Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-47/2024 02.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: sığorta haqqı tələbi, sübutetmə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X10, (sədrlik edən, məruzəçi) X1 Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndələri X7 və X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, e-2-2(121)-1861/2023 saylı qətnaməsindən (hakim Elşən Abdullayev) iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 100 manat məbləğində mediasiyaya dair xərcin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, RAZ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən 10000 (on min) manat sığorta haqqı təşkil etmişdir. Sığortalı tərəfindən ödənilməyən (yaranmış öhdəlik) sığorta haqqı məbləği cəmi 6500 (altı min beş yüz) manat təşkil edir. xx.xx.2023-cü il tarixində 6500 (altı min beş yüz) manat pul vəsaitinin İddiaçı ASC- yə ödənilməsi cavabdehdən mediasiya qaydasında tələb edilmişdir. Lakin cavabdeh yenə də yaranmış öhdəliklərini icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi sığorta müqaviləsini əsas götürüb və iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında 1 nömrəli sənəd kimi sığorta müqaviləsini qeyd edib. Ancaq qeyd edilən müqavilə iş materiallarına və iddia ərizəsinə əlavə edilməyib. İşə baxan məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsinə əlavə edilməsi qeyd edilən sənədlər, yəni sığorta müqaviləsi iddia ərizəsinə əlavə edilmədiyini nəzərə alaraq iddia ərizəsini geri qaytarmalı idi. Bundan əlavə məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı "xxxx" Açı Səhmdar Cəmiyyəti arasında belə bir müqavilə bağlanmamışdır. İddiaçının qeyd etdiyi müqaviləni təqdim edə bilməməsi bu səbəbdəndir. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, tərəflər arasında 6500 manat dəyərində əlavə sığorta haqqının ödənilməsi barədə ikitərəfli təsdiq edilmiş müqavilə mövcud deyil. İddiaçının ilə "Qaraqaşlı- Broyler” Açıq Səhmdar Cəmiyyətinə məxsus əmlakların sığortalanmasına gəldikdə isə təxminən ən azı beş ildir ki, cəmiyyətə məxsus əmlaklar iddiaçı tərəfindən sığortalanır və həmin illərdə sığorta məbləği 3500 manatdan az olub. İddiaçının son beş il üzrə bizə məxsus əmlakların sığorta haqları ilə bağlı məbləğlərə baxılsa qeyd edilənin həqiqətə uyğun olduğunu görərik. Bundan başqa məhkəmənin nəzərinə çatdırırıq ki, biz hətta razılaşdığımız 3500 manatlıq sığorta məbəğini ödəməkdə çətinlik çəkmişik. Belə ki, əmlaklarımızın sığortalanması ilə bağlı razılaşdıqdan sonra müəssisəmizin fəaliyyətində ciddi problemlər yaranmış və istehlak sahələrimizin əksəriyyəti fəaliyyətini tam dayandırımaq məcburiyyətində qalıb. 500 nəfərlik əmək kollektivinin sayı 15 nəfərədək azalmışdır. Hazırda da bu acnacaqlı hal davam edir. Yuxarıda qeyd edilənləri və xüsusi ilə iddiaçı qarşısında 6500 manat sığorta ödənişinin edilməsi ilə bağlı öhdəliyi müəyyən edən müqavilə olmadığını nəzərə alaraq iddia tələbinin tam əsassız və qanunsuzluğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi izahatında xx.xx.2022-ci il tarixli, RAZ********** saylı icbari sığorta şəhadətnaməsinə əsasən cavabdeh tərəfindən 500 manat ödəniş edildikdən sonra həmin şirkətə sığorta haqqı məbləği 7.000 manat olan icbarı sığorta şəhadətnaməsi verildiyini, lakin cavabdeh tərəfindən qalan 6.500 manatın ödənilmədiyini qeyd edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, e-2-2(121)-1861/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq sığortalı müqavilə şərtlərinə və tələblərinə əməl etməmişdir. Cavabdeh üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə maddəsi məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə müqavilə öhdəliyi üzrə qeyd edilən maddəyə istinad etmədən “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” ifadəsini işlətməklə maddi hüququn tələblərini pozmuşdur. “İcbari sığortalar haqqında” Qanunun 8.1-1 və 8.1-2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BB seriyalı, 695691 nömrəli “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsinə əsasən, 10.000 (on min) manat sığorta haqqı müəyyənləşdirilmişdir. Həmin müqavilə elektron sənəd formasında tərtib edilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Müqavilə qüvvədə olduğu müddətdə hər hansı bir sığorta hadisəsi baş verdiyi təqdirdə sığortaçı öhdəlik daşımışdır. “İcbari sığortalar haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hesablaşma yolu ilə birdəfəlik ödənilir. İş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi "xxxx" ASC BA695691 nömrəli sığorta müqaviləsi üzrə 10.000 (on min) manat sığorta haqqı təşkil etmiş, sığortalı 3500 manat sığorta haqqı məbləğini sığortaçıya ödəmişdir. Yuxarıda göstərilən maddə cavabdehin ödənişi birdəfəlik etməyinin zəruriliyini əks etdirir. Məhkəmə isə öz qətnaməsində həmin maddəni qeyd etsədə onu səhv təfsir etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyi halda, məhkəmə buna hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Məhkəmə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış BB seriyalı, 695691 nömrəli sığorta müqaviləsinin hansı tarixlərdə qüvvədə olması və sığorta haqqının nə qədər təşkil etməsi barədə İSB-yə müvafiq sorğu verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndələri X11 və X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Həmin Qanunun 901.3-cü maddəsinə əsasən əgər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir. Qeyd olunan Qanunun 903.3-cü maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Həmin Qanunun 903.7-ci maddəsinə əsasən elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. -9.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. -9.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. -11.1-ci maddəsinə görə icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə bu Qanunun Xüsusi hissəsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, birdəfəlik ödənilir. - 35.1 -ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdən görünür ki, Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən "Qaraqaşlı- Broyler” ASC-yə məxsus daşınmaz əmlaka dair xx.xx.2023-cü il tarixədək xx.xx.2022-c il tarixli, RAZ********** saylı icbari sığorta şəhadətnaməsi (BB 695691) verilmişdir. Həmin icbari sığorta şəhadətnaməsinə əsasən sığorta haqqı 7.000 manat təşkil etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, "Azsığorta” ASC tərəfindən xx.xx.2022-ci il tarixli, SM-22/46 saylı hesab faktura tərtib olunmuşdur. Həmin faktura üzrə hesablanmış 7.000 manat sığorta haqqı məbləğinin 5 iş günü ərzində göstərilən rekvizitlər üzrə bank hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan EBCB seriyalı, 170269 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ümumilikdə 10.000 manat dəyərində sığorta xidməti təqdim edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı sığorta müqaviləsi üzrə sığorta haqqını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın sübut edilməməsi səbəbindən iddianı rədd etmişdir. Hesab etmişdir ki, icbari sığorta şəhadətnaməsində icbari sığorta haqqının hissəhissə ödənilməsi nəzərdə tutulmadığı halda sığorta haqqı sığortaçıya birdəfəlik ödənilməlidir. Lakin, işdə olan sənədlərdən tərəflər arasında icbari sığorta haqqının hissəhissə ödənilməsinin şərtləndirildiyi müəyyən olunmur. Bununla belə, elektron sənəd formasında olan xx.xx.2022-ci il tarixli, RAZ********** saylı icbari sığorta şəhadətnaməsinin verilməsi üçün 7.000 manat sığorta haqqının ödənilməsi tələb olunduğu halda cavabdeh tərəfindən 500 manat ödəniş edilməklə sözügedən icbari sığorta şəhadətnaməsinin verilməsi qanunvericiliyin yuxarıda sadalanan tələblərinə zidd qiymətləndirilməlidir. Eyni zamanda, 7.000 manat məbləğində sığorta haqqı birdəfəlik və tam ödənilmədən elektron icbari sığorta şəhadətnaməsinin hansı qaydada tərtib edildiyi də məhkəmə tərəfindən anlaşılan deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, icbari sığorta şəhadətnaməsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunsa da belə iş materiallarından cavabdehin iddiaçıya 6.500 manat borcunun olduğu sübuta yetirilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda qətnaməni iddiaçı tərəf mübahisələndirir. İddiaçı tərəfin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, tərəflər arasında sığorta müqaviləsi olmuş, cavabdeh sığorta müqaviləsi üzrə öhdəliyini yerinə-yetirməmişdir. İddia tələbi iddiaçı tərəfindən sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, iddiaçı tərəf sığorta müqaviləsi bağlasa belə bunu qanunvericiliyin tələbinə uyğun bağlamamış, sığorta müqaviləsində ödənişinin hissə-hissə ödənilməli olmasını göstərməli olduğu halda müqavilədə bu müddəa qeyd edilməmişdir. Belə olan hal da, hazırkı iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Güründüyü kimi iddia tələbi 10000 manatdan yuxarı deyil. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, e-2-2(121)-1861/2023 saylı qətnaməsi iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-47/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-47/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver