Məhkəmə qərarları › İş №2-2(106)-53/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-53/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-53/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli e-2-2(121)-2760/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli CPC/S-005/22 saylı alqı-satqı müqaviləsinə əsasən 16734.20 manat əsas borc, ödənişlərdə gecikdirməyə görə 16138.17 manat dəbbə pulu olmaqla, cəmi 32872.37 manat borcun və 189 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2022-ci il tarixli CPC/S- 005/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə və müqaviləyə müvafiq Əlavələrə (qiymətlərin razılaşdırılması protokolu) əsasən, satıcı istehsal etdiyi qarğıdalı qlüteni və qarğıdalı qırıntısı məhsullarını alıcıya satmağı, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 7.2-ci bəndinə əsasən, alıcı tərəfindən malların dəyərinin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilən məbləğin 1% məbləğində dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 7.3-cü bəndinə əsasən isə, ödəniləcək dəbbə pulu ümumi borc məbləğinin 100%-dən artıq ola bilməz. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə cavabdehə cari il üzrə xx.xx.2024-cü il tarixdə 3234.20 manat, xx.xx.2024-cü il tarixdə 7092 manat, xx.xx.2024-cü il tarixdə isə 6408 manat olmaqla, ümumilikdə 16734,20 manat məbləğində məhsul satılmışdır. Lakin müqavilə öhdəlikləri cavabdeh tərəfindən vaxtında va lazımınca icra edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan tarixlərdə cavabdehə təhvil verilmiş və ümumilikdə 16734.20 manat təşkil etmiş malların dəyəri bu vaxtadək ödənilməmişdir. Ödənişlərdə hazırkı tarixədək 293 gün gecikdirmə olmuşdur. Alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən gecikdirmə günlərinin sayına görə hesablanmış dəbbə pulu məbləği 16138.17 manat təşkil etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli e-2-2(121)-2760/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 16734 manat əsas borc, 1130 manat dəbbə pulu, cəmi 17864 manat məbləğində pul vəsaiti və 143.59 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən malın təhvili tərərflərin imzalaycağı “təhvil aktı” ilə həyata keçiriləcək. İş materillarından da göründüyü kimi, tərəflər arasında alğı-satqı müqavilə bağlanmışdır. Həmin müqaviləyənə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin işdə mübahisəli borcun yaranmasının əsasını təşkil edən malın qayimə əsasında kimə verildiyi müəyyən edilmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə və ona əlavəyə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək izahatında göstərdi ki, iddiaçı şirkətdə malların çatdırılma üsulları müxtəlifdir. Həm şirkətin özünə məxsus maşınlar var, həmdə alıcılar öz avtomobillərini göndərərək malları təhvil alırlar. Mallar Cavabdeh MMC-nin təqdim etdiyi şəxslərə təhvil verilmişdir. Təhvil-təslim aktında göstərilən şəxslər Cavabdeh MMC-nin şirkətə təqdim etdiyi şəxslərdir və onların göstərişi əsasında mallar həmin şəxslərə təhvil verilmişdir. Mallar daşınan nəqliyyat vasitələri də, ididaçı şirkətin nəqliyyat vasitələri deyil. Cavabdeh MMC-nin təqdim etdiyi nəqliyyat vasitələridir. Həmin nəqliyyat vasitələri rəsmi olaraq Cavabdeh MMC-nin nəqliyyat vasitələri də olmaya bilər. Malların həmin şəxslərə təhvil verilməsi və həmin nəqliyyat vasitələrinin təhvil alması barədə Cavabdeh MMC bizə rəsmi sənəd təqdim etməmişdir. Tərəflər arasında danışıqlar adətən telefon vasiətsi ilə və ya email poçt ünvanı üzərindən olurdu. Qaimələrdə adları qeyd olunan sürücülər və avtomobillərin nömrələri Cavabdeh MMC-nin direktoru tərəfindən onların anbardarına veriləndən sonra yük həmin avtomobillərə yığılaraq, sürücülərə təhvil verilmişdir. Tərəflər arasında işgüzar münasibətlər bu cür qurulmuşdur. Birinci instansiya məhkəməsində qətnamə çıxarılandan sonra cavabdeh sonuncu partiya verilən maldan elektron qaiməsi üzrə 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh təkrarən məhkəmədə üzürlü səbəblər olmadan nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın isə rəddini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Satıcı İddiaçıMMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci ildə bağlanan CPC/S-005/22 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcının istehsal etdiyi məhsulun (malın) alıcıya satılması, alıcının isə məhsulun dəyərini satıcıya ödəməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən malların adı, qiyməti, miqdarı bu müqaviləyə əlavə edilən, onun ayrılmaz və tərkib hissəsi olan “Razılaşdırma Protokolu” (Əlavə) ilə müəyyən edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı almaq istədiyi mallara dair satıcıya rəsmi yazılı qaydada və ya elektron formada (elektron poçt, outlook, fax və s.) sifariş verir. Müqavilənin 3.2-ci bəndinə əsasən malların alıcıya təhvil verilməsi müddətləri və çatdırılma ünvanı müvafiq əlavə ilə müəyyən edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı tərəfindən malların qəbul edilməsi tərəflər arasında imzalanacaq “Təhvil-Təslim Aktı” və/və ya”Qaimə faktura” əsasında həyata keçiriləcək. Müqavilənin 7.2-ci bəndinə əsasən alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilən məbləğin 1% məbləğində dəbbə pulu ödəyəcək. Müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə üzrə ödəniləcək dəbbə pulu borc məbləğinin 100%-dən artıq olmamalıdır. CPC/S-005/22 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci ildə bağlanan əlavə razılaşdırma protokoluna əsasən satıcın satacağı 5000 kq. çəkidə qarğıdalı qlüteninin 1 kq. dəyəri 1.18 manat olmaqla, cəmi məbləğin 5900 manat təşkil etməsi razılaşdırılmışdır. CPC/S-005/22 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci ildə bağlanan əlavə olan razılaşdırma protokoluna əsasən satıcın satacağı 4225 kq. çəkidə qarğıdalı qlüteninin 1 kq. dəyəri 1.18 manat olmaqla cəmi məbləğin 5000 manat təşkil etməsi razılaşdırılmışdır. CPC/S-005/22 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci ildə bağlanan əlavə olan razılaşdırma protokoluna əsasən satıcın satacağı 5000 kq. çəkidə qarğıdalı qlüteninin 1 kq. dəyəri 1.18 manat olmaqla, cəmi məbləğin 5900 manat təşkil etməsi razılaşdırılmışdır. CPC/S-005/22 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci ildə bağlanan əlavə 5-də olan razılaşdırma protokoluna əsasən satıcın satacağı 5000 kq. çəkidə qarğıdalı qlüteninin 1 kq. dəyəri 1.20 manat olmaqla cəmi məbləğin 6000 manat təşkil etməsi razılaşdırılmışdır. xx.xx.2024 tarixli satış hesab fakturasına əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə 1 kq. qiyməti 0.30 manat müəyyən olunmaqla 10780.00 kq. çəkidə 3234.00 manat dəyərində qarğıdalı qırıntısı satılmışdır. Malı alıcının adından Sadiq Abdullayev adlı şəxs qəbul etmişdir. xx.xx.2024 tarixli məhsulların təhvil-təslim aktına əsasən 10780.00 kq. çəkidə mal CavabdehMMC-yə çatdırılmasından ötrü **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abdullayev Sadiqə təhvil verilmişdir. MT2402 seriyalı, 00112395 nömrəli, xx.xx.2024 tarixli elektron qaimə-fakturaya əsasən 3234 manat dəyərində qarğıdalı qırıntısı göndərən İddiaçıMMC tərəfindən qəbul edən Cavabdeh MMC-nə göndərilmişdir. xx.xx.2024 tarixli satış hesab fakturasına əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə 1 kq. qiyməti 0.30 manat müəyyən olunmaqla 15640.00 kq. çəkidə 4692.00 manat dəyərində qarğıdalı qırıntısı, 1 kq. qiyməti 1.20 manat müəyyən olunmaqla 2000.00 kq. çəkidə 2400.00 manat dəyərində qarğıdalı qlüteni, ümumilikdə isə 7092.00 manat dəyərində mal satılmışdır. Malı alıcının adından Rüstəm Əhmədov adlı şəxs qəbul etmişdir. xx.xx.2024 tarixli məhsulların təhvil-təslim aktına əsasən 15640.00 kq. çəkidə qarğıdalı qırıntısı, 2000.00 kq. çəkidə qarğıdalı qlüteni CavabdehMMC-yə çatdırılmasından ötrü **- LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Rüstəmə təhvil verilmişdir. MT2402 seriyalı, 00224262 nömrəli, xx.xx.2024 tarixli elektron qaimə-fakturaya əsasən 2400.00+4692.00 = 7092.00 manat dəyərində qarğıdalı məhsulları göndərən İddiaçıMMC tərəfindən qəbul edən Cavabdeh MMC-nə göndərilmişdir. xx.xx.2024 tarixli satış hesab fakturasına əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə 1 kq. qiyməti 0.30 manat müəyyən olunmaqla 21360.00 kq. çəkidə 6408.00 manat dəyərində qarğıdalı qırıntısı satılmışdır. Malı alıcının adından İdris İlyasov adlı şəxs qəbul etmişdir. xx.xx.2024 tarixli məhsulların təhvil-təslim aktına əsasən 2136.00 kq. çəkidə qarğıdalı qırıntısı CavabdehMMC-yə çatdırılmasından ötrü **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İdris İlyasova təhvil verilmişdir. MT2402 seriyalı, 00314891 nömrəli, xx.xx.2024 tarixli elektron qaimə-fakturaya əsasən 6408.00 manat dəyərində qarğıdalı qırıntısı göndərən İddiaçıMMC tərəfindən qəbul edən Cavabdeh MMC-nə göndərilmişdir. Mülki işin apellyasiya baxışı zamanı təqdim edilmiş xx.xx.2024 tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC xx.xx.2022-ci ildə bağlanan CPC/S-005/22 saylı alqı-satqı müqaviləsi MT2402 seriyalı, 00314891 nömrəli elektron qaimə-fakturaya əsasən İddiaçı MMC-yə 1000 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2022-ci ildə bağlanan CPC/S-005/22 saylı alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh MMC-nin satıcı qismində çıxış edən İddiaçı MMC qarşısında almış olduğu mallara görə, malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Belə ki, iddiaçı tərəfindən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları üzrə yaranan borc məbləği, iş materiallarına əlavə edilən qiymətlərin razılaşdırılması protokolları, satış hesab fakturaları, məhsulların təhvil-təslim aktları, sonuncu MT2402 seriyalı, 00314891 nömrəli, xx.xx.2024 tarixli elektron vergihesab fakturası üzrə qətnamədən sonra 27.12. 2024-cü ildə edilən qismən ödənişlə təsdiqini tapır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli e-2-2(121)-2760/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar