Məhkəmə qərarları › İş №2-2(106)-67/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-67/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-67/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-67/2025 Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (direktoru) X2, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı – pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(121)-253/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı N-M29 saylı, xx.xx.2019-cu il tarixli və NK 10 saylı, xx.xx.2021-ci il tarixli, “Məhsulların alqı-satqı müqavilələr”i üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək yaramış 54.920,11məbləğində əsas borcun, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə məhsulların alqısatqısına dair NM29 saylı, xx.xx.2019-cu il tarixli müqavilə bağlamış və alqı-satqı münasibətləri N-K 10 saylı, xx.xx.2021-ci il tarixli müqavilə ilə yenilənmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli, N-M29 saylı müqaviləyə əsasən, müqavilənin bağlandığı tarixdən xx.xx.2020-ci il tarixədək və həmin müqavilənin davamı olan xx.xx.2021-ci il tarixli, N-K 10 saylı müqaviləyə əsasən isə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mülkiyyətində olan ümumilikdə 1.561.499,60 manat dəyərində məhsulları “Müştəri”nin sifarişi əsasında nisyə satış qaydasında, faktura əsasında satmaqla cavabdehin mülkiyyətinə vermiş və hər iki müqavilə üzrə xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən 1.506.579,49 manat dəyərində məhsulların dəyəri ödənilmiş və ya müqavilə şərtlərinə uyğun olaraq məhsullar geri qayrarılılmış, 54.920,11 məbləğində borc qalmışdır. Cavabdehin sifariş etdiyi məhsullar “Malların təhvil-qəbul Akt”ları əsasında alıcıya təhvil verilmiş, həmçinin “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi “Qaydaları”nın” 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlərinin tələbinə uyğun olaraq elektron qaimə elektron formada tərtib edilərək təsdiq edilmiş, portal vasitəsilə avtomatik olaraq qəbul edənin elektron kabinetinə göndərilmiş, göndərildiyi vaxtdan 5 gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarılmamış, əksinə təsdiqlənmişdir. Tərəflər arasında bağlanılmış müqavilə üzrə hər il üçün ayrı-ayrılıqda elektron qaimələr mövcuddur. Bağlanmış müqavilələr üzrə xx.xx.2019-xx.xx.2024-cü illər arasında aparılmış qarşılıqlı hesablaşmalar əsasında müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı ilə bağlanmış müqavilələr üzrə verdiyi sifarişlər əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək qəbul etdiyi məhsulların dəyəri olaraq 54.920,11 məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bank çıxarışlarından görünür ki, cavabdeh öhdəliyinin bir qismini həyata keçirsə də, yəni ödənilməli olan məbləğdən müəyyən qədər ödəniş etmişdir, 54.920,11 manat məbləğində borcu isə ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında mübahisələrin həlli qaydalarını müəyyən edən müqvilələrin 4.1-ci bəndinə əsasən mübahisənin qarşılıqlı razılıq yolu ilə həll edilməsi, 54.920,11 məbləğində borcun ödənilməsinə dair cavabdehə tərəflərindən ilkin olaraq poçt vasitəsilə, xx.xx.2024-cü il tarixdə isə Dövlət Vergi Xidmətinin X1 Sistemində elektron kabinet vasitəsi ilə elektron qaydada pretenziya məktubu göndərilərək yaranmış borcun 3 gün ərzində ödənilməsi xahiş olunmuş, lakin həmin müddət keçməsinə baxmayaraq qarşı tərəfdən heç bir cavab alınmamış, ödəmə istiqamətində hər hansı müsbət hərəkətlər edilməmişdir. Bundan başqa, məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də X1 Sistemi vasitəsilə cavabdehin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir və həmin sənədlərin alınmasına dair sübutu kimi həmin informasiya sistemindən elektron çıxarış da iş materiallarına əlavə olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 39.893,58 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 15.026,55 manat olmaqla, hər iki müqavilə üzrə ümümilikdə cəmi 54.920,13 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz, iddia tələbinin əsassızlığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi (direktoru) X3 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, o, hazırda İddiaçı MMC-nin direktorudur, direktor olmamışdan əvvəl şirkətdə baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Sumqayıt şəhərində “Gənclik” market adlı mağazanı işlətmişdir. 2019-2021-ci illərdə həmin marketə tərəflərindən elektron qaimələr əsasında ümumilikdə 1.561.499,60 manat dəyərində müxtəlif çeşidli mallar verilmişdir. Həmin verilmiş malların dəyərindən 1.506.579,49 manat ödəniş olunmuşdur. 54.920,11 manat malların dəyəri isə ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuşdur. Cavabdeh tərəfindən ödənilmiş ödənişlər köçürmə yolu ilə bank hesablarına ödənilmişdir. Yalnız bir ödəniş, 84.307 manat isə mədaxil orderi ilə ödənilmişdir. Belə ki, cavabdehin vergi hesabında həbs olduğu üçün cavabdeh bir müddət şirkətdən aldığı malların pullarını nağd qaydada şirkətə ödəmişdir, sonradan yığılmış pullar, yəni 84.307 manat İddiaçı MMC tərəfindən cavabdehin hesabına köçürülmüş, həmin hesabdan da İddiaçı MMC-nin hesabına geri qaytarılmış və borcdan silinmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, müqavilələrdə olan hər iki imza əmisi X6 tərəfindən çəkilmişdir. Belə ki, o, əmisinə məxsus və Sumqayıt şəhərində yerləşən “Gənclik” market adlı mağazanı işlətməsi, onun adından VÖEN açması, həmçinin digər sənədləşmə işlərinin aparması, habelə onun əvəzindən müqavilələrə və digər sənədlərə imza etməsi üçün etibarnamə vermişdir. Lakin, əmisinin kimdən, hansı miqdarda və dəyərdə mağaza üçün mal alması barədə məlumatı yoxdur. Odur ki, onun iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(121)-253/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 39.893,58 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 15.026,55 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən iddianın əsasızlığına, rədd edilməli olmasına, hətta müqavilələrin etibarsızlığına dair qanunvericiliyə uyğun kifayət qədər sübutlar təqdim edilib. Müqavilə bağlanmasına dair hansısa səlahiyyət vermədiyinə, eləcə də bağlanmış müqavilələrdən ümumiyyətlə xəbərinin olmamasına dair sübutları təqdim etsə də, hətta ondan xəbərsiz şəkildə iddiaçı ilə birləşərək onun iradəsi ziddinə gizlin şəkildə müqaviləni bağlayan əmisi X6 tərəfindən həqiqət etiraf edilsə də, yəni onun ümumiyyətlə xəbəri olmadığı xüsusilə vurğulansa da, hətta istənilən pulun miqdarının düzgün olmadığı müqaviləni bağlayan əmisi tərəfindən bildirilsə də, bir sözlə iddiaçının iddiasının qanunvericiliyə adekvat olmadığını əsaslı fakt və sübutlarla məhkəməyə təqdim etsə də məhkəmə qeyd olunan mötəbər hallara hüquqi qiymət verməyərək qanunvericiliyin tələblərinə uyğun olmayan, eləcə də formalaşmış ümumi məhkəmə təcrübəsinə, yuxarı instansiya məhkəməsinin qərarlarına zidd mövqe sərgiləməklə qətnamə qəbul etmişdir. Məhkəmə təqdim etdikləri arqumentlərə, mülahizələrə, sənədlərə hər bir halda iddiaçının mənafeyinə uyğun mövqe sərgiləyərək yekunda qanunvericiliyin tələblərinə adekvat olmayan nəticəyə gəlmişdir ki, bu həmdə onun hüquqlarını kobud şəkildə pozur. Onu da qeyd etmişdir ki, iştirak etdiyi hazırlıq iclasında imzanın ona məxsus olmadığını, bağlanmış müqavilələrdən xəbərinin olmadığını, ümumiyyətlə iddiaçı şirkətlə hər hansı əməkdaşlığın edilməsindən xəbərsiz olduğunu qeyd edən zaman hakim xəttşünaslıq ekspertizasının keçiriləcəyini qeyd etmiş, hətta ondanh müxtəlif vərəqlərə imza etdirərək imza nümunələri götürmüşdür. O, işin ekspertizaya getdiyini düşünsə də məhkəmə baxış iclası təyin edərək elə həmin prosesdəcə işi yekunlaşdıraraq iddiaçının qanunsuz və əsassız marağını təmin etmişdir. Qəbul edilmiş qətnaməyə baxıldıqda onun ifadəsinin tamamilə təhrif edildiyi aşikardır. Belə ki, o sözügedən müqavilələrdən ümumiyyətlə xəbəri olmadığını, iddiaçının iddiasından sonra məlumatının olmasını və məhkəmədə etiraz etdiyini qeyd etsə də qətnamədə onun adından qeyd edilir ki, guya o, əvəzindən əmisi tərəfindən müqavilələrin bağlanmasına razılığıq verməyinə dair etibarnamə vermişdir. Bu tamamilə yalandır. Çünki, istinad edilən etibarnamədə onun müqavilə bağlamağa razılığı yoxdur, bununla yanaşı ikinci müqavilənin bağlaması zamanı ümumiyyətlə qüvvədə olan hər hansı etibarnamə olmayıb. Tərəfindən çoxsaylı sübutlar əlavə edilsə də hakim yox reaksiyası verərək nəticədə də bu cür, yəni işin hallarına adekvat olmayan qətnamə qəbul etmişdir. Odur ki, keçirilmiş məhkəmə prosesləri işin qeyri-obyektiv araşdırıldığını, sübutlara tam, hərtərəfli hüquqi qiymət verilmədiyini, yekunda isə qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul edildiyini təsdiq edir. İşin hallarına, qanunvericiliyin tələblərinə əsasən sözügedən əsassız qətnamə ləğv edilərək iddiaçının əsassız iddiası mütləq şəkildə rədd edilməli və həmçinin bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2011-ci ildə VÖEN-ni olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq məqsədilə Sumqayıt şəhərində “Gənclik” market adlı ərzaq mağazasını işlətmişdir. Digər yerlərdə də sahibkarlıq obyekti olmuş, lakin həmin obyektlərdə ərzaq satışı ilə məşğul olmamışdır. Sumqayıt şəhərində yerləşən “Gənclik” marketdə yalnız ərzaq malları satmışdır. Həmin mağazanı ********** saylı VÖEN-i üzrə işlətmişdir. Mağazaya rəhbərliyi və nəzarəti bilavasitə özü və atasının köməkliyi ilə həyata keçirmişdir. Lakin bütün işlərin aparılmasını əmisi X5 həvalə etmişdir. Bununla bağlı əmisinə xx.xx.2015-ci il tarixli, AR-İ 411455 nömrəli etibarnamə vermişdir. Etibarnaməni əmisinə 5 il müddətinə verməklə ona onu bütün dövlət orqan, müəssisə və təşkilatlarda nümayəndəsi olması, Əmək müfəttlişliyində, Vergi, Maliyyə və Bank orqanlarında təmsil etməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, hesabdan pul çıxarmağı, hesaba pul qoymağı, adından ərizələr yazmağı və imza etməyi, lazımi arayış və sənədləri təqdim edib-almağı, zəruri ödənişləri və rüsumları və vergiləri ödəməyi, bütün məhkəmə və digər orqanlarda ona aid olan mülki işləri və cinayət işlərini aparmağı və bu tapşırığın yerin yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyinə dair səlahiyyət vermişdir. Etibarnamənin müddəti xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. Mallar gələndə həmin malları əmisi Rəşid qəbul etmişdir. Bəzi vaxtlar mallar gələndə özü də orada olmuşdur. Lakin malları bir qayda olaraq əmisi Rəşid qəbul etmişdir. İddiaçı ilə onun arasında heç bir müqavilə bağlanmayıb. Adı keçən 2019-cu və 2021-ci ildə bağlanmış müqavilələri əmisi Rəşid imzalayıb. Onun özü həmin müqavilələri bağlamayıb nə də imzalamayıb. Əmisi Rəşidə vermiş olduğu etibarnamədə isə ona öz adından müqavilə bağlamaq səlahiyyəti verməyib. Əmisinin iddiaçı ilə bağlamış olduğu müqavilələrdən xəbərdar olub. Həmin müqavilələr əsasında iddiaçı tərəfindən göndərilən ərzaq malları mağazaya qəbul edilib və satışı təşkil olunub. Lakin keçən bütün bu müddət ərzində əmisi Rəşid tərəfindən bağlanmış N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsini bu və ya digər şəkildə mübahisələndirməyibdir. Həmçinin həmin müqavilələrə xitam verilməsi ilə bağlı iddiaçı tərəfə hər hansı yazılı ərizə verərək belə təşəbbüslə çıxış etməmişdir. Qeyd etmişdir ki, bütün bu müddətlər ərzində həmçinin vermiş olduğu etibarnamənin müddəti bitmiş olsa belə VÖEN-lə bağlı asan imzası həmişə əmisi Rəşiddə olmuşdur. Çünki mağazada işlərin aparılmasını ona həvalə etmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 kollegiyanın iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə və məhkəməyə təqdim etmiş olduğu Etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı məsulların alqısatqısı barədə müqavilə imzalanmayıb. Həmin N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri cavabdehlə deyil, cavabdehin əmisi Rəşidlə bağlanmışdır. Cavabdeh Əmisi Rəşidə vermiş olduğu etibarnamədə ona öz adından müqavilə bağlamaq səlahiyyəti verməmişdir. Buna görə də düşünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdehə qarşı iddia tələbi irəli sürə bilməzdi. Çünki iddiaçının cavabdehə qarşı iddia irəli sürməkdə sübyektiv hüququ olmamaışdır. Bundan başqa N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin nə vaxt qüvvədən düşməsi müqavilənin özündə göstərilməmişdir. Həmçinin iddiaçı növbəti dövrlərə görə müqavilənin uzadılması üçün cavabdehə hər hansı təklif göndərməmişdir. Həmçinin bildirmişdir ki, N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə isə ümumiyyətlə cavabdehin vermiş olduğu etibarnamənin müddəti bitdikdən sonra bağlanmışdır ki, bu da etibarsız müqavilə hesab edilməlidir. Bir sözlə qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış müqavilələrdən xəbəri və məlumatı olmamışdır. Həmçinin bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etsə də hüquqi savadı olmadığından N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə tələb edilən məbləğə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Buna görə də hazırda apellyasiya baxışında məcburiyyət qarşısında qalaraq iddia müddətinin tətbiqi barədə ərizə vermişlər. Belə ki, prosesin gedişatında suallar üzrə iddiaçı tərəfin verdiyi cavabdan bəlli olmuşdur ki, xx.xx.2019-cu il tarixli müqavilə bir il qüvvədə olmuş, daha sonra yalnız bir il uzadılma olmuş və xx.xx.2021-ci il tarixli yeni müqavilə bağlandığı zaman 2019-cu il tarixli sözügedən müqavilə qüvvədən düşmüşdür. Qanunvericiliyin tələbinə əsasən müqavilə üzrə iddia müddəti 3 il müəyyənləşmişdir. Odur ki, iddiaçının 2019-cu il tarixli müqaviləyə istinad edərək pul tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı ilə bağlanıldığı deyilən xx.xx.2019-cu il tarixli müqavilənin iddiaçının etiraf etdiyi kimi xx.xx.2021-ci il tarixində qüvvədən düşməsi səbəbindən həmin müqavilə üzrə tələb etmə müddəti buraxılmışdır, belə ki, iddiaçı imperativ qaydada müəyyən edilmiş iddia müddətinə əməl etməyərək 2024-cü ilin oktyabrında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən detallar bu proses zamanı bəlli olduğundan ərizə ilə müraciət edərək xahiş edirəm xx.xx.2019-cu il tarixli müqavilənin qüvvədən düşməsi və bu müqavilə üzrə tələb, iddia müddətinin də buraxılması səbəbindən iddiaçının iddiasını həmin hissədə rədd edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi (direktoru) X3 və İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 cavabdehin apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişlər. Nümayəndə (direktoru) X3 əlavə olaraq göstərmişdir ki, 2013-cü ildən cavabdehin qeyd edilən mağazası ilə əməkdaşlıqları olub. Cavabdeh Sumqayıt şəhərində “Gənclik” market adlı mağazanı işlətmişdir. 2019-2021-ci illərdə həmin marketə tərəflərindən elektron qaimələr əsasında ümumilikdə 1.561.499,60 manat dəyərində müxtəlif çeşidli mallar verilmişdir. Həmin verilmiş malların dəyərindən 1.506.579,49 manat ödəniş olunmuşdur. 54.920,11 manat malların dəyəri isə ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuşdur. Cavabdehin VÖEN-ni və asan imzası olmuş, bütün qaimələr də cavabdehə elektron qaydada göndərilmişdir. Mağazanı işlədən şəxs kimi Rəşidi tanımışlar. Rəşid də birinci instansiya məhkəməsində iştirak etmiş və bütün qaimələr üzrə malları və mövcud borcu qəbul etdiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin 5.15-ci bəndində göstərilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə olur. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflər yazılı surətdə müqavilənin xitam olunması təşəbbüsü ilə çıxış etməzlərsə, müqavilə eyni şərtlərlə növbəti təqvim illəri avtomatik uzadılmış sayılacaqdır. Lakin cavabdeh heç vaxt belə bir təşəbbüslə çıxış etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 əlavə olaraq göstərmişdir ki, əgər cavabdehin qeyd etdiyi kimi etibarnamə üzrə Rəşidə verilən səlahiyyətlər xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdursa hansı səbəbdən son dövrlərədək Rəşid cavabdehə məxsus VÖEN-dən və onun asan imzasından istifadə etmişdir. Çünki, cavabdeh özü bildirir ki, onun VÖEN-i və onun asan imzası xx.xx.2020-ci il tarixindən sonra da əmisi Rəşiddə olmuşdur. Buradan belə nəticəyə gəlmək olur ki, Rəşid bütün dövrlərdə cavabdehin iradəsi və tapşırığı əsasında fəaliyyət göstərmişdir. Rəşid Şamıyev məhkəmə iclasında şahid qismində ifadə verərkən iddiaçıdan malları və mövcud borcu qəbul etdiyini göstərmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də məhkəmə Kollegiyası apellyasiya şikayətini cavabdehə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Həmin Məcəllənin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(121)-253/2025 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli “məhsulların alqısatqı” müqavilələri bağlanmışdır. İş materialında olan sənədlərdən (elektron qaimələr və malların təhvil-qəbul aktlarının surətlərindən) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh mallar satılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AR-İ 411455 nömrəli etibarnamnin surətindən görünür ki, Cavabdeh tərəfindən X5 5 il müddətinə, onun bütün dövlət orqan, müəssisə və təşkilatlarda nümayəndəsi olması, Əmək müfəttlişliyində, Vergi, Maliyyə və Bank orqanlarında təmsil etməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, hesabdan pul çıxarmağı, hesaba pul qoymağı, adından ərizələr yazmağı və imza etməyi, lazımi arayış və sənədləri təqdim edib-almağı, zəruri ödənişləri və rüsumları və vergiləri ödəməyi, bütün məhkəmə və digər orqanlarda ona aid olan mülki işləri və cinayət işlərini aparmağı və bu tapşırığın yerin yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyinə dair xx.xx.2020-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materialında olan müştəri əməliyyatlar cədvəllərinin surətlərindən görünür ki, cavabdehin borcu vardır. İş materialında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Cavabdeh onun qardaşı oğludur. Qardaşı oğlunun heç nədən xəbəri yoxdur. Belə ki, VÖEN qardaşı oğlunun adına açılsa da, mağazanı o özü işlətmişdir. Yaranmış borcdan imtina etmir. VÖEN-i bağlandığı üçün iddiaçıya yaxınlaşaraq, qardaşı oğlunun adına VÖEN açılmasını və malların artıq o hesabla götürməsini istəmişdir. Onun özünün də vergi hesabında həbs olduğu üçün malların pulunu iddiaçıya nağd qaydada ödəmişdir, sonradan ödənilmiş pullar iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş, həmin hesabdan yenidən iddiaçının hesabına köçürülmüşdür. İddiaçı tərəfindən göndərilən, yəni elektron qaimələrdə və malların təhvil-qəbul aktlarında göstərilən malları təhvil almışdırlar. İddiaçı ilə cavabdeh arasında bağlanmış hər iki müqavilədə olan imzalar ona məxsusdur. Sonradan səhhətində yaranmış problemlə bağlı mağazanı işlədə bilməmiş və mağaza bağlanmışdır. Mağaza bağlanan zaman təhvil təslimdə iştirak etməmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri cavabdehin bağlanmış müqavilələrdən məlumatının olmaması ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh kollegiyanın iclasındakı izahatında özü bildirmişdir ki, “iddiaçı ilə onun arasında heç bir müqavilə bağlanmayıb. Adı keçən 2019-cu və 2021-ci ildə bağlanmış müqavilələri əmisi Rəşid imzalayıb. Onun özü həmin müqavilələri bağlamayıb nə də imzalamayıb. Əmisi Rəşidə vermiş olduğu etibarnamədə isə ona öz adından müqavilə bağlamaq səlahiyyəti verməyib. Əmisinin iddiaçı ilə bağlamış olduğu müqavilələrdən xəbərdar olub. Həmin müqavilələr əsasında iddiaçı tərəfindən göndərilən ərzaq malları mağazaya qəbul edilib və satışı təşkil olunub. Lakin keçən bütün bu müddət ərzində əmisi Rəşid tərəfindən bağlanmış N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsini bu və ya digər şəkildə mübahisələndirməyibdir”. Göründüyü kimi cavabdeh bu izahatında əmisinin iddiaçı ilə bağlamış olduğu müqavilələrdən xəbərdar olduğunu, həmin müqavilələr əsasında iddiaçı tərəfindən göndərilən ərzaq mallarının mağazaya qəbul edilməsi və satışının təşkil olunduğunu bildirmiş, lakin keçən bütün bu müddət ərzində əmisi Rəşid tərəfindən bağlanmış N-M 29 nömrəli, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli məhsulların alqısatqı müqaviləsini bu və ya digər şəkildə mübahisələndirmədiyini göstərmişdir. Apellyasiya şikayətinin növbəti dəlillərindən biri də cavabdehin bağlanmış müqavilələrin 1 il müddətinə bağlanması və həmin müqavilənin uzadılmaması ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli və N-K 10 nömrəli, xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinin 5.15-ci bəndində göstərilir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə olur. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflər yazılı surətdə müqavilənin xitam olunması təşəbbüsü ilə çıxış etməzlərsə, müqavilə eyni şərtlərlə növbəti təqvim illəri avtomatik uzadılmış sayılır. Lakin müəyyən edilir ki, nə iddiaçı nə də cavabdeh heç vaxt belə bir təşəbbüslə çıxış etməmişlər. Cavabdeh bağlanmış müqavilələrin 1 il müddətinə bağlanması və həmin müqavilənin sonradan uzadılmamasını qeyd etsə də onun tərəfindən qeyd edilən mübahisəli müqavilələrin xitam verilməsi ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdeh müqavilələrə xitam verilməsi ilə bağlı iddiaçı tərəfə hər hansı yazılı ərizə verərək belə təşəbbüslə çıxış etməmişdir. Apellyasiya şikayətinin növbəti dəlillərindən biri də iddiaçının hazırkı tələblə bağlı cavabdehə qarşı iddia tələbi irəli sürə bilməməsi, cavabdehə qarşı iddia irəli sürməkdə sübyektiv hüququ olmaması ilə bağlıdır. Qeyd edilməlidir ki, tərəflər arasında olan bütün bu müddətlər ərzində cavabdeh tərəfindən verilmiş etibarnamə müddətində və ondan sonra etibarnamə müddəti bitmiş olsa belə VÖEN-lə bağlı asan imza daima cavabdehin əmisi Rəşiddə olmuşdur. Çünki mağazada işlərin aparılmasını ona həvalə etmişdir. Cavabdeh kollegiyanın iclası zamanı özü bildirmişdir ki, onun VÖEN-i və asan imzası xx.xx.2020-ci il tarixindən sonra da əmisi Rəşiddə olmuşdur. Buradan belə nəticəyə gəlmək olur ki, Rəşid bütün dövrlərdə cavabdehin iradəsi və tapşırığı əsasında fəaliyyət göstərmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hesab edir ki, bu cür müqavilələrin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilələr baş tutmuşdur. Kollegiya həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verərək hesab edir ki, cavabdehin bu ərizəsi işə tətbiq edilə bilməz. Çünki cavabdeh özü birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, izahatlar vermiş, lakin həmin məhkəmənin iclası zamanı iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmişdir. Hazırda cavabdeh qeyd edir ki, kollegiyanın iclası zamanı sual-cavabdan müəyyən edilmişdir ki, iddiaçı 2019-ci il müqaviləsi üzrə cavabdehdən pul vəsaitini tələb etməkdə iddia müddətini ötürmüşdür. O, birinci instansiya məhkəməsində iddia müddəti barədə ərizə verməməsinin səbəbi kimi bu halın indi ona əyan olması və hüquqi savadının olmaması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən cavabdeh özü birinci instansiya məhkəməsinin iclaslarında iştirak etdiyindən, izahatlar verdiyindən, lakin həmin məhkəmənin iclası zamanı iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyindən hazırda iddia müddətinin tətbiqi barədə kollegiyaya müvafiq ərizə verməsi yol verilməz olmaqla baxılaraq ona hüquqi qiymət verilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(121)-253/2025 saylı qətnaməsi barədə gəldiyi nəticəni işin faktiki və hüquqi hallarına uyğun olduğundan qanuni və əsaslı, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q ə t e t d i: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(121)-253/2025 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar