Məhkəmə qərarları › İş №2-2(106)-51/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-51/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-51/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2- 2(121)-83/2024 saylı qətnaməsindən (hakim N.Misirzadə) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı - cavabdehlərdən əsas borc qismində 132.067,65 manatın, dövlət rüsumu və mediasiya xərcləri qismində 422 manatın, 1.000 manat hüquqi yardım ödənişinin, ümumilikdə 133.489,65 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında iş fəaliyyəti olmuş, bunun nəticəsində cavabdehlərin iddiaçıya 132.067,65 manat borcu yaranmışdır. Belə ki, xx.xx.2022 tarixli və xx.xx.2022 tarixli hesabatlara əsasən, iddiaçı tərəfindən cavabdehlərə məxsus anbara 132.067,65 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı və cavabdehlər fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hər birinin adına VÖEN mövcuddur. Lakin cavabdehlər tərəfindən göstərlən məbləğ iddiaçıya ödənilməmişdir. Tərəflər arasında mediasiya sessiyası keçirilmişdir. İddiaçıya olan borc məbləğindən (132.067,65 manat) əlavə, 422 manat mediasiya xərcləri və dövlət rüsumu, hüquqi yardım üçün 1.000 manat pul vəsaiti iddiaçı tərəfindən xərclənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, hazırkı iş üzrə cavabdeh ol bilməz. Belə ki, o, iddiaçı ilə əmək müqaviləsi bağlayaraq iddiaçı ilə əmək münasibətlərində olmuş, iddiaçı ilə aralarında hər hansı bir mübahisə varsa, əmək münasibətləri daxilində həll olunmalı və bu münasibətlər kommersiya məhkəmələrinin yox, birinci instansiya məhkəməsində baxılacaq mülki işlərin dairəsinə daxildir. İddiaçının iddia etdiyi müddətdə o, vergi ödəyicisi olmamış, iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra vergi orqanında sahibkar kimi qeydiyyatdan keçmişdir. O, İddiaçı və Cavabdeh2 öz aralarında akt tərtib etmişlər ki, göstərilən mallar və hesabda olan pul vəsaiti həqiqətən mövcuddur. İddiaçı hesabında olan pulu ona köçürməmiş və köçürməyi ona həvalə etməmişdir. Onlar akta ona görə imza etmişlər ki, həmin aktda göstərilən məbləğ həqiqətən iddiaçının hesabındadır. Belə ki, qeyd edilən aktı imza etməklə onlar göstərilən məbləğin iddiaçının hesabında olmasını təsdiq etmişlər. O, iddiaçıdan mal almamış və ona hesabda olan pul vəsaiti köçürülməmişdir. Mövcud olan malları siyahıya alaraq, həmin malların orada olmasını öz imzaları ilə təsdiq etmişlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmədə iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, İddiaçı və Cavabdeh1 oğlu öz aralarında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aktlar tərtib etmişlər. Lakin, həmin aktlar anbar qalığının müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Belə ki, o, iddiaçıya məxsus anbarı icarəyə götürmüşdür. Həmin anbarda həm iddiaçıya məxsus, həm də ona məxsus mallar mövcuddur. xx.xx.2022-ci il tarixli aktın sol tərəf hissəsində "Yekun” məbəğ kimi göstərilən “31803,97” manat məbləğ iddiaçıya məxsus anbar qalığını və digər xərcləri, sağ tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “60720” manat məbləğ isə ona məxsus anbar qalığını və digər xərcləri müəyyən edir. Yəni, onun iddiaçı ilə heç bir sahibkarlıq əlaqəsi yoxdur. Çünki, o, "xxxx" MMc ilə aralarında bağlanmış distribütor müqaviləsinə əsasən müxtəlif yem məhsullarının və digər malların topdan satışını və paylaşdırılmasını təşkil etmişdir. Hazırda da, onunla "Qida-Agro” MMC arasında məhkəmə mübahisəsi vardır. Bu barədə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1897/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi də mövcuddur. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarda olan imzalar onun və cavabdeh Cavabdeh1 tərəfindən icra edilmiş olsalar da, xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc - 39543,69” qeydi onlar tərəfindən yazılmamışdır. 39543,69 manat məbləğində olan "Uniti borcu” "xxxx" MMC-yə olan borc məbləğidir. Belə ki, "Qida- Agro” MMC-nin ona qarşı iddiasında da təxminən həmin məbləğdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 Mövsüm oğlu məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2-2(121)-83/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 132067,65 manat məbləğində əsas borcun, 400 manat məbləğində mediasiya xərcinin və 22 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 398,07 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qisməniddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işin həqiqi hallarından göründüyü kimi, iş üzrə cavabdehlərin, xüsusilə Cavabdeh1 iddiaçının qarşısında heç bir öhdəliyi olmamış, yəni o, borclu olmamış, yəni onun xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli olmamış, belə olanda isə iddiaçının da Cavabdeh1 hər hansı bir vəzifənin icrasını tələb etmək hüququ olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin nəticəsi işin həqiqi hallarına uyğun olmamış və həmin hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bundan başqa, hakim işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərməli olduğu halda, bunu etməmiş, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, qanunun tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlərini rədd etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarında iddiaçının bu malları cavabdehlərə verməsi ilə bağlı heç bir sübut yoxdur. İşdə olan cədvəl isə iddiaçının özü tərəfindən onun iş otağından götürülərək saxtalaşdırılmış, alq-satqı müqaviləsi görünüşü yaratmışdır. Məhkəmə isə həmin sənəd üzərində saxtalaşdırılma aparılması ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatətlərini təmin etməmiş, bunun işin mahiyyətinə heç bir aidiyyəti olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki iş materiallarında belə bir müqavilənin olmamasına və ya həmin mülki hüquq münasibətlərinin mövcudluğuna işarə edən heç bir işgüzar münasibətlərə xas olan hərəkətlər olmadığı halda məhkəmə mülki hüquq münasibətlərinin mövcudluğuna əsaslanaraq iddianı təmin etməklə maddi hüquq normasını səhv tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh (digər cavabdehin) arasında heç bir müqavilə olmamış, Cavabdeh1 iddiaçı ilə əmək münasibətlərində olmaqla, onların hər ikisi anbar qalığının idarə edilməsi ilə məsul olmuşdur. Həmin cədvəldə göstərilən mallar (qalıqlar bank hesabı, müştəri borcu, şirkətə borc, ƏDV və s.) hər birinin ayrıca əməliyyatları olmaqla Ruslan tərəfindən nəzarət edilmişdir. Məhkəmə isə heç bir digər mötəbər sübutla təsdiq olunmayan nisyə mal-alqı satqısının mövcud olması qənaətinə gələrək, yekunda iddianın təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun bu normasının tələbinə görə hər bir fiziki və ya hüquqi şəxs arasında mülki hüquq münasibətlərinin (bu işdə kommersiya münasibətlərinin) yaranması üçün malın verilməsi öz təsdiqini hər hansı sənədlə tapmalıdır. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi və çox təəssüf ki məhkəmənində mötəbər sübut kimi təqdim etdiyi (qəbul etdiyi) cədvəl nisyə malın verilməsini təsdiq edən sənəd hesab oluna bilməz. Həmin sənədin məzmununa diqqət yetirsək görərik ki sənəddə anbar qalığı, müştərilərdə qalan borc, bankda olan borc, şirkətə olan borc ƏDV kimi məfhumlar işlədilmişdir ki, həmin məhfumlar alqı-satqı müqaviləsinin yox, hər hansı sahibkarın özünün fəaliyyəti ilə bağlı sənəddir. Həmin sənədin kimə məxsusluğu isə bank hesabının kimin adına olması, həmin tarixə həmin məbləğdə borcun hansı şirkətə və kimin adına olmasını dəqiqləşdirməklə müəyyən edilə bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İş materiallarından göründüyü kimi iddiaçı ilə onun arasında kommersiya münasibətlərindən əmələ gələn heç bir müqavilə, işgüzar münasibətlərlə təsdiq olunan heç münasibət yoxdur. O, müstəqil sahibkar olmaqla "xxxx" MMC ilə distribüter müqaviləsi bağlayaraq, elektron qaydada mal sifariş verərək, onların satışını həyata keçirir. Onun yem istehsal edən və ya hər hansı bir şirkətdən yem almayan bir şəxsdən yem almağı və onun satışını həyata keçirməyim absurd bir fikirdir ki, iddiaçı onunla yarananmış mübahisə ilə əlaqədar cavabdehdən qisas almaq üçün onun ofisində qalan həmin sənədə öz imza və möhürünü əlavə edərək, onların imzalarının qarşısına isə təhvil aldı, öz adının qarşısına isə təhvil verdi sözünü yazmaqla guya nisyə mal verilməsi görünüşü yaratmağa çalışmış, məhkəmə isə mahiyyətinə varmadan malların onlar tərəfindən qəbul olunması qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki o, müstəqil sahibkar olmaqla, anbardar vəzifəsində işləmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etimşdir. Cavabdeh1 kollegiyanın iclasında əlavə olaraq göstərmişdir ki, o, hazırkı iş üzrə cavabdeh ol bilməz. Belə ki, o, iddiaçı ilə əmək müqaviləsi bağlayaraq iddiaçı ilə əmək münasibətlərində olmuşdur. Buna görə də iddiaçı ilə aralarında olan mübahisə əmək münasibətləri daxilində həll olunmal idi. İddiaçının iddia etdiyi müddətdə o, vergi ödəyicisi olmamış, iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra vergi orqanında sahibkar kimi qeydiyyatdan keçmişdir. Bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 öz aralarında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində akt tərtib edilmişdır. Həmin akt ondan ibarət olmuşdur ki, göstərilən mallar və hesabda olan pul vəsaiti həqiqətən mövcuddur. Həmin aktı Asəf, Nurlan və o özü də imzalamışdır. O, Asəflə Nurlanın operatoru olmuşdur. Onlar akta ona görə imza etmişlər ki, həmin aktda göstərilən mallar anbarda həqiqətən iddiaçının hesabındadır. Belə ki, qeyd edilən aktı imza etməklə onlar göstərilən məbləğin iddiaçının hesabında olmasını təsdiq etmişlər. O, iddiaçıdan mal almamış və ona hesabda olan pul vəsaiti köçürülməmişdir. Mövcud olan malları siyahıya alaraq, həmin malların anbarda olmasını öz imzaları ilə təsdiq etmişlər. Aktdakı imza və soya ad ona məxsusdur, o bunu inkar etmir. Həmçinin göstərmişdir ki, həmin anbarda həm iddiaçıya məxsus, həm də Nurlana məxsus mallar olmuşdur. Nurlan anbarın bir hissəsini Asəfdən icarəyə götürmüşdür. Aktın sol tərəf hissəsində "Yekun” məbəğ kimi göstərilən “31803,97” manat məbləğ iddiaçıya məxsus anbar qalığını və digər xərcləri, sağ tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “60720” manat məbləğ isə Nurlana məxsus anbar qalığını və digər xərcləri əks etdirmişdir. Həmçinin qeyd etmişdir ki, o anbarda kompyuter-operator işləmiş və Asəfin tapşırığı ilə anbardakı malların satışını təşkil etmişdir. O, demək olar ki, hər ay anbarda qalan mallarını qeyd edilən cədvəl üzrə qalıqlarını çıxarmışdır. Çıxarmış olduğu anbar qalığı cədvəlindən biri də işdə əksini tapan xx.xx.2022-ci il tarixli akt-hesabat olmuşdur. Lakin həmin qalıqların yekun olaraq aşağıda cəmlənərək “92523.96” manat kimi göstərilməsinin səbəblərini izah edə bilmir. Həmçinin göstərmişdir ki, xx.xx.2023-də işdən çıxmışdır. Bundan sonra Asəf ondan Beyləqan PŞ-nə şikayət yazaraq onun 20000 manat nəqd pulunun və 28200 manatlıq malları satmaqla ona ziyan vurulması ilə bağlı şikayət etmişdir. Həmin borcun 45000 manat hissəsi Polisdə araşdırma aparıldığı ərəfədə atası tərəfindən Asəfə ödənilib. Lakin onun bundan xəbəri olmamışdır. Buna görə də atası Asəfə qarşı 45000 manat pul tələbi iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə atasının Asəfə qarşı olan iddia tələbini təmin etməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 kollegiyanın iclasında göstərmişdir ki, 2018-ci ildən fərdi sahibkar kimi VÖEN-ə malkidir. 2019-cu ildə Asəfin anbarının bir hissəsini icarəyə götürmüşdür. O, həmin anbarda "xxxx" MMC ilə aralarında bağlanmış distribütor müqaviləsinə əsasən müxtəlif yem məhsullarının və digər malların topdan satışını və paylaşdırılmasını təşkil etmişdir. Anbarda Asəfə və ona məxsus mallar olmuşdur. Asəflə Cavabdeh1 öz aralarında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aktlar tərtib etmişlər. Lakin, həmin aktlar anbar qalığının müəyyən edilməsi ilə əlaqədar olmuşdur. xx.xx.2022-ci il tarixli aktın sol tərəf hissəsində "Yekun” məbəğ kimi göstərilən “31803,97” manat məbləğ iddiaçıya məxsus anbar qalığını və digər xərcləri, sağ tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “60720” manat məbləğ isə ona məxsus anbar qalığını və digər xərcləri müəyyən edir. Həmin hesabat aktlarını Asəf, Ruslan və o özü imzalamışdır. Aktlardakı imza və soy ad ona məxsusdur. O, aktları imzalamasını inkar etmir. Lakin aktlarda olan ona məxsus möhür aktlara onun tərəfindən deyil, Asəfin özü tərəfindən vurulmuşdur. Onun möhürü hələ də Asəfdədir. Ruslan həm onun həm də Asəfin operatoru olmuşdur. Onun iddiaçı ilə heç bir sahibkarlıq və işgüzar münasibət və fəaliyyəti olmamışdır. Çünki, o, "xxxx" MMC ilə aralarında bağlanmış distribütor müqaviləsinə əsasən müxtəlif yem məhsullarının və digər malların topdan satışını təşkil etmişdir. Hazırda da, onunla "Qida-Agro” MMC arasında məhkəmə mübahisəsi vardır. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarda olan imzalar onun və Cavabdeh1 tərəfindən icra edilmiş olsalar da, xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və xx.xx.2022-ci il tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc - 39543,69” qeydi onlar tərəfindən yazılmamışdır. 39543,69 manat məbləğində olan “Uniti borcu” "xxxx" MMC-yə olan borc məbləğidir. Lakin xx.xx.2022-ci il tarixli aktın sol tərəf hissəsində "Yekun” məbəğ kimi göstərilən “31803,97” manat məbləğin və sağ tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “60720” manat məbləğin cəmlənərək yekun “92523.96” manat kimi göstərilməsinin səbəblərini izah edə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 göstərmişdir ki, iddialarının sübutetmə əsasını xx.xx.2022-ci il tarixli akt (92523.96+39543.69=132067.65) təşkil edir. Asəflə Nurlan anbardan yemlərin satışını təşkil ediblər və onlar anbardan birgə istifadə eiblər. Asəf həmçinin SOON FOOD mallarının da satışını təşkil ediblər. Ruslan anbarda operator işləsə də Asəfin tapşırığı ilə anbardan malların satışı ilə məşğul olubdur. X4 məxsus malları sataraq Asəfə maddi ziyan vurublar. Belə ki, həmin dəyərdə əmlak anbarda yoxdur. xx.xx.2022-ci il tarixdə tərəflər arasında olan akt həmin anbarda əksik malların qalığı kimi tərtib edilmiş və həmin akt Asəf, Nurlan və Ruslan tərəfindən imzalanmış, həmçinin Asəfin və Nurlanın möhürləri ilə təsdiq edimişdir. Hesab etmişdir ki, apellyasiya şikayətləri əsassızdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən biri apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbinin rədd edilməsini, digəri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində göstərilmiş dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işə əlavə olunan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli qəbz əsasında 91.607,26 manat dəyərində mallar qəbzə imza olunmaqla və üzərində İddiaçı qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, həmin mallar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbzə "Təhvil aldılar” yazısının altından imza edilməklə, eyni zamanda üzərində Cavabdeh2 qeyd edilən möhür vurulmaqla təhvil alınmışdır. İşdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli qəbz əsasında 92.523,96 manat dəyərində mallar qəbzə imza edilməklə və üzərində İddiaçı qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, həmin mallar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbzə "Təhvil aldı” sözlərinin qarşısında imza olunmaqla, eyni zamanda üzərində Cavabdeh2 qeyd edilən möhür vurulmaqla təhvil alınmışdır. Həmin qəbzin üzərində əlavə olaraq "Unyty borc - 39543,69” qeyd edilmişdir. İş materiallarında olan İddiaçı (işəgötürən) ilə Cavabdeh1 (işçi) arasındakı əmək münasibətlərini özündə əks etdirən xxxxxxx000701 saylı "Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, qeyd edilən bildiriş O6.01.2023-cü il tarixində sistemə daxil edilmişdir. Həmin bildirişin dəyişiklik edilməmişdən əvvəlki sistemə daxil edilmə tarixi isə xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Eyni zamanda, həmin bildiriş ilə müəyyən edilir ki, işçi ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla həmin tarixdən "operator” vəzifəsinə işə başlaması göstərilmişdir. Bildirişin çap edildiyi tarixə statusu "Xitam edilib” kimi, bildirişin imzalandığı tarixin "O6.01.2023-cü il”, çap tarixinin isə "xx.xx.2023-cü il” olması qeyd olunmuşdur. İş materiallarında olan "Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış vergi ödəyicisinin məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vergi orqanından qeydiyyatdan keçmiş və ona ********** nömrəli vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Sözügedən VÖEN-in statusu "aktiv” göstərilmişdir. İş materiallarında olan "Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış vergi ödəyicisinin məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.2018- ci il tarixdə vergi orqanından qeydiyyatdan keçmiş və ona ********** nömrəli vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Sözügedən VÖEN-in statusu "fəaliyyətini müvəqqəti dayandırılmış” göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə edilən Vəkil2 iddia ərizəsinə etirazından görünür ki, kommersiya mübahisəsi üzrə cavabdeh kimi qoyulmuş şəxslər qanunvericiliyin tələbinə görə cavabdeh ola bilməzlər. Belə ki, Cavabdeh1 iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onunla əmək münasibətlərində olmuş, iddiaçı ilə cavabdeh arasında hər hansı bir mübahisə varsa, əmək münasibətləri daxilində həll olunmalı və bu münasibətlər kommersiya məhkəmələrinin yox, birinci instansiya məhkəməsində baxılacaq mülki işlərin dairəsinə daxildir. İddiaçının iddia etdiyi müddətdə Cavabdeh1 vergi ödəyicisi olmayıb, o iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra vergi orqanında sahibkar kimi qeydiyyatdan keçmişdir. Digər Cavabdeh2 ilə iddiaçı arasında hər hansı bir işin görülməsi və malların verilməsi və ya saxlanılması ilə bağlı hər hansı bir müqavilə olmamış, onun anbarda qalan malların qalığı barədə olan hər hansı akta imza etməsi kommersiya mübahisəsi üçün əsas ola bilməz. Belə ki, həmin vaxt Cavabdeh2 müstəqil sahibkar kimi "Qida-Aqro” MMC-dən elektron qaimə ilə mal sifariş vermiş, həmin malların qalığı ilə bağlı hal- hazırda Şirvan Kommersiya Məhkəməsində kommersiya mübahisəsi üzrə iş vardır. İşdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1897/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 27031,25 manat borc, 150 manat mediasiya xərci və 2,65 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq "Qida- Agro” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 160 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin cavabdehlərə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Kollegiya gəlmiş olduğu nəticəni aşağıdakılar üzrə əsaslandırmağa çalışmışdır.

1. Kollegiya hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsindən və mülki hüquqi deliktdən irəli gələn hüquq münasibəti yaranmış, Ruslan tapşırıq üzrə malları sataraq iddiaçıya verməli olduğu halda bunu etməmiş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Nurlan isə iddiaçıya məxsus malları sui-istifadə etməklə satmaqla iddiaçıya maddi ziyan vurmuşdur.

2. Bu hal işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Akt qəbzlərlə öz təsdiqini tapır. Belə ki, işə əlavə olunan İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli Akt-qəbz əsasında 91.607,26 manat dəyərində mallar qəbzə imza olunmaqla və üzərində İddiaçı qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, həmin mallar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbzə “Təhvil aldılar” yazısının altından imza edilməklə, eyni zamanda üzərində Cavabdeh2 qeyd edilən möhür vurulmaqla təhvil alınmışdır. Həmçinin İşdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli qəbz əsasında 92.523,96 manat dəyərində mallar Akt-qəbzə imza edilməklə və üzərində İddiaçı qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, həmin mallar Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbzə “Təhvil aldı” sözlərinin qarşısında imza olunmaqla, eyni zamanda üzərində Cavabdeh2 qeyd edilən möhür vurulmaqla təhvil alınmışdır. Həmin qəbzin üzərində əlavə olaraq "Unyty borc - 39543,69” qeyd edilmişdir. Kollegiyanın iclasında iştirak edən həm Ruslan həm də Nurlan akt-qəbzdəki imza və soyadın onlara məxsus olduğunu bildirmişdir. Lakin Nurlan aktdakı möhürün onun tərəfindən deyil, iddiaçı tərəfindən vurulmasını bildirmişdir. Akt-qəbzin Nurlan və Ruslan tərəfindən imzalanması işin mübahisəiz haldır. Nurlana məxsus möhürün isə iddiaçıda olması Nurlana aid olan məsələdir. Nurlan möhürün həqiqətəndə Asəfdə olması və həmin möhürün akta Asəf tərəfindən vurulması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

3. Nurlan, həmçinin Ruslan kollegiyanın iclasında bildirmişlər ki, onlar arasinda xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib etmişlər. Lakin, həmin aktlar anbar qalığının müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Bildirmişlər ki, Aktların sol tərəf hissəsində "Yekun” məbəğ kimi göstərilən “31803,97” manat Asəfə məxsus anbar qalığını və digər xərcləri, sağ tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “60720” manat isə Nurlana məxsus anbar qalığını və digər xərcləri əks etdirmişdir. Lakin cavabdehlər xx.xx.2022-ci il tarixli aktın sol tərəf hissəsində "Yekun” məbəğ kimi göstərilən “31803,97” manat məbləğin və sağ tərəf hissəsində “Yekun” məbəğ kimi göstərilən “60720” manat məbləğin cəmlənərək yekun “92523.96” manat kimi göstərilməsinin səbəblərini izah edə bilməmişlər. Cavabdehlər kollegiyanın iclasında bildirmişlər ki, onlar akta ona görə imza etmişlər ki, həmin aktda göstərilən mallar anbarda həqiqətən iddiaçının hesabındadır. Belə ki, qeyd edilən aktı imza etməklə onlar göstərilən məbləğin iddiaçının hesabında olmasını təsdiq etmişlər. Onda sual olunur əgər Asəflə Nurlanın anbar qalıqları ayrı idisə nəyə görə həmin qalıq məbləğləri aktın aşağısında yekun olaraq cəmlənmiş “92523.96” manat qalıq və “Unyty borc – kimi 39543,69” qeydi yazılmışdır. Kollegiya qeyd edir ki, Nurlanın ayrıca sahibkarlıq statusu var və əgər onun malları özünün də dediyi kimi anbarda Asəfin mallarından ayrıdırsa onda nəyə görə qalıq borcları cəmlənərək yekunda AKT üzrə cavabdehlər tərəfindən imzalanmışdır”. Bundan başqa nəyə görə Nurlan özünün anbar qalığını ayrıca vərəqədə Akt şəklində tərtib etməmişdir?. Burdan belə nəticə çıxarmaq olar ki, iddiaçı ilə cavabdehlər birgə sahibkarlıq fəaliyyətində və iş birliyində olmuşlar.

4. Cavabdeh Ruslan həm birinci instansiya həm də kollegiyanın iclasında bildirmişdir ki, mövcud olan malları siyahıya alaraq, Akt əsasında həmin malların orada olmasını öz imzaları ilə təsdiq etmişlər. Eyni zamanda Nurlan da öz imzası və möhürü ilə aktı imzalamaqla bunu təsdiq etmişdir. Hazırda iddiaçı ona 132 067.65 manat ziyan dəydiyini bildirməklə həmin məbləği cavabdehlərdən tələb edir. Cavabdehlər də qeyd edilən məbləğdə malların anbarda olduğunu öz imzaları ilə təsdiq etmişlər. Lakin cavabdehlər həmin məbləğdə əmlakın anbarda qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı aktla müəyyən olunan mallara görə qalıq məbləği olan 132 067.65 manat pulun cavabdehlərdən tələb etməkdə haqlıdır.

5. Cavabdeh Ruslan kollegiyanın iclasında bildirmişdir ki, xx.xx.2023-də Asəfin yanından işdən çıxmışdır. Bundan sonra Asəf ondan Beyləqan PŞ-nə şikayət yazaraq onun 20000 manat nəqd pulunun və 28200 manatlıq mallarını satmaqla ona ziyan vurulması ilə bağlı şikayət etmişdir. Həmin borcun 45000 manat hissəsi Polisdə araşdırma aparıldığı ərəfədə atası tərəfindən Asəfə ödənilmişdir. Lakin onun bundan xəbəri olmamışdır. Buna görə də atası Asəfə qarşı sonrada 45000 manat pul tələbi iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə atasının Asəfə qarşı olan iddia tələbini təmin etməmişdir. Bu hal Beyləqan rayon məhkəməsinin 2(020)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almamış qətnaməsi və həmin işin materialları ilə təsdiq edilir. Həmin işdən kserosurətlər çıxarılaraq hazırkı işə əlavə edilmişdir. Polisdə izahat verən İddiaçı göstərmişdir ki, keçmiş işçisi olmuş Rüslan Quliyev işdə olmadıqlar ərəfədə ofisə gələrək 20000 manat nəqd pulu və fakturasız malları daimi müştəriləri Rizvan Əliyevə göndərməklə 28000 manat məbləğində pulu mənimsəmişdir. Daha sonra qeyd etmişdir ki, Ruslanın atası həmin puldan ona 45000 manat qaytarmış və ödənilməmiş 3200 manat pul vəsaiti qalmışdır. Nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Habelə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün qeyd edilənlər cavabdehin iddiaçıya maddi ziyan vurmasını təsdiq edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən düzgündür, düzgün olan qətnamə isə ləğv edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayəti və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2-2(121)- 83/2024 saylı qətnaməsi cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2-2(121)-83/2024 saylı qətnaməsi cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar