Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-57/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(121)-129/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı AS22/154 saylı 10 avqust 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 256895,6 manat əsas, 46241,21 manat ƏDV, 404 manat məbləğdə mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh QSC arasında xx.xx.2022-ci il tarixdə AS22/154 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında Əlavə razılaşma ilə müəyyən edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini müqavilə və Əlavə razılaşma əsasında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə kimi hazırlanmış xx.xx.2022-ci il tarixli 1 saylı Razılaşmaya əsasən satıcı “katanka” adlı materialdan 202,280 tonunu Əlavə razılaşmanın 5-ci maddəsinə əsasən 1 iş günü ərzində alıcıya təhvil vermişdir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən malların təhvil-təslimi tərəflər arasında imzalanan Təhvil-təslim aktı ilə həyata keçirilməlidir. Bu maddəyə əsasən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində satıcı malları alıcıya Təhvil-təslim aktları əsasında təhvil vermişdir. Satıcı alıcıya müqavilə əsasında 256895,6 manat əsas və 46241,21 manat ƏDV yəni, ümumi 303136,81 manat dəyərində malları təhvil vermiş və alıcının malların təhvil verildiyi andan bu məbləği 3 gün ərzində ödəmək şərtilə pul öhdəliyi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mövcud olan 256895,6 manat əsas və 46241,21 manat ƏDV yəni, ümumi 303136,81 manat dəyərində məbləği alıcı bu günədək ödəməmişdir. xx.xx.2022-ci il tarixində Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyası təşkil olunmuş, Cavabdeh MMC-yə bu barədə 5 gün əvvəlcədən mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Borcun ödənilməsi üçün dəfələrlə şifahi, eyni zamanda yazılı müraciət edilməsinə baxmayaraq, ödənişin cavabdeh tərəfindən icra edilməməsi sonuncu tərəfindən öz öhdəliklərinin kobud şəkildə pozuntusunun göstəricisi olmaqla iddiaçıya borc məbləğinin ödənilməsini tələb etmək hüququ verir. Alqı-satqı müqaviləsinə əsasən cavabdehin məbləği malların təhvil-təslim edildiyi gün ödənilməli olmasını əsas tutaraq 256895,6 manat əsas və 46241,21 manat ƏDV yəni, ümumi 303136,81 manat ödənişi tələb etmək hüquqları mövcuddur. İddiaçı MMC iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, AS22/154 saylı xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən 256895,6 manat əsas və 46241.21 manat ƏDV, 38534 manat cərimə, 404 manat mediasiya xərci və 227,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, müqavilənin 6.3-cü maddəsində qeyd olunmuşdur ki, malların tam dəyəri Əlavə razılaşma ilə müəyyən edilmiş müddətdə alıcı tərəfindən ödənilmədiyi təqdirdə, satıcı alıcıdan gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1 faizi həcmində cərimə ödənilməsini tələb edə bilər. Bu müqavilənin əlavəsi olaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə razılaşmanın 7-ci bəndində də qeyd edilmişdir ki, ödənişin gecikdirilməsinə görə cərimə şərtinə uyğun olaraq gecikmə 10 gündən çox olduğu halda gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1 faizi həcmində cərimə hesablanır. Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(121)-129/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, AS22/154 nömrəli xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 256895,6 manat əsas borc, 46241,21 manat ƏDV, 38534 manat cərimə, 404 manat mediasiya xərci, 227,68 manat dövlət rüsumu, cəmi 342302,49 manat məbləğdə pul vəsaitinin Cavabdeh QSC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi və 404 manat məbləğində dövlət rüsumu vəsaitinin Cavabdeh QSC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamə ilə müəyyən edilmiş cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Cavabdeh ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cərimə məbləğinin cavabdehdən tutulması hissəsində düzgün araşdırma aparmayaraq, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, tərəflər arasında imzalanmış olan 10 avqust 2022-ci il tarixli müqavilənn və həmin müqaviləyə edilmiş 1 saylı Əlavənin şərtlərindən də göründüyü kimi, malların tam dəyəri Əlavə razılaşma ilə müyyən edilmiş müddətdə alıcı tərəfindən ödənilmədiyi təqdirdə satıcı alıcıdan gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1 faizi həddində cərimə ödənilməsini tələb edə bilər. Həmçinin 1 saylı Əlavədə gecikmənin 10 gündən çox olduğu halda gecikmənin hər bir günü üçün ödənilməmiş məbləğin 0,1 faizi həddində cərimə məbləğinin hesablanacağı bildirilmişdir. MM-in müvafiq normasına əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eyni zamanda iş üzrə tərəflər arasında olan Alqı-satqı müqaviləsinin 6.3-cü maddəsinə əsasən alıcı bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 (sıfır tam onda bir) faiz miqdarında satıcıya cərimə ödəməlidir. Müqavilənin qeyd olunan maddəsindən də göründüyü kimi alıcı ödəyəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi halda müqavilə ilə müəyyən edilmiş cəriməni ödəməlidir. Alıcı tərəfindən alınmış mallar üzrə ödəniş aparılmasa da, iddiaçının tələbi əsasında birinci instansiya məhkəməsinin lazımi araşdırma aparmadan və tələbdə irəli sürülən cərimə məbləğinin miqdarının tərəflərin mənafelərinin uyğun surətdə qəbul etməmiş, əksinə iddiaçının tələbini cərimə hissəsində tam şəkildə təmin etmişdir. Belə ki, alqı–satqı müqaviləsi üzrə əsas borcun məbləğinin 256895,60 manat olduğu mübahisələndirilmir. Həmin borc üzrə də ƏDV borcu 46241,21 manat təşkil etməkdədir. Ancaq birinci instansiya məhkəməsi cərimə məbləği hissəsində tənasüblük prinsipini pozmuşdur. Belə ki, cərimə məbləğinin bu həddə hesablanması onun tənasüblülüyü və tərəflərin mənafeləri baxımından bir tərəfin ciddi şəkildə lehinə olmaqla digər tərəfi iqtisadi cəhətdən sarsıtmaqdadır. Bu səbəbdən, qətnamə cərimənin bu məbləğdə hesablanması hissəsində əsassızdır. Qeyd edilən hallara əsasən nəzərdə tutulan cərimə məbləği maddi və prosessual hüquq normalarının düzgün tədbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(121)- 129/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində də göstərildiyi kimi alıcı tərəfindən alınmış mallar üzrə hazırkı vaxta kimi ümumiyyətlə ödəniş aparılmamışdır. Bu hal özlüyündə yalnız İddiaçı MMC-ni iqtisadi cəhətdən sarsıtmağa xidmət edir. Belə ki, tələb edilən məbləğ vaxtında ödənilsə və ya gecikdirilməsə, o zaman həmin məbləğdən əldə edilən gəlir iddiaçının maddi vəziyyətinin kifayət qədər artmasına gətirib çıxara bilərdi. Cavabdehlə müqavilə bağlandıqdan sonra onun hər hansı əməkdaşı və ya digər nümayəndəsini tapmaq mümkün olmur ki, onlarla mövcud borcun qaytarılması ilə bağlı söhbət etsinlər. Onlar yalnız məhkəmə qərarı çıxarılandan sonra ondan şikayət verməklə işin uzadılmasına və borcun maksimum gec müddətdə qaytarılmasına nail olmağa çalışırlar. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Baxşıyeva Rəvanə Abdulla qızının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş AS22/154 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı adı, çeşidi, miqdarı, çəkisi tərəflər arasında Əlavə razılaşma ilə müəyyən edilmiş mallar alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini bu müqavilə və Əlavə Razılaşma əsasında satıcıya ödəməyi öhdəsinə götürür. Satıcı alıcıya üçüncü şəxslərin iddialarından və hüquqlarından azad olan malları verir. İş materiallarına əlavə edilmiş elektron qaimələrin surətlərindən görünür ki, “Alıcı” ilə “Satıcı” arasında bağlanmış AS22/154 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilə üzrə EBCB seriyalı 694828 saylı xx.xx.2022-ci il tarixli e-Qaimə ilə 159525,97 manat, EBCB seriyalı 738513 saylı xx.xx.2022-ci il tarixli e-Qaimə ilə 143610,84 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Təhvil-təslim aktlarının surətlərindən görünür ki, 5133 saylı xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktları ilə 106450 miqdarda “Katenka f8 Buxta”, 5148 saylı xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktları ilə 95830 miqdarda “Katenka f8” mal(lar)ı İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə 26 sentyabr 2022-ci il tarixdə pretenziya göndərmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən cərimə məbləğinin tutulması hissədə yoxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(121)-129/2023 saylı qətnaməsi cərimə borcunun tutulması hissədə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda, hazırkı vaxta kimi ümumiyyətlə heç bir ödəniş etməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası dəbbə pulu (cərimə) məbləğinin müəyyən edilməsi zamanı nəzərə alır ki, iddia tələbində hesablanmış və tələb edilən cərimə məbləği MM-in tələblərinə uyğun olaraq öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi səbəbindən meydana gəlmişdir. Qüvvədə olan qanunvericiliyin imkan verdiyi hədd daxilində kreditorun əmlak və əsaslı mənafeləri nəzərə alınmaqla, tələb edilən 38534 manat cərimə məbləğinin 20000 manata qədər azaldılmasını kollegiya daha doğru hesab edir. Belə ki, cərimə məbləğinin həddi baxımından, eyni zamanda, kreditorun mənafeləri nəzərə alınarkən tərəflər arasında bağlanmış müqavilə üzrə kreditorun gələcəkdə əldə edə biləcəyi bütün gəlirlərindən məhrum olunmasına yönəlik hazırkı vaxta kimi cavabdeh tərəfindən edilmiş bütün hərəkət və ya hərəkətsizliklər də nəzərə alınmalıdır. Belə ki, cavabdeh tərəfindən borcun ödənilməsinin yubadılmasına xidmət edən və iş üzrə mötəbər sübutlarla açıq-aşkar təsdiqini tapan bütün bu addımlar özlüyündə kreditorun əmlak mənafeyinə ciddi təsir edən amillərdəndir. Habelə, iddiaçının izahatı və cavabdehin apellyasiya şikayəti ilə kreditorun (iddiaçının) maddi və iqtisadi durumuna ciddi şəkildə təsir göstərən hal olaraq cavabdehin mövcud mübahisələndirilməyən (əsas, ƏDV) borcdan hazırkı vaxta qədər heç bir məbləğ ödəniş edilməməsi də açıq-aşkar görünür. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin (sübutların) müqayisəli təhlilinə əsasən belə qənaətə gəlir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(121)-129/2023 saylı qətnaməsi mübahisələndirilən - cərimə borcunun tutulması hissədə dəyişdirilməli, 38534 manat (otuz səkkiz min beş yüz otuz dörd) manat məbləğdə cərimə pulunun məbləği azaldılaraq 20000 (iyirmi min) manat müəyyən edilməlidir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bununla bərabər, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(121)-129/2023 saylı qətnaməsinin ləğvi və ya digər hissələrdə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli e-2-2(121)-129/2023 saylı qətnaməsi mübahisələndirilən - cərimə borcunun tutulması hissədə dəyişdirilsin, 38534 manat (otuz səkkiz min beş yüz otuz dörd) manat məbləğdə cərimə pulunun məbləği azaldılaraq 20000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-57/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-57/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver