Məhkəmə qərarları › İş №2-2(106)-61/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-61/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-61/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, Cavabdeh icra orqanının rəhbəri X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli e-2-2(121)-92/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müxtəlif növdə tikinti mallarının alqı-satqısına dair müqaviləyə əsasən 9963 manat pulun və aralarında bağlanmış eyni tarixli sement materialının alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh tərəfindən verilməli olan sementin 25000 manat hissəsində öhdəliyini icra etmədiyinə görə həmin məbləğdə vəsaitin, ümumilikdə isə 34963 manat pul vəsaitinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçındən ümumilikdə 20016.34 manat məbləğində müxtəlif çeşiddə mallar almışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşmalar, mal təhvil verildikdən sonra malın qiyməti 15 gün ərzində köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifariş olunan malları alıcıya versə də, həmin qeyd olunan 20016.34 manat dəyərində olan malın 9963 manat dəyərində olan hissəsi bu günə kimi ödənilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 186969.18 manat dəyərində olan sement məhsulu almışdır. Cavabdehin vurduğu elektron qaimələrə əsasən İddiaçı tərəfindən sement alınması məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 186969.18 manat pul köçürülmüşdür. Lakin cavabdeh həmin müqavilə üzrə iddiaçıya verməli olduğu 186969.18 manat məbləğində sementin əvəzinə 161969.18 manat məbləğində sement vermiş, 25000 manat məbləğində sementi verməkdən boyun qaçırmışdır. Daha sonra İddiaçı direktoru Elşən Məmmədov ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək, hadisə ilə əlaqədar qanuni tədbir görülməsini xahiş etmişdir. Ərizə Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi Gündüz Abdulovun icraatına verilmişdir. Araşdırma zamanı İddiaçı direktoru Elşən Məmmədov cəmiyyətin təsisçisi Amil Bağırov, cəmiyyətin mühasibi Süleymanlı Asiman və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fədayı Abbdullayevin izahatları alınmış, hazırkı materialın mülkü xarakterli olduğu, bununla əlaqədar olaraq aidiyyəti məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və cinayət işinin başlanılmasının rədd olunmasına dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fədayı Abbdullayevin izahatından görünür ki, 2019-cu ildə təsis edilən müxtəlif növ tikinti materiallarınin alqi-satqısını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru kimi "xxxx" MMC ilə müqavilə bağlayib həmin şirkətlə alqi-satqı əməliyyatları həyata keçirmiş, bu əməliyyatlar nəticəsində həmin şirkətə 9963 manat borcu yaranmişdir. 2021-ci ilin noyabr ayinda qeyri-rəsmi şəriki olan Seyid kimi tanıdıqları Aqilin vasitəsi ilə "xxxx" MMC-nin işçisi Seyran adlı şəxslə taniş olmuş, bir müddət sonra Seyran şirkətə taxta və sement satmaqla baglı onunla razılaşmışdir. Seyranla razılaşdıqdan sonra aralarında müqavilə tərtib edilmiş və bundan sonra Seyranin xahişi əsasında müxtəlif şirkətlərdən malları alıb "xxxx" MMC-nin nümayəndəsi kimi Seyrana təhvil vermişdir. 2022ci ilin mart ayına kimi "xxxx" MMC-də aldiğı butün pulların müqabilində malları təqdim etmişdir. Aqil ilə şərik olduğu dövrdə "xxxx" MMC-yə təhvil vermək üçün "Norm Sement" zavodundan aldıqları 36000 manat dəyərində sementi Aqil hissə-hissə başqa şəxslərə satdığı üçün Seyrana müraciət edib Aqilin sementi satib pulunu xərclədiyini bildirmiş, buna baxmayaraq Aqilin xərclədiyi pulların müqabilində zavoda öz vəsaiti hesabina ödəniş etmişdir. Sonuncu dəfə "xxxx" MMC şirkəti ilə aralannda 135000 manat dəyərində malın həmin şirkətə satılması barədə müqavilə baglanmiş, bir-birinə etibar etdiklərindən həmin materialları tam təhvil almaları barədə qaimə tərtib etmişlər. Müqaviləyə əsasən "xxxx" MMC-yə təhvil verməli olduğu 135000 manat dəyərində tikinti materiallarının bir qismini onlara təhvil verdikdən sonra Amilə müraciət edib şəriki Aqilin onun razılıgı ilə ambardan gotürdüyü 36000 manat dəyərində tikinti materiallarının pulunu Aqildən almasını xahiş etmiş, Amil isə pulu Aqildən deyil, ondan tələb etdiyinə görə onlara təhvil verməli olduğu 20000 manat dəyərində material Aqilin ona vurduğu ziyana hesabladığını bildirmişdir. Bundan əlavə 2022-ci ilin mart ayında "xxxx" MMC-dən ümumi dəyəri 20016.34 manat həcmində tikinti materiallarını almiş, buna görə ƏDV daxil 10053.34 manat ödəsə də 9963 manat pulu ödəməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fədayı Abbdullayevin izahatından göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış hər iki müqavilə üzrə (satış müqaviləsi üzrə) 9963 AZN və (alış müqaviləsi üzrə) 25000 AZN ümumilikdə 34963 manat məbləğində borcu qalmışdır. Bütün bunlardan sonra İddiaçı hüquqlarını məhkəmə müstəvisində tələb etmək məqsədi ilə qanunvericiliyin tələb etdiyi kimi mediasiya şurasına müraciət etmişdir. Lakin qarşı tərəf mediasiya iclasına gəlmədiyi üçün ilkin mediasiyada iştirak edilməmə barədə xx.xx.2023cü il tarixli, MŞB/2-02923/2023 saylı arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin təsisçisi və direktoru X8 verdiyi şifahi izahatında iddia tələbini qismən, iddiaçıya tikinti mallarının alqı-satqısına dair müqaviləyə əsasən 9963 manat məbləğində borcunun olması hissəsində qəbul etdiyini, qalan hissədə iddianı qəbul etmədiyini bildirmişdir. İzahatında göstərmişdir ki, İddiaçı tərəfindən sement alınması məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ümumilikdə 186969.18 manat pul köçürülmüş, tərəflərindən həmin məbləğdə mallar iddiaçıya 2021-ci ilin noyabr ayından 2022-ci ilin əvvəllərinə kimi tədarük edilərək göndərilmişdir. İddiaçı ilə ticarət münasibətləri qeyri-rəsmi şəriki olan X3 və iddiaçının işçisi Seyran adlı şəxsin vasitəçiliyi ilə yaranmışdır. Həmin şəxslərin iştirakı ilə mal tədarük edib iddiaçıya göndərmişdir. Son olaraq xx.xx.2022-ci il tarixdə Aqillə Seyranın öz aralarında razılıqları əsasında 36000 manat və 7000 manat olmaqla, cəmi 43000 manat dəyərində olan malı iddiaçıya göndərmək üçün tədarük etmiş, lakin Aqil həmin malları başqa-başqa şəxslərə satmışdır. Onun tərəfindən müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilmişdir, iddiaçı təhvil almadığı mallara görə tələbini direktoru olduğu hüquqi şəxsə və ya ona qarşı deyil, X7 qarşı irəli sürməli idi. Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli e-2-2(121)-92/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli müxtəlif növdə tikinti mallarının alqı-satqı müqaviləsi üzrə 9963 manatın və xx.xx.2021-ci il tarixli müqavilə üzrə təhvil verilməmiş malların dəyərini təşkil edən 25000 manat olmaqla, cəmi 34963 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 194.89 manat məbləğində dövlət rüsumuunun cavabdehə aid edilməsi və Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan 25000 manat pul tələbi hissəsində ləğv edilməsi və mübahisələndirilən hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi qismən, tələbin 25000 manat hissəsində təmin olunması hissəsində əsassızdır. İddiaçı iddiası ilə yalnız İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021ciil tarixli müxtəlif növdə tikinti materiallarının alqı-satqısına dair müqaviləyə əsasən 9963 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində razı olduqlarını bildirmişdir, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bu barədə tərəfindən məhkəməyə izahat verilmişdir. Həmin tarixli məhkəmə iclasında xx.xx.2021-ci il tarixli sement materiallarının alqı-satqısına dair müqaviləyə əsasən 25000 manat hissəsində öhdəliyini icra etmədiyinə görə həmin məbləğdə vəsaitin, ümumilikdə isə 34963 manat pul vəsaitinin təsisçisi və direktoru olduğum MMC-dən tutulmalı olması hissəsində isə iddianı qəbul etmədiyini təkidlə bildirmişdir. Bu barədə etirazını iddiaçı tərəfindən sement alınması məqsədilə 186969.18 manat pul köçürülməsi, tərəflərindən həmin məbləğdə malların iddiaçıya 2021-ci ilin noyabr ayından 2022-ci ilin əvvəlinə kimi tədarük edərək göndərməkləri ilə, İddiaçı MMC ilə ticarət münasibətlərinin qeyri-rəsmi şəriki olan X3 və iddiaçının işçisi olan Seyran adlı şəxsin iştirakı ilə mal tədarük edib iddiaçıya göndərməkləri ilə əsaslandırmışdır. Bildirmişdir ki, üzərinə düşən öhdəlik tərəfndən tam yerinə yetirilmişdir, mübahisəli məsələ Aqil Seyidovun üzərinə qalır və ona görə də hazırki tələb də ona qarşı yönəldilməlidir. Tərəfindən verilmiş izahata, təqdim etmiş olduğu haqqhesab sənədinə baxmayaraq Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(121)-92/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin nəticəsi qismən əsassızdır. Hesab edir ki, ilk növbədə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-92/2024 saylı qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarla ziddiyyət təşkil edir, bu hal isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, İddiaçı MMC iləCavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müxtəlif növdə tikinti materiallarının alqısatqısına dair müqaviləyə əsasən 9963 manat pulun bizdən iddiaçının xeyrinə tutulması hissəsində razı olmuşlar. Lakin hesab etmişlər və hazırda da hesab edirlər ki, iddia ərizəsində göstərilən xx.xx.2021-ci il tarixli sement materiallarının alqı-satqısına dair müqaviləyə əsasən 25000 manat hissəsində öhdəliyini icra etmədiyinə görə həmin məbləğdə vəsaitin də təsisçisi və direktoru olduğum MMC-dən tutulmalı olması hissəsi tərəfindən gətirilmiş dəlillərlə uzlaşmır. X1 tələb edilməli olması ilə məhkəmə razılaşmamışdır. Hesab edilir ki, yuxarıda qeyd olunan bu hallar hazırki məhkəmə aktını mübahisələndirməyə tam əsas verir. İş materiallarından göründüyü kimi, işdə mübahisəsiz hal kimi qəbul olunmuş müqavilənin şərtlərinə tərəfimizdən əməl olunmuş, müqavilələri üzrə bütün ödənişlər edilmişdir. Lakin onlardan asılı olmayan səbəbdən tələb olunan 25000 manat dəyərində pul məbləği müqavilə tərəfləri üzrə razılaşdırılmış şəxs tərəfindən iddiaçıya çatdırılmamışdır və məhkəmə bu faktlara tənqidi yanaşmamışdır. Məhkəmə heç bir əsas olmadan Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir (onların münasibətlər dövründə bu Qərar mövcud olmamışdır) və ona görə mübahisələndirilən qətnamə bu hissədə əsaslı hesab oluna bilməz. Məhkəmə təqdim olunmuş sübutları araşdırmalı və tədqiq etməli olduğu halda, bu prinsipə əməl etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə MPM-nin 217.4-cü maddəsinin “məhkəmə öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” kimi tələbini təsbit edən tələbin pozuntusuna yol vermişdir. İclasa sədrlik edən hakim səhhəti ilə bağlı növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə müraciətini də nəzərə almamış, məhkəmə iclasını iştirakı olmadan keçirmiş və həmin iclasda yekun qərar qəbul etmişdir və bununla da kobud prosessual pozuntuya yol vermişdir. Kommersiya məhkəməsinin hakimi iddiaçının mövqeyindən çıxış etmiş, iddiaçı tərəfindən göstərilən, subyektiv xarakterli dəlillərə tənqidi münasibət bildirmədən məhkəmə aktı qəbul etmişdir. Hakim iddiaçının mövqeyini dəstəkləyərək, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə tərəflərindən müqavilələrin şərtlərinin tam surətdə pozulması qənaətində olmuşdur. Halbuki, onlar müqavilələr üzrə öhdəliklərini vaxtlı-vaxtlarda yerinə yetirmiş, bütün ödəmələri etmişlər. Lakin onlardan asılı olmayan səbəbdən mübahisəli 25000 manat iddiaçıya çatdırılmamışdır. Bu hissədə dəlilləri isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Daha bir halda iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin baş müstəntiqi Gündüz Abdulov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar məhkəmə tərəfindən iddia tələbinin təmin olunmasında əsas kimi qəbul olunmuşdur. Halbuki, həmin qərar İddiaçı özü tərəfindən barəsində etmiş olduğu müraciət əsasında qəbul olunmuşdur. Məhkəmə iclasında bildirdiyi kimi, hazırki vaxtda onların X3 barəsində tərəflərindən olunmuş şikayət üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və həmin araşdırma materialının tələb olunması və ya araşdırma nəticəsinin gözlənilməsinə dair vəsatəti məhkəmə tərəfindən heç cür nəzərə alınmamışdır. Halbuki, bu şikayətlərinin təmin olunması hazırki mübahisə üçün əhəmiyyətli bir hal olacaqdı. Göstərilən bu xüsusatlar iddia ərizəsinə qarşı məhkəmədə bildirdiyi etirazda da xüsusi qeyd olunmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh icra orqanının rəhbəri X9 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə ünvanlanmış apellyasiya şikayətinin geri götürülməsi barədə ərizədən məlumatsızdır, həmin ərizə tərəfindən tərtib olunmamışdır, o, yalnız Vəkil2 hüquqi yardım göstərməsindən imtina etmiş və bu barədə vəkil tərəfindən tərtib olunaraq ona təqdim edilmiş ərizəni imzalamışdır. Ola bilsin ki, həmin ərizədir və vəkil tərəfindən məhkəməyə göndərilmişdir, ərizənin məzmunu oxumadığından hansı məzmunda olmasından məlumatsız olmuşdur, bu səbəbdən apellyasiya şikayəti üzrə araşdırmanın davam etdirilməsini tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış ididaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qsmən ləğv olunmasını xahiş etməklə qətnaməni iddianın təmin olunan 25000 manat pul tələbi hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsininr izahatını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tərəflərin müvafiq olaraq bir müqavilə üzrə “Satıcı”, digər müqavilə üzrə “Alıcı” qismində iştirakçısı olduqları eyni məzmunlu xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinin: 1.1-ci bəndinə əsasən, “Satıcı” adı, qiyməti, miqdarı, çeşidi və digər göstəriciləri dəqiq olaraq hesab-fakturalarda, qaimə-fakturalarda və ya kassa sənədlərində göstərilən, alıcının tələbatına uyğun müxtəlif növ mallan (bundan sonra “mal(lar)ı), hazırki Müqavilədəki şərtlərlə “Alıcı”ya satmağı, “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, “Satıcı” mal(lar)ı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qüsursuz, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda “Alıcı”ya təhvil verməlidir. 4.1-ci bəndinə əsasən, tərəflər arasında razılaşdırılmış qiymətlər qaimə-fatkturalarda göstərilən qiymətlərdir. 4.2-ci bəndinə əsasən, Müqavilə üzrə hesablaşmalar, mal təhvil verildikdən sonra, “Satıcı” tərəfindən təqdim olunan hesab-faktura 15 iş günü köçürmə yolu ilə aparılır. 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir, xx.xx.2022-ci il tarixinə kimi qüvvədədir. 5.2-ci bəndinə əsasən, müqavilənin müddətinin bitməsinə 30 gün qalmış tərəflərdən biri müqavilənin ləğvi haqqında qarşı tərəfi məlumatlandırmazsa, onda bu müqavilə tərəflərdən birinin bu müqavilənin bitməsi barədə qarşı tərəfi yazılı qaydada xəbərdar edəcəyi vaxta kimi qüvvədədir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə göndərilmiş xx.xx.2021-ci il tarixli 238625 nömrəli; xx.xx.2021-ci il tarixli 237081 nömrəli; xx.xx.2021-ci il tarixli 729557 nömrəli; xx.xx.2021-ci il tarixli 854152 nömrəli; xx.xx.2021- ci il tarixli 025432 nömrəli; xx.xx.2022-ci il tarixli 484101 nömrəli elektron qaimələrinə əsasən, İddiaçı MMC-nə ümumilikdə 186969.19 manat məbləğində sement məhsulu göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə göndərilmiş xx.xx.2022-ci il tarixli 025815 nömrəli elektron qaiməyə əsasən Cavabdeh MMC-nə ümumilikdə 20016.34 manat məbləğində müxtəlif adda mal göndərilmişdir. “Köçürmənin aparılması haqqında Bildiriş”lərin və “Ödəniş tapşırıqları”nın surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-cil tarixləri arasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına ümumilikdə 186969.18 manat pul vəsaiti köçürülmüşdür. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X4 tərəfindən xx.xx.2022ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi X10 şikayəti əsasında topıanmış material üzrə X5 əməllərində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, şikayətçiyə müqavilə şərtlərinin pozulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC iştirak etməmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən yaranmış 34963 manat məbləğindəki vəsaitin 7 gün ərzində İddiaçınə ödənilməsi tələb edilmiş, əks halda həmin tələblə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında iki müqavilə bağlanmışdır və iddiaçının tələbi də həmin müqavilələrə əsasən iki hissədən ibarətdir. Eyni tarixdə bağlanmış müqavilələrin birinə görə iddiaçı satıcı qismində iştirak etdiyi əqd üzrə müxtəlif adda tikinti mal və materiallarını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərini təşkil edən pul vəsaitini şərtləşdirilmiş müddətdə iddiaçıya ödəməyi, digərinə görə isə iddiaçı alıcı qismində iştirak etdiyi əqd üzrə cavabdehdən alacağı malların dəyərini əvvəlcədən ödəməyi, cavabdehin isə dəyərini əvvəlcədən aldığı malları şərtləşdirilmiş müddətdə iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Hazırki apellyasiya baxışının predmetini iddiaçının alıcı qismində iştirak etdiyi müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi təşkil edir. Müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehdən alacağı malların dəyərini əvvəlcədən ödəməyi, cavabdehin isə dəyərini əvvəlcədən aldığı malları şərtləşdirilmiş müddətdə iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən sement alınması məqsədi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ümumilikdə 186969.18 manat məbləğində pulun köçürüldüyü işin mübahisəsiz halıdır. Həmin hal tərəflərin izahatları, işdə olan elektron qaimə-fakturalar, pul köçürmələri haqqında bildirişlər və ödəniş tapşırıqları ilə tam təsdiq olunur. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanın rəhbəri X11 həm birinci instansiya məhkəməsində verdiyi izahatında, həm apellyasiya şikayətiinin dəlillərində, həmdə apellyasiya baxışı zamanı verdiyi izahatında həmin halı mübahisələndriməmiş, iddiaçı tərəfindən ümumilikdə 186969.18 manat məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürüldüyünü etiraf etmişdir. Bununla belə iddiaçının ona təhvil verilməyən mala görə 25000 manat pul tələbinə cavab verməli olmadığını bildirərək, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə ticarət münasibətləri qeyri-rəsmi şəriki olan X3 və iddiaçının işçisi Seyran adlı şəxsin vasitəçiliyi ilə yaranmışdır. Həmin şəxslərin iştirakı ilə mal tədarük edib iddiaçıya göndərmişdir. Son olaraq xx.xx.2022-ci il tarixdə Aqillə Seyranın öz aralarında razılıqları əsasında 36000 manat və 7000 manat olmaqla, cəmi 43000 manat dəyərində olan malı iddiaçıya göndərmək üçün tədarük etmiş, lakin Aqil həmin malları başqa-başqa şəxslərə satmışdır. Onun tərəfindən müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilmişdir, iddiaçı təhvil almadığı mallara görə tələbini direktoru olduğu hüquqi şəxsə və ya ona qarşı deyil, X7 qarşı irəli sürməli idi. Cavabdeh həmçinin apellyasiya şikayətində iddiaçıdan aldığı pulun müqabilində 25000 manat dəyərində malın iddiaçıya təhvil verilməməsini inkar etmir, bundan məlumatlıdır, bununla belə bir daha vurğulayır ki, həmin malları qeyri rəsmi şəriki olduğu X7 vermişdir, hansı ki, həmin malları iddiaçıya təhvil vermək əvəzinə hissə-hissə sataraq vəsaitini mənimsəmişdir və tərəfindən hüquq mühafizə orqanlarına bununla bağlı şikayət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 599.3 Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər; Maddə 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, tərəflər aasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh iddiaçıdan köçürmə yolu ilə almış olduğu 186969.18 manat məbləğində pul müqabilində razılaşdırılmış qiymətlə sement verməli olduğu halda, cəmi 161969.18 manat məbləğində sement vermiş, 25000 manat məbləğində sementi verməmişdir. İddiaçı ilə bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etmək bilavasitə cavabdeh hüquqi şəxsin vəzifəsi olduğundan, yerinə yetirilməyən öhdəlik hissədə də, məsuliyyət düşür cavabdehin üzərinə. İddiaçı bağlanmış müqavilənin şərtlərinə uyğun şəkildə dəyərini qabaqcadan ödəmiş olduğu malların verilməsini, yaxud əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 25000 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli e-2-2(121)-92/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar