aktını və ya müvafiq qaydada təsdiq olunmuş icarə, yaxud istifadəyə dair müqaviləni təqdim etdikdən sonra tərəflər pambıq əkini barədə müqavilə bağlamaq barədə razılığa gəlirlər. Bundan əlavə, Cavabdehla bağlanılmış müqavilənin 6.8-ci bəndinə əsasən bu müqavilənin 2.1.1-ci bəndində göstərilən sənədlər üzrə təqdim edilən torpaq sahəsinin hüquqi sənədlərə uyğun olması və həmin sahənin pambıq əkininə yararlılığı barədə “Tədarükçünün” məsul şəxsləri tərəfindən tərtib edilmiş akt təqdim edildikdən sonra həmin müqavilə “Alıcı” tərəfindən imza edilir. Bu səbəbdən Cavabdeh 2021-ci ilin pambıq mövsümündə pambıq əkini üçün yararlı vəziyyətdə olan 45,5 hektar torpaq sahəsində pambıq əkməyi öhdəsinə götürmüş, İddiaçı MMC də məhz fermer Cavabdeh istifadəsində olan torpaq sahəsinə müvafiq sənədlər təqdim etdiyindən onunla pambıq əkininə dair müqavilə bağlamışdır. Müqavilənin məzmunundan görünür ki, İddiaçı MMC heç bir fermerlə torpaq sahəsinin suvarılması üzrə cavabdeh qarşısında hər hansı bir öhdəlik götürməmiş, suvarılmanın aparılmasına bilavasitə cavabdeh məsuliyyət daşımışdır. Həmçinin Cavabdeh apellyasiya şikayətində pambıq sahəsində su çatışmamazlığının olmasını, bu səbəbdən məhsuldarlığın aşağı olmasını göstərmişdir. İddiaçı MMC ilə fermerlər arasında bağlanılmış müqavilədən, cümlədən Cavabdehla bağlanılmış müqavilədən də görünür ki, pambıq sahələrini su ilə təchiz etməyə dair tərəflər arasında hər hansı bir razılaşma olmamışdır. Bu baxımdan öhdəsində olan pambıq sahəsini vaxtında suvara bilməməsinə görə cavabdeh bilavasitə özü məsuliyyət daşımışdır. Bu baxımdan cavabdehin işini günün tələbləri səviyyəsində qura bilməməsinə və üzərinə düşən müqavilə öhdəliyini layiqincə yerinə yetirməməsinin səbəbini İddiaçı MMC-nin fəaliyyətində axtarması əsassızdır və öz fəaliyyətsizliyinin nəticəsini ört-basdır etmək cəhdidir. Cavabdeh məhkəmədə apellyasiya şikayətinin dəlillərinə və vəsatətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı MMC-nin əməkdaşları əkəcəkləri pambığın yüksək məhsuldarlıq verəcəyini, hər şeyin yaxşı olacağını bildirərək, dövlət mülkiyyətində olan və 35 illik onun icarəsində olan 45,5 ha məxsus torpaq sahəsində razılaşaraq əkin işlərinə başlamışlar. Su qıtlığı, pambıq çiyidinin keyfiyyətsiz olması və sair səbəblərdən ziyana uğramışdır. O, əkin və suvarma işləri aparılarkən əsasən Rusiya Federasiyasında olmuşdur. Məhkəmə iclaslarının vaxtı barədə məlumatım olmamış, məhkəmənin gedişatından, çıxarılmış qətnamədən xəbərsiz olmuşdur. Ona məxsus telefon nömrəsinə “sms bildiriş” gəlsə də, həmin vaxt Rusiya Federasiyasında olmuşdur. İddiaçı ilə aralarında hər hansı bir sənədə imza etməmişdir. Bu səbəbdən də, iddiaçı ilə aralarında hər hansı öhdəlik mövcud olmamışdır. Müqavilədəki və digər sənədlərdəki imza onun tərəfindən ica edilməmişdir. Müqaviləyə və digər sənədlərə imza etməsə də, tərəflər arasında razılaşma olmuşdur. Belə ki, onlar arasında əvvəlki ildə də eyni müqavilə bağlanmış və o zaman cüzi mənfəət əldə etmişdi. Hazırkı müqavilə üzrə onun adına "xxxx" ASC-də açılmış bank hesabına iddiaçı tərəfindən hər hektar torpaq sahəsinə 150 manat məbləğ olmaqla, 45.5 hektar torpaq sahəsinə pambıq bitkisi əkilməsi və sair işlərin görülməsi ilə bağlı pul vəsaiti köçürülmüşdür. Həmin pul vəsaitinin köçürüldüyü kartı onun şəxsiyyət vəsiqəsi əsasında qaynı götürmüşdür. O, pambığın suvarılması və sair işlərin görülməsini qaynına və digər şəxslərə həvalə etmişdir. Pambıq sahəsi su olanda Rəfail adlı şəxs tərəfindən suvarılırdı. "xxxx" ASC tərəfindən hesabına köçürülən pul vəsaiti özü tərəfindən pambığın alaq edilməsi və suvarılmasına xərclənmişdir. Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələndə gedib onun torpaq sahəsində əkdiyi pamıq sahəsinə baxanda pambıq kollarının susuzluqdan məhv olduğunu görmüşdür. O, pambıq sahəsinə baxanda pambıq kolları 30-40 sm hündürlüyündə çıxmışdır. Pambıq kollarının məhv olmasının qarşısının alınması məqsədi ilə pambıq sahəsinə özü şəxsən aqranom və digər mütəxəssislər dəvət etmişdir. Pambıq əkildiyi torpaq sahəsi ona Beyləqan Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən 35 il müddətinə icarəyə verilmişdir. Pambıq toxumunun (çiyidin) keyfiyyətsiz olması ilə bağlı hər hansı sübut yoxdur. Lakin kənd sakinlərinin dediyinə əsasən pambıq çiyidi də çəkisi çox yüngül olmuş və keyfiyyətsiz olmuşdur. Pambığın yığılıb iddiaçıya təhvil verilməsində özü də bir dəfə iştirak etmiş, lakin hər hansı sənədə imza etməmişdir. Cavabdehin vəkili Babayev Bəxtiyar Rəhim oğlu apellyasiya şikayətinin dəlillərinə və vəsatətin məzmununa uyğun izahat verərək, Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)-84/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəməyə təqdim edilmiş Etiraza uyğun izahat verərək əsassız olduğundan apellyasiya şikayətinin təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)-84/2023 saylı qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)-84/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli 21 284 465 saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 45,50 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla, istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan bank hesabından çıxarışdan, işlərin görülməsinə dair aktlardan və qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 66541,14 manat məbləğində vəsaitlər (dərman, çiyid, nağd pul və s.) verilmiş və aqrotexniki xidmətlər göstərilmişdir. İşdə olan 2021-ci il mövsümü üzrə pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 53059,29 kq olmaqla 37080,05 manat məbləğində xam pambıq təhvil verilmişdir. İşdə olan Cərimə məbləğinin hesablanması barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 29461,09 manat əsas, 8749,94 manat cərimə borcu hesablanmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiya hesab edir ki, yuxarıda sadalanan maddi hüquq normaları hazırkı tələbin qanuni əsası kimi çıxış etməklə, mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı MMC digər tərəfdən Cavabdeh olmaqla 19 yanvar 2021-ci il tarixli 21 284 465 saylı müqaviləyə əsasən Cavabdeh 45,50 hektar sahədə pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla, istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən ona avans olaraq 66541,14 manat məbləğdə vəsait verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıq məhsulu ilə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Ancaq iş üzrə Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 2021-ci il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” qeyd edilən müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri lazımınca yerinə yetirməmiş və hazırkı dövr üçün onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəliyi vardır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri onun iştirakının təmin edilməməsi səbəbindən birinci instansiya məhkəməsinə sübutlarını təqdim edə bilməməsidir. Qeyd edilməlidir ki, iş materiallarına nəzər saldıqda onun məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılması (səh. 125, 127, 137) aşkar olur. Bu baxımdan məhkəmə kollegiyası həmin dəlilin tam əsassız olduğu qənaətinə gəlir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının “L.İ.Binnətovanın şikayəti üzrə” 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Habelə, tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. İş materiallarından aşkar görünür ki, Cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, ona məxsus ünvana iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri göndərilmiş, ancaq o, iddianın əsasını təşkil edən 19 yanvar 2021-ci il tarixli 21284 465 nömrəli müqaviləni mübahisələndirməmiş, oradakı və iş üzrə sübut əhəmiyyəti kəsb edən digər sənədlərdəki imzaların özünə məxsus olmasına etiraz etməmişdir. Bundan əlavə, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayəti ilə eyni zamanda məhkəməyə təqdim etdiyi vəsatətində göstərdiyi halları tamamilə təkzib etmişdir. Belə ki, o, hazırkı mübahisənin (iddia tələbinin) əsasını təşkil edən 19 yanvar 2021-ci il tarixli 21284 465 nömrəli müqavilənin cavabdehin iradə ifadəsi ilə bağlandığını, müqavilə üzrə bütün tədbirlərin - torpaq sahəsinin şumlanması, suvarılması və s. onun nəzarəti ilə həyata keçirildiyi müəyyən olunmuşdur. Hətta, cavabdeh pambığın becərilməsi üçün mütəxəssislər dəvət, nəhayət pambığın verilməsində şəxsən iştirak etmişdir. Bütün bunlar, 19 yanvar 2021-ci il tarixli 21284 465 nömrəli müqavilədəki və onun icrası ilə əlaqədar hazırlanmış digər sənədlərdəki imzaların mübahisələndirilməsi iş üzrə əhəmiyyət kəsb edilməsi baxımından formal xarakterli olmaqla, tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə, yalnız öhdəliyin icrasından yayınmağa əsas verə bilər. Bu da hüquqdan sui-istifadə olmaqla, öhdəliyin icrasında mühüm olan vicdanlılıq prinsipinə ziddir. MM-in 389 və 399-cu maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyini əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “X.Mirzəliyevin şikayəti üzrə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-in 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. MM-in 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. MM-in 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bunda əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Bu baxımdan, qeyd edilməlidir ki, “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Kollegiya, bununla yanaşı, diqqətə çatdırır ki, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Habelə, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin qeyd edilən imperativ tələblərini, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğinin 880 manat məbləğinədək azaldılmasını qanuni və mövcud məhkəmə praktikasına uyğun hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)-84/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2-2(121)-84/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar