Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-68/2024 23.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "İddiaçı” Şirkətinin cavabdeh T qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "İddiaçı” Şirkətinin cavabdeh T qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin (hakim E.Abdullayev) 13 fevral 2024-cü il tarixli, e-2- 2(121)-133/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "İddiaçı” şirkəti cavabdeh T qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.550 ABŞ dolları məbləğində pul vəsaitinin, 1.577 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borcun, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 620 manat məbləğində pul və ödənilmiş mediasiya haqqının əvəzi olaraq 200 manat məbləğində pulun, cəmi olaraq 18.550 ABŞ dolları və 3.397 manat məbləğində pulun cavabdeh "Atena” MMC-dəntutularaq iddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən "İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "NOVAC MAKİNA SANAYİ VE TİC.LTD ŞTİ” firması cavabd"ATENA” MMC arasında xx.xx.2022-ci il tarixli 2022-1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcıya müqavilənin tərkib hissəsi olan Texniki şərtnamə və İnvoyslarda göstərilən malları çatdırmaq, alıcı isə malları qəbul edil həmin malın dəyərini ödəməlidir. Müqavilənin 2.1 -ci bəndinə əsasən müqavilənin ümumi məbləği 31.500 ABŞ dolları təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədə qeyd edilən məbləğin 50%-i ilkin ödəniş, 50 %-i isə Mal göndərildikdən sonra 1 ay ərzində ödənilməlidir. Müqavilədə qeyd edilən mallar Sizə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 750 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 1.200 ABŞ doları ödənilmişdir. Qalıq məbləğ 18.550 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hüquqi yardım göstərilməsinə dair vəkillə müqavilə bağlamışdır. Həmin hüquqi yardımın göstərilməsi üçün 1620 manat məbləğində ödəniş etmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin münasibət bildirilməmişdir. Hazırda cavabdeh "ATENA” MMC tərəfindən öhdəliklər icra edilmədiyindən iddiaçıya 18.500 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. xx.xx.2023-cü tarixdə həm poçt vasitəsi ilə, həm də elektron akrgüzarlıq sistemi vasitəsilə cavabdeh "ATENA” MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehin səlahiyyətli nümayəndələri həmin təklif barədə iddiaçı ilə əlaqə saxlamamışdır. Həmin tarixdən qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra Cəbrayıl 1 saylı Bakı Mediasıya Təşkilatına ilkin mediasiya sessiyası keçirilməsi üçün müraciət edilmişdir. Mediasiya sessiyasında iddiaçı tərəfin nümayənədəsi iştirak etsə də, cavabdeh tərəf iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə Cəbrayıl 1 saylı Bakı Mediasıya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Sonradan iddiaçı "İddiaçı” şirkətinin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 7.550 ABŞ dolları məbləğində pul vəsaitinin, 1.236 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borcun, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.620 manat məbləğində pul və ödənilmiş mediasiya haqqının əvəzi olaraq 200 manat məbləğində pulun, cəmi olaraq 7.550 ABŞ dolları və 3.056 manat məbləğində pulun cavabdeh "Atena” MMC-dən tutularaq iddiaçı Türkiyə Respublikasında fəaliyyət göstərən "İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddiaçı şirkətdən ümumilikdə 31.500 ABŞ dolları məbləğində avadanlıq alındığını, həmin puldan müəyyən hissədə ödənişlər edildikdən sonra nəticədə iddiaçıya 7.550 ABŞ dolları məbləğində borclarının qaldığını bildirərək iddia tələbini əsas borca münasibətdə qəbul etdiyini, lakin illik 5 faiz məbləğində hesablanmış 1.236 manat borcun və vəkilə ödənilən 1.620 manat məbləğində pulun tutulması hissələrində iddianı qəbul etmədiklərini bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim E.Abdullayev) 13 fevral 2024-cü il tarixli, e-2-2(121)-133/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "Atena” MMC-dən 7.550 ABŞ dolları məbləğində əsas borc, 1.236 manat məbləğində hesablanmış faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 7.550 ABŞ dolları və 2.436 (iki min dörd yüz otuz altı) manat məbləğində pulun tutularaq iddiaçı "İddiaçı” Şirkətinə ödənilməsi, iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 620 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə Müqavilədə qeyd edilən malların xx.xx.2022-ci il tarixdə “alıcı”ya göndərilməsi, “alıcı” tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada müqavilənin dəyərinin 50 %-i ilkin olaraq “satıcı”ya ödənilməsi, həmin ərəfədə Cavabdeh MMC-də yaranmış maliyyə çətinliyi səbəbindən tərəflərin şifahi qarşılıqlı razılığı əsasında öhdəliklərin qalan məbləğinin hissə-hissə icra edilməsinə razılıq verməsi kimi faktiki halları nəzərə almamışdır. Məhkəmə tərəfindən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu Cavabdeh MMC tərəfindən pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə illik 5 faiz məbləğində olmaqla 1.236 manat məbləğində pul vəsaitinin də tutularaq iddiaçı “X5 və Ticaret LTD ŞTİ” şirkətinə ödənilməsi qət edilərkən, tərəflər iddiaçı “Novac Makina Sanayi və Ticaret LTD ŞTİ” şirkəti Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022-1 nömrəli alqı-satqı müqaviləsində öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulunun hesablanması nəzərdə tutulmadığı nəzərə alınmamışdır. Məhkəmənin qeyd edilən qətnaməsi ilə hüququ yardımla bağlı ödənilmiş 1.000 manat pul vəsaitinin də tutularaq tutularaq iddiaçı “X5 və Ticaret LTD ŞTİ” şirkətinə ödənilməsi də qət edərkən, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 24673 nömrəli ödəniş qəbzi ilə səlahiyyəti olmayan X2 adlı şəxs tərəfindən “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına 1620,00 manat məbləğində pul vəsaiti ödənilməsi faktı da araşdırılmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfin cavabdehin apellyasiya şikayətinə qarşı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçı tərəf etirazında cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, aralarında müqavilə əsasında pendir kəsən aparatlar alınmışdır. Müqavilə üzrə məbləğ 18500 dollar olmuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən ödənişləri hissə-hissə ödəməli idilər. Müvafiq ödənişlər edilsə də 7550 ABŞ dolları məbləğində ödənişi çətinliklər üzündən ödəyə bilməmişlər. Hesab edirlər ki, 1236 manat 5 % və hüquqi yardımla əlaqədar onlardan tutulan 1000 manat pul vəsaitləri əsasız olaraq tutulmuşdur. Bildirmişdir ki, qətnamənin 5%-lə 1236 manat və hüquqi yardımla əlaqədar onlardan tutulan 1000 manat hissəsindən narazı olsalar da hazırda qətnaməni tam şəkildə mübahisələndirirlər və bununla bağlı dəqiqləşmə vermək fikrində deyillər. Buna görə də apellyasiya şikayətlərini tam müdafiə edirlər, ona görə də şikayətlərini tam təmin edib, iddianın tam şəkildə rədd edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi apellyasiya baxışına gəlməmiş, məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 15/2023 saylı Qərarının 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Qeyd olunan Məcəllənin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24/22 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokollarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malların aıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı əsasında həyata keçirəcək. Qeyd olunan müqavilənin 3.5-ci maddəsinə əsasən alıcı malları təhvil aldıqdan sonra onların dəyərini 10 iş günü ərzində satıcıya ödəməyi öhdəsinə götürür. Belə ki, iş materiallarından görünür ki, Türkiyə Respublikasında fəaliyyət göstərən "İddiaçı” şirkəti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən "Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhərində xx.xx.2022-ci il tarixli, 2022-1 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcıya müqavilənin tərkib hissəsi olan texniki şərtnamə və invoyslarda göstərilən malları çatdırmaq, alıcı isə malları qəbul edib həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 31.500 ABŞ dolları təşkil edir. Müqavilədə qeyd edilən məbləğin 50%-i ilkin ödəniş, 50%-i isə mal göndərildikdən sonra 1 ay ərzində ödənilməlidir. Qeyd olunan müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər arasında mübahisələr danışıqlar yolu ilə həll olunmadıqda mübahisə Azərbaycan məhkəmələri vasitəsilə həll edilir. İş materiallarında olan sənədlərdən görünür ki, “İddiaçı” şirkəti Cavabdeh MMC-yə ümumilikdə 31.500 ABŞ dolları dəyərində avadanlıq verilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Cavabdeh MMC-nin “İddiaçı” şirkətinə qalıq borcu 7.550 ABŞ dolları təşkil edir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “İddiaçı” şirkəti tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, “İddiaçı” şirkəti tərəfindən “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosuna vəkil xidmətinin göstərilməsi üçün 1.620 manat məbləğində pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf buna əsas ola biləcək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh müqavilə şərtlərini pozduğuna görə məsuliyyət daşıyır, müqavilə şərtini pozmadığı cavabdeh tərəfindən sübut edilməlidir, cavabdeh isə bunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən üzrə iddianın qiyməti 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh T apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-2(121)-133/2024 saylı qətnaməsi cavabdeh "Atena” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-68/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-68/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver