Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-67/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı D Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: müqavilə üzrə borc tələbi X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı D Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2-2(121)-93/2024 saylı qətnaməsindən (hakim Elşən Abdullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı D Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli 804-GL/16 nömrəli müqavilə üzrə yaranmış 5.833 manat gecikdirilmiş borc və 8.525,99 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manatın, cəmi 15.058,99 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Aqroservis” ASC ("Aqrolizinq” ASC) iləCavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 804-GL/16 nömrəli nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2016-cı il tarixli 804-GL/16 nömrəli müqavilə üzrə 5833,00 (beş min səkkiz yüz otuz üç) manat gecikdirilmiş borcu və 8525,99 (səkkiz min beş yüz iyirmi beş manat, 99 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2-2(121)-93/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli, 804- GL/16 saylı müqavilə üzrə 5.833 manat əsas borc, 590 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 200 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 6.823 (altı min səkkiz yüz iyirmi üç) manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın 7.935,99 manat məbləğində cərimənin və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutulması hissələrində təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2-2(121)-93/2024 saylı qətnaməsinin qismən ləğv edilməsi, yəni iddia tələbinin müqavilə üzrə 3.033 manat əsas borcun və mediasiya xərci olaraq ödənilmiş 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməsi, qalan hissədə isə iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbində göstərilmişdir ki, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 804-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən tərəfindən iddiaçı D əsasən 5.833 manat göstərilmişdir. Bildirir ki, tərəfindən hələ 20 noyabr 2023-cü il tarixdə 29.852 nömrəli mədaxil qəbzindən də göründüyü kimi, gecikdirilmiş borc məbləğindən 1.500 manat ödəniş edilməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldılmamışdır. Bununla da, iddiaçı özünün hüquqlarını vicdanla həyata keçirməmişdir. İddiaçının vicdanlılığın tələb etdiyi tərzdə həyata keçirmədiyi hərəkətləri yekun məhkəmə aktında tərəfindən iddiaçıya ödənilməli olan gecikdirilmiş borc məbləğinin 5.833 manat məbləğində qət edilməsi ilə nəticələnmişdir. Eyni zamanda, onu da diqqətə çatdırır ki, 20 noyabr 2023-cü il tarixdə 1.500 manat ödəniş etdikdən sonra yerdə qalan 4.333 manat borc məbləğindən də, xx.xx.2024-cü il tarixdə tərəfindən 1.300 manat ödəniş edilmişdir. Beləliklə, hazırda mənim iddiaçıya ödəməli olduğu gecikdirilmiş borcun məbləği 3.033 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-93/2024 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixli, 804-GL/16 saylı lizinq müqaviləsi üzrə tərəfindən iddiaçıya ödənilməli olan əsas borcun 5.833 manat məbləğində qət edilməsi ilə razı deyil. Çünki göstərilən məbləğ xx.xx.2023-cü il tarixə olan borc məbləğidir. Həmin borcdan 20 noyabr 2023-cü il tarixli, 29852 nömrəli mədaxil qəbzindən də göründüyü kimi, tərəfindən 1.500 manat ödəniş edilmişdir. Lakin buna baxmayaraq iddiaçı məhkəmə icraatının gedişində ödənilmiş bu məbləği nəzərə almamış və iddia tələbinin həcminin azaldılmasına dair ərizəni məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqlarından suiistifadə etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2-2(121)-93/2024 saylı qətnaməsinin qismən ləğv edilməsi, yəni iddia tələbinin müqavilə üzrə 3.033 manat əsas borcun və mediasiya xərci olaraq ödənilmiş 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməsi, qalan hissədə isə iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qismən, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2016cı il tarixli, 804-GL/16 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərtib edilmiş xx.xx.2011 -ci il tarixli aktla "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikası mülkiyyət hüququnun istifadəçiyə keçməsi şərti ilə cavabdehin istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 804-GL/16 saylı müqaviləyə əsasən Cavabdeh həmin müqavilə üzrə 5.833 manat gecikdirilmiş əsas borc və 8.525,99 manat cərimə borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış müqavilələrə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ödənişlər etdiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi 1500 manat pulu xx.xx.2023-cü ildə, 1300 manat məbləğində pul vəsaitini isə xx.xx.2024-cü ildə ödəyib. Göründüyü kimi cavabdeh 1500 manat ödənişi iş məhkəmədə olan zaman, 1300 manat ödənişi isə qətnamə çıxarılandan sonra ödəmişdir. Belə ki, qətnamə 11:02-də çıxarılmış, cavabdehin 1300 manat ödənişi isə 58 dəqiqə sonra ödənilmişdir. Qeyd edilən ödənişlər isə icra prosesi zamanı nəzərə alınacaqdır. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2-2(121)-93/2024 saylı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-67/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-67/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver