Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-63/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-63/2025 Açar sözlər: xam pambığın alqı-satqısından irəli gələn pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X5, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-3058/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2.543,34 manat dəyərində borcun və 45,43 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (hüquqi varis İddiaçı MMC) ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 228 saylı alğı-satqı müqaviləsinə əsasən Füzuli rayonu, Gecəgözlü kəndi ərazisində 10 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 2.543,34 manat məbləğində vəsaiti(iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 300 manat məbləğində 1-ci şum, 189 manat məbləğində 2-ci şum, 112 manat məbləğində mala, 120 manat məbləğində çiyid səpini, 54 manat məbləğində rotasiyon mala, 120 manat məbləğində kultivasiya, 140 manat məbləğində gübrə ilə kultivasiya, 160 manat məbləğində dərman səpini, 70 manat məbləğində sahədaxili kanalçəkilişi, 1126,40 manat məbləğində çiyid toxumu, 151,94 manat məbləğində pesdisit, cəmi: 2.543,34 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, xam-pambıq təhvil verməmiş, bununla da iddiaçıya 2.543,34 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməyə söz versə də, üzürsüz səbəblərdən-müxtəlif bəhanələrlə ödənişdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin yerinə yetirilməsi barədə hər iki tərəfin imzası ilə təsdiq olunmuş iş aktları, qaimə və və digər sənədlərlə təsdiq edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İşə sadələşdirilmiş icraat qaydasında baxmış və Şirvan Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-3058/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2.543,34 manat məbləğində əsas borc və ödənilmiş 45,43 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2.588,77 (iki min beş yüz səksən səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddiaın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi rəsmi qaydada təqdim edilməmişdir. Yalnız Cavabdeh ərizə ilə müraciət etdikdən sonra xx.xx.2025-ci il tarixdə ona təqdim olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-2(121)-3058/2024 saylı qətnamə iddiaçının konstitusiya, maddi və prosessual hüquqlarına zidd olduğu üçün həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışlar. Hesab etmişdir ki, məhkəmə həmin işə baxarkən yalnışlığa yol verərək əsassız qətnamə qəbul etmişdir. Cavabdeh İddiaçı əsassız şəkildə iddia vermişdir. Belə ki, P-Aqromediasiya zamanı belə Cavabdehlə əlaqə saxlamamış, ona məlumat verməmişdir. Eləcə də onun P-aqroya heç bir borcu yoxdur. İddiaçı tərəfdən eyni zamanda iddia müddəti xeyli keçdikdən sonra məhkəməyə verməmişdir. Qətnamə qəbul edərkən məhkəmə yanlışlığa yol vermişdir. İddia müddəti bitdikdən sonra məhkəmə qətnaməsi qəbul edilməsi əssassız və absurddur. Məhkəmə bu kimi məsələri araşdırmamış ədalətsiz qanunsuz qətnamə çıxarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) İşə şifahi icraat qaydasında baxılmasının qərara alınması. Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli mümkünlük qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiyanı mümkün hesab etmiş və apellyasiya baxışının şifahi qaydada (iş üzrə tərəflərin iştirakı ilə) baxılması qərara alınmış və apellyasiya baxışı 13 mart 2025-ci il tarixinə saat 14:20-yə (ZAL-4) təyin edilmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi X2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi işin icrasının yubadılmasına nail olmaqdır. Bundan başqa cavabdeh qeyd edir ki, güya onun iddiaçıya borcu yoxdur. Lakin işdə olan təhvil-təslim aktları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif xitmətlər göstərilmiş, lakin cavabdeh həmin xidmətlərin qarşılığında müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xam-pambığı iddiaçıya təhvil verməmiş, bununla da iddiaçıya 2.543,34 manat məbləğində borcu qalmışdır. Bundan başqa cavabdeh bildirir ki, iş üzrə iddia müddəti keçmişdir. Qeyd etmişdir ki, bununla bağlı cavabdehə pretenziya məktubu göndərmişlər, lakin cavabdeh həmin məktuba heç bir münasibət bildirməmişdir. Həmçinin cavabdeh işin birinci instansiya məhkəməsində olmasını bilmiş, lakin iddiaya qarşı hər hansı etirazı daxil olmamış, həmçinin iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Hazırda onun iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya şikayətində müvafiq xahiş etməsi qəbul edilə bilməz. Çünki müddətin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İş üzrə Cavabdeh və onun Vəkil işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, onlar apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehə münasibətdə tam apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-3058/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Füzuli Rayon Kənd Təsərrüfatı” MMC (hüquqi varis "xxxx" MMC) və Cavabdeh (müqavilədə “Satıcı”) arasında bağlanmış xx.xx.2018-ci il tarixli 228 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini istehsalçı mülkiyyət hüququ özünə məxsus olan icarəyə götürdüyü Füzuli rayonu, Gecəgözlü kəndində yerləşən 10,00 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “Füzuli rayon Kənd Təsərrüfatı" MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi təşkil edir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -600 AZN/ton, İİ növ – 580 AZN/ton, İİİ növ – 540 AZN/ton, İV növ – 500 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və bir il müddətinə qüvvədədir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış “iş və xidmətlərin yerinə yetirilməsi” aktlara əsasən, fermer Cavabdeh ümumilikdə fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya ümumilikdə 2.543,34 manat təşkil etmiş, nəticədə fermerin 2.543,34 manat borcu qalmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdeh həmin qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili cavabdehin iddiaçı təşkilata borcunun olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin 2.543,34 manat məbləğində borcunun mövcud olması “iş və xidmətlərin yerinə yetirilməsi” aktları ilə təsdiq edilmişdir. Bundan başqa, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, o, iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin əsassızlığına dair hər hansı sübutu məhkəmyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin ikinci dəlili iş üzrə iddia müddətinin keçməsi ilə bağlıdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. İşdə olan (səh-52) məhkəmə bildirişindən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Həmçinin işdə olan (səh-53) məhkəmə iclasının yeri və vaxtı barədə məlumat cavabdehə çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsinin iclasının vaxtı barədə məlumatı olmuş, lakin o, iddia müddətinin tətbiqi ilə bağlı müvafiq ərizəsini həmin məhkəməyə təqdim etməmişdir. Belə olduqda hazırda cavabdehin Apellyasiya şikayətində iddia müddətinin tətbiqi barədə xahişi qanunvericiliyin tələbi baxımından əsaslı deyil və onun bu ərizəsi qəbul edilə bilməz. Şərh edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddia tələbi on min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi qanununvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-2(121)- 3058/2024 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-63/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-63/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver