Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-51/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbində dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli e-2- 2(121)-2627/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 449855 (dörd yüz qırx doqquz min səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutuaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 28 mart 2022-ci il tarixli BA-351 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC (satıcı) istehsal etdiyi inək südü məhsulunu "xxxx" MMC-yə (alıcıya) satmağı, alıcı isə öz növbəsində alınan malların dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tam icra olunsa da, cavabdeh "xxxx" MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi ******* manat (ƏDV daxil, qaytarma çıxılmaqla net məbləğ) olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin ******* manat (ƏDV daxil) hissəsi ödənilmiş, lakin ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, 489855 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 4.1. bəndinə və 1 saylı qiymət razılaşma protokoluna uyğun olaraq ödənişlər malın təhvil verildiyi gündən 20 gün ərzində həyata keçirilməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir. Belə ki, cavabdehlə danışıqlar zamanı borcun 6 ay ərzində hissə-hissə ödənilməsi barədə şifahi razılaşma əldə olunmuş və həmin razılaşma barədə müəssisə rəhbərliyinə (iddiaçıya) müraciət edilməsi təklif edilmişdir. Cavabdeh müəssisəyə məktubla müraciət edərək borcu etiraf etmiş, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024 tarixdə 10000 manat və xx.xx.2024 tarixdə isə 15000 manat ödəniş etdiyini bildirmiş, lakin razılaşdırılmış 6 ay əvəzinə onun anbarında qalan quru südlə əvəzlərşdirilməsini və ya ilin sonuna kimi ödəyəcəyini xahiş etmişdir. Cavabdehə bildirilmişdir ki, onun təklif etdiyi quru süd məhsulu iddiaçının laboratoriyasında yoxlanılmış və keyfiyyətcə iddiaçının keyfiyyət göstəricilərin uyğun olmadığı bildirilmiş və borcun maksimum qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh yaranmış borcu ödəmir və bu günə kimi, yəni xx.xx.2024-cü il tarixinə cəmi 40000 manat pul ödəmişdir ki, hal-hazırda cavabdehin müəssisəyə olan borc məbləği 449855 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli e-2-2(121)-2627/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək tamamilə ləğv ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2627/2024 saylı qətnamə MPM-in 217.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda 217.3-cü maddənin tələbi baxımından qətnamə iş üzrə müəyyən edilmiş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan hallara uyğun əsaslandırılmamışdır. Belə olan halda, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2-2(121)- 2627/2024 saylı qətnaməsi MPM-in 217-ci maddəsinin tələblərinə görə qanuni və əsaslı deyil. Qanuni və əsaslı olmadığı üçün də ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman yol verilmiş belə bir hal nəticədə ədalət mühakiməsinin təməli olan “əsil həqiqətən ortaya çıxarılması” prinsipinin əsaslı şəkildə pozuntusuna gətirib çıxarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsalsandırılmışdır ki, şikayət əsassızdır və təmin edilməməlidir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasına və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına istinad edərək Şirvan Kommersiya Məhkəməsinin qərarının ədalətsiz qəbul edilməsini vurgulamışdır. Cavabdeh "xxxx" MMC uzun müddət təhvil aldığı malların dəyərini ödəməməklə və tərəfdaşı olduğu digər şirkətin maddi durumunun çətinləşdirdiyini anlamalıdır. Eyni zamanda onu da nəzərə almalıdır ki, qarşı tərəfin (iddiaçının) də öz hüquqlarını müdəfiə etmək kimi məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, cavabdeh "xxxx" MMC müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməli idi. Hesab edirlər ki, Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-2627/2024 saylı, xx.xx.2024 tarixli qərarı tam ədalətli və qanunidir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə nümayəndələri vasitəsilə təmsil olunmamışlar və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrətərəflərin nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur: Elektron qaimə-fakturaların surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nə göndərilmiş malların ümumi dəyəri ƏDV daxil ******* manat təşkil etmişdir. "xxxx" ASC tərəfindən veriliş “Hesabdan çıxarış” məlumatlarından görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BA-351 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilkdə cəmi ******* manat məbləğində ödəniş edilmişdir. “Maliyyə arayışı”nın surətindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BA-351 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən ümumilikdə ******* manat dəyərində olan mallar "xxxx" MMC-nə təhvil verilmiş, "xxxx" MMC tərəfindən isə alınmış mallara görə cəmi 1535126.79 manat məbləğində ödəniş edilmişdir, nəticədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə borcu 449855.25 manat təşkil etmişdir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BA-351 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 544854.66 manat məbləğində borcun xx.xx.2024-cü il tarixədək tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin direktoru Vüqar Mirzəyev tərəfindən İddiaçı MMC-nin direktoru Rauf Mailova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nə göndərilmiş 544854.66 manat məbləğində borcun ödənilməsinə dair xx.xx.2024cü il tarixli pretenziya məktubuna cavab olaraq bildirilmişdir ki, müəssisənin fəaliyyətində çətinliklər yarandığına görə gəlirlərin azalması səbəbindən öhdəliklərin yerinə yetirilməsində gecikdirmələr yaranmışdır. Bununla belə, İddiaçı MMC qarşısında olan öhdəlikləri yerinə yetirməyə çalışırlar. Bu məqsədlə İddiaçı MMC-nə tərəflərindən xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024 tarixdə 10000 manat və xx.xx.2024 tarixdə isə 15000 manat ödəniş edilmişdir. Borcun ödənilməsi üçün onların anbarında olan malla əvəzləşdirilməsi təklif olunur, əks təqdirdə hissə-hissə ödəniş edilməklə İddiaçı MMC qarşısında olan öhdəliklərini xx.xx.2024-cü ilədək tam icra edəcəklər. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış BA-351 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən "xxxx" MMC-nin satıcı qismində çıxış edən İddiaçı MMC qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə edilən elektron qaimə fakturalar, cavabdeh tərəfindən köçürmə yolu ilə edilən ödənişlər, cavabdehin iddiaçının pretenziyasına verdiyi borcun etirafına yönəlik cavab məktubu ilə tam təsdiqini tapır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli e-2-2(121)-2627/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-51/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-51/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver