Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-62/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli e-2-2(121)-2128/2024 saylı qərardadından (hakim Z.Abbasov) Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı “X5 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi” nin Azərbaycan Respublikasındakı Filialı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ƏDV daxil 4633.05 (dörd min altı yüz otuz üç manat beş qəpik) manat məbləğində əsas borcun, müqavilə üzrə 17174.43 (on yeddi min yüz yetmiş dörd manat qırx üç qəpik) manat dəbbə pulunun və ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2128/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 4633.05 manat əsas borc, 1000 manat cərimə və ödənilmiş dövlət rüsumunun 76.33 manat hissəsi olmaqla, ümumilikdə 5709.38 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçı “X5 Elemanları Teknolojileri Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 79.67 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmişdir. İş materiallarına əsasən qətnamə 1 noyabr 2024-cü il tarixdə saat 10:00-da Cavabdehnə məxsus elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh 6 yanvar 2025-ci il tarixdə qətnamədən elektron qaydada apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən iddia ərizəsi və qətnamə barədə ümumiyyətlə heç bir məlumat Cavabdeh MMC-yə bəlli olmamışdır. Belə ki, şirkətin hüquqşunası həmin dövrdə işdən çıxmış və şirkətin hüquqi işlərinin müvəqqəti olaraq görülməsi üçün vəkil ilə müqavilə bağlanmışdır. Lakin onun tərəfindən heç bir tədbir görülməmiş və elektron məhkəmə sistemindən ərizənin daxil olması və qərardadın yerləşdirilməsi haqqında heç bir məlumatları olmamışdır. Həmçinin, şirkətin hüquqi və faktiki ünvanının fərqli olması səbəbindən poçt vasitəsi ilə də heç bir məlumat daxil olmamışdır. Məhkəmə prosesi və qətnamə barəsində yalnız Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixində verilmiş icra vərəqəsi ilə xəbərdar olunmuşdur. Hal-hazırda isə həmin qətnamə barəsində məhkəmənin yol verdiyi prosessual və maddi hüquq pozuntularına əsasən apellyasiya şikayəti verilməkdədir. Göründüyü kimi, mübahisələndirilən məhkəmə qərarı barədə məlumat icra vərəqəsi sayəsində tərəflərindən yalnız xx.xx.2024-cü il tarixində alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli e-2-2(121)-2128/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi X2 şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət müddətin bərpasına dair ərizənin məzmunu ilə oxşar məzmunda əsaslandırlmışdır. Şirvan Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2-2(121)-2128/20024 saylı qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli e-2-2(121)- 1689/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılaraq, şikayət işlə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin olmadığını əsas gətirərək ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda cavabdehə münasibətdə qətnamə 1 noyabr 2024-cü il tarixində onun elektron kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır və 1 dekabr 2024-cü il tarixində bitmiş olur. Cavabdeh MMC-nin nümayəndəsi X2 tərəfindən elektron məhkəmə informasiya sistemi üzərindən 6 yanvar 2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası müvafiq ərizə ilə xahiş olunmuşdur. Prosessual müddətin bərpasına dair ərizə qətnamə barədə ümumiyyətlə heç bir məlumatlarının olmaması, şirkətin hüquqşunasının həmin dövrdə işdən çıxması və şirkətin hüquqi işlərinin müvəqqəti olaraq görülməsi üçün vəkil ilə müqavilə bağlanması, lakin onun tərəfindən heç bir tədbirin görülməməsi və elektron məhkəmə sistemindən ərizənin daxil olması və qərarın yerləşdirilməsi haqqında heç bir məlumatlarının olmaması, həmçinin şirkətin hüquqi və faktiki ünvanının fərqli olması səbəbindən poçt vasitəsi ilə də heç bir məlumatın daxil olmaması ilə saslandırılmışdır. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, həmçinin məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, məhkəmə qətnaməni tərtib etdikdən sonra işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini vaxtında təmin etmişdir. Cavabdeh hüquqi şəxsin məsul şəxslərinin elektron kabineti izləməməsi, daxil olmuş məlumatlara vaxtında reaksiya verməməsi, şirkətin hüquqşünasının işdən çıxması və ərizədə sadalanan sair hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna, buraxılmış prosessual müddətin bərpasının əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin nümayəndəsi X1 şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli e-2-2(121)-2128/2024 saylıqərərdadı dəyişdirilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2-2(106)-62/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-62/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver