Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-55/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbində dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli e-2- 2(121)-2811/2024 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 430000 manat pulun və 720 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" (hazırkı adı İddiaçı MMC) ilə "xxxx" MMC arasında GP SF-05/2023 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, "xxxx" MMC-yə müxtəlif yem məhsulları tədarük edilmişdir. "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilməmiş və ödənişlər vaxtında aparılmamışdır. Müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinə görə "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 865602.86 manat, xx.xx.2024-cü il tarixə isə 796728.76 manat borcu yaranmışdır. Eyni zamanda cavabdeh ilə "xxxx" MMC arasında BA/T-056 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən cavabdehə süd məhsulları tədarük edilmişdir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə cavabdehin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə 347287.36 manat, xx.xx.2024-cü il tarixə isə 224157.52 manat borcu yaranmışdır. Mövcud borcların əvəzləşdirilməsi məqsədi ilə tərəflər arasında aparılmış danışıqlar nəticəsində üçtərəfli İddiaçı MMC, Biləsuvar Aqro MMC və "xxxx" MMC arasında xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli tələbin güzəşti barədə sazişlər bağlanmışdır. Tələbin güzəşti barədə xx.xx.2024-cü il tarixli sazişə əsasən, "xxxx" MMC Biləsuvar Aqro MMC-yə qarşı mövcud olan 347287.36 manat məbləğdə tələb hüququnun 300000 manat hissəsini, xx.xx.2024-cü il tarixli sazişə əsasən isə 224157.52 manat məbləğdə tələb hüququnun 200000 manat hissəsini (tələb etmək hüququnu) İddiaçı MMC-yə ötürmüşdür. Bununla da, "xxxx" MMC-nin cavabdehə qarşı ümumilikdə 500000 manat məbləğdə tələb hüququ iddiaçıya keçmişdir. Bundan başqa, cavabdeh sazişin şərtlərinə əsasən, tələbin güzəşti nəticəsində iddiaçıya yaranmış 500000 manat borc məbləğini 30 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tələbin güzəşti barədə sazişin şərtlərinə əməl etməmiş və ödənişləri vaxtında icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə 20000, xx.xx.2024-cü il tarixdə 20000, xx.xx.2024-cü il tarixdə 15000 və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 15000 manat olmaqla, ümumilikdə 70.000 manat ödəniş etmiş və hazırkı tarixə ödənilməmiş və gecikdirmədə olan qalıq borcun məbləği 430000 manat təşkil edir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin xəbərdarlıqlara hər hansı münasibət bildirməmiş və borcu ödəməmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.2024-cü il tarixli sazişə əsasən 230000 manat, xx.xx.2024-cü il tarixli sazişə əsasən isə 200000 manat olmaqla, cəmi 430000 manat borcun və 720 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli e-2-2(121)- 2811/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti tamamilə ləğv ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli e-2-2(121)-2811/2024 saylı qətnamə MPM-in 217.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda 217.3-cü maddənin tələbi baxımından qətnamə iş üzrə müəyyən edilmiş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan hallara uyğun əsaslandırılmamışdır. Belə olan halda qeyd etmək istəyirik ki, qətnamə MPM-in 217-ci maddəsinin tələblərinə görə, qanuni və əsaslı deyil. Qanuni və əsaslı olmadığı üçün də hesab edirlər ki, ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman yol verilmiş belə bir hal nəticədə ədalət mühakiməsinin təməli olan “əsil həqiqətən ortaya çıxarılması” prinsipinin əsaslı şəkildə pozuntusuna gətirib çıxarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC (hazırki İddiaçı MMC) ilə "xxxx" MMC arasında GP SF-05/2023 saylı, xx.xx.2023-cü il tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Biləsuvar Aqro MMC arasında BA/T-056 saylı, xx.xx.2023-cü il tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. İş materialında olan "xxxx"nın surətindən görünür ki, Biləsuvar Aqro MMC -nin xx.xx.2024-cü il tarixə "xxxx" MMC-yə 347287.36 manat qalıq borcu vardır. İş materialından görünür ki, borclu Biləsuvar Aqro MMC, ilkin kreditor "xxxx" MMC və yeni kreditor İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə “tələbin güzəşti barədə” saziş bağlanmışdır. Həmin saziş üzrə ilkin kreditor müqavilə - 1 üzrə borcluya qarşı mövcud olan 347287.36 manat məbləğdə tələb hüququnun 300000 manat məbləğində hissəsini tələb etmək hüququnu yeni kreditora ötürmüşdür. İşdən görünür ki, borclu Biləsuvar Aqro MMC, ilkin kreditor "xxxx" MMC və yeni kreditor İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə “tələbin güzəşti barədə” saziş bağlanmışdır. Həmin saziş üzrə ilkin kreditor müqavilə - 1 üzrə borcluya qarşı mövcud olan 224157.52 manat məbləğdə tələb hüququnun 200000 manat məbləğində hissəsini tələb etmək hüququnu yeni kreditora ötürmüşdür. İş materialında olan "xxxx"larının surətlərindən görünür ki, Biləsuvar Aqro MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə 500000 manat; xx.xx.2024-cü il tarixə 460000 manat; xx.xx.2024-cü il tarixə 445000 manat; xx.xx.2024-cü il tarixə 430000 manat qalıq borcu vardır. İş materialında olan xəbərdarlıq məktubun surətindən görünür ki, tələbin güzəşti barədə əsasən cavabdehə ödənilməmiş 430000 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir; 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. İş materiallarına əlavə edilmiş ilkin kreditor "xxxx" MMC, yeni kreditor İddiaçı MMC və borclu "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış tələbin güzəşti barədə sazişə əsasən ilkin kreditorla borclu arasında mövcud olan xx.xx.2023 tarixli BA/T-056 saylı alqı-satqı müqaviləsi üzrə ilkin kreditor "xxxx" MMC borclu "xxxx" MMC-yə qarşı mövcud olan 347287.36 manat məbləğdə tələb hüququnun 300000 manat hissəsini (tələb etmək hüququnu) İddiaçı MMC-yə ötürmüşdür. İş materiallarına əlavə edilmiş ilkin kreditor "xxxx" MMC, yeni kreditor İddiaçı MMC və borclu "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış tələbin güzəşti barədə sazişə əsasən ilkin kreditorla borclu arasında mövcud olan xx.xx.2023 tarixli CP SF- 05/2023 saylı alqı-satqı müqaviləsi üzrə ilkin kreditor "xxxx" MMC borclu "xxxx" MMC-yə qarşı mövcud olan 224157.52 manat məbləğdə tələb hüququnun 200000 manat hissəsini (tələb etmək hüququnu) İddiaçı MMC-yə ötürmüşdür. Sonrakı mərhələlərdə bilavasitə yeni kreditor İddiaçı MMC ilə borclu "xxxx" MMC arasında qarşılıqlı üzləşməaktları tərtib olunaraq borcun qalıq məbləğlərin müəyyən olunmuş və sonuncu xx.xx.2024-cü il tarixdə tərtib olunan aktla xx.xx.2024 tarixinə "xxxx" MMC-nin 43000 manat borcunun qaldığı razılaşdırılmışdır. Əşyanı təhvil almış alıcı olaraq "xxxx" MMC alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı olaraq "xxxx" MMC verilmiş əşyanın ödənilməsini tələb etmək hüququna malikdir. Tələb sahibi (kreditor) olaraq "xxxx" MMC tələbin müəyyən hissəsini üçüncü şəxs İddiaçı MMC-yə güzəşt etdiyindən və sonuncu həmin münasibətlərlə yeni kreditor olaraq ilkin kreditoru əvəz etdiyindən, iddia yuxarıda sadalanan maddi hüquq normaları baxımından tam əsaslıdır. Öhdəliyin tam yerinə yetirilməsinə dair cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə hər hansı bir sübut verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli e-2-2(121)- 2811/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-55/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-55/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver