Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-66/2024 08.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2-2(121)-210/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli müqavilə üzrə yaranmış 7695 (yeddi min altı yüz doxsan beş) manat borcun və hesablanmış 5700.78 (beş min yedd yüz manat 78 qəpik) manat cərimənin, 500 (beş yüz ) manat hüquqi yardımla bağlı ödənilmiş pulun və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərcinin, cəmi 14095.78 (on dörd min doxsan beş manat 78 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli müqavilə üzrə yaranmış 7695.00 (yeddi min altı yüz doxsan beş) manat gecikdirilmiş borcu və hesablanmış 5700.78 (beş min yedd yüz manat 78 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS/MT-028/2023/0189K saylı, xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir. Sonradan iddiaçı maliyyə arayışı tərtib edildikdən sonra cavabdeh tərəfindən 1000 manat məbləğində ödəniş edildiyini bildirərək, tələbinin dəqiqiləşdirilməsinə dair ərizə verib xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli müqavilə üzrə yaranmış 6695.00 (altı min altı yüz doxsan beş) manat borcun və hesablanmış 5700.78 (beş min yedd yüz manat 78 qəpik) manat cərimə borcunun, 500 (beş yüz ) manat hüquqi yardımla bağlı ödənilmiş pulun və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iddia tələbinə dair bütün sübutları təqdim etdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan kecirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhəməsində iştirak edən Cavabdeh izahatında iddia tələbini əsas borca münasibətdə qəbul etdiyini, həmin borcunu ödəyəcəyini, lakin cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2-2(121)-210/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh xx.xx.2015-ci il tarixli 2759- GL/15 nömrəli müqavilə üzrə 6695 manat əsas borcun, 300 manat məbləğində cərimənin, hüquqi yardımla bağlı ödənilmiş 250 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat olmaqla, ümumilikdə 7445 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəniməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 92.45 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin hüquqi yardımla bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab etmişdir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 250 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından göründüyü kimi nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, vəkillə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Bundan əlavə, 14095.78 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Qeyd olunanlardan əlavə, eyni hakimin icraatında olan başqa kommersiya işində (e-2-2(121)- 256/2024 saylı işdə) eyni hallar mövcud olduğu halda hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən 300 (üç yüz) manat məbləğində tutulmuşdur. Eyni mühüm faktiki hallara malik işlər üzrə eyni hakim tərəfindən fərqli qərarların çıxarılması məhkəmə hakimiyyətinə qarşı etimadı zədələyən haldır. Eyni zamanda bildiririk ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmənin vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaiti azaltması əsassızdır. Məhkəmə qətnaməsində Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinad etsə də, həmin maddəni əsaslandırmaması düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Göründüyü kimi, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Beləliklə, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh apellyasiya şikayətini qəbul edərək, təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hüquqi yardımın göstərilməsinə dair tələb olunan əlavə 250 manat məbləğində pulu ödəməyə razıdır və ödəyəcəkdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi yardımla bağlı qismən təmin olunan hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam həcmdə təmin olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli 6106 nömrəli “Texnikaların yenidən lizinqə verilməsi barədə” əmrinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2015-ci il tarixli 1583-L/15 və 3950ü/8/27/2015 nömrəli müqaviləsinə xitam verilməsi və əmrlərin qüvvədən düşmüş hesab edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən Kotan 5 gövdəli asma AG-MP 14-5, Traktor Belarus-1221 kənd təsərrüfatı texnikalarının güzəşt tətbiq edildikən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi qərara alınmışdır. xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikindən görünür ki, sonuncu ödəniş tarixi xx.xx.2025-ci il kimi göstərilmişdir. xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2023-cü il tarixə yekun cərimə borcu 7877.25 manat təşkil edir. "xxxx" ASC-nə məxsus texnikaların təhvil qəbulu barədə xx.xx.2015-ci il tarixli 54 nömrəli “Akt”dan görünür ki, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli 09/15, 14/15 nömrəli satınalma müqaviləsi ilə xx.xx.2015-ci il tarixdə Nümayəndəliyə daxil olmuş Traktor Belarus 1221, Kotan 5 gövdəli AG-MP 14-5 texnikaları "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli 3950/ü əmri əsasında saz, nizamlanmış və komplekt halda Nümayəndəlikdən lizinq alana təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü müqavilə məbləği 16160 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına 5210 manat ödəniş edilmişdir, 7695 manat gecikdirilmiş borc, 5693.49 manat cərimə borcu hesablanmışdır, Cavabdeh qalıq borcu cərimə ilə birlikdə 13388.49 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli 2759-GL/15 nömrəli müqaviləyə əsasən yaranmış əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X4 Təşkilatının hesabına 200 manat ödəniş etmişdir. 06 dekabr 2023-cü il tarixli vəkil orderindən görünür ki, həmin order Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ilə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə arasında xx.xx.2023 tarixdə bağlanmış 1285 nömrəli müqavilə əsasında verilmişdir, tapşırığın məzmunu Cavabdeh qarşı Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməsindən ötrü hüquqi yardımın göstərilməsi olmuşdur. 27 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2023 tarixli 1285 nömrəli müqavilə əsasında Xırdalan şəhər Vəkil Bürosunun hesabına 500 manat xidmət haqqı ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətin dəlilləri ilə razılaşaraq iddianı mübahisələndirilən hissədə etiraf etməsi nəzərə alınmalı, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, cavabdehin mübahisələndirilən hissədə iddianı etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb mübahisələndirilən hissədə iddianın qiyməti 250 manat təşkil etdiyindən, qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1., 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2-2(121)-210/2024 saylı qətnaməsi göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilən xidmət haqqının 250 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə tam təmin edilsin. Göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-66/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-66/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver