Məhkəmə qərarları › İş №2-2(106)-62/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-62/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-62/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli e-2- 2(121)-395/2024 saylı qətnaməsindən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 9990 manat məbləğində əsas borcun tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli e-2-2(121)-395/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş materiallarından qətnamənin cavabdehə rəsmi qaydada verilməsi müəyyən olunmur. Qətnamə əsasında 30 mart 2023-cü il tarixdə icra vərəqəsi verilərək icrası Cəbrayıl rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. Cəbrayıl rayon İcra və probasiya şöbəsinin rəisi Rövşən Əliyev tərəfindən 12 aprel 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 10 may 2023-cü il tarixli qərarla isə icra sənədi ərazi aidiyyəti üzrə icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. 13 mart 2024-cü il tarixdə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən 14 mart 2024-cü il tarixli müşaiətedici məktubla apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyünün yoxlanılması ilə əlaqədar şifahi sorğu əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsindən icra işinin materiallarında olan sənədlər alınaraq işə əlavə edilmişdir. Həmin materiallardan görünür ki, hazırki apellyasiya şikayətini imzalamış Vəkil2 etibarnamə üzrə borclunun nümayəndəsi olaraq 6 iyun 2023-cü il tarixdə Cəbrayıl rayon İcra və probasiya şöbəsinin “Tələbin könüllü icrası haqqında” bildirişini rəsmən imza edərək qəbul etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Lamiyə Hüseynquliyeva tərəfindən 6 noyabr 2023-cü il tarixdə qəbul edilmiş qərarla icra sənədi üzrə boroclu Cavabdeh barəsində axtarış elan edilmişdir. Apellyasiyanın mümkünlüyünün yoxlanılması məqsədilə mübahisə tərəfləri, eyni zamanda apellyasiya şikayətini imzalamış Vəkil2 məhkəmə iclasına dəvət edilsələr də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişldər. Kollegiya tərəflərin iştirakı olmadan apellyasiyanın mümkünlüyünün yoxanılması məsələsinə baxmışdır. Mülki Prosessual Məcəllənin : 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. İş materiallarından cavabdehin apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamənin rəsmi qaydada ona verilməsi təsdiqini tapmasa da, cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil2 Cəbrayıl rayon İcra və probasiya şöbəsi tərəfindən 6 iyun 2023-cü il tarixdə qətnamə əsasında verilən icra vərəqəsi üzrə tələbin könüllü icrasına dair bildiriş rəsmən təqdim olunmuşdur. Məhz həmin andan cavabdeh barəsində qəbul edilmiş qətnamənin mövcudluğundan rəsmi qaydada xəbərdar edilmişdir və həmin tarixdən qətnamə rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda isə cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunan prosessual müddət 6 iyul 2023-cü il tarixində bitmiş olmuşdur. Birinci instansiya məhkəməsi 13 mart 2024-cü il tarixdə verilən apellyasiya şikayəti üzrə yuxarıda qeyd olunan qaydada araşdırma apararaq, istinad olunan halları müəyyən edib Mülki Prosessual Məcəllənin 360 və 363.1.3-cü maddələrinə əsasən şikayəti geri qaytarmalı olduğu halda, şikayəti iş materiallarına əlavə edirək 14 mart 2024-cü il tarixdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli e-2-2(121)-395/2024 saylı qətnaməsindən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli e-2-2(121)-395/2024 saylı qətnaməsindən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360, 363.1.3-cü maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İsmayıl Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar